Unudulmaz Gəray Fəzli: insan, döyüşçü
və şair taleyi
O, bütün ili
sanki bir günün həsrəti
ilə yaşayırdı,
mayın 9-u, qələbə
günü ilə.
Təqvimdə həmin gün çatanda onun üzündə kədərlə
sevinc, göz yaşı ilə təbəssüm bir-birini
əvəz edərdi. Sevinc-qələbə sevinci idi. Kədər
- müharibədə qoyub
gəldiyi dostlarının,
itirdiyi səsinin kədəri idi. O, yeniyetmə ikən, hələ yaşı çatmamasına baxmayaraq,
könüllü olaraq
cəbhəyə yollanmış,
müharibə dəhşətlərini
öz gözlərilə
görmüş, səs
tellərinə dəyən
düşmən gülləsindən
səsini itirmişdi.
Düşmən yanılmışdı, gülləsi
hədəfə dəyməmişdi. Gəray yalnız
səsini itirdi. Səsini itirsə də, cəbhədə qazandıqları daha çox oldu: iradə, dözüm, mərdlik, kamillik, ləyaqət, mübarizlik
və ən əsas qələbə və qələm!
Gəray
Fəzlinin müharibə
illərindən dolğun romanlar yazan yazıçı qələmi, nəğmələrə
çevrilən, lirik
şeirlər qoşan
şair qələmi,
heyranedici publisist qələmi müharibə
illərindən bəhs
edən "Kəhrəba
işığında", "Yeddi ulduzlu səma",
"Gecə günəşi",
"Bir qəlbin asimanı" romanlarını
və xeyli cəbhə şeirlərini
yazdı. Bütün
bu əsərləri oxuduqca başa düşürsən ki,
biz bu günümüz
üçün onlara,
ölümlə üz-üzə
gələnlərə, əbədiyyətə qovuşan
hər bir əsgərə, bədənində
qəlpələr gəzdirənlərə,
həmin bahar günü ilə bizə azadlıq müjdəsi gətirənlərə
borcluyuq.
Bir göz baxdı pəncərəmdən,
Dedim: - Kimsən?
Dedi: - Mənəm
Dedi cəbhə yollarında
Çantadakı son tikənəm
Dostlarımla bölüşməli
Bir meh əsdi Ağdarədən:
Dedim: - Kimsən?
Dedi: - Mənəm!
Bir vaxt sənin cəbhə dostun,
İndi
isə... sevincinəm,
Gülüşünəm, qəh-qəhənəm.
Gənclik dostları deyirdi ki, Gərayın gözəl səsi var imiş, hətta gözəl oxuyurmuş da. Bu haqda söz düşəndə, deyərdi
ki, ürəyimdəkiləri
Rübabə xanım,
Hüseynağa oxuyur.
"Ay günahsız əzizim",
"Sən olmuşam"
və neçə-neçə
belə həzin mahnılar.
Düşmən doğrudan da yanılmışdı. Gərayın səsi efirdə gedən verilişlərində
idi. Televiziya və radioda
səslənən, Gəray
Fəzli imzası ilə gedən hər bir veriliş
həmişə gur səslənirdi, əks-səda
tapırdı, təkrar-təkrar
ekranda yer alırdı.
Gəray
Fəzlinin "Yazıçı
xəyalı, oxucu həqiqəti" adlı
yazısını gözdən
keçirirəm: "Mən
öz tərcümeyi
-halıma borcluyam. Bunu deyərkən
1941-45-ci illərə təsadüf
edən ən romantik, ən coşqun və eyni zamanda ən
yetkin dövrü nəzərdə tuturam...
Müharibə deyilən o mənhus
tufanın qısa müddətə mənə
bəxş etdiyi çox qiymətli keyfiyyətləri nəzərdə
tuturam. Doğrudur, böyük qələbənin
qazanılmasında mənim
kiçik də olsa payım var, ancaq mənim
vətəndaş kimi,
bir qələm əhli kimi yetişməyimdə həmin
qələbənin xidmətləri
misilsizdir. Tərcümeyi-halımın
"çılpaq faktlar
okeanında" rast gəldiyim hər şey xalqımın, Vətənimin, dünyanın
taleyi ilə bağlı olduğu üçün mən özümü necə də xoşbəxt hiss edirəm".
Atası
sürgün olunduqdan
sonra bəy oğlu olan kiçik yaşlı Gəray uşaq evində böyüdü,
təhsil aldı, müharibəyə getdi, yaralandı, səsini itirdi, bədənində qəlpə gəzdirdi, qələmə söz verdi, cəbhəçi-yazıçı
adını qazandı.
Çox
nadir bir miras qoyub getdi-cəbhənin odundan-alovundan çıxmış
bir miras.
Mən səngərdə öyrənmişəm
Dost yolunda candan keçmək,
El yolunda ölmək
nədir.
Düşünürəm cəbhə yolum,
səngər ömrüm
hələ tamam oxunmamış
salnamədir.
O, bu salnamədən hər il
mayın 9-da səhifələr
açar, həmin gün onun başına
yığışan ailə
üzvlərinə, dostlarına
xatirələr söyləyərdi.
Gəray Fəzli ad gününü keçirməzdi.
Deyirdi ki, müharibədən qayıdanların doğum
günü Qələbə
günüdür. Ona görə
də onu sevənlər, dostları,
yoldaşları, yaxınları
məhz həmin gün onun başına
toplaşardılar. Təbriklər,
hədiyyələr, xatirələr...
Nəvələrindən birini
də ona Tanrı məhz mayın 9-da qələbə
günü bəxş
etmişdi. Bu da qəribə bir rəmz idi
onun üçün.
Qələbə günü onsuz
da yaraşıqlı
xarici görünüşə
malik olan Gəray daha şux görünür, qürurla gəzərdi.
Hərdən də gözlərində
sevinc yaşları parlayırdı.
Gəray ürəyində dəhşətli
bir nisgillə getdi dünyadan. Axı, Şuşanın
işğalı xəbəri
ona məhz mayın 9-da çatmışdı.
Onun Qələbə gününə
kölgə salmışdı,
ona arxadan zərbə vurulmuşdu.
Bu xəbəri eşidib, eyvana çıxdı, eyvanından
bir parça dəniz görünürdü.
Gözünü dikdi
bu bir parça
dənizə, baxdı,
baxdı... Nələr keçdi ürəyindən?
Dənizə dərdini pıçıldadı,
göz yaşını
Xəzərin sularına
göndərdi. Həmin axşamı
sükutla keçirdi.
Yalnız
səhər cəbhə
şeirlərindən bu
misraları astadan dedi:
Göynədibdir köhnə yaram
sübhə qədər
Dolaşdıqca bədənimdə od qəlpələr.
Amma hamımız inanırıq ki,
Üfüqləri çiçək-çiçək
Çiçəkləri ləçək-ləçək
Bir bağım var,
Məşəl yanır dövrəsində
May gələndə kövrəkləşən
Buludları seyrəkləşən
Bir dağım var
Məşəl yanır zirvəsində.
Bu məşəl mütləq
Şuşa dağlarının zirvəsində
yanacaq. Unudulmaz şairimizin ruhu da onda
rahat olacaq və
İstər al qumaşa tutalar
məni
İstər yanar oda atalar məni
Səsləyə dənizlər, adalar
məni
Sənsən son mənzilim, axır
ünvanım
Azərbaycanım! Azərbaycanım!
- deyən Gəray
Fəzli Vətən torpağında rahat yatacaq.
Sevgisiz yaşamaq olmur...
Şəfəq ƏLİBƏYLİ
525-ci qəzet.- 2017.- 5 may.- S.4.