Sara Aşurbəylinin rənglər
dünyası
Azərbaycan
ictimaiyyəti Sara xanım Aşurbəylini (1906-2001) dünya
şöhrətli tarixçi alim kimi tanıyır.
Məşhur Aşurbəylilər nəslinin nümayəndəsi
olan, bütün fəaliyyəti boyu Azərbaycan tarix elmini zənginləşdirən
və xalqımızın
uzaq-yaxın şanlı
keçmişinə işıq
salan "Şirvanşahlar
dövləti" və
"Bakı şəhərinin
tarixi" kimi
fundamental əsərlər yaratmış Sara xanım
həm də incə duyumlu gözəl rəssam olub. Elmi fəaliyyətinə
görə respublika Dövlət mükafatına
layiq görülən
alim həm də Azərbaycan Rəssamlar İttifaqının
üzvü idi...
Dövrünün tanınmış ziyalılarından
sayılan Balabəy Aşurbəylinin ailəsində
dünyaya göz açan Sara xanımın
bir çox sahələr üzrə təhsil alması ona işıqlı gələcək vəd etsə də, kommunist rejiminin çox vaxt ağı qaradan seçməkdə çətinlik
çəkən siyasəti
bu nəslin xalqımız üçün
sayagəlməz xeyirxahlıqlarını
insafsızcasına görməməzliyə
vurmaqla, onların bütün mənalarda təqibinə başlamışdı. Müxtəlif formalı bu təpkilər gənc Sara
xanımdan da yan keçmədi. Başqa sözlə desək, sonrakı taleyi onu çox
sınaqlara çəkməli
oldu...
Atasının və həyat yoldaşının repressiyaya
uğraması onun başı üzərində
təhlükəli və
əbədi "Domokl
qılıncı"na
çevrilsə də,
təzadlarla dolu həyat yolu və çoxsaylı sınaqlar onu sındıra bilmədi. Müasirlərinin çoxunun vurğuladığı
kimi, Sara xanımın
qeyri-adi inadkarlığı
zaman-zaman rastlaşdığı
maddi-mənəvi çətinliklərə
sinə gərməkdə
ona kömək etdi. Onun ərsəyə gətirdiyi sanballı tədqiqatlar və təsviri sənət əsərləri də bunu təsdiqləyir.
Bu zərif xanımın
başına gələnləri
bir başqası yaşasaydı, yəqin ki, çəkdiyi rəsm əsərləri
yalnız pessimist notlara
köklənərdi. Amma tarixçi
alim, musiqiçi və xarici dillər mütəxəssisi
kimi molbert qarşısında dayanan
Sara xanımın palitrasında
və kətanda gerçəkləşən əsərlərində
yaşananlara ittihamedici
"işarə"dən uzaq bir nikbinlik
hakimdir. Hər halda onun bizim
günlərə gəlib
çatmış müxtəlif
janrda əsərləri
bunun söyləməyə
əsas verir...
Uşaq
vaxtı İstanbulda
Janna d'Ark adına fransız kollecində aldığı ilkin rəsm dərsləri, sonra isə Bakı Rəssamlıq Texnikumunu bitirməsi (1941)
ona ruhunda gəzdirdiyi gözəlliyi
duymaq və başqaları üçün
estetik qaynağa çevirmək, bununla da yaratmaq missiyasını
gerçəkləşdirməyə imkan verib.
Öncə qeyd edək ki, Sara xanımın bədii irsi o qədər də zəngin deyil. Bunu əsasən
tarixçi alimin əhatəli elmi yaradıcılığı ilə
əlaqələndirmək olar. Onun ilkin fəaliyyəti
nüfuzlu mədəniyyət
ocağımız sayılan
Azərbaycan Dövlət
Dram Teatrı ilə bağlı olub. 1941-1945-ci illərdə burada çalışan
Sara xanım teatrın
baş rəssamı Nüsrət Fətullayevlə
birlikdə müxtəlif
tərtibat işlərində
yaxından iştirak edib, əsasən dekorator kimi fəaliyyət göstərib.
Həmin
dövr müharibə
illərinə təsadüf
etdiyi və teatrda yeni əsərlər,
demək olar ki, hazırlanmadığı
üçün əsas
diqqət arxa cəbhədə çalışanların
düşmən üzərində
qələbəyə inamını
möhkəmləndirmək məqsədilə təbliğat
xarakterli bədii vasitələrin geniş tətbiqinə yönəldilmişdi.
Buna görə də gənc rəssamın sənət
bioqrafiyasında yaradıcılıq
baxımından duyulası
nə isə baş verməyib.
