"Rəsul Rza və ədəbi
çağdaşları" kitabından səhifələr
VLADİMİR MAYAKOVSKİ VƏ RƏSUL
RZA
Rəsul Rza XX yüzil Azərbaycan bədii təfəkkürünün
sürətlə dəyişmə və zənginləşmə
mərhələsində fəal iştirak edən qüdrətli
sənətkarlardandır.
Məlumdur ki, əsrimizin əvvəlləri, xüsusən,
20-30-cu illər Azərbaycan ədəbiyyatı tarixində
mürəkkəb dövrlərdən biridir. Rəsul Rza məhz
bu dövrün aparıcı və milli poetikamıza ən
çox yeniliklər bəxş edən qələm sahiblərindən
biri sayılır. Böyük Azərbaycan
şairinin milli ədəbi çevrilmə və dəyişmələrin
düz mərkəzində qərar tutması, poetik cəsarəti
və qızğın, ilhamla fəaliyyət göstərməsi
bir əsrə yaxın zaman keçsə də, nəzəri-estetik
fikri hələ də düşündürməkdədir.
Rəsul Rzanın böyük rus poeziya
islahatçısı və inqilabçısı Vladimir
Mayakovski ilə yaradıcılıq əlaqələri məhz
bu müstəvidə çox maraqlıdır. Böyük
şairin inqilabi rus poeziyasına, xüsusən, V.Mayakovskiyə
münasibəti barəsində xeyli tədqiqatlar mövcuddur.
Amma bu məsələni dərindən
araşdırıb təhlil edərkən bir sıra cəhət
və xüsusiyyətləri nəzərdən
qaçırmamaq zəruridir. Birincidən,
V.Mayakovski təkcə R.Rzaya yox, ümumən, o dövr Azərbaycan
ədəbiyyatına və xüsusən, poeziyaya qüvvətli
təsir göstərmiş sənətkardır. Gənc Süleyman Rüstəm, Səməd
Vurğun, Mikayıl Müşfiq və onlardan sonra ədəbiyyata
gələn bir sıra cavan istedadlara V.Mayakovskinin təsiri
danılmazdır.
İkincidən
isə R.Rzanın bir novator sənətkar kimi
formalaşması problemi o qədər sadə və adi
görünən bir estetik proses kimi
qavranılmamalıdır. Nazim Hikmətin və Vladimir
Mayakovskinin gənc Azərbaycan şairinə təsirini
heç kim inkar edə bilməz. Amma bəzi müəlliflər kimi şairin poetik
yolunu və taleyini yalnız bu sənətkarlarla müəyyənləşdirmək
və məhdudlaşdırmaq da elmi həqiqəti tam və
dolğun şəkildə ifadə etmir. Yəni
R.Rza istedadının formalaşma və bədii reallaşma
prosesi daha mürəkkəb, zəngin bir estetik hadisədir.
Yenilikçi bir sənətkar kimi yetişməsində
XX yüzilin əvvəllərində Azərbaycan ədəbi
mühitində baş vermiş yenilənmə və
köklü təzələnmələr R.Rzanın
yaradıcılığına köklü təsir göstərdiyini
yaddan çıxarmaq olmaz. Xüsusi qeyd etmək
gərəkdir ki, 1905-ci ildən sonra bütün Qafqaz və
Azərbaycan ədəbi mühitində milli bədii təfəkkürü
dəyişdirən, yeni istiqamətlərə yönəldən
proseslər başlanmışdı. Sabiq
rus imperiyasının mərkəzində və ucqarlarında
ictimai, siyasi, iqtisadi, mədəni, fəlsəfi və estetik
inqilablar silsiləsi bir-birinə təkan verərək getdikcə
dərinləşir və güclənirdi. Məsələn, həmin dövr rus ədəbiyyatında
onlarla yeni ədəbi axınlar, cərəyanlar və poetik
"izm"lər fəaliyyət göstərməyə
başlamışdı. Azərbaycan ədəbi
mühitində isə Hüseyn Cavid, Məhəmməd Hadi,
Abbas Səhhət, Cəfər Cabbarlı, Əhməd Cavad və
başqaları kimi qüdrətli istedad sahiblərinin mənsub
olduğu romantizm cərəyanının estetik təcrübəsi
də 20-ci illərdə yeni yollar və bədii ifadə vasitələri
axtaran ədəbi gənclik üçün son dərəcə
qiymətli idi. "Molla Nəsrəddin"çi şairlərin
az qala çərək əsrlik poetik təcrübəsinə
və nailiyyətlərinə güvənmək də
20-30-cü illərin ədəbi gəncliyi, orijinal poetik təsvir
və təhlil üsullarına yiyələnmək istəyən
təcrübəsiz qələm sahibləri üçün
çox maraqlı nümunələr hesab oluna bilərdi. Xüsusən, M.Ə.Sabirin şeir məktəbini
sovet poeziyasının ilkin təşəkkülü
dövründə qiymətli mənbələrdən biri kimi
dəyərləndirmək məqsədə müvafiqdir.
