Sevgimi neylədin, Daşaltı dərəsi?
-Zirzəmiyə
doluşun! Hamınız zirzəmiyə!
Şuşanın qədim tikililərinə düşmən
“Qrad”ları tuşlananda qonşu Məhəmməd kişinin
amiranə səsi məhəllə camaatını ayağa
qaldırdı. Məscidin yanındakı köhnə
binaların --vaxtilə bəy-xan mülkləri olmuş bu evlərin
sakinləri bir göz qırpımında dar pillələrlə
artıq aşağı enirdi.Yaxşı ki, bu qədim evlərin
iri zirzəmiləri vardı. Şuşa əsilzadələri
mülk tikdirərkən, yəqin ki, hansısa qəzavü-qədəri
nəzərə almışdılar. Axı,
erməni-müsəlman davası təzə məsələ
deyildi.
Qolundan tutub iki cavanın güc-bəla
ilə zirzəmiyə düşürdüyü yüz doqquz
yaşlı, əsl qalalı (köhnə
şuşalılara belə deyirlər) Fatma nənə nəfəsini
dərib qonşulara bunları söyləyirdi:
-Erməni
dığaların fitnə-fəsadına mən şahidəm,
a bala. Hələ Nikolay vaxtı ermənilər
qırğınlar törədəndə 25-26 yaşım olardı.
Müsəlman kəndlərinə od vurub yandırır, girov
götürdüklərınə işgəncə verirdilər.
Qonşumuz Heybətin belinə qaynar samovar şəlləmişdilər.
İndiki kimi yadımdadı, samovarın lüləyini
açıb isti suyu qolubağlı Yusifin boğazına
axıtmış, neçə körpəni qaynar qazanlara atmışdılar.
Fatma nənə
azca toxdadı, boğazını arıtlayıb:
-Bütün
bunları gözlərimlə görmüşəm,-dedi. -Bu
qoca, üzgün vaxtımda bir də görmək istəməzdim.
Yaxşı heç nə yoxdu, bala. Dam-daşımızı vurub uçururlar, gör
neçə nəfəri dəfn eləmişik. Əgər qaçaqaç düşsə, məni
qoyub getməyin ha...Bu, sizdən axırıncı istəyimdi.
Dünyanın hər üzünü görmüş
qarı ürəyini boşaldıb susdu. Sanki son vəsiyyətiydi
söylədikləri. Əriyib lap yun
çubuğuna dönsə də, hər şeyə rəğmən,
hələ də həyat eşqi sönməmişdi.
Nəticəsi Gülər qarının böyrünə
sığınıb onun arıq, sısqa çiyinlərini
qucaqladı.
Alnının qırışlarına, səyriyən
üzünə, çuxura düşmüş, parıltısını
itirmiş gözlərinə baxdı.
Ayazıyıb
soluxmuş yanaqlarından yaş
süzülürdü. Gülər Fatma nənənin damarları
çıxmış, codlaşmış əllərini
tumarlayır, vaxtilə qulac-qulac saçlarının yerində
indi gözə dəyən ağappaq, nazik
hörüklərini sığallayırdı.
Qonşular dağıdıcı zərbədən
qurtulduğuna sevinir, qoltuqlarına vurub gətirdikləri
mütəkkələri, xalça-palazı bir küncdən
zirzəminin döşəməsinə sərir, bu müvəqqəti
sığınacaqda yerbəyer olurdular. Süfrəsinin ruzisini, təknə-tabağının
çörəyini, balası üçün
bükdüyü dürməyi gətirib paylaşan kim...
lll
Gülər
isə bir neçə
gün öncə baş vermiş hadisənin hələ
də təsiri altında idi. Nankor ermənilər uzun illərdən
bəri göz
dikdikləri bu şəhərə
yenə “Qrad”
yağdırırdılar. Qaş qaralan kimi, düşmən
artilleriyası meydan sulayır, işıq gələn hər
yerə atır,
şəhəri gülləbaran eləyirdi.
Gülərgilin ailəsi axşam süfrəsinə təzəcə
cəm olmuşdu ki, mərmilər gurlamağa başladı. Həmlələrin
ardı-arası kəsilmirdi, sanki yerlə göy bir
olmuşdu. “Qrad”ın
zərbəsindən evin bir divarı tamamilə uçdu,
daş-kəsək qalaqları süfrəyə töküldü.
