“Sevdim səni” - Həsənoğludan
Pasternakadək
Yazıçı, ədəbiyyatşünas, müəllim
Pərvini ilk hekayələrindən və ilk kitabından
tanımışam.
Haçansa
bədii sözə bağlı dediyim fikri bu yerdə təkrar
etmək istərdim: Mən (nə qədər qəribə
görünsə də) bədii əsərin sənətkarlıq
ölçüsünü onun elə ilk abzasından müəyyənləşdirirəm
özüm üçün. Pərvini ilk hekayəsindən
və ilk kitabından beləcə kəşf etmişəm və
elə o çağdan da bu yazıçı - publisistin daimi
oxucusuna çevrilmişəm. Amma bir iş də var: Pərvin
əsərdən-əsərə, kitabdan-kitaba sürətlə
püxtələşən bir yazıçıdır.
İndi onun əvvəlki və mənim çox bəyəndiyim,
haqqında ayrıca məqalə yazdığım “Qadın
olmaq” kitabı ilə əlimdə olan sonuncu kitabını qəsdən
və bir az da ədəbiyyata bələd
adam kimi müqayisə edirəm və məni qəribə bir
rahatlıq bürüyür: ilk kitabından gələcək
uğurlarına çox böyük ümid bəslədiyim
Pərvinin təzə çap olunmuş kitabı mənim haqlı
olduğumu sübut edir. Bu kitab sevgi dolu bir
mücrüdür. Kitabın adı da sevgiyə
bağlıdır: “Sevdim səni”, Pərvini az-çox
tanıyan hər kəs onun emosional bir esseist olduğunu
yaxşı bilir. Və həm də bədii
söz sənətinin nəzəri aspektlərini də
çox yaxşı bilən müəllim Pərvin hər
hansı bir mövzunun ifadəsində çox uğurlu janr
seçimi etməyi bacaran sənətkardır. O,
özünün bir
çox əsərində esseni bir janr kimi
seçməklə, hətta mən cəsarətlə deyərdim
ki, müasir ədəbi mühitdə ustad esseist kimi
tanınmaqdadır.
Sənətkar duyğularının kövrək ifadəsi
olan sənətkar esseni Pərvin öz
yaradıcılığı üçün aparıcı
format kimi qəbul etmişdir. Məsələn,
yazıçının bundan əvvəlki “Qadın olmaq”
adlı kitabı büsbütün esselər toplusu idi. Həmin yazıların hamısı Pərvinin
çox etibar etdiyi “525-ci qəzet”də dərc edilmişdi və
həmin esselərin hamısını mən bu qəzetin
çox sevdiyim şənbə buraxılışlarında
oxumuşdum. O yazıların hər biri, mübaliğəsiz
deyərdim ki, janrın çox orijinal nümunələri
idi. Təsadüfi deyil ki, sənət nümunələrinə
çevrilən bir sıra esse müəllifi Anar Pərvinin
“Qadın olmaq” kitabı haqqında belə bir səmimi fikirdədir:
“Həmin kitabda Pərvin dünyanın bir neçə
qeyri-adi taleləri olan qadından bəhs edir, hamıdan, hər
kəsdən çox cəhətləri ilə ayrılan,
inanılmaz dərəcədə fərqli ömürlər
sürmüş qadınlardan söz açır. Bu
qadınların müstəsna olmaları bir də ona görədir
ki, onlar dahilərin ömürlərində misilsiz rol
oynayıblar...”
Anarın da məntiqindən göründüyü kimi,
Pərvin yaradıcılıq strategiyasında mövzudan
tutmuş janra qədər maraqlı seçimi ilə fərqlənir. Bu seçim
bütün hallarda ona uğur gətirir. Təkcə
sevgiyə meyli mövzularda deyil, hətta, məsələn,
Anar yaradıcılığı ətrafında
yazdığı “Anar dünyası” adlı fundamental
elmi-publisistik əsərindəki bölmələri də
esse janrında qələmə almışdır. Qəribədir,
hiss edirsən ki,
Pərvində sərlövhə hər şeydən
əvvəl doğulur. Yəqin ki,
yaradıcılığında hər bir obrazın duyğu məqamlarına
çox önəm verən böyük ustad Anar haqqında
qeyd etdiyim fundamental elmi-publisistik əsərin mütləq əvvəlcə
sərlövhəsi doğulub: “Anar dünyası”. Yəqin həm də ona görə ki, Pərvin bir
tədqiqatçı kimi Anar
yaradıcılığını bir dünya hesab edir. Və onun gəldiyi doğru nəticə mütləq
bu kitabı “Anar dünyası” kimi ortaya qoymalı idi. Və
bir də sənətin, xüsusilə bədii sözün əbədi
predmeti olan dünya o qədər duyğulu və o qədər
bədii xislətli bir sözdür ki, bu sözün
olduğu yerdə mütləq esse janrı seçilməli
idi...
Essenin bir
ədəbi janr kimi şəxsən məni özünə
çəkməsinin bir neçə səbəbi
sırasında bu formatın həm bədii ədəbiyyatda,
həm də publisistikada eyni işləklik səviyyəsidir.Və
Pərvinin əlimdəki “Sevdim səni” kitabı bədii
sözün və publisistikanın sinxron təzahürü
kimi məni özünə daha çox cəlb etdi. Pərvin qeyri-adiliyi sevən sənətkardır.
Mən bu anda yenə də Anarın bir fikrinə
qayıtmaq istərdim. Pərvinin əlimizdəki
kitabına ön sözündə Anar bir daha Pərvinin
“qeyri-adi qadınları”nı
xatırladaraq belə bir həqiqət üzərində
dayanır: “Qeyri-adi qadınlardan yazan Pərvinin bu kitabında
isə müəllifin özünün də sevgi şeirlərinə,
ümumən sevgiyə aid qeyri-adi (kursiv mənimdir - C.M.)
düşüncələri, duyğuları əks olunub”.
Kitabdakı esselərin qeyri adiliyi mövzu - format
tapıntısı ilə bağlıdır: tələbələrinin
bir müəllim kimi çox sevdikləri (mən bunun şahidi
olmuşam) Pərvin klassikadan tutmuş ən müasir
şairlərimizədək (şairlərədək) hər
kəsin poeziyasında özünü göstərən sevgi
şeirlərinə yüzədək esse yazıb. Əlbəttə, ayıq oxucu, mütaliəli oxucu
bu şairlərin və bu şeirlərin çoxuna bələddir.
Və həm də bu şairlər və bu
şeirlər bir sıra azman ədəbiyyatşünasların
dərsliklərində, dərs vəsaitlərində,
monoqrafiyalarında, ədəbi-tənqidin müxtəlif məqamlarında
təhlillərə cəlb edilmişdir. Amma Pərvin
qeyri-adi bir ideya düşünmüş və bu ideyanı
gerçəkləşdirmişdir: bu sevgi şeirlərini
esse interpretasiyasında sınağa çəkmək! Və bu sınaqda həmin şeirlər yeni təhlil
bucağında oxucuya tamamilə yeni bir duyğu, yeni bir
assosiasiya gətirmişdir.
Pərvinin kitabda toplanan 132 essesinin hər birinin çox
orijinal sərlövhəsi var.
Esseyə çəkilən şeirlərin
hamısı sevgi mövzusundadır. Lakin Pərvinin esse mövzusu kimi
üzərində dayandığı bu şeirlər
sübut edir ki, sevgi bənzərsiz bir duyğudur: bu
dünyada hər sevginin öz duyğusu, hər sevginin öz
kontenti var. Və Pərvin bu çoxçeşidliliyi çoxçeşidli
esse dünyasına gətirmişdir. Esselərin
hər birinin sərlövhəsi təhlil olunan şeirin
mahiyyətindən doğur və o qədər qeyri-adi
alınır ki, onu oxumamaq olmur. Mən bu yerdə
ayrıca qeyd etmək istərdim ki,
Pərvinin çox gözəl sərlövhə
düşüncəsi var. Əgər qəbul etsək ki, sərlövhə,
lid, headline kimi elementlər oxucunu daha çox cəlb edir və
oxuyub-oxumamaq bu elementlərdən çox asılıdır,
onda Pərvinin istedadı ona çox böyük bir
yaradıcılıq anı bəxş etmişdir. Bir də
ki, Pərvinin şair və şeir seçimi! Əlbəttə,
qədim klassikadan tutmuş müasirlərimizədək
bütün şairlərdə ədəbiyyatın əbədi
predmetlərindən olan sevgi mövzusu mövcuddur. Amma Pərvin bu şairləri və şeirləri
çox sonalayaraq seçmişdir. Belə
bir fakta çox inanıram ki, Pərvinin müraciət etdiyi
şair və şeirlərin hamısı ədəbiyyat
sevgisi ilə yaşayan hər kəsin ürəyincədir.
Seçiminə sevgidəndir ki, Pərvin o
şeirlərin hər birinə yazdığı esselərinin
“preambulasında” bizi bu seçimə inandırır.
Esselərin hər birində şairin və şeirin paralel təhlili
var. Məsələn, kitabda birinci sırada yer alan
(bu sıra əsasən tarix-xronologiya üzərədir)
İzzəddin Həsənoğlunun şeirlərinə həsr
olunan “Qışladım qapında itlərin ilə...”
essesinin sərlövhəsi təhlil olunan şeirdən bir sətirdir.
Bu anda Pərvin essenin lap ilk sətirlərində tale, qismət,
bəxt kimi poetik məzmun daşıyan ifadələr və
Həsənoğlu dünyası haqqında yazır: “...
görünür, bəxt məsələsi hər yerdə
öz işini görür. Həyatda da, sənətdə də...
istənilən uğurun bir tərəfi istedada, peşəkarlığa,
zəhmətkeşliyə bağlıdırsa, digər tərəfində
bəxt durur... Elə şairin,
yazıçının da xalq tərəfindən qəbul
olunub sevilməsi, tarixdə qalmasının müəyyən
hissəsi tale işidir”. Bu fikirlər ilk baxışda
mistik ovqatda ola bilər, amma esseni axıradək
oxuyandan sonra təkcə Həsənoğlunun taleyində bu
mistikanın reallığa çox uyğun olması fikrinə
gəlirsən. Yaxud, mistika demişkən, Pərvinin
Füzuli şeirinə həsr etdiyi “Gözüm, canım, əfəndim”...
essesində gəldiyi bir nəticə də elə mistikaya
bağlanır: “Eşq filosofunun “Pərişan halin oldum,
sormadın hali-pərişanım” misrası ilə
başlanan mürəbbesinin qəribə bir mistikası var”. Və Pərvin bu mistikanı özünəməxsus
şəkildə izah edir. Beləcə, Hüseyn Cavid,
Molla Pənah Vaqif, Əliağa Vahid, Bəxtiyar Vahabzadə,
Mikayıl Müşviq və digər onlarca şairin sevgi
şeirləri esselərin duyğulu səsində yenidən
xatırlanır, yenidən canlandırılır. Yenə təkrar edirəm ki, yenidən esselərdə
xatırlanan bu şeirlərin interpretasiyalarında Pərvinin
özünün sevgi dünyasına orijinal, bəlkə də
çoxdan klassikləşmiş o şeirlərə layiq bədii
münasibəti adamı heyran qoyur. ... Aşıq Ələsgərin
hamımıza məlum “Düşdü” şeirinə həsr
etdiyi “Həm gözəldi, həm əhli-dildi...” essesinin ilk
cümlələri sevginin əsrarəngiz həqiqətini dilə
gətirməklə aforizm səviyyəsinə çıxan
fikirlər söyləyir: “Maneələr sevgini gücləndirir,
münasibətləri möhkəmləndirir deyirlər...
Amma ən ağırı, ən dəhşətlisi taleyin
yasaqları ilə qarşılaşmaqdı... Heç
zaman sənin olmayacaq birinə vurulmaqdan üzücü nə
isə varmı?” Sonra Aşıq Ələsgərin “Düşdü”
qoşmasındakı hadisəni
təhlilə çəkir. Yazıçı bu qoşmanı
novella kimi də qiymətləndirir və bir də tamamilə
yeni bir yanaşmanın şahidi oluruq: “Əslində, bəlkə
də bu, qoşma deyil, novelladır. Üç
bəndlik şeirdə hadisə var. Və şairin
ustalığı bu qısa mətndə həmin hadisənin
incəliklərini göstərə bilməsidir. Çərşənbə
günündə, çeşmə başında,
gözüm bir alagöz xanıma düşdü...” Misranın gözəlliyi
yalnız səs oyununda deyil... həm də konkretliyindədir.
Konkret zaman var: çərşənbə günü, konkret
məkan var: çeşmə başı. Bu mənada
şeirin ilk misrasını uğurlu nəsr əsərinin
birinci cümləsi kimi qəbul etmək olar”. Beləcə bu təhlil son dərəcə orijinal
olub, qeyri-adi yanaşmalarla bizi öz sehrinə salır. Və mən bu yerdə Pərvinin filoloq tələbələrin
müəllimi olduğunu bir də xatırlatmaq istərdim.
Ona görə ki, adam bu esselərdə
özünü bədii sözə özünəməxsus
rəng qatan gənc ədəbiyyat müəlliminin dərsində
hiss edir...
Pərvin bu esselərdə daha çox narahat sevgilərdən
yazır. Canlı klassiklərimizdən olan Nəriman Həsənzadənin
“Nərdivan” şeirinə həsr edilmiş
“Görüşdük pillələrdə” essesindəki kimi.
Bu şeir Pərvinə “narahat” sevginin genezisini açmağa
kod verir: “...sevginin də rahatı, narahatı olurmu? Əlbəttə...
Eşqi maneələrsiz, çətinliklərsiz,
rəqiblərsiz yaşamaq da mümkün deyil. Kənar təsirləri dəf eləmək, əzmək
çətin olmaz. Dərd onda olur ki, o təzadlar,
tərəddüdlər, qorxular sənin öz daxilində, qəlbində,
ruhunda məskən salır. Bax budur narahat
sevgi!” Narahat sevginin dəqiq cizgilərini
verən bu sətirlər min illərdən gələn poetik
sevgi dünyasının mahiyyətini yenidən yada salır.
Bu anda oxucu hiss edir ki, Nəriman Həsənzadənin “Nərdivan”
şeiri Pərvinin essesi üçün maraqlı bir fondur,
öz sözünü demək üçün
sığındığı bucaqdır... Beləcə,
Pərvin “özgə” şeirlərinin hər birində elə
o şeirin özü qədər oxucuya doğmalaşır,
məhrəmləşir.
Pərvinin esse obyektləri çox zəngindir. Dünya ədəbiyyatının
çox müxtəlif müəllif faktlarıdır.
Bu esselərdə Füzulidən tutmuş Məmməd Araza,
Vaqif Bayatlıdan Rəşad Məcidə, Nüsrət Kəsəmənlidən Ramiz
Rövşənə, Yunus İmrədən Anna Axmatovaya,
Marina Svetayevadan Boris Pasternaka...dək bütöv bir poeziya
dünyası var. Ən maraqlısı da odur ki, bir də təkrar
edirəm, bu müəlliflərin sevgi şeirlərinə
müəllifin sevgi yanaşması çox yenidir və
çox qeyri-adidir. Bu mənada müasir Azərbaycan
poeziyasının fenomenal faktı olan Ramiz Rövşənin
“Qara paltarlı qadın” şeirinə həsr olunmuş
“İllər boyu ağlatdığım bu qadın...” essesini
ayrıca qeyd etmək olar.
Mən inanmıram ədəbiyyata az-çox meyli olan
bir kimsə Ramiz Rövşənin “Qara paltarlı qadın”
şeirindən xəbərsiz olsun. Pərvin bəlkə
bunu da nəzərə alıb bu şeiri çox qəribə
bir assosiasiya ilə esseyə mövzu seçib. Onun bu
şeirə esse yanaşmasındakı yeni, qeyri-adi
baxışı nə qədər şərt olsa da,
danılmaz bir həqiqəti ortaya qoyur: Ramiz Rövşənin
“Qara paltarlı qadın” şeiri çoxlarının
“avtobioqrafiya”sını əks etdirir. Şeirdəki mahiyyət,
orijinallıq poetiklik, söz oyunları, təzadlar
misradan-misraya heyrətləndirir insanı... Lakin
bu əsərin uzun illərdi ki aktual, populyar olmasının
(hətta bəzən toylarda səslənməsinin) səbəbi
təkcə sadaladığım üstünlüklər,
yaxud sadəcə Ramiz Rövşən qələmindən
çıxması deyil. Məncə, Ramiz Rövşən
əksəriyyətin müşahidə elədiyini, hər kəsin
valideynlərinin, qonşusunun, qohumunun, bacısının,
qardaşının... özünün (!) həyatında
gördüyü “hadisə”ni yazıb, sadəcə
özünəməxsus yazıb... Ona görə bu şeir
illərdi ki, qadınların ürəyindən tikan
çıxardır, nənələri ağladır,
kişiləri peşman edir, cavanları
düşündürür...
Ona
görə! Nə qədər kədərli olsa da, belədi!
Şeirdə Şərq ailəsinin kiçik
bir modeli, ordakı münasibətlər verilib. Kişi
illər boyu dərd verir, ağladır, diqqət, qayğı, nəvaziş
göstərmir, saçını oxşamır,
gözünü silmir... Çünki min ildi formalaşan məntiqsiz,
dayaz bir “qanun” var: kişi öz hisslərini
büruzə verməz, emosionallıqdan uzaq olar, əzizləməz
qadınını... Nə qədər kötəkləsə,
bir o qədər yaxşıdı. Təki dostları məclisdə
tərifləsin, desin əsl kişisən! Ən qəribəsi
isə budu ki, Ramiz Rövşən demiş, öləndə
gözlərini bağlayan nə o dost olur, nə qardaş...
Ən çox ağlayan isə ən çox
ağlatdığı qadın olur!
İlk
baxışdan məhz bu qanunlarla yaşayan kişinin
gecikmiş, ya son üzrxahlığı kimi səslənir
“Qara paltarlı qadın” şeiri... Amma burda
kişinin üzrxahlığından daha çox
qadının duyğuları düşündürür
adamı. Şeiri tərsinə çevirəndə
kişinin etiraflarından xanımın hisslərini oxumaq
olur... Qadın niyə gəlir bu qəbrin
üstünə? Axı ölüb gedəndən sonra
nə kəbin kağızı məsuliyyəti, nə ailə
öhdəçiliyi, nə də xanım kimi borcu
qalıb...
Gəlirsə,
deməli, bütün zülümlərə baxmayaraq,
sevirmiş və bu sevgi bütün incikliklərdən,
umu-küsüdən, gözyaşlarından üstün
imiş... Ölüm də mənasızlaşdırıb
bütün keçmiş əzabları! Ona görə nə
söyür, nə də yumruğuyla döyür o qəbri...
Bir
anlıq adama elə gəlir ki, kişi
başını qaldırıb “niyə çəkirsən dərdimi?”
soruşsa, qadın heç düşünmədən
Sevirdim səni! - deyəcək, sonra da əlavə
edəcək: “İNDİ DƏ SEVİRƏM!”
Yüzdən çox şairin yüzdən çox
şeirinə yüzdən çox esse yazmış Pərvinin
“Sevdim səni” kitabında son müraciəti böyük rus
şairi Boris Posternaka bağlıdır. Şairin
“Qış gecəsi” şeirinə yazılmış bu esse
“Zülmətdə şam” kimi orijinal bir sərlövhə ilə
təqdim olunur. Bütün esselərdə
olduğu kimi, bu yazıda da Pərvin narahat məhəbbətin
ovqatını qələmə alır. Boris
Posternakın şeiri Pərvinin duyğulu essesində belə
təhlil edilir: “Dövrlər dəyişir, ölkələr,
iqlimlər dəyişir, amma insanın qaranlıq içində
tənhalığı, işığa qovuşmaq həsrəti
- dəyişmir. Böyük mütəfəkkirimiz
Əli bəy Hüseynzadə “Nicat məhəbbətdədir”
deyirdi. Doğrudan da hər şey bərbad
olanda ümid yalnız sevgiyə qalır. Axı
sevgi özü işıqdır, ən qatı zülmət
içində də, heç olmasa, bir şam
işığı qədər həyatı
işıqlandırmağa qadirdir.
...Qar, çovğun aləmi bürüyüb. Axşamın erkən düşən qaranlığında, gecənin qatı zülmətində tək bir pəncərədən zəif, titrək işıq gəlir - Şam işığı. Məhəbbət şamının işığı. Böyük rus şairi Boris Pasternakın “Qış gecəsi” şeirində “bütün yer üzündə, hər bir tərəfdə külək qarı sovurur”. Bu, tək təbiət hadisəsi deyil. Bu, çovğunun, boranın, zülmətin ictimai anlamı da var. Şeirin bütün ruhu, ahəngi məhz belə yozuma imkan verir və bu soyuq, insan qəlbini donduran, gözlərinə qaranlıq dolduran zəmanədə son ümid işığı kimi masanın üstünda bir şam yanır. Bu şam da adi şam deyil, məhəbbət işığının daşıyıcısıdır...”
Duyğu dolu esselər kitabına
yazdığı ön sözdə Anarın bir fikrini
xatırlatmaq istərdim: Anar bu kitabı “şeirlə və nəsrlə
yazılmış dastan” adlandırır və öz fikirlərini
elə kitaba bağlı güclü bir esse janrında
sübuta yetirir. Beləliklə, bu kitaba ön sözün
özü də sənətkarlıqla yazılmış
duyğulu bir essedir. Ensiklopedik lüğətlərdən
tutmuş ünlü nəzəriyyəçilərədək
hər kəs esseni fəlsəfi yük daşıyan ədəbi-publisistik
yaradıcılıq növü kimi qiymətləndirir və
bu janrın əsas mahiyyətini müəllifin obyektə fərdi
münasibətində görür. Ünlü nəzəriyyəçilərin
bu fikirləri həqiqətdirsə, Pərvinin “Sevdim səni”
kitabı nəzəri və praktik cəhətdən bu həqiqətin
həqiqətidir.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2017.- 6 may.- S.11;15.