Bir görüşün
təəssüratı
Sanballı əsərləri və
imzası ilə ədəbiyyatımızda layiqli
yer tutan Natəvan Dəmirçioğlunun
1984-cü ildə yazdığı
"Bir ovuc torpaq" adlı ilk hekayəsi Qazaxda çıxan "Qalibiyyət
bayrağı" qəzetində
çap olunub. Və o, sonrakı illərdə Azərbaycan ədəbiyyatında
öz nəfəsi, dəsti-xəttilə seçildi.
"Yetim", "Səbət",
"Üç nöqtə"
povestləri, "Dözüm",
"Avey əfsanəsi",
"Kəlağayı" hekayələrini təqdim
etməklə fərqli
düşüncə tərzi,
bədii təfəkkür,
poetik təsvir üslubu ilə diqqət çəkən
yazar kimi ədəbiyyatımızda söz
deməyə haqqı
olduğunu isbat etdi. Onun yaratdığı əsərlərdə milli
özünüdərkin yaşantısı
hiss olunur. Gerçək aləmdə müşahidə
edilən ən adi bir həyat
hadisəsinə, hər
bir insanın qarşılaşdığı, lakin sadəcə təəssüf hissi ilə yan keçdiyi
məqamlara ədəbi
mövqe nümayişi,
bir sözlə, gündəlik həyatın
bədii qiyafədə
təsviri onun yaradıcılıq kredosudur.
Natəvan Dəmirçioğlu xaraktercə
kövrək insandır. Söz adamı olduğundan "sarı simə bənd kimi" ən adi bir məqamda
gözünün yaşarması
qəlbinin yuxa kimi nazik olduğunu
sezdirir.
Bir neçə gün öncə onunla keçirilən bir görüşdə bunu
lap yəqin hiss etdim ki, həyata baxışı duyğusaldır,
ətrafında hər
nə varsa, Natəvan xanım üçün dəyərlidir.
Respublika İncəsənət Gimnaziyasında
yazıçı ilə
keçirilən görüşdə
sazın səsini eşidən kimi gözlərinin dolması,
vücudunun titrəməsi
salondakı qonaqların
da diqqətindən yayınmadı. Mili Məclisin Mədəniyyət
komitəsinin sədr müavini Jalə Əliyeva da öz çıxışında
bunu bir daha vurğuladı: "Saz səhnəyə gətiriləndə Natəvanın
gözlərindəki yaşı
gördünüzmü?..."
Gecədə Natəvan Dəmirçioğlunun
həyat və yaradıcılığı geniş
şəkildə işıqlandırıldı. Gimnaziyanın istedadlı şagirdlərinin
ifasında əsərlərindən
səhnəciklər oynanıldı.
Ədəbi nümunələrindən sitatlar, aforizmlər səsləndi. Yazıçının həyatda qazandığı
uğurlardan söz açıldı.
Natəvan Dəmirçioğlu oxucu
sarıdan, əsərlərini
qiymətləndirən insanlar
cəhətdən də
özünü bəxtli
qələm sahibi saya bilər. Çünki yaradıcılıq gecəsinə
onun ədəbi fəaliyyətinə dəyər
verən mötəbər
insanlar toplaşmışdılar.
Millət vəkili Jalə Əliyeva ilə bərabər,
professor İfrat Əliyeva,
Xalq artisti Eldost Bayram, dosent Salatın Əhmədli, yazıçının Qazax rayonundan gəlmiş ibtidai sinif müəllimi
Şərqiyyə xanım
və digər qonaqlar ona böyük
hörmət nümayiş
etdirdilər. Bu gecədə bəlkə də daha çox
həyacanlanan onun ömür-gün yoldaşı
idi. O qadın mənən güclüdür
ki, arxasında daima
dəstək gördüyü
həyat yoldaşı
dayanır, əli çiynində, nəzəri
üstündə yol göstərən bir mayak kimi həyatına
işıq salır. Gecədə
anası ilə fəxr edən iki fidan balanın
yerə-göyə sığmayan
qürurlu davranışları
ana sevgisinin, qadın məhəbbətinin
nəyə qadir olduğunu bir daha sübut edirdi.
Natəvan Dəmirçioğlunun gecəsinə
BDU-nun jurnalistika fakültəsində
dərs dediyi bir qrup tələbəsi
də qatılmışdı. Uzun müddətdən
bəri çalışdığı
Azərbaycan Radiosunun əməkdaşları da
onunla bərabər idi. Natəvan xanım orada
şöbə müdiridir,
Cənubi Azərbaycandakı
soydaşlarımız üçün
hazırlanan proqramlara
rəhbərlik edir.
Bu istiqamətdə "Güney Azərbaycanda milli mədəniyyətin
inkişafında Azərbaycan
Beynəlxalq radiosunun rolu" mövzulu elmi tədqiqat işi yazaraq filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
İnsan istedadlıdırsa, Tanrıdan
güc alaraq istənilən zirvəni fəth edə bilər. Zəhmət çəkərsə,
istədiyinə əvvəl-axır
nail ola bilər.
Uğurlarına sevindiyim həmkarım
Natəvan Dəmirçioğlu
da məhz yoxuşu pillə-pillə
qalxaraq bu yüksəkliyə ucalıb.
Yüksəklikdən baxanda hər
şey daha aydın görünər,
dərk edilər.
Ona görə də tam əminliklə deyə bilərəm ki, Natəvan Dəmirçioğlunun
bundan sonra yazacağı əsərlər
də ədəbiyyatımızda
özünəməxsus yenilik
olacaq.
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.- 2017.- 3 may.- S.7.