Rəsul Rza və ədəbi
yoldaşlarının şəkillənməsinə
V.Mayakovski və N.Hikmətdən öncə M.Ə.Sabir
şeir məktəbinin və ümumən, "Molla Nəsrəddin"
poeziya yolunun həlledici təsir göstərdiyini
vurğulamaq yerinə düşər.
20-ci illərin əvvəllərindən etibarən Azərbaycan
sovet poeziyasının formalaşmasında fəal iştirak
edən əsas ədəbi-estetik təsir mənbələrindən
biri kimi dahi rus şairi Vladimir Mayakovskinin poeziyası
aparıcı mövqeyə çıxır. R.Rzanın
poetik təkamülündə də V.Mayakovski
yaradıcılığının mühüm rol oynaması
bir həqiqətdir. Öz poetik sistemini ərsəyə
gətirmək və yetkinləşdirmək yönündəki
axtarışlarında gənc şair üçün
V.Mayakovskinin estetik təcrübəsi əvəzedilməz bir
nümunə idi. Böyük sənətkara
münasibətində, R.Rzanın ona həsr etdiyi məqalə
və şeirlərində bu maraq, ondan məhz nəyi öyrənməsi
və əxz etməsi açıq-aşkar əks olunub.
R.Rzanın "Mayakovski" (1934) şeirində
müəllifin bu poetik sevgisinin səbəbləri və əsas
bədii axtarışlarının hədəfləri, məqsədlərini
müşahidə etmək mümkündür. Gənc
müəllif yazırdı:
Neçinmi
sevdim Maykovskini
mən?
Oxu, bəlkə anladın bu sözlərdən.
Mən
tüpürdüm hüsnə xal yapışdıran
şairlərin
yoluna.
Durdum yeni şeirin qaravuluna.
"Tunc
misralar durmuş səfə,
hazırdırlar ölümə
və
ölümsüz şərəfə..."
Bu misralar yeni məzmunlu poeziya yaratmaq üçün
bütün varlığını səfərbər edən
yaradıcı şəxsiyyətin səmimi ürək
sözləridir. "Gəncliyin sevimli şairi" (1955)
məqaləsində isə müəllif daha əsaslı və
detallı şəkildə məsələyə
yanaşır. Yenə də o, öz diqqətini
əsas problemə - yeni həyatı sənətə
çevirməyin sirləri və incəliklərinə
yönəldir. O, öz ustadı haqqında bugün də
ədəbi əhəmiyyətini itirməyən mülahizələr
irəli sürür: "...Axı Mayakovski bütün
varlığı, bütün yaradıcılığı, əmək
və düşüncələri ilə canlı, qaynar bir həyatın
bir timsalı idi. Onun hər şeiri, hər
çıxışı, yoldaşları ilə olan adi bir
söhbəti belə öz optimizmi, həyata olan məhəbbəti,
mübarizəyə çağırışı minlər,
milyonlarla insanın ürəyində daha dərin, daha
böyük yaşamaq həvəsi oyadır, yeni həyat
müğənnisi kimi şairin obrazını yüksəldirdi".
V.Mayakovski poeziyasının həyatla
qırılmaz surətdə bağlılığını,
xüsusən, yeni ictimai gerçəkliyin mənəvi-estetik
tələblərinə son dərəcə
yaxınlığı və uyğunluğunu R.Rza dərindən
təhlil edir.
Ustad
şairin sənət haqqındakı heç zaman köhnəlməyən
və əbədiyaşar mülahizələrindəki dərin
mənalı tezis və fikirlər çağdaş söz sənətimiz
üçün də dəyərli və aktualdır: "Mayakovski
ilk baxışda kiçik görünən bir sıra qəzet
xəbərlərinin dərin ictimai mənasını
görür, onları poeziyanın qüdrətli ümumiləşdirmə
bacarığı ilə prinsipial yüksəkliyə
qaldırırdı. 1927-ci ildə "Komsomolskaya pravda" qəzetində
belə bir xəbər dərc edilmişdi: "Leninqradda bir
işçi qız yoldaşı Tanyanın lak tufli kimi
tuflisi olmadığına görə özünü zəhərləmişdi".