Qorxudan bənizi
qaçmış, gözləri bərələ
qalmış bacılar atalarının köməyi ilə
zirzəmiyə endilər. Bu hadisənin həyəcanı
qızları səhərədək tərk etmədi.
Dərd-sər isə bitib tükənmirdi. Sabahkı
gün bugünkündən daha pis gəlirdi və bu bəd
günlər tərs kimi bir-birinə calanmışdı.
Ermənilər xəlvət yerlərdə
yaxaladıqları insanları əzab-əziyyətlə
öldürürdülər. Qaladərəsində Rza
adlı cavanı
qanına qəltan eləmiş, Meşəlidə
iki azərbaycanlı gənci qətlə yetirmişdilər.
Gülərin qardaşı Ənvər və dostları itkin
düşən cavanların eybəcər hala salınıb ağacdan asılmış
meyitlərini meşənin dərinliyindən tapmışdı.
Şuşanın canında təpər, qolunda qüvvə
olan başıpapaqlıları artıq şəhərin girəcəyində,
Qalanın ətrafında növbə ilə keşik çəkirdilər
ki, erməni yaraqlıları gecə vaxtı dinc əhaliyə
ziyan vurmasın. Az sonra Xankəndindən keçən
Ağdam-Şuşa yolu tamamilə bağlandı, ümid
yalnız helikopterlərə qaldı.
Gülər daha nələri xatırlamadı o gecə. Fikirləri
onu gah dağa, gah arana aparır, xəyal köhləni
dördnala çapırdı.
Düşünürdü ki, qanlı-qadalı 1990-cı il
bütün ağrı-acısıyla şuşalıların da həyatında
ağır izlər qoyub. Ermənilər
Ağdamdan Şuşaya uçan helikopteri vurmuş, insan tələfatı
ürəklərə dağ çəkmişdi. Gülərgilin ailəsi də
doğmalarını itirmişdi. Xərçəng xəstəliyindən əziyyət
çəkən anası Təhminənin Laçından keçərək ağır vəziyyətdə
Bakıya aparılması, son nəfəsində
övladlarının üzünü görmədən orada
vəfat etməsi, Günəşli qəbiristanlığında
dəfn olunması... bütün bunlar Gülərin qəlbini
göyüm-göyüm göynədirdi.
lll
Atışmalar
ara vermirdi.
Gülərin təhsil aldığı Şuşa
Pedaqoji İnstitutu da
bu üzdən
bağlanmış, dərslər kəsilmişdi. Heç olmasa dərsə
gedəndə istəklisi Salehi görə bilirdi. Onların
mehr-ülfəti ailə üzvlərinə də bəlli idi. Salehin
anası oğlunun seçimini bəyənib, Gülərin evlərində gəlin
olacağı günü arzulayırdı.
Gülərin gözəl çöhrəsi, xoş təbiəti,
şirin dili, qonur gözlərində parlayan işıq bu
cavanı çoxdan ovsunlamışdı. Fikri, xəyalı
sevdiyi qızın yanındaydı. Gülərsə günlərin birində hiss
eləmişdi ki, qonşuluqda yaşayan ucaboylu,
sarışın oğlanın odlu baxışları onu
yandırıb yaxır. Öz qəlbinin
çırpıntılarından çox onun ürək
döyüntülərini eşidir.
Son günlər çox səbrsiz idi. Elə hey
düşünürdü ki, kaş əsəbləri
tarıma çəkən bu amansız müharibə
olmayaydı! Gündən-günə alovlanan savaşın isə
ucu-bucağı görünmürdü...
Saleh təhsilini başa vurmuşdu, polis idarəsində
işləyir, silah yoldaşları ilə birgə erməni
quldurlarına qarşı vuruşurdu. Cəlilli və Kərkicahan
kəndlərinə basqınların qarşısının alınmasında iştirak
etmişdilər.
Təbiətin canlanan vədəsi, yaz çağı
olsa da, bu qala şəhərinin başı üstündə
xəzan yelləri əsirdi. Zümrüd rəngli
bağların, yamacların növrağı
pozulmuşdu.Yağı güllələri, qətllər, qarətlər
bu şəhərin cah-cