"Azərbaycan türklərinin ədəbiyyatı tarixi": 90 il sonra... buna ehtiyac varmı?

 

 

Tələbə yoldaşım Əli Şamil mənə bir neçə kitab göndərmişdi. Onlardan biri də "Əmin Abid. Azərbaycan türklərinin ədəbiyyatı tarixi" idi.

 

Kitabın adını oxuyanda ilk düşündüyüm bu oldu: Azərbaycan ədəbiyyatı tarixindən akademiklərimiz, professorlarımız dəfələrlə sanballı çoxcildliklər hazırlayıb nəşr etdiriblər. Bundan sonra 28 yaşlı bir gəncin 90 il əvvəl yazmış olduğu kitabı nəşr etdirmək elmimizə nə verə bilər?

 

Kitabın müəllifinin adı məni xəyalən ötən illərə qaytardı. Bu ad mənə tələbəlik illərimdən tanış idi. Adını eşidib, sonradan unutduğum yüzlərlə müəlliflərdən biri də Əmin Abid ola bilərdi. Onu unutmağa qoymayan Əli oldu desəm, yəqin ki, yanlış olmaz. Universitetin (o zamanlar universitet deyiləndə, yalnız Azərbaycan Dövlət Universiteti (indiki BDU) başa düşülürdü) jurnalistika fakültəsində oxuyurduq. Dərsliklər olduqca az idi. Əsas ağırlıq müəllimlərimizin yazdırdığı mühazirələrə düşürdü. Onlar həm də xeyli əlavə ədəbiyyat yazdırırdılar. Bəzisini tapıb oxuyurduq, bəzisini tapa bilmirdik. Tapdıqlarımızın bəzisini də yadda saxlamaq, öyrənmək üçün deyil, imtahandan qiymət almaq xatirinə oxuyurduq.

 

Tapıb oxuya bilmədiyimiz ədəbiyyatlarla bağlı müəllimlərə, xüsusən yaşlı müəllimlərə ən çox sual verənlərdən biri də Əli olurdu O, müəllimin hansı ixtisasdan dərs deməsindən asılı olmayaraq, 1937-ci il repressiyası haqqında daha çox suallar verirdi. Yaşlı müəllimlər "tanımıram", "eşitməmişəm", "görməmişəm" deməklə, söhbətdən yayınırdılar.

 

Əmin Abid də Salman Mümtaz, Hənəfi Zeynallı, Əli Nazim, Atababa Musaxanlı, Əliabbas Müznib və b. kimi repressiya qurbanlarından biri idi. Tələbə yoldaşlarımızdan iki-üç nəfər vardı ki, Əmin Abidin bir və ya iki məqaləsini oxumuş olsun. Çünki 1920-30 illərdə ərəb və latın əlifbası ilə çap olunmuş həmin məqalələri tapmaq və oxumaq çətin idi. Buna baxmayaraq, yaşıdlarımızın bəziləri repressiya qurbanlarının yazılarını həvəslə oxumaqla yanaşı, onları tanıyanları, qohumlarını axtarır, görüşəndə etdikləri söhbətləri gəlib fakültədə müzakirə mövzusuna çevirirdilər.

 

O dövrdə Əmin Abidin doğum və ölüm tarixi haqqında bir cümlə belə tapmaq, hansı əsərləri yazdığını öyrənmək olduqca ağır bir iş idi. Buna baxmayaraq, tələbə yoldaşlarımızın bəziləri ərəb və latın əlifbası ilə nəşr olunan qəzet və jurnalları, kitabları oxuyur, tapdıqlarını həvəslə bir-biri ilə bölüşürdülər. Əli də min bir zəhmətlə Əmin Abid haqqında topladığı materiallar əsasında məruzə hazırlayıb fakültə və universitet tələbə elmi cəmiyyətlərinin konfranslarında məruzə edirdi. Yadımda qalan odur ki, 1972-ci ildə Azərbaycan Tələbə Elmi Cəmiyyəti üzvlərinin birinci konfransında Əli Şamilovun Əmin Abid haqqında oxuduğu məruzə ikinci yeri tutmuşdu. Konfrans məruzələrinin tezisləri də çap olundu. Bu, repressiyadan sonra Əmin Abid haqqında bəlkə də ilk tanıtma idi. Universitetin son kursunda oxuyanda Əli Şamilov Əmin Abid haqqında geniş bir diplom işi yazmışdı. Müdafiəsində xoş sözlər dedilər, "namizədlik dissertasiyasına bərabər diplom işi" adlandırdılar. Elmi rəhbəri professor Qulu Xəlilov da "diplom işinin həcmi böyük olduğuna görə bir fəslini mən ixtisar etdim, o qalsaydı, lap namizədlik dissertasiyası həcmində olardı", - demişdi.

