İmdat Avşar: ədəbiyyatımızın
fədakar dostu
Türkiyəli dostumuz, yazıçı-tərcüməçi İmdat Avşarın 50 yaşı tamam olur
Yaxşı ki, sosial şəbəkələr
var. Yoxsa bu istedadlı qələm adamının yaşını
necə öyrənə
bilərdik ki?! Öyrənə
bilməzdik... Əvvəla
ona görə ki, İmdat Avşar təvazökar adamdı, özünü
reklam eləməz, yubileyindən istifadə edib tərif ummaz... Sonrası da, axı kim deyər ki, bu son dərəcə
enejili, gənclik ruhu aşıb-daşan adamın əlli yaşı var?!
Hələ 2011-ci ildə İmdat Avşarı ilk dəfə
Azərbaycan Yazıçılar
Birliyində görüb
müsahibə götürəndə
həm onun qısa müddətdə
imza atdığı işlərin həcminə,
həm də bütün bunlar haqda necə şövqlə, sevgiylə
danışmasına təəccüblənmişdim. O zaman İmdat bəy Övliya Çələbinin
izinə düşüb
gəlmişdi ölkəmizə.
Daha doğrusu bir layihə çərçivəsində
Övliya Çələbinin
gəzdiyi, Səyahətnaməsində
yazdığı yerlər
qələm adamları
arasında bölüşdürüləndə
İmdat Avşar Azərbaycanı seçmişdi.
Çünki hələ
İqdırda təhsil
müfəttişi kimi
işləyəndən Azərbaycana
yaxın olub, buranın adamlarını
sevib, çoxlu dost qazanıb. Hələ bir axşam
qapısını döyüb
yardım istəyən
Qarabağ qaçqınlarının
halına da acıyıb, onlar haqqında çox təsirli bir hekayə də yazıb.
İmdat Avşar yaradıcılığa
gec başlayıb. Ona görə
itirdiyi zamanın yerini doldurmaq üçün sözün
əsl mənasında
gecə-gündüz çalışır.
Görünür qısa müddətdə
Türk dünyasının
çeşidli yerlərində,
ən nüfuzlu ədəbi orqanlarda çap olunmasının da, əsərlərinin müxtəlif ödüllər
almasının da sirri bundadır. Zəhmətkeşliyində, özünə tələbkarlığında. İmdat Avşar Azərbaycanda Rəsul Rza Beynəlxalq mükafatına, Bəxtiyar
Vahabzadə adına Türk dünyasına xidmət ödülünə,
Azərbaycanı xaricdə
ən yaxşı tanıdan əsər nominasiyasında (“Övliya
Çələbinin izi
ilə Azərbaycan” kitabına görə) Nəcəf Nəcəfov
mükafatına layiq görülüb. Amma İmdat
bəyin Azərbaycan ədəbiyyatı ilə
bağlı işlərini,
sayı-hesabı bilinməyən
tərcümələrini, Qarabağ həqiqətlərinin
Türkiyədə yayılması
üçün çabalarını
düşünəndə bütün bu ödüllərin təsadüfi
olmadığını görürsən.
Həm də artıq bioqrafiyasına yazılmış imzalara görə, yəni çevirdiyi müəlliflərə
görə bir az da qibtə edirsən ona. Mirzə Fətəli Axundzadə, Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı,
Anar, Elçin Əfəndiyev, Musa Yaqub, Məmməd İsmayıl,
Sabir Rüstəmxanlı,
Novruz Nəcəfoğlu,
Əjdər Ol, Rəşad Məcid, Elçin Hüseynbəyli
və s. Elə bu siyahı tərcüməçi dostumuzun
yüksək ədəbiyyat
zövqündən xəbər
verir. Və böyük minnətdarlıqla
qeyd eləməliyəm
ki, məhz İmdat bəyin sayəsində, özünün
çevirisiylə mənim
“Balerin” adlı türkcə ilk kitabım
Türkiyədə, “Akçağ” nəşriyyatında
işıq üzü
görüb. Elə o tərcümə prosesində ara-sıra İmdat bəyin göndərdiyi suallardan, dilimizdə fərqli anlamlarda işlənən
sözləri dəqiqləşdirmələrindən
onun işinə necə həssas, diqqətlə yanaşdığını
görürdüm.
Heç
şübhəsiz ki,
adını sadaladığım
müəlliflərin əsərlərini
çevirəndə İmdat
bəy Azərbaycan ədəbiyyatını bir
az daha
yaxından öyrənib,
dilimizi daha yaxşı hiss edib. Elə xasiyyətində, davranışındakı, xarakterindəki
Azərbaycanlı elementləri
bir az
da bu əsərlərdən
gəlir. Axı, Axundzadənin “Aldanmış
kəvakib”ini, Rəsul
Rzanın şeirlərini,
Anarın “Kərəm
kimi”sini, Ənvər Məmmədxanlının “Bakı
gecələri”ni cümlə-cümlə
oxuyan, söz-söz araşdıran, çevirən,
dərinliyinə gedən
adam necə düşməyə bilər
bu əsərlərin
təsirinə? Hələ
üstəlik, İmdat
Avşar kimi sözə həssas, şair təbiətli, əsl türkçü,
fədakar bir adam...
Artıq bir neçə ildir ki, dostluq
etməyimiz, birgə səfərlərimiz, aldığım
bir neçə müsahibə əlli yaşlı qəhrəmanımızla
bağlı bəzi müşahidələrimi bölüşməyə
imkan verir. Mənə görə
İmdat bəyin üstün cəhətlərindən
biri də dostluğu bacarmasıdır.
