İyirmi bir
Yazıçı Varisin Fransanın "L`Autograpbe"
("Avtoqraf") ədəbi almanaxında yer almış
hekayəsini oxucularımıza təqdim edirik.
Hərdən yerin altından
qışqır-bağırtı, haray, fəryad səsləri
eşidirdim, göyün üzündən də şaqraq qəhqəhələr. Bilmirəm, ya
ortada zaman söhbəti var idi, ayın iyirmi birimi idi, yoxsa
neçə min neçə yüz iyirmi birinci ilmi idi, ya da məkan
söhbəti vardı, qət edəcəyim məsafə
iyirmi bir metrdənmi, kilometrdənmi ibarət idi, bu gün o səsləri
daha aydın, daha gur eşitdim.
lll
Bir qoca, bir uşaq, bir də mən üzü
gündoğana gedirdik. Şəhərin ən son məhəlləsinin
ən son binasının ən sondakı
alaqapısının qarşısından
başımızın üstünə kölgə
salmış qara qarğaların müşayiəti ilə
birlikdə çıxmışdıq. Mən
rənginə təəccübləndiyim həmin ala-bula
alaqapının ağzına çatanda qoca artıq orada
dayanmışdı. Baş işarəmlə ona salam vermişdim, o gülümsəmişdi.
Ardınca uşaq gəlmişdi, baş işarəsiylə
bizə salam vermişdi, biz gülümsəmişdik.
Sonra da qoca öndə, mən ortada, uşaqsa
arxada yola düzəlmişdik.
Qocanın üz qırışlarının sayı mənim
üst-üstə qalaqlanmış suallarımın, eləcə
də uşağın arzularının sayına bərabər
olardı. Yalın təpəcikli bomboz bir çöldəydik,
ara-sıra dəmir qırıntıları qalaqları,
xırda-para tikililər gözə dəyirdi, toz-torpaq
oyadıcısı külək başımızın
üstündəki qarğaları, onların da
başlarının üstündəki qısır
buludları səylə harasa qovmağa cəhd edirdi.
Nə
iş idisə oftalmoloq məsləhət görəndən bəri,
yəni yeddi ildə ilk dəfəydi ki, taxdığım eynəyim
gicgahlarımı sıxırdı, mağazadan
aldığımdan bəri, yəni on iki ildə ilk dəfəydi
ki, saatım da dayanmışdı. Daha
doğrusu, saniyəölçən hərəkətdə
olsa da, əqrəblər donub qalmışdılar. Saniyələr
dəqiqə ola bilmirdi.
Suallar lap
canlanmışdı, addımlarımla, sanki,
çalxalanır, nəfəsalmamla, elə bil, qalxıb-enirdi. Səbrimlə
onların başlarından basıb yerlərində
oturtmağa da ara-sıra cəhd edirdim.
Niyə?
Nə üçün?
Nə səbəbə?
Və s.
Bir kitabdan oxumuşdum ki, əslində, sual əvəzlikləri
cavab almaq məqsədi ilə işlədilməlidir. Amma onu da
bilirdim ki, bəzi sualların cavabı yoxdur, onlar
özlüyündə həm də cavab əvəzlikləridir.
Ani bir həmlə ilə bir sual zənciri
özünü önə soxa bildi. Hansı əsaslarla həyatın
sayı-hesabı bilinməyən al-əlvan rəngləri ilə
yanaşı zülmət qarasının da yaranması, onun
bütün digər rənglərin üst-üstə
hamısından bir baş güclü yaradılması səbəbləri,
bir də cəmi bir həmləyə istənilən rəng
çalarının üstünə yaxılıb
özünün rənginə çevirə bilmək yenilməzliyinin
niyə məhz ona - pisin, şərin, bədbəxtliklərin
daşıyıcısına verilməsi soruşulurdu. Hardasa beş-altı ay idi, bu sual doğulmuşdu.
Çəkisi ağır idi, tez-tez digərlərini
altında qoyurdu.
