YARAT səhnəsindəki “Sonuncu”...
Əvvəllər ən çox qibtə etdiyim insanlar səhnə adamları olardı. Hündürdə
qurulmuş səhnə,
alqışlar, tamaşaçı
sevgisi, dəbdəbəli
həyat, söyləyəcəkləri
bircə kəlmə üçün ətraflarında
dolanan jurnalist ordusu və sair... Mənim gözümdə dünyanın ən dərdsiz insanları olub sənətçilər.
Sonralar öyrənəcəkdim dünyanın
ən tənha adamlarının da elə sənətçilər
olduğunu... Sən demə,
bütün o cah-cəlal,
o gözəlliklər sadəcə
bir neçə saatlıq imiş. Gecə saat 00:00-dan sonra bəzəkli arabası balqabağa çevrilən Sindirellanın
xoşbəxtliyi tək...
“Yuğ” teatrında
yazıçı Pərvinin
“Sonuncu” adlı pyesinin əsasında rejissor Ramiz Həsənoğlunun quruluş
verdiyi eyniadlı tamaşanın qəhrəmanı
Əlisöhbət Qələndərli
kimi. Bir ildən çoxdur
ki, “Yuğ” səhnəsində uğurla
təqdim olunan, ən müxtəlif teatrşünasların, söz
adamlarının müsbət
reaksiyası ilə qarşılanan, tamaşaçı
kütləsi toplayan əsər bu dəfə YARAT İncəsənət
Mərkəzinin səhnəsində
oynanılırdı. Müasir və geniş salon ağzınacan dolu idi və tamaşaçıların
yarıqaranlıq zalda
səssiz əyləşib
gözləməsi də
qəribə bir ab-hava yaradırdı.
Sanki bir azdan gözlərimiz önündə
baş verəcəklərə
ruhən hazırlaşırdıq...
Çexovun “Qu quşu nəğməsi” pyesindən
bəhrələnərək araya-ərsəyə gələn
bu əsərin ideyasını tək sözlə belə ifadə etmək olar: Tənhalıq!
Ə.Qələndərli aktyordur, sənətini çox sevən, tamaşaçı ordusu,
dostları, tanışları
olan aktyor. Elə məsələ
də bundadır.
Gəncliyindən bu sənətə
bağlanan aktyorun tamaşaçı sevgisi,
təriflər başını
qatır və o ömrünü yelə verdiyini gec anlamağa
başlayır. Əsər boyunca
da bu peşmanlıq
yüksələn xətt
üzrə inkişaf
edir.
Tamaşa qoca aktyorun telefon
zənginə yuxudan oyanması ilə başlayır. Monoloqundan məlum olur
ki, dünənki gün onun şərəfinə
keçirilmiş benefisdən
sonra teatrda yatıb qalıb. Nə dostlarının yadına
düşüb, nə
də harda olduğu ilə maraqlanacaq bir ailəsi var ki, onu oyatsın.
Tənhalara gələn
zənglər isə yanlış
yığılmış nömrələr
olar...
“Məni bu qədər içirtdilər,
sonra da çıxıb getdilər
hərə öz evinə, ailəsinin, uşağının yanına. Mən də ki...”- deyən qocaman aktyorun sözlərindən
həyatına, ətrafına,
ən çox isə özünə acığı, sitəmi
hiss olunur.
Pyes cəmi
üç obrazdan ibarətdir. Ancaq Pərvin axşam
orada olan benefisin necə keçdiyini, kimlərin toplaşdığını elə
Ə.Qələndərlinin öz dilindən canlandırır. Məlum olur
ki, bu qocaman
aktyora teatrın direktorundan tutmuş, mötəbər sənətkarlaradək
hər kəsin sevgisi, hörməti sonsuzdur. Əlbəttə, o özü də
bununla fəxr edir, ancaq yenə
də yalnız.
Hətta
onun bu hisslərini
paylaşacaq bir kimsəsi belə yoxdur.
Bu yerdə ssenari müəllifi köməyə
yetişir: ona “qulaq yoldaşı” göndərir. Beləliklə,
gənc teatrşünas
İlham Çardaqlı
ilə tanış
oluruq. İlham gizlincə teatrda
yaşayırmış və
həmin gecə təsadüfən Əlisöhbət
ilə qarşılaşır.
Əvvəlcə, ona şübhə
ilə yanaşan aktyor gecəni teatrda qalmasının səbəbini fərqli yozumlarla açıqlayır,
ailəsinin, onu gözləyəninin olmadığını
gizlədir. Söhbət uzandıqca sanki danışmağa ac olan aktyor elə danışdıqca danışır.
Beləliklə, onların arasında
teatr, aktyorun keçmişi, rolları,
gəncliyi, nakam məhəbbəti, sənətə
vurğunluğu haqqında
söhbətlər başlayır.
