Dillər Universitetində Anarın
yaradıcılığı müzakirə edildi
XALQ YAZIÇISININ ABŞ-DA İNGİLİSCƏ YENİ NƏŞR EDİLMİŞ İKİ KİTABININ TƏQDİMATI KEÇİRİLİB
Mayın
4-də Azərbaycan Dillər
Universitetində (ADU) Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın ingilis dilinə tərcümə
olunmuş və “Azərbaijan International” jurnalının
təşəbbüsü ilə ABŞ-da nəşr edilmiş “Dantenin yubileyi” və “Otel otağı”
kitablarının təqdimat
mərasimi keçirilib.
Universitetin İnformasiya Resurs
Kompleksində təşkil
olunan mərasimdə Yazıçılar Birliyinin
rəhbərliyi, ADU-nun professor-müəllim və tələbə heyəti,
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan
ADU-nun Azərbaycan dili
və ədəbiyyatı
kafedrasının müdiri,
filologiya elmləri doktoru, dosent Fəridə Səfiyeva ədəbiyyatımızın “altmışıncılar” nəsli
haqqında ümumi məlumat verərək, Anarın yaradıcılığına
xüsusi diqqət yetirib: “Azərbaycan ədəbiyyatında “altmışıncılar”
adlanan ədəbi-nəsli
fərqləndirən əsas
xüsusiyyət onların
mövcud ədəbi
irsə sadiq qalmaqla bərabər, müasir ədəbi prosesin tələblərinə
də cavab verərək, özlərinin
də onun yaranmasında bilavasitə
iştirak etmələridir.
Bu baxımdan Anarın adını ayrıca qeyd etməliyik. Anar yaradıcılığında
ənənələrlə müasirlik vəhdət halındadır. Eyni zamanda,
o, yazıçı, publisist,
kino-ssenarist və ictimai xadim ömrü
yaşayır”.
ADU-nun rektoru, professor Əfqan
Abdullayev Anarın zəngin yaradıcılığının
ölkəmizin hüdudlarından
kənarda da sevildiyini bildirib. O, yaradıcı
fəaliyyəti ilə
seçilən yazıçının
müasir Azərbaycan
ədəbiyyatında özünəməxsus
yer tutduğunu vurğulayıb: “Anar yaradıcılığında ən sevdiyim əsər onun “Sizsiz” romanıdır. Bu əsər həm
onun mənsub olduğu ailə, həm tariximizin mühüm bir dövrü barədə dəyərli əsərdir.
Çox
sadə, şirin, doğma Azərbaycan dilində yazılıb”.
Ə.Abdullayev yazıçının kitablarının xarici dillərə tərcümə
olunmasını ədəbiyyatımızın
dünya miqyasında təbliğinə töhfə
kimi qiymətləndirib:
“Anar müəllimin Azərbaycanda, keçmiş
Sovet məkanında, Şərqdə yaxşı
tanındığı hamımıza
məlumdur. Ancaq düşünürəm ki, bu kitablar
onun bütün dünyada tanıdılmasında
müstəsna rol oynayacaq”.
Kitabların naşiri Betti Bleyer təqdimatı keçirilən nəşrlər
haqqında məlumat verib və bu
işdə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Bu kitabların nəşr olunmasından böyük sevinc duyuruq. Mən xüsusən bu
işdə bilavasitə
əməyi olan, yazıçı Anarla mənim aramda bir növ körpü
rolu yaradan insanlara təşəkkürümü
bildirmək istəyirəm.
Onlar Jalə Qəribova, Aidə Hüseynova, Fəridə Sadıqova, Vəfa Məstanova, Ülviyyə
Məmmədova, Vəfa
Talışlıdır. Üz qabığını
gözəl əl qabiliyyətinə malik dizayner Vüqar Muradov hazırlayıb.
“Dantenin yubileyi”
kitabında ənənəvi,
daha çox sovet dövrünü əks etdirən 8, “Otel otağı”nda isə müstəqilliyə
keçid dövrünü
əks etdirən 3 hekayə toplanıb.
Əslində Jalə
xanımla bizim Anarın əsərlərini
tərcümə etmək
fikrimiz 19 il
öncədən vardı.
Amma müəyyən səbəblərdən
gecikdik, nəhayət,
ideya gerçəkləşdi”.
B.Bleyer Anar yaradıcılığına
sevgisindən söz açıb və onun əsərlərini yüksək qiymətləndirib:
“Anarı başa düşmək üçün
ilk növbədə onun
böyüdüyü mühiti
nəzərdən keçirmək
lazımdır. Onun əsərlərini
müstəsna edən
faktorlardan biri də budur ki,
burada heç bir yad ünsür,
yad hissə, bir-birindən əlaqəsiz
dialoq yoxdur. Orada hər şey bir-birinə sıx şəkildə, gözəgörünməz
tellərlə bağlıdır.
Onun qəhrəmanları adi insanlardır. O, ən
adi bir insanı
özünün baş
qəhrəmanına çevirə
bilir. Və bu qeyri-mükəmməl insanın simasında bizə özümüzü
göstərir. Burada hadisələrdən
daha çox xarakterlər üzə çıxır. Anarın əsərlərində
böyük bir konflikt var. Bu konflikt nəsillər, siyasilər,
keçmişlə gələcək
arasındadır”.
Bu kitabların tərcümə
səviyyəsindən söz
açan Tərcümə
fakültəsinin müəllimi
Fialə Abdullayeva Anarın əsərlərini
dərs prosesində tələbələrlə birgə
tərcümə etdiklərini
də söyləyib:
“Hər iki kitab Anar müəllimin
yaradıcılığına sadiqliklə tərcümə
olunub. Hətta zərb-məsəllər, ibarələr, atalar sözlərinin mənaları
belə dəqiqliklə
əks etdirilib. Demək olar ki, itki
çox azdır.
Biz də tərcümə
fakültəsi olaraq,
dərslərə, imtahanlara
da Anar müəllimin
əsərlərindən tərcümələri
əlavə edirik”.
ADU-nun müəllimi Vəfa
Əliyeva, tələbə
Elnur Əli və başqaları öz çıxışlarında
görkəmli yazıçının
həyat və yaradıcılığından, eyni zamanda, əsərlərində
öz əksini tapan mövzulardan bəhs ediblər.
Sonda Xalq yazıçısı Anar onun əsərlərinin tərcüməsində və nəşrində zəhməti olan hər kəsə, həmçinin tədbirin keçirilməsinə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib və təəssüratlarını bölüşüb: “Bu kitabın ABŞ-da çap olunması mənim üçün çox əlamətdar hadisədir. Mənim əvvəllər ingilis dilində çap olunan əsərlərim rus dilindən tərcümə olunardı. Bu kitabdakılar isə birbaşa Azərbaycan dilindən, yəni orijinaldan tərcümə edilib. Burada mənə xoş gələn ayrı bir cəhət də hekayələrdən əlavə tərcüməçilərin, redaktorların yazdığı şərhlərdir. Bu şərhlərdə Azərbaycan milli koloriti öz əksini tapıb”.
Anar AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə universitetin Tərcümə Mərkəzi arasında sıx əməkdaşlıq yaradılmasını, bu çərçivədə müasir ABŞ ədəbiyyatına aid ayrıca nəşr hazırlanmasını təklif edib.
Görüşün sonunda Anar gənc tərcüməçilərin suallarını cavablandırıb və tədbir maraqlı müzakirə ilə yekunlaşıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 6 may.- S.13.