 

Universiteti bitirdikdən sonra Əlini təyinatla Naxçıvana göndərdilər. Lakin əlaqələrimiz kəsilmədi. Qrup yoldaşlarımız arasında mehribanlıq olduğundan, tez-tez görüşməsək də, bir-birimizdən xəbər tutardıq. Əli ilə görüşəndə o, çox vaxt çap məsələsindən gileylənirdi. Amma rayonda işləyən tələbə yoldaşlarımıza nisbətən onun imzası Bakıda çıxan qəzet və jurnallarda daha çox görünür, radio və televiziyada verilişləri gedirdi. İlk baxışda onun gileylənməyə haqqı yox idi. Onun isə gileylənməsinin səbəbi başqa idi. Deyirdi ki, repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, onları təbliğ etmək, əsərlərini nəşrə hazırlamaq əngəllənir, adları ensiklopedik nəşrlərə, dərsliklərə salınmır. Onun Əmin Abid haqqında yazdığı məqalələrini redaksiyalar qəbul etmək istəmir, qəbul edəndə də göndərdikləri alimlərdən mənfi rəylər alırdılar.

 

"Elm və həyat" jurnalında işləyəndə Əlinin "Əmin Abid bayatılarımız haqqında" məqaləsini çap etdirə bildim. Düzdür, məqalənin bəzi yerlərini ixtisar edib sosializm realizminin tələblərinə uyğun şəklə saldılar və məqalə jurnalın 1986-cı ildəki 11-ci sayında çap olundu...

 

Əli Şamilin yazdığına görə, Sovetlər Birliyi çökməyə başlayanda, Əmin Abidin də "üzünə gün doğdu". Bədirxan Əhmədovun, Nizaməddin Şəmsizadənin, Nazif Qəhrəmanlının və Əlinin Əmin Abid və onun yaradıcılığı haqqında məqalələri mətbuatda özünə geniş yer tapdı. Əli Şamil Əmin Abidin şeirlərini, Sona Xəyal hekayə və məqalələrini, Bədirxan Əhmədov isə elmi məqalələrini kitab kimi çap etdirdilər...

 

İndi əlimdə olan kitabı - Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabını AMEA Folklor İnstitutu nəşr etdirdiyindən, tərtibçilər oraya müəllifin folklorla sıx bağlı olan "Heca vəzninin tarixi" ("Maarif işçisi" jurnalı, 1927), "Türk el ədəbiyyatına elmi bir baxış". "Oğuznamə" (professor Samoyloviçə) ("Dan yıldızı" jurnalı, 1929), "Əşirət dövründəki Azərbaycan ədəbiyyatına aid vəsiqələr" ("Azərbaycanı öyrənmə yolu" jurnalı, 1930), "Türk xalq ədəbiyyatında manı növü və Azərbaycan bayatılarının xüsusiyyəti" (Beş bin bayatı-manı üzərində yapılmış bir tətəbbönamədir), (Bakı, oktyabr, 1928, "Azərbaycanı öyrənmə yolu" jurnalı, 1930-cu il) daxil ediblər.

 

Tərtibçisi və ön sözün müəllifi professor Bədirxan Əhmədov və Əli Şamil olan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, layihə rəhbəri isə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğludur.

 

Bugünkü oxucu üçün dili çox ağır olan bu əsəri oxumaqda məqsədim o idi ki, görüm aradan 90 il keçəndən sonra nə üçün bu kitabın tərtibinə vaxt ayırıblar və nədən Folklor İnstitutu onun nəşrinə vəsait ayırıb.

 

Diqqətlə oxuduqca gördüm ki, bu kitab sadəcə Əmin Abidi tanıtmaq məqsədi daşımır, həm də gəncləri yeni axtarışlara istiqamətləndirir.

