Ana dilimizin
qorunması və düzgün tətbiqi yolunda...
2013-cü
ildə prezident İlham Əliyevin sərəncamı ilə
"Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı" əsasında
yaradılmış Monitorinq
şöbəsinin əsas
məqsədi xalqımızın
milli sərvəti, onun qan yaddaşı
və varlığının
təzahürü olan
ana dilimizi inkişaf etdirmək, reklamlarda, afişalarda, televiziya kanallarında, dərsliklərdə, elektron
və çap mətbuatında - bu dilin tətbiq olunduğu sahələrdə
ədəbi dil normalarının pozulması
hallarının qarşısını
almaq və ana dilimizin saflığını
qorumaqdır.
Dilçilik İnstitutunda ictimaiyyəti
dil nöqsanlarının
aradan qaldırılmasına
cəlb etmək məqsədilə yaradılmış
"Qaynar xətt"ə
insanlar televiziyada, reklamlarda, afişalarda, saytlarda, qəzet və kitablarda gördükləri
dil xətaları ilə bağlı müraciət edirlər.
Dilçilik İnstitutu ədəbi
dil normalarının qorunması üçün
icra strukturları ilə illik müqavilələr bağlayır,
davamlı şəkildə
monitorinqlər aparır,
monitorinqlərin nəticələri
və dilimizin aktual problemləri ilə bağlı seminarlar, "dəyirmi masa"lar keçirir.
Apardığımız monitorinqlərin
nəticələrindən aydın olur ki, saytların, dərsliklərin, televiziyaların,
dərman içliklərinin,
o cümlədən Bakının
Səbail, Nəsimi və Nərimanov rayonlarında küçə
adları, afişa və reklam lövhələrinin dilində
dil qüsurları xeyli azalıb.
Dilçilik İnstitutunun küçə
adlarının yazılması
ilə məşğul
olan Əmlak Məsələləri Dövlət
Komitəsinin Daşınmaz
Əmlakın Kadastrı
və Texniki İnventarlaşdırma Mərkəzi,
Bakı şəhər
İcra Hakimiyyətinin
Reklam və İnformasiya İdarəsi
ilə bağladığı
müqavilənin əhəmiyyəti
olduqca böyükdür. Müqavilə imzalandığı tarixdən
etibarən Bakı, Sumqayıt, Gəncə şəhərləri üzrə
küçə adları
mərhələli şəkildə
Dilçilik İnstitutuna
göndərilərək mütəxəssislər
tərəfindən yoxlanılır
və mərkəzə
qaytarılır. Bundan sonra
küçə adlarının
istehsalına başlanılır.
Həqiqətən, qloballaşma şəraitində
dilimizin yad təsirlərdən qorunmasında,
dil qüsurlarının
aradan qaldırılmasında
dövlət qurumları,
icra strukturları ilə birgə əməkdaşlığa ciddi
ehtiyac vardır. Apardığımız monitorinqlər yalnız Bakı şəhəri ilə məhdudlaşmır,
ölkənin bütün
regionlarını əhatə
edir.
Prezident
İlham Əliyevin
2016-cı ili Azərbaycanda
"Multikulturalizm ili"
elan etməsindən sonra regionlarda monitorinqə
İsmayıllı rayonundan
başlamağımız təsadüfi
deyildi. Çünki İsmayıllı
rayonu Respublikamızda
tolerantlığın, dini
dözümlülüyün, multikulturalizmin və linqvistik müxtəlifliyin
bərqərar olduğu
bir yerdir. Burada Azərbaycan türkləri,
ləzgilər, hapıtlar,
lahıclar, ruslar və digərləri bir-birinə qarşılıqlı
inam və etibar, hörmət bəsləyir, öz milli adət və ənənələrini
qoruyub saxlamaqla birgə yaşayırlar.
Azərbaycan Respublikası Prezidenti
yanında Bilik Fondu və İsmayıllı
RİH-in birgə təşkilatçılığı
ilə "Dövlət-din
münasibətləri, tolerantlıq
və multikulturalizm Azərbaycanın dövlət
siyasətinin prioritet istiqamətlərindəndir" mövzusunda elmi konfrans keçirilməsindən,
"Bilik Fondu"nun
"İsmayıllı Bilik
Evi" Regional Mərkəzi
və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təntənəli
açılışlarından və digər mötəbər işlərdən
xəbərdar idik. Bilirdik ki, İsmayıllı rayonuna ölkəmizin nüfuzlu ziyalılarından
biri - iqtisad elmlər doktoru, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqov rəhbərlik edir. Linqvistik müxtəlifliyin olmasına
baxmayaraq, İsmayıllıda
ana dilimizə xüsusi diqqət və sevgi vardır.
