“Oxu Günü”nün təəssüratı
VƏ YA AKADEMİKİN BAŞLADIĞI FİKRİ MƏKTƏBLİ TAMAMLADI
Gündüzlər topladığımız işıq
enerjisi yaradıcı adamlarda gecələri aydınladır. İdeyalar,
arzular üst-üstə adama hücum edir.
Nə yatmağa, nə dincəlməyə imkan verir. İlin çox az günləri var ki, mən şüursuz məxluqlar
kimi yata bilirəm. Yerimin içində bir-iki
saat fırlanandan, arzularımın reallaşmasını tam xəyal
edəndən sonra yatıram ancaq. Bu hisslərlə tanış olanlar çoxdur, hərədə
bir cür olsa da, ümumilikdə çox oxşardırlar.
Mənim
yuxumun qaçdığı gecələrə üç
ildir ki, “Oxu Günü” də qonaqdır... Nə
qədər yorğun olsam da, dilimdə deyinsəm də, bu
“qonağ”a qulluq etmək, qayğısına qalmaq zövq
verir. Necə ki, gecənin bu saatında
(01:43) bu yazını yazmaq keçdi içimdən.
Halbuki ən vacib olan iki iş var iş planımda: doktorluq
işim və “Odərlər” romanının ikinci hissəsi...
Amma mən yenə “Oxu Günü”nün
yaşatdığı həzzin qoynundayam...
Mənim
də hamıya məxsus bir xasiyyətim var - yaxşı
iş görəndə, kimlərinsə sevincinə səbəb
olmağı bacaranda, könüllər oxşayanda çox
şad oluram... Uzun sürən mübarizədən, keşməkeşli
durumlardan, enişli-yoxuşlu yollardan keçsək də,
2015-ci ildə “Gəlin birgə oxuyaq” şüarı ilə
başlatdığım bu aksiya 29 aprel 2017-ci ildə 3-cü
dəfə Heydər Əliyev Mərkəzinin, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, AMEA-nın və “Hədəf”
nəşrlərinin təşkilatçılığı
ilə baş tutdu.
Layihəyə
başladığım ilk ildən könlümdə iki məkan
var idi: biri Dədə Qorqud, biri də Heydər Əliyev Mərkəzinin
parkı. Hər dəfə də o parkların
qarşısından keçəndə “burda necə də
gözəl alınar” - deyə xeyli düşünərdim.
Birinci il bizə Binəqədi rayonu, ikinci
il isə Nəsimi rayonu qucağını açdı. Amma mənim arzum tədbiri bu möhtəşəm
Mərkəzin parkında keçirmək idi.
Çünki bura ən əlverişli məkan idi ki, minlərlə
insan bir məkanda eyni anda kitab oxusun...
Bu cür layihələri xarici ölklərdə görən
vətəndaşlarımız həsədlə baxır,
“niyə bizdə yoxdur” - deyir həmişə. Birinci il
biz, sadəcə böyük bir kütlənin otuz dəqiqə
eyni anda kitab oxumasını təşkil edib və həmin
gün hər kəsin bir-birinə kitab hədiyyə etməsini
görmək arzusu ilə yola çıxmışdıq. Sonradan kitab sərgisi, müxtəlif əyləncəli
tədbirlər də işin içinə girib daha da zənginləşdirdi.
İkinci
il isə teleaparıcı Orxan Cabbarovun
anında etdiyi yaradıcılıq manevrləri “Oxu
Günü”nə başqa dad qatmışdı. Hamını eyni anda ucadan kitab oxumağa dəvət
etmişdi. Və beləcə iki-üç minlik
insanın eyni anda əlində olan minlərlə kitabın vərəqlərindən
gələn müxtəlif xaotik səs bir metafizik bir küy
yaratmışdı... Məhz bu cür
yaradıcı yanaşmalar “Oxu Günü”nü gözləyənlərin
sayını artırdı. “Oxu
Günü-2”də ən önəmli addım isə “Əsgərə
kitab” stendi oldu. Gətirdikləri kitablara
öz ürək sözlərini yazan oxucular kitabları bu
stendə verərək əsgərlərimizə göndərdilər.
Bu il, yəni “Oxu Günü-3” isə artıq zənginliyi,
genişliyi, rəngarəngliyi ilə bir başqa cür fərqləndi.