 

Əmin Abid altıcildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabının birinci cildini 1927-ci ilin əvvəllərində tamamlayıb. Həmin illərdə Azərbaycan ədəbiyyatı tarixi haqqında Firidun bəy Köçərlinin, İsmayıl Hikmətin, Yusif Vəzir Çəmənzəminlinin, Mehmet Fuad Köprülünün kitabları çap olunmuşdu. Amma onların heç birində "Kitabi-Dədə Qorqud" haqqında Əmin Abidin kitabındakı qədər geniş bilgi verilməmişdi. Əmin Abid yazır: "Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı naminə tapa bildiyimiz ən əski əsər "Oğuznamə"dir. "Oğuznamə" indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir". Əmin Abidə görə, "Kitabi-Dədə Qorqud" da "Oğuznamə"nin bir parçasıdır.

 

Araşdırıcı Abbasi xəlifələrindən Harun ər-Rəşidin (730-775) sarayında uzun illər həkim işləmiş, bir neçə kitab müəllifi Cəbrail bin Bəxtişunun yazdıqlarına əsaslanaraq, "Oğuznamə"nin 793-cü ildə farscadan ərəbcəyə çevrildiyi qənaətinə gəlir. Farsca olan nüsxənin isə Əbu Müslüm Xorasaninin (ölümü 719) ailə xəzinəsində olması Əmin Abidi bu qənaətə gətirir ki, "Oğuznamə"nin türkcə variantı 5-6-cı yüzilliklərdə yazıya alınmışdır. Əslində bu kitablar bu gün başa düşdüyümüz "Oğuznamə"lərdən çox, Oğuzlar haqqında rəvayət və dastanlar toplusu ola bilərdi.

 

Gənc araşdırıcı bu fikir söyləyərkən, Dəvadarinin "Kənz əd-dürər və cami əl-qürər"("Dürlər xəzinəsi və seçilmişlərin dürləri") kitabında yazdıqlarını qaynaq göstərir.

 

Əmin Abid yazırdı: "Oğuznamə" haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökmdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd bini Kınavınün (1293-1340) saray məmurlarından Əbu Bəkir Abdullah bini Aybədid Dəvadarinin əsəridir. Dəvadari 13-cü əsrə qədər keçən vaqələr (hadisələr - M.P.) haqqında, "Kənz əd-dürər və cami əl-qürər" ("Dürlər xəzinəsi və seçilmişlərin dürləri") adlı bir tarixi kitab yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim Paşa Kitabxanasının əl yazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).

 

Bu kitabın türklərə aid qismində müəllif həm qıpçaqlara, həm də oğuzlara aid izahat verərək "Oğuznamə"dən də bəhs edir:

 

"Əski türklər arasında iki kitab var. Bunlardan birisi "Ulu xan Bitiçi" deyilən kitabdır ki, bunun mənası Böyük xan Ata kitabı deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab moğulların yaradılmışları başlanğıcından bəhs edir, moğul və qıpçaqların "Ulu xan Bitiqçi" kitabı olduğu kimi, o biri türklərin də "Oğuznamə" adlı kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında biliyim vardır. Bu isə türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!"

 

Əmin Abidin yazdığından 90 il keçir. Ötən müddətdə "Kitabi-Dədə Qorqud" haqqında onlarla kitab, yüzlərlə məqalə yazılmışdır. Son illərdə dünyanın müxtəlif kitabxanalarında saxlanan "Oğuznamə"ləri filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Azərbaycana gətirdərək nəşr etmiş, şərhlər yazmışdır. Təəssüf ki, "Oğuznamə"lər haqqında ilk qaynaqlardan olan Aybədid Dəvadarinin kitabı hələ də dilimizə tərcümə edilməmişdir. Qahirə kitabxanasında isə Aybədid Dəvadarinin tarixlə bağlı ərəb dilində yeddicildlik kitabı saxlanılır. Tariximizə və ədəbiyyat tariximizə işıq sala biləcək bu kitablar hələ də dilimizə çevrilib gənc araşdırıcıların ixtiyarına verilməyibdir.