Bu səhər mən nahar edəndə televiziyada səhər
proqramı gedirdi. Studiyanın rənglərini
dekorasiyaçı rəssam, insafən, yaxşı
seçmişdi, soyuq və isti rənglərin
harmoniyasını tapa bilmişdi, onlar bir-birini
tamamlayırdı. Di gəl, aparıcının zil qara
rəngli, özü də parıltısıyla göz dələn
kostyumu ekran hegemonluğunu ələ almışdı...
Yol hamar olduğu qədər də kələ-kötür,
əslində, kələ-kötür olduğu qədər də
hamar idi. Sürətimiz artıb-azalmırdı, eyni ahənglə,
sinxron irəliləməkdəydik.
Susuz idik.
Yorğun deyildik amma. Mənzil
başı bizi inadla özünə çəkirdi.
Olsun ki, qoca atam, uşaq övladım idi. Cizgilərimiz
çox uyğun gəlirdi.Olsun, ən azı eyni bölgədən,
bu da olmasa, eyni millətdən idik, yaxud da, ən azı, dini
inancımız eyniydi. Amma bir-birimizə yad da ola bilərdik, deyəsən, fərqlərimiz
də kifayət qədər idi.
Heç birimiz danışmırdıq, bəlkə də,
danışmaq istəyirdik, danışa bilmirdik.
Qoca tez-tez səmaya boylanırdı, düşünərdin
ki, dua edir. Uşaqsa gözünü yerə dikmişdi, bəlkə
də, nəsə axtarırdı.
Yox,
axı doğrudan, başımdan basan suallar dillənməyə
inadla can atırdı və yalın təpəcikli bomboz
çöldə, qısır buludlarla vəhşi küləyin
bələdçiliyində öz cavablarına qovuşmaq
ümidiylə qol-boyun idilər.
Bu gələn əski sual idi. Tələbəlik illərimdən
mənə yoldaşlıq edirdi. Niyə həyat
ən yaxşıları tapdalayıb əzir, sındırır,
sonra da nə əzik ələ gəlir, nə də
çilik? Niyə? Nə
üçün? Nə səbəbə?
Hər kəsin öz suallarına cavab almaq möhləti
var. Mənimçün bu möhlətin məhz bu gün bitəcəyinə
əmin idim. Bu yolçuluq boşuna olası deyildi ki?!
Bilmirəm, qocayla uşağın da özləriylə
daşıdıqları cavabsız sualları var idimi. Var idisə,
bu sualların çəkisi nə qədər idi, həcmi
necəydi? Bilmirəm, yol yoldaşlarım
da mənim kimi mənasızlığın mənasını
axtarmağamı çalışırdılar? Yoxsa onlar ayrı vağzalın, ayrı
dayanacağın, ayrı limanın adamlarıydı? Çalışdıqları da mənanın mənasızlığından
qurtulmaq idi?
Tanıdım buranı. Uşaqlığımda
tay-tuşlarımla yay vaxtları tez-tez bura gələrdik.
Onda buralar ucu-bucağı görünməyən
iydəlik idi. Gələrdik,
acgözlüklə yetişmiş iydələri dərib yeyər,
ciblərimizə doldurardıq. İstifadəsiz
bir köşk vardı, şiferinin üstündə iydə
düzüb qurutmağımız da var idi.
Bizimçün bura təkcə doyunca iydə yeyib mədəmizi
şənləndirdiyimiz üçün yox, həm də iydələr
yetişməzdən öncə sarımtıl iydə
çiçəklərinin təkrarsız qoxusu ilə ruh
divarımızı şirələdiyimiz üçün də
cənnət idi. Şəhərdən bura xüsusi olaraq
çiçək qoxulamağa gələrdik, burnumuzu, ciyərlərimizi
xoşbəxt edərdik.