Ə.Qələndərli böyük bir şövqlə dünənki
benefisdən danışır,
üzdə alqışlarla,
təriflərlə fəxr
etdiyini göstərməyə
çalışır. İçində isə bunların hamısının bir heç olduğunu özü də bilir.
Müasir dövrümüzdə insanlar
real həyat hadisələrinin
əks olunduğu əsərlərə önəm
verirlər. Sanki qeyri-real,
müəllif xəyalının
məhsulu hadisələr
insanları maraqlandırmır.
İnsanlar az
qala hər gün qarşılaşdıqları,
gördükləri, ya
da görə biləcəkləri hadisələrə,
obrazlara daha çox üstünlük
verirlər.
“Sonuncu” tamaşasının
bir uğuru da məhz budur. Burada uydurma,
gerçəklikdən uzaq
heç nə yoxdur. Ə.Qələndərlinin simasında bütün
ömrünü işinə,
sənətinə həsr
edən yalnızlar özünü görə
bilir.
Pyesdən, zərif xətlə, nakam sevgi əhvalatı
da keçir. Çoxlarına adi, hər kəsin
başına gələ
biləcək bir sevgi tarixçəsidir əslində. Amma Pərvin
bu adi sevgi
əhvalatını bir
insanın bütün
həyatını yeyib
bitirən yalnızlığın
səbəbi səviyyəsinə
qaldıra bilir. Çünki qəhrəmanın
dilindən deyildiyi kimi: “Kişi gərək qorxaq olmaya”... Görünür, bütün itkilərin,
faciələrin bir səbəbi də qorxaqlıqdır. Hər halda
onun həyatında belədir.
Gənc aktrisa Ləman Novruzovanın canlandırdığı xəyali sevgili tamaşa boyunca bir neçə dəfə görünür. Biz onun haqqında məlumatı yenə də aktyorun sözlərindən öyrənirik. Məlum olur ki, gənckən varlı bir kişinin qızı ilə eşq macərası yaşayan Ə.Qələndərli qızın atasının qorxusundan bu qadına sahib çıxa bilmir. Bu peşmanlıq bütün ömrü boyunca onu qarabaqara izləyir.
Bir tamaşanın uğur qazanmasının sirlərindən biri də ssenari müəllifi, rejissor işindən əlavə, peşəkar aktyor komandasıdır.
Tamaşanın baş qəhrəmanını canlandıran Əməkdar artist Fərhad İsrafilov bir səhnədə bir neçə obraza girməli olur. Onsuz da tənha aktyor obrazını yaradan F.İsrafilov monoloqunda benefisdə iştirak edən şəxsləri, gənc teatrşünasla söhbətində Otello, Vaqif, İblis kimi obrazları da canlandırır. Cilddən-cildə, obrazdan-obraza girən aktyor hər obrazı yeni şövqlə yaradır.
Bəzən məzəli, bəzən düşüncəli, şən, çılğın, sonda isə gözlənilmədən naxələf kimi qarşımıza çıxan teatrşünas İlham Çardaqlını isə gənc aktyor Hikmət Rəhimov canlandırır. Bu aktyorun ifasında rolunun da tələbinə uyğun olaraq, çılğınlıq, dinamiklik daha çox hiss olunur. Tamaşaçı bir az da onun tamaşaya qatdığı rənglərin hesabına yorulmur. Ağır, faciəvi sujetdə bəzən məhz bu obraz izləyicinin üzündə təbəssüm yarada bilir.
Tamaşanın ən ağır və təsirli məqamı isə sonuncu səhnədir. Gənc teatrşünasla sağollaşıb çıxan aktyor benefisdə ona verilən gül dəstəsini unutduğu üçün geri dönməli olur. Və acı gerçəklə də bu zaman qarşılaşır. Məlum olur ki, gecədən səhərə qədər ürəyini, dərdlərini açıb danışdığı İ.Çardaqlı onu ələ salır, bütün danışdıqlarını qeydə aldığı səs yazısı vasitəsilə qocaman aktyoru teatrdan uzaqlaşdırmaq planları qurur. Onsuz da bütün ömrü boyu həyatdan zərbələr almış aktyorun ürəyi sonuncu zərbəyə davam gətirmir. Üç gün sonra qonşuları onun meyitini evində tapırlar. Bütün ömrü boyu yalnızlıq çəkən aktyoru ölüm də yalnızlıqda haqlayır. Onu ilk xatırlayıb axtaran isə hər gün yarım çörək, 150 qram kolbasa aldığı satıcı qız olur...
Nəhayət, müəlliflərin qısa, ancaq unudulmaz bir mesajı diqqətimi çəkir: Bu dünyada ən çətini yaşamaqdır, yaşamaq...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 6 may.- S.12.