 

Əmin Abidə görə, "Oğuznamə"nin türkoloji aləminə qalan yalnız dörd parçasıdır: 1. "Oğuz xan" mənqəbəsi, 2. Həzrət əl-Risalət min-kələmat Oğuznamə əl-məşhur atalar sözü, 3. "Koroğlu" hekayəsi, 4. "Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i Oğuzan". Araşdırıcının Koroğlu dastanlarını da "Oğuznamə"nin bir parçası hesab etməsi bu gün təəccüb doğuracaqdır. Çünki Əmin Abid "Koroğlu" dastanını ilkin formalaşdığı yerin Xorasan bölgəsi olduğunu göstərir. Ona görə dastanın ilk variantında hadisələr köçəri türk qəhrəmanları ilə Sasanilər arasında gedən döyüşlərdən bəhs edirmiş. Əmin Abid yazır: "Koroğlu" hekayəsi qayət mənasız bir şəkildə təhrif edilmişdir. Burada mövzu - Anadolunun müəyyən bir qismində vaqe olmuş kibi göstəriliyor. Halbuki Haduz Konun tədqiqinə görə, əsil mövzu Xorasan civarında yaşayan bir türk sərhəd bəyinin əcəmlərə olan müharibəsinə aiddir".

 

Sovetlər Birliyi dağıldıqdan sonra Özbəkistanda, Türkmənistanda çap olunmuş "Koroğlu", "Göroğlu" dastanlarında da hadisələrin başlanğıc yeri kimi Amudərya sahilləri, Xorasan göstərilir. Bunlar da ortaq abidəmiz olan "Koroğlu" dastanlarının yenidən araşdırılmasına böyük ehtiyac olduğunu göstərir.

 

Əmin Abid "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabında Azərbaycan sözünün mənşəyindən, oğuzların tarixindən, ilk heca vəznindən, xalq şairlərindən, ağız ədəbiyyatı və yazılı ədəbiyyatdan söz açmaqla kifayətlənmir. O, Qafqazda və Azərbaycanda ədəbi həyatın başlanğıcı, xalq ədəbiyyatının əski dövrləri, ədəbiyyatımıza yabançı ədəbiyyatların təsiri, "Oğuznamə"lərə İslam dininin təsirindən də söz açır. Kitabının sonunda, yəni əlavələr bölməsində "Alp Ər Tunqa" dastanından, Orxon kitabələrindən, "Kitabi-Dədə Qorqud"dan parçalar da verib. Bu da həmin əsərlərin Azərbaycanda ilk tanıdılma cəhdlərindən idi.

 

Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" kitabının birinci cildini oxuduqdan sonra çox təəssüf hissi keçirdim. Düşündüm ki, kitabın vaxtında çap olunmaması ədəbiyyat tariximizin, ictimai fikrimizin inkişafına nə qədər ağır zərbə vurub. Araşdırıcıların çap olunmuş məqalələrindən yararlanmış alimlərimizin bir çoxu da onun adını çəkməyə belə ehtiyac duymayıblar.

 

Kitaba professor Bədirxan Əhmədovun və Əli Şamilin yazdıqları ön sözdən aydın olur ki, Əmin Abidin altı cildlik "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin birinci və sonuncu cildləri araşdırıcıların əlindədir. Bəs ortadakı dörd cild? Bu suala isə hələlik aydın cavab verilməyib. Tərtibçilərin qənaətinə görə, həmin dörd cildi nə KQB aparıb, nə də KQB məhv edib. Həmin cildləri bəlkə də Əmin Abiddən sonra ədəbiyyat tariximizi öyrənən alimlərimizin arxivlərində axtarmaq lazımdır.

 

Sovetlər Birliyinin dağılmasından 26 il keçsə də, Əmin Abidin İstanbul Universitetini bitirərkən yazdığı 400 səhifəni keçən ədəbiyyat tariximizə dair dissertasiyası da indiyədək çap olunmayıb.

 

Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı tarixi"ni diqqətlə oxuduqdan sonra gördüm ki, kitabı hazırlayanlar qarşılarına qoyduqları məqsədə nail olublar. Onlar Əmin Abidin haqqını özünə qaytarmaq, Sovet quruluşunun ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbəni ortaya qoymaqla, ədəbi uğurları oxucuya tanıtmağa şərait yaratmaqla yanaşı, həm də gənclərə araşdırmalar üçün yeni istiqamətlər veriblər.

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

 

525-ci qəzet.- 2017.- 4 may.- S.6.