Hər
bir uşağın gündəlik müxtəlif şirniyyat
və oyuncaq istəkləri ilə yüklənmiş
şüurunun arzu qatı, demək olar, identikdir:
uşaqların ilk arzuları mütləq bitkilərlə,
quşlarla, heyvanlarla bağlı olur. Heç
unutmaram, bir kürən dostum vardı, bir qohumlarıgilin arxa
eyvanında qaranquş yuva salmışdı. Evlərində it, pişik, tutuquşu, balıq
saxlamağa valideyn icazəsi arzulayan dostlarımdan fərqli
olaraq o kürən dostum arzulayırdı ki, kaş
qaranquş onların da eyvanında yuva salsın. Bir ayağı eyvanda, bir gözü səmada
bitmişdi. Günlər, aylar ötdükcə və
insafsız qaranquş arzusunu yerinə yetirmədikcə
kürən dostum fikir eləyirdi, saralıb-solurdu... Elə arzusu gözündəcə də qaldı
yazığın.
Mənimsə uşaqlıq arzum şah iydə tapmaq idi. İydə yetişən
mövsümdə ağaclarda təkdən-təkə
qaramtıl rəngli, dadlı və sulu,
yarpaqların arasında bacarıqla gizlənmiş şah iydələr
olurdu. Bəzi uşaqların rastına
çıxmışdı şah iydə, mənsə, sadəcə,
onu arzulaya-arzulaya, virtual dada-dada qalmışdım... Çox ümidli idim, hər mövsüm şah iydəni
tapmamaq ümidsizliyimi növbəti mövsüm onunla mütləq
rastlaşacağım əminliyi ilə ovudurdum.
Bir ili bura gələndə iydə
ağaclarını doğrayan traktorla sahəni düzləyən
qaramtıl, zəhrimar yağan sifətli əmiləri görəndə
başa düşdüm ki, arzuma daha heç vaxt çata
bilməyəcəyəm. Böyüklərdən
fərqli olaraq uşaqlar arzularını pilləkən eləyib
pillə-pillə onunla gələcəklərinə doğru
dırmaşırlar. Pilləkənimi
qırıb-tökən bu zalım əmilərə o vaxt,
yaxşı yadımdadır, yumruqlarımı düyünləyib,
dodaqlarımı dişləyib qanadaraq, boğazımın
şişmiş damarlarının şahidliyi ilə "niyə?",
"nə üçün?", "nə səbəbə?"
suallarını yağdırmışdım, amma sarı rəngli
dev-traktorun gurultusu səsimi eşidilməz etmişdi...
Bir qədər də irəlilədik. Qarşımda
ləngərləyə-ləngərləyə irəliləyən
qocanın belində, sən demə, donqar var imiş.
Get-gedə, sanki, bükülürdü,
yumaqlaşırdı kişi.
Arxaya boylandım, görüm, uşaq geriyə
qalmayıb ki.
Gəlirdi, özü də, hiss etdim, çox həvəsliydi,
addımları rəqs edirdi...
Eynək
nə pis sıxır gicgahlarımı...
Uzaqdan bozluğun böyük qara ləkəsi kimi
görünən baxımsız qəbiristanlığa
çatanda - diqqət etdim ki, qarğalar bizi həmin məkana
təhvil verib geri döndülər - məhz həmin anda ilk
dəfə yeraltı qışqırtı və
bağırtıları daha gur eşitməyə
başladım, üzümü səmaya tutduqda şaqraq qəhqəhələr
də gurlaşdı.
Ala-bula rəngli darvazanın (belə bir rəngə bu
gün artıq ikinci dəfə təəccübləndim)
qarşısına pərçimlənmiş, ətrafında
taxta kətillər düzülü iri taxta masanın
yanından ehtiyatla keçdik (taxtaların ucu çox sivri
idi), qəbiristanlığa daxil olduq. Artıq mən
qocanın ləngliyindən fürsətlənib önə
keçmişdim, onlar ardımca gəlirdilər. Qəbiristanlıq ensiz idi, ancaq uzandıqca
uzanırdı. Torpağı susuzluqdan
cadar-cadardı. İnsan o yana, nə
bir quş, nə bir həşərat gözə dəyirdi. Yox, dəqiq deyirəm, bir müddət bir
qarışqayla rastlaşmaq inadıyla zənlə yerə,
bir hörümçək sezməkçün daşa-divara,
bir milçək görmək ümidiylə də havaya
göz gəzdirdim. Yox idilər.