İsmayıllı rayonunun icra başçısı Mirdaməd
müəllimə "Dövlət
Proqramı" ilə
bağlı Dilçilik
İnstitutunun direktorunun
adından məktub göndərdik. Məqsəd
rayonda ilk növbədə
"dəyirmi masa"nın
təşkil olunması,
İsmayıllı rayonu
ərazisində yerləşən
küçə adları,
elan və reklamların yazılışında
orfoqrafik qaydalara riayət edilib-edilməməsinə
nəzarət etmək, müşahidələr
aparmaq və onların aradan qaldırılması üçün
tövsiyələrin verilməsi
idi. Səfər zamanı rayonun
müvafiq strukturlarının
rəhbərləri və
nümayəndələri ilə
görüşüb mövzu
ətrafında geniş
fikir mübadiləsi apardıq.
İsmayıllıya növbəti səfərimiz noyabr ayının 3-də oldu. AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Regionlarda dil situasiyası: İsmayıllı" mövzusunda "dəyirmi masa" keçirildi. Rayon ziyalılarının, kargüzarlıq işində çalışanların, rayon icra hakimiyyəti yanında adqoyma komissiyası üzvlərinin, KİV nümayəndələrinin iştirak etdiyi "dəyirmi masa"da Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələr, öhdəliklər barədə danışıldı, "İsmayıllı xəbərləri" qəzetinin monitorinqi ilə bağlı nəticələr açıqlandı. Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova mövzunun aktuallığını diqqətə çatdıraraq, bununla bağlı İsmayıllıda görülən işlərdən danışdı. Yüksək səviyyədə təşkil olunmuş tədbirdə "Dövlət Proqramının icra mexanizminin başlıca istiqamətləri", "Mətbuatda dil problemləri", "Qloballaşma dövründə dövlətin dil siyasəti" və "Reklamların dil mənzərəsi" mövzularında maraqlı məruzələr dinlənildi, ədəbi dilin düzgün tətbiq edilməsinin, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsinin, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsinin, normativ hüquqi bazanın təkmilləşdirilməsinin, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, ana dilimizin kütləvi informasiya vasitələrində təbliğinin vacibliyi diqqətə çatdırıldı.
Səfər təəssüratlarımız olduqca gözəl və yaddaqalandır. Rəhbərliyin və rayon ziyalılarının dövlət dilinə olan həqiqi sevgisinin şahidi olduq. İsmayıllının sözdə deyil, əməldə multikultural dəyərlər və sivil birgəyaşayış məkanı olduğunu gördük.
Sonuncu dəfə İsmayıllıda fevral ayının əvvəlində 10 günlük ezamiyyətdə olduq. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gəlişimizdən xəbər tutar-tutmaz bizi - Monitorinq şöbəsinin əməkdaşlarını növbədənkənar qəbul etdi. Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Regionlarda dil situasiyası: İsmayıllı" mövzusunda keçirilmiş "dəyirmi masa"da iştirak edə bilmədiyi üçün təəssüfləndiyini bildirərək İsmayıllı rayonunda monitorinqlərin keçirilməsi ilə bağlı təklif və tövsiyələrini verdi. Dillə bağlı "Dövlət Proqramı"nda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayaraq ölkədə dil situasiyası, dildə gedən proseslər barədə öz fikirlərini bölüşdü. Rayonda görülən işlərdən, rayonun tarixi keçmişindən, ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrindən, azərbaycançılıq ideologiyasından, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, dövlətin dilə qayğısından, multikultural dəyərlərdən, İsmayıllıdakı quruculuq və abadlıq işlərindən, insanların sosial problemlərindən danışdı. Təxminən bir saat davam edən görüşdən çox məmnun qaldıq.
Sevinc ƏLİYEVA
AMEA Nəsimi
adına Dilçilik İnstitutu
Monitorinq şöbəsinin müdiri, filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2017.- 3 may.- S.7.