Amma bununla belə ədəbiyyata yanaşmasında
güzəştsiz və
qərəzsiz olması
da faktdır. Məncə,
onun bir əsəri çevirməsi,
təbliğ etməsi
üçün əsas
şərt mətndir.
Yəni şəxsi münasibətləri üstün
tutub hansısa ortabab əsəri çevirməz... Və yaxud
əgər mətni bəyənibsə müəllifin
əqidəsi, hansı
cəbhəyə aid olması
çox da maraqlandırmaz onu. Ona görə İmdat bəyin siyahısında ən müxtəlif əqidəli, ən fərqli cəbhələrə
aid müəlliflərin adlarını
görmək olar.
Və o bu əsərləri sadəcə, tərcümə
etməklə işini
bitmiş saymır.
Əsərlərin Türkiyədə yayılması, nüfuzlu
orqanlarda çapı
üçün çalışır,
tədbirlər düzənləyib
oxuculara təqdim edir. Əsas olan budur ki, bütün bu işləri ürəkdən, sevərək
edir. Bu məqamda
son illərdə Türkiyədə
yüzlərlə, minlərlə
sayda yayılan “Qarabağ hekayələri”
antalogiyasını xüsusi
vurğulamaq istərdim.
Bu antalogiya İmdat
bəyin şəxsi təşəbbüsü ilə
araya-ərsəyə gəlib.
Kitabda müxtəlif müəlliflərin
Qarabağ mövzusunda
hekayələri yer alıb. Antalogiyanın digər müəllifi
millət vəkili Qənirə Paşayeva ilə birgə İmdat Avşar Türkiyənin müxtəlif
şəhərlərində, bölgələrində bu
kitabın təqdimatlarını
keçirir, həqiqətlərimizin
təbliğatı üçün
çalışır. Bütün bu nəcib əməllər
İmdat bəy haqda ən təsirli
sözləri, hətta
tərifləri dilə
gətirməyə imkan
verir.
Keçən ilin bu günlərində
İmdat Avşarın
doğulub böyüdüyü
Kırşəhərə səfərimiz vaxtı onun nə qədər
qonaqpərvər, dostcanlı
olmasını bir daha müşahidə etdim. Bu şəhərdə
təşkil olunmuş
Kitab fuarında bizim - Anar müəllimin,
Rəşad Məcidin
və mənim də kitablarımızın
imza günləri keçiriləcəkdi. Eyni zamanda
Azərbaycan ədəbiyyatının
çağdaş mənzərəsini
əks etdirən yazar-oxucu görüşümüz
də olacaqdı.
Və
o günlərdə mən İmdat bəyin dostları Mövlud Torpaq və Çağatay bəylə
birgə bizlərə
necə diqqət göstərməsini unutmuram.
Kırşəhəri, Nevşəhəri,
Kapadokiyanı birgə
gəzintimiz isə yaddaşımda bir nağıl kimi qalıb. Artıq vurğuladığım kimi, bu istedadlı
qələm dostumuzun şəxsi keyfiyyətləri,
yoldaşlığı, qonaqpərvərliyi
də elə həmin səfərimizdə
açılmışdı mənim üçün.
Öz yerliləri ilə, oxucuları ilə görüşündə söhbətləri,
Kırşəhərin abdalları,
qəribə adamları
haqda danışdıqları
isə necə incə bir yumor
hissinin olmasını
göstərirdi. Həmin görüşdə
Kırşəhərlilərin öz yerlilərini, yazıçılarını necə
coşquyla, sevgiylə
qarşılamaları da
məni xeyli təsirləndirmişdi. Amma elə
o tədbirdə bunu da başa düşürdüm
ki, İmdat bəy təkcə dünyaya göz açdığı Kırşəhərdə
yox, Türkiyənin hər yerində belə sevilir, bu cür hörmət
sahibdir. Bunu yazıram və düşünürəm axı
Bakıda, Azərbaycanda
da sevənləri, yolunu gözləyənləri
az deyil.
Amma qəribədir ki, İmdat bəy bura da
gələndə qonaq
kimi yox, elə ev
yiyəsi kimi aparır özünü.
Bakıda ocaq saydığı Yazıçılar
Birliyini, ustadı saydığı Anar müəllimi ziyarət edir, Rəşad Məcidin, Elçin Hüseynbəylinin, Əjdər
Olun dost məclislərində
özünü suda balıq kimi hiss edir, hələ rayonlara da gedib
köhnə dostları,
həmkarları - İsmayıllıda
Musa Yaqub, Şabranda Aydın Tağıyev, Novruz Nəcəfoğlu kimi ziyalıları görüb sevindirməyi
özünə borc bilir.
Bütün bu sadaladığım keyfiyyətləri, uğurları
qədirbilən, istedadlı,
zəhmətkeş dostumuzun
əlli ildə qazandıqlarıdır. Və mən
əminəm ki, qarşıda onu daha böyük uğurlar gözləyir.
Amma elə bu məqamda
düşünürəm bəs İmdat Avşarın çatışmayan,
mənfi cəhəti
yoxdumu? Məncə,
var... Uzaqlığı. Belə bir deyim də var, sevdiklərimizə
yeganə bağışlaya
bilməyəcəyimiz “əməlləri”
yanımızda olmamalarıdır.
İmdat
Avşara tezliklə bu “səhvini” düzəltməyini, burda
- dostları, sevənləri
arasında yubileyini qeyd etməyini diləyirəm.
Əlli
yaşın kutlu olsun, əziz dost!
PƏRVİN
525-ci qəzet.- 2017.- 6 may.- S.15.