Mayakovski bu hadisəni ancaq bir adi fakt deyil, gəncliyin həyata
baxışında, əxlaq və tərbiyəsində
köhnəliyin, meşşan və obıvatel təsirinin
gücünü göstərən bir hadisə olduğunu
görür və belə hallara qarşı poeziya silahı
ilə kəskin mübarizə etməyin təxirsiz bir vətəndaşlıq
borcu olduğunu söyləyirdi... O, "ürəyə pilləkənsiz
soxulan" bayağı romansların vətənini uzaqlarda
deyil, öz içimizdə... axtarmaq lazım gəldiyini
söyləyirdi". R.Rza bu fikirlərini davam
etdirərək böyük şairin "Marusya
özünü zəhərlədi" şeirini dərindən
təhlil edərək təkcə öz müasirləri
üçün deyil, gələcək nəsillər
üçün də əhəmiyyətini itirməyən
düşüncələrini bizimlə
bölüşür.
V.Mayakovskini yeniliksevər və novator Azərbaycan
şairinə yaxınlaşdıran və
doğmalaşdıran daha bir cəhət isə bənzərsiz
rus şairinin sırf poetik islahatları, onun şeir
texnologiyası ilə bağlı idi. V.Mayakovskinin şeir təcrübəsi,
onun şeir yazmaq və yaratmaq manerası gənc R.Rza
üçün özünəməxsus məktəb idi.
R.Rza sərbəstinin genezisində Nazim Hikmətlə
yanaşı, Mayakovski şeiriyyətinin də ciddi əhəmiyyəti
olub. "Gəncliyin sevimli şairi" məqaləsində
bütün bunları nəzərdə tutaraq, R.Rza ustad
şairə sanki nəsildaşları adından minnətdarlıq
duyğusu ilə müraciət edərək yazırdı:
"Sovet epoxasının ən istedadlı şairi - öz
yaradıcılığı ilə böyük bir nəslin
işini görmüş adam, yalnız sovet ədəbiyyatında
deyil, bütün dünya ədəbiyyatında qüdrətli
səsi, aydın fikri, yüksək poetik istedadı ilə
milyonların hörmət və məhəbbətini
qazanmış olan Mayakovski heç bir zaman əldə etdiyi və
ədəbi qələbələri şəxsi nailiyyəti
hesab etmirdi". Həqiqətən də, dahi
rus şairinin poetik nailiyyətləri, ədəbi qələbələri
nəinki şəxsi əhəmiyyət
daşımırdı, fərdi məhdudiyyət və mənsubiyyət
qəliblərinə sığmırdı, eyni zamanda, həm
müəllifin, həm də müasirlərinin qürur və
iftixar mənbəyinə çevrilirdi. V.Mayakovskinin,
R.Rzanın vurğuladığı kimi, bədii kəşfləri
və uğurları şairin mənsub olduğu zamanın sərhədlərinə
sığmayaraq gələcəyə də adlaması
artıq bir həqiqətdir. "Gələcəyi
çəkib gətirək" deyərək öz
zamanını dəyişmək və zənginləşdirmək
istəyən şairin özü artıq bugünün, yəni
gələcəyin vətəndaşı və sakini kimi
bizimlə birlikdə addımlamaqdadır. Dahi rus
şairinin aşağıdakı misraları isə poeziya
haqqında gələcək nəsillər üçün də
gözlənilməz və dəyərli bədii qənaətlərdir:
Kommunayla ölçürəm
Mən şeirin növünü,
Azdır şeir ustası,
azdır hələ sənətkar.
Gəlin qan-tər tökərək,
rövnəqlədək sənəti.
Həm miqdarı artıraq,
həm də ki keyfiyyəti.
Çərçi xasiyyətini
ataq, çıxsın aradan:
"Mənimkidir
bu şeir",
"Mənimkidir
bu dükan".
Mən nə
iş görmüşəmsə,
Sizinkidir
hamısı.
Söz,
ahəng,
təşbeh,
surət,
vəzn,
qafiyə, mövzu!
Bu misralar az qala yüz il bundan əvvəl
yazılmasına baxmayaraq, hələ də bədii vüsətini
itirməyib və dünya poetik fikir tarixinin kəskin, son dərəcə
yeni və orijinal manifestlərindən biri kimi səslənməkdədir.
Yaşar
QASIMBƏYLİ
Filologiya
elmləri doktoru, AMEA-nın baş elmi işçisi
yashargasimov@mail.ru
525-ci qəzet.- 2017.- 3 may.- S.6.