Düzünü deyim ki, “Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət!!!” - deyən böyük Cavidin məzarını
min bir əzabla Vətəninə gətirdən Ulu Öndər
Heydər Əliyevin adını daşıyan bu mərkəzin
rəhbərliyinin layihənin əsas təşkilatçısı
olandan sonra ortaya qoyduğu tələbkarlıq məni bir az
qorxutsa da, gördüyüm möhtəşəm səhnədən
sonra dərindən nəfəs aldırıb çox da məmnun
etdi. Mərkəzin bu iş həvalə edilmiş əməkdaşlarının
tədbirin daha möhtəşəm keçirilməsi
üçün səylə çalışması, hər
xırda detalı izləməsi gələn qonaqların
rahatlığına və zövq almasına xidmət edirdi və
bu ən yüksək səviyyədə baş tutdu.
Mən bu layihənin həyata keçməsini bir
şirkət rəhbəri olaraq yox, müəllim,
yazıçı və ən əsası vətəndaşlıq
hissi ilə başlamışdım. Kimlərsə
düşünür və düşünə bilər ki,
“Hədəf” nəşrləri öz reklamını etmək
arzusu ilə atılıb meydana. Bu, əsla
belə deyil və olmayacaq da. Əlbəttə,
hər bir kəs gördüyü işdə adının
çəkilməsini istər, eləcə də mən.
Çünki komandamız bu işə çox
böyük səylə atıldı, çalışdı,
təşkilatçılardan biri kimi öz üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirdi.
Layihənin başlamasının ilham mənbəyi
2014-cü ildə Təhsil nazirinin mütaliəyə diqqətin
artırılması ilə bağlı verdiyi göstərişləri
idi və indiyə qədərki hər üç ildə məktubuma
sayğı və ciddiyyətlə cavab verilmişdi. Bu isə onun
göstəricisidir ki, Təhsil Nazirliyi öz missiyasına
uyğun olaraq intellektual gəncliyin yetişməsinə
çox maraqlıdır. Bu cür
addımlar birbaşa Təhsil Nazirliyinin tabeliyində olmayan
bizim kimi qurumları həmişə həvəsləndirir və
ədəbiyyat və mədəniyyət naminə yeni işlərin
görülməsinə zəmin yaradır.
Builki “Oxu Günü” əsl bir kitab festivalını
xatırlatdı. Bakı Şəhər Təhsil İdarəsinin
tabeliyində olan məktəb və liseylərin bədii ədəbiyyat
nümunələri əsasında hazırladıqları bədii
kompozisiyalar bir başqa aləm idi. Etiraf
edim ki, çox zövqlə və həvəslə
hazırlanmışdı. Təsəvvür edin, Cavidin
“İblis” pyesi ilə Bulqakovun “Master və Marqarita” əsərinin
sintez şəkildə təqdim olunması, Dədə
Qorqudun, Nizaminin, Nəsiminin, Vaqifin, Axundzadənin, Sabirin
prototiplərini əks etdirən animatorların
çıxışı, bir çox əsərlərin səhnələşdirilməsi,
kitabla bağlı dekorasiyaların, aforizmlərin
hazırlanması, hətta nənə və baba
obrazlarının nəvələrinə nağıl oxuma səhnəcikləri,
ən əsası onların masasına yaxınlaşan hər
bir kəslə dialoqa girməsini seyr etmək sadəcə
xoş duyğular yaratmağa qadir idi. Hətta
festivalı gəzərkən qabağımı kəsərək
iki uşağın Mirzə Ələkbər Sabirin “Oxutmuram,
əl çəkin” şeirini ifadəli şəkildə təqdim
etməsi adamın ruhunu göylərə uçurdurdu. Mütaliəyə marağın artmasını
müxtəlif yollarla etmək olar, amma bu yol, bu üslub da
çox vacibdir. Heç kim deyə
bilməz ki, altmış məktəbin bu səhnələri
hazırlayan şagirdlərinin hərəsindən ən az səkkiz-on
nəfərin heç də hamısı yalnız bizim
yaxşı oxuyan adı ilə tanıdığımız
uşaqlardır. Bu, kitabla təmas idi, bu, kitabla
tanışlıq idi, bu, kitabın önəmi idi ki, beş minə yaxın insanı öz
başına topladı.
Tanınmış yazarlar, ziyalılar, məmurların
uşaqlarla söhbət etmə imkanı yarandı, onlara
öz tövsiyələrini verdilər.