Bütün başdaşları aşmış, sinə
daşları ovulmuşdu, qəbirlər tikan-qanqala
bürünmüşdü. Xeyli getdik. Lap girəcəkdə rastımıza çıxan
yeni qazılmış boş bir qəbir fərqlilik təşkil
etdiyindən beynimə nəsə şifrə diqtə edirdi,
sanki. Geri qayıdası oldum, həmin qəbrin
qarşısında ayaq saxlayıb təəccüb
içində, donmuş halda ölçülərinə
tamaşa etdim. Onu kim
qazmışdı, kiminçün qazmışdı? Lap təzə idi, torpağın təzə-tər
qoxusu gəlirdi.
Yolumu davam edib qocayla uşağa çatanda yeraltı və
yerüstü səslər bir qədər də
gurlaşmışdı, hətta zəif iniltilər,
xışıltılar, ahlar-oflar qamması bu azman gurultu
oktavasının içində özünü büruzə
verə bilirdi.
Yol yoldaşlarıma barmağımla
"sus" işarəsi verdim ki, səsləri daha aydın
eşidim. Onlar onsuz da susqun idilər, amma
işarəmdən sonra tam səssizlik yaratdılar. Deməzsənmiş,
öz içləri ilə nəsə qarmaqarışıq
şeylər danışırlarmış...
Qəbirlərin arasıyla uzanan ensiz yolla bir xeyli irəlilədik. Təbii ki,
bura müsəlman qəbiristanlığı idi. Məzarların
bahalı qara və ağ mərmərdən
olan aşmış başdaşları
sıralanmışdı. Amma yox. Dəmir xaçlara bir bax. Xristian
qəbiristanlığıydı, yəqin. Başı
oval başdaşları... Aman Tanrım... Bu ki yəhudi qəbiristanlığıymış...
Lənət şeytana. Qülləliymiş
başdaşları... Bütpərəst qəbiristanlığıymış...
Baş və sinə daşlarındakı
yazıları oxumağa cəhd etdim, oxuya bilmədim. Hərflər bir-birinə
sarmaşmışdılar, mənə tanış
gəlmədilər. Heç, bir-birinə pərçimlənmiş
rəqəmləri də tanımadığımı duydum.
Deyəsən, yol yoldaşlarım da
yazıları oxuya bilməyib məyus oldular.
Başdaşları yazılarını yazanların
hamısı birinci həyatlarında doğum şəhadətnamələri
yazanlar olublar.
Bəlkə, neon işığının altında,
kostyum-şalvarda, qısa saç düzümündə, əllərində
diyircəkli qələm yazıblar yazıları... Bəlkə
də, şam işığında, uzun və qıvrım
saçlarla, ipək qaftanda, əli lələkli...
Özümlə
ora daşıdığım suallardan biri - lap nimdaşı,
gəncliyimdən, əsgərlik illərimdən qalanı
daha ağır idi: Qüssə və kədər gətirəcək
nəsnələr, həll olunmayan sorunlar, aldanış və
xəyanətlər, bir də yaşanan faciələr
toplusunun - dörd hərfdə dörd milyard
ağırlıq daşıyan "dərd" adlı bir
kabusun yaranışına nə ehtiyac varmış, görəsən?
Olmazmı idi, yaranışında ancaq müsbətlər,
yaxşılar, xeyirlilər yaranaydı, bunca sevinci
axtalanmışlar, bunca cəza damğalıları
olmayaydı?
Susuzluğu
get-gedə daha şiddətlə hiss edirdim. Dodaqlarım
çatlayacaq həddə qurumuşdu. Ayaqlarım taqətdən
düşməkdə, ardımca sürünməkdəydi...