İndiki
məqamda biz Sara xanımın
rəssamlıq potensialını
cəmi beş
əsərin timsalında
dəyərləndirməyə məcburuq. Onun 1941-ci ildə diplom
işi olaraq çəkdiyi "Natürmort"unu
rəssamın bədii
irsinin yaddaqalan nümunələrindən saymaq
mümkündür. İriölçülü bu əsərin
kompozisiyasını Azərbaycan
torpağının payız
nemətləri təşkil
edir. Güllü parça önündə
müxtəlif meyvələri
bir araya gətirən, onları qədim mis və çini qablarla əlaqələndirən
müəllif bütünlükdə
əsərin həm diqqətçəkənliyinə, həm də təsvirin mənəvi-estetik
qaynağa çevrilməsinə
nail olub. Əsərin incə keçidlərlə
yaradılmış rəng
çalarlarının ümumi
ahəngi çox cəlbedicidir. Realist ifadə vasitələrindən
bəhrələnən Sara xanımın nümayiş
etdirdiyi yüksək sənətkarlıq "Natürmort"
əsərinin bu janrda yaradılan ən yaxşı nümunələrdən biri
olmasını şərtləndirib.
Rəssamın digər üç əsəri isə mənzərə janrına
aiddir. Bunlar "Xan sarayı",
"Şəki mənzərəsi"
və "Göygöl"
adlı lövhələrdir.
Sara xanım bu
əsərlərin hər
birinə tarixilik bəxş edib. Nikbin ovqat yaradan boyalarla
işlənmiş həmin
tablolarda təbiətin
gözəlliyi qabarıq
və yaddaqalan bədii görkəm alıb. Göygölü
əhatə edən cəlbedici landşaftın
mavi sularda əksinin bədiiləşdirməsinə
üstünlük verən
rəssam bütünlükdə
təbiətin möcüzələrindən
sayılan bu gözəllik qaynağının
heyranedici görkəm
almasına nail olub. Bu mənzərə hazırda uzaq Meksika muzeylərinin birinin eksponatıdır.
Qırmızı kirəmitli evlərin sıralandığı Şəki
küçəsində keçmişdən
bu günümüzə
uzanan tarixi-etnoqrafik auranın ("Şəki
mənzərəsi") gözoxşayan
estetik qaynağa çevrilməsi bilavasitə
Sara xanımın nümayiş
etdirdiyi yüksək professionallıq sayəsində
baş tutub. Lirik tutumlu
bu əsərdə mavi-zümrüdü rənglərin
müxtəlif çalarlarının
şəkəri tonda
verilmiş yer və divarla vəhdətdə yaratdığı
ovqat cəlbedici və təsirlidir. Yeri gəlmişkən deyək
ki, bu əsər
hazırda Azərbaycan
Milli İncəsənət
Muzeyinin kolleksiyasındadır.
Onun "Xan
sarayı" lövhəsində
də mənzərənin
inandırıcılığı və ovqat daşıyıcılığı
kifayət qədər
qabarıq görkəm
alıb. Sarayın fasadını iri
planda verən müəllif arxada şəbəkəli pəncərələri,
tağlı eyvanı
və ora qalxan kərpic pillələri təsvir etməklə həyətin
yaşıllığı üzərində qərarlaşan
müxtəlif atributların
diqqətçəkənliyinə nail olub. İlıq-nikbin
rənglərin zərif
çalarları bütünlükdə
tablonun lirik xarakterini şərtləndirib...
Rəssamın Bakı muzeyində saxlanan digər lövhəsi isə "Üzüm yığımı"
adlanır. Bu çoxfiqurlu
süjet kompozisiyasında
Abşeronda üzüm
yığımı təsvir
olunub. Bir neçə qadın və yaşlı kişi toplanmış
məhsulu iri ağacın kölgəsində
yeşiklərə doldurmaqla
məşğuldur. Bu kompozisiyada da Sara xanım rənglərin ovqat yaratmaq gücündən istifadə
etməklə, əməyin
təntənəsinə həsr
olunmuş lövhəni
yaddaqalan edib. Əsərin incə rənglərdən "hörülmüş"
nikbin koloriti gözoxşayan və duyğulandırıcıdır...
Beləliklə, Sara xanım Aşurbəylinin
rəssamlıq irsi sayca az
olsa da, onları yüksək sənətkarlıq nümunəsi
və milli təsviri sənətimizin
inkişaf tarixinə layiqli töhfə kimi dəyərləndirmək
mümkündür.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2017.- 5 may.- S.4.