Akademik
İsa Həbibbəylinin öz nəvəsi ilə tədbirdə
çıxış edib, ona kitablar alması, bəzən də
stendlərin qarşısında nəvəsi ilə hansı
kitabı almaq lazımdır deyə mübahisə etməsi,
Təhsil nazirinin müavini Firudin müəllimin Bakı Şəhər
Təhsil İdarəsinin müdiri Məhəbbət
xanımla birgə nəşriyyat və məktəblilərin stendlərini gəzməsi,
onları dinləməsi, AYB-nin katibi Çingiz Abdullayevin səmimi
çıxışı, uşaqlarla şəkil çəkdirməsi,
millət vəkili Qənirə Paşayevanın məktəblilərə
onlarla kitab hədiyyə etməsi, səbrlə imzalaması,
AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin,
yazıçılardan Pərvinin, Varisin məktəblilərlə
birgə otlar üzərində oturub kitab vərəqləməsi,
hətta Pərvinin kitablarının imzalanıb bitməsindən
sonra satıcının anbara yeni kitablar dalınca getdiyini
görmək kimi məqamlar səmimi ortam yaratmaqla bərabər,
uşaqlara, gənclərə stimul verdi. Bu uşaqların
arasından çoxlu sayda ziyalı, cəsur insanlar
çıxacaq və onlar bu günü hər zaman
xatırlayacaq, bəlkə də hansısa oxucu ilk dəfə
kitabla “müqaviləsini” bu məkanda
bağladığını dəfələrlə deyəcək,
hətta baba olanda o zaman üçün tarixə
çevrilmiş yazarlardan biri haqqında “dostum olub” da deyəcək.
Tədbirdə gördüyüm bir neçə hadisə məni daha çox təsirləndirdi. Öncədən sosial şəbəkələrdə elan etmişdik ki, özünüzlə bir kitab gətirin, tanımadığınız bir insana hədiyyə edin. Balaca məktəblinin əlindəki kitablardan birini yaşlı bir adama uzatması, məktəblərdən birinin stendində mənə bir zərfin verilməsi (İçində “Oxu Günü” Azərbaycanda ilk dəfə 2015-ci ildə Şəmil Sadiqin “Gəlin birgə oxuyaq” ideyası ilə keçirilmişdir” yazılaraq mahiyyəti izah edən bir buklet var idi), “Leyli və Məcnun” poemasında Leylinin ölüm səhnəsində Məcnunun qızın əlini necə də məhəbbətlə tutması məni nə qədər kövrəltdisə, məktəblilərin bir neçəsinin mənimlə şəkil çəkdirdiyini görən bir uşaq da şəkil çəkdirmək istəyəndə, müəlliminin “a bala, tanıyırsan ki, o kimdir, gedib şəkil çəkdirirsən də” - deməsinə uşağın “deyəsən, tanınmış adamdır, şəkil çəkdirim, sonra internetdə baxaram” - cavabı bir o qədər güldürdü. Məhz bu uşağın gələcəyinin parlaq olacağına şəxsən mən zəmanət verərdim...
“Hədəf oxucu klubu” üzvlərinin tədbir boyunca “Bir nağıl yazaq” adlı dəftərini hər kəsə təqdim edərək yazdırması, qrup halında bir kənara çəkilib kitab oxumaları isə başqa gözəllik idi. Təsəvvür edin, Xalq yazıçısı Çingiz Abdullayevin, akademik İsa Həbibbəylinin yazdığı fikri, bir məktəbli tamamlayır... Bundan gözəl nə ola bilərdi ki?! Oldu və yaşandı... Görənlər də görməyənlərə danışdı və beləcə kitab marafonunun başlanmasının şahidi olduq.
Tez-tez internetdə kitabla bağlı şəkillər görür və həsəd aparırıq, bu tədbirin keçirilmə ərəfəsində dostlardan bir neçəsi mənə bir şəkil göndərdi. Belə ki, Gürcüstanda ictimai nəqliyyata minən hər kəsə hədiyyə kitab qoyulmuşdu masaların üstünə. Gülümsündüm, çünki bizim gördüyümüz iş də bunun başqa bir forması idi. Bir neçə min insanın özü ilə kitab götürüb kiməsə hədiyyə verməsi, milli birliyin, sosiallığın simvoludur. Beş-altı yüz gəncin bir kənara çəkilib eyni anda kitab vərəqləməsi ayrı bir sevdanın işi idi.
Bütün bu gözəl işlərlə yanaşı, bu festivalın daha yaxşı keçirilməsi, daha yaxşı işlər görülməsi üçün daha çox düşünməli və çalışmalı olduğumuza da şübhəm yoxdur. “Oxu Günü-4” üçün vacib bildiyim bir neçə təklifimi artıq özlüyümdə düşünüb dəqiqləşdirmişəm.
P.S. Tez-tez deyilən bir arzu var: gələn il daha möhtəşəm olması ümidi ilə... Mənimsə yeganə arzum rəsmi təqvimimizə “Oxu Günü” adlı bir günün daxil olması, həmin gündə hər birimizin özünə “Bu il mən nələr oxudum” məzmunlu hesabatı verdiyi anı yaşamaqdır.
Şəmil
SADİQ
525-ci qəzet.- 2017.- 6 may.- S.17.