Uşaq yerdən nəsə tapıb götürdü,
onu qocaya göstərdi, gözləri bərəlmiş qoca
başını tutdu. Sonra uşaq mənə
yaxınlaşdı, göstərdiyi nəsnə nə idisə,
ovcuna, barmaqlarına qarışdı, bir anda ovcu
parçalandı, sallanan barmaqlarından yerə qan
damcıladı. Əski bir cəngavər
dəbilqəsi və sınıq mobil telefon korpusu
atılıb qalmış həmin qan damcılanmış
yer, nədənsə, şüuruma həkk olundu.
Hətta bir sual var idi ki, o, ağırdan da ağır
idi. Niyə xoşbəxtlik hamı üçün
eyni, əlçatan məsafədə gizlədilməyib?
Niyə ali millət, böyük dövlət,
hegemon din adlı dışarı, hakimiyyət, iearxiya, klan,
region adlı içəri imtiyazlılar və bunlardan məhrum
olan zavallılar mövcuddur axı? Niyə hədəf
var, amma hədəfi vurmaq üçün hamıya eyni sayda
patron paylanmır? Bəs tam patronsuz qalan
biçarələr neynəməlidirlər axı?
Dodağım qaçdı. Bu sual sonbeşiyimdir.
Onu sevə-sevə əzizləməkdən
doymuram.
Qəbirlərin aşmış başdaşılarını
hıqqana-hıqqana qaldırmağa cəhdlər etdim. Çox ağır idilər,
qaldırmaq bir yana, tərpətməyə
belə gücüm yetmədi. Qocayla
uşağınsa mənə kömək etmək fikirləri
yox idi. Qoca səmaya dua
tuşlayırdı, uşaqsa yenə baxışıyla
yereşənlik edirdi.
Başdaşılarından mənə boylanan şəkillərin
hamısının baxışlarında sonsuz təəccüb
və heyrət duyurdum. Bu təəccüb, bu heyrət burda
uyuyan insanların, sanki, hamısını bacı-qardaş,
valideyin-övlad qədər yaxınlaşdırıb
doğmalaşdırmışdı.
Diqqət etdikdə onların yaş fərqinin, lap diqqət
etdikdə heç cins fərqinin də
olmadığını duymağa başladım. Onlar
uşaqmı, gəncmi, yaşlımı idilər, kişimi,
qadınmı idilər, bilinmirdi.
Birdən haradansa burnuma iydə çiçəyi qoxusu
gəldi. Vallah, billah, iydə çiçəyi qoxusu idi.
Gözümü qıyıb tam ətrafa
boylandım, tikanlıqdan savayı bircə kol belə
görünmürdü. Qoxu get-gedə
yaxınlaşır, iç-içə açılan
köpükcüklərsayağı hər dəfəsində
daha fərqli, məstedici, bihuşedici olurdu.
Anidən bu qoxunun haradansa yüksəkliklərdən, ənginliklərdən
gəldiyini duydum. Buludlardan daha dərin, günəşə yaxın...
Və qəfildən mənə ayan oldu ki, bu qoxu
Tanrıdan gəlir. Tanrı iydə çiçəyi qoxulu
ətir vururmuş.
...Sonra qəbiristanlığın
qurtaracağına yetişdik. Burada torpaqda cızılaraq bir
qəbir yeri manşırlanmışdı, yanına iki
kürək sancılmış, biri də yerə
atılmışdı...
lll
...Geri
qayıdırıq, fikir burulğanında çabalamaqdayam. Bircə anda, sanki, məni dəyişiblər,
beynimin yaddaş guşəsinə əl gəzdiriblər.
Bura niyə gəlmişik? Niyə
məhz üçlükdə gəlmişik? Bu qəbiristanlıqla, bu şəxslərlə məni
nə bağlaya bilər axı?
Yox, dəqiq
bilirəm, bura gəlməzdən öncə cavabını
axtardığım illərlə yığılıb
qalmış, fikrimə və hisslərimə yük olan nəsə
suallar vardı, bu sualların mövcudluğu xatirimdədir,
ancaq hansı suallar idi, xatırlaya bilmirəm. Birində
nəsə rənglərdən söhbət gedirdi, deyəsən.
Nə rənglər idi elə? Bəlkə, qızımın məktəbli
akvarelinin rəngləri? Birində də nəsə
sınma, çiliklənmə mövzusu var idi. Həyat yoldaşım o gün tozunu silərkən
büllur vazı salıb sındırmışdı, bəlkə,
oydu?
Elə bil, bayaq saatım dayanmışdı axı. Amma indi
işləyir. Eynək də yerində bir az narahat idi elə bil. İndi o
da rahatdır.
Nəsə məndə hissiyyat yaranıb ki, qocayla
uşaq da dəyişilib, ölçüləri, sanki, bir qədər
böyüyüb. Qocanın qırışları, uşağın da arzuları
artmışdı, məcrasından çıxmaq istəyirdi.
Ah bircə
su tapa bilsəydik... Bircə parç, lap elə bircə
udum...
Necə olmuşdusa, önə uşaq keçmişdi,
biz - qocayla mən onu müşayiət eləyirdik. Uşaq məndən
nə qədər sürətlə aralanırdısa, qoca da
bir o qədər sürətlə geri qalırdı.
Addımlar bir an qədər gödək və bir ömür
qədər uzun da ola bilərmiş bəzən.
Dayan. Axı burada arasına uşaq qanı
damcılamış cəngavər dəbilqəsiylə
sınıq mobil telefon korpusu olmalı idi. Amma yoxdur. Bəlkə, məni
qara basır? Özü də, niyə məhz
min illərdən qalmış cəngavər dəbilqəsi
və indinin mobil telefonu?
Qəbiristanlığın girəcəyinə
çathaçatda - onda ki, külək bir qədər də
şiddətlənib qısır buludları daha səylə
qovmağa başlamışdı, möcüzənin
şahidi olduq.
Taxta masanın üstündə üç dəmir parç
peyda olmuşdu, içlərinin su ilə doluluğu əminliyi
də şüurumuza yeridilmişdi. Nə yaxşı!
Hansı xeyirxah imiş, məhz üç parç
qoyubmuş, hərəmizə birini. Dodaqlarımızın
ləzzətli marçıltısı gözlərimizə
gələn işıqla birgə bizi masaya tərəf
sürüklədi. Quş olub uçduq,
sanki. Öncə uşaq masaya çatıb sivri taxtalara
məhəl belə qoymadan (az qaldı
budunu yaralasın) parçın birincisini ovcu
çapıqlı əliylə götürüb
başına çəkdi. Mən masaya
çathaçatda və uzaqdan-uzağa sığal çəkib
əzizlədiyim ortadakı parça əlimi uzathauzatda
uşaq həmin o parçı da qamarlayıb qurthaqurtla
içməyə başladı. Və mən
yetişəndə arxamdakı tancıxan nəfəsli
qocanın uzaqdan uzağa sığal çəkib əzizlədiyi
üçüncü parçı çarəsiz halda
götürüb başıma çəkəsi oldum. Qurumuş cismimə və ruhuma sərinliklə birgə
nəsə bir rahatlıq, dinclik, sakitçilik gəldi,
tarıma çəkilmiş əsəblərim, gərilmiş
əzələlərim boşaldı, əllərimin
yanıma düşdüyünü duydum.
Hər kəsin bir getmək, bir də qayıtmaq
zamanı varmış. Ümumi zaman məfhumunun üçdə
ikisi və üçdə biri qədər.
Sonra hər
şey anidən baş verdi. Uşaqla mənim qəbiristanlığın
darvazasından ikilikdə çıxmağımız anı
qocanın lap girəcəkdə yeni qazılmış həmin
boş qəbrin içinə enməsi anı ilə
üst-üstə düşdü. Sanki,
haradansa qeybdən "qocanın suyu tükənmişdi"
sözləri qulaqlarımı yaladı.
Geri dönüb o yazığı qəbirdən
çıxarmaq istəyi - bununçün özümə
nifrət edirəm - gəlmədi ki, gəlmədi. Uşaq da
baxışlarıyla mənə "sənin işinə
qalmayıb, gedək", - deyirdi.
lll
İndi biz ikilikdə qalmışdıq. Amma yalın təpəcikli
bomboz çöl də, buludlar da, külək də həminki
idi. Qara qarğalar da gələrək bizi
yenidən müşayiət etməkdə, kölgələrini
üzərimizdə gəzdirməkdə idilər.
Beynimi nəsə taqqıldadırdı. Taqqıltıları
saydım. İyirmi bir taqqıltı.
İyirmi bir rəqəmi...
Bu gün ayın iyirmi birimiydi? Neçə min neçə yüz
iyirmi birinci il idimi? Yoxsa şəhərdən
burayacan məsafə iyirmi bir kilometrmiydi? Bəlkə,
iyirmi bir sual vermişdim bu gün özümə?
Əvəzliklər barədə oxuduğum
kitabdanmı, ya bir başqasındanmı numerologiya barədə
də oxumuşdum, bilirdim ki, iyirmi bir rəqəmi əzəlilik,
həm də liderlik bildirir, üstəlik uğur gətirir. Hərəkət,
qəbul edilmiş qərarlar, energetik güc bildirir. Ekzoterik aksioma görə isə iyirmi bir kişiliyin
ifadəsi, kişilik rəqəmidir.
İndi
yadıma düşdü, bu səhər nahar edərkən
televiziyadan təqribən belə bir şey eşitmişdim:
"İnsan ömrü, embrionluqdan ahıllığadək
uzanan iyirmi bir aktmış. Alimlər indi iyirmi ikincini
yaratmağa cəhd edirlərmiş..."
Mənasız sayıb şirin çayımı
qarışdırdığım qaşığın səsini
kəsməmişdim ki, dəqiqliklə dinləyim söylənənləri. Amma gərək, diqqət
edəydim, mütləq diqqət edəydim!
Xeyli getmişdik ki, birdən üşürgələndim,
tüklərim biz-biz oldu. Qəbiristanlığın
qurtaracağında yanına iki kürək
sancılmış, bir kürək də yerə
atılmış qəbirçün
manşırlanmış yer gözlərim önünə gəldi.
İki və bir. İyirmi bir...
Bədənimi soyuq tər basdı.
Haçan qazmağa başlayacaqlar, görəsən? Torpaq bərkmi idi, kürəklərin ucları itiydimi? Yerqazanlar çoxmu zirək olacaqlar?
lll
Qabaqlar şəhərdə sərçələr, göyərçinlər çox olardı. Amma indi nədənsə qarğalar çoxalıblar. Onların səsində sərçələrin, göyərçinlərin səsindəki sevincə, nəşəyə rast gəlməzsən. Əksinə, nəsə bir fanilik, bir ümidsizlik var bu uzundimdik qapqaralığın səsində...
Neynəsən də, nə çabalar göstərsən
də, əbəsmiş. İyirmi birdə say tükənirmiş demək...
lll
Uşaq öndə, mən ardınca şəhərin ən
son məhəlləsinin ən son binasının ən
sondakı ala-bula alaqapısına doğru qarğa
müşayiətiylə getməkdəyik.
Külək azacıq səngiyib, buludlar tərpənməzdirlər. Daha yerin
altı da, üstü də susur. Nə o
qışqırtı-bağırtılardan, nə də o qəhqəhələrdən
əsər-əlamət qalmayıb.
Qalan təkcə qoxudur.
İydə çiçəyi qoxusu.
Absorbsiya - mayenin, qazın,
işığın, səsin və qoxunun keçdiyi cismə
hopması, onun tərəfindən udulmasıdır.
VARİS
525-ci qəzet.- 2017.- 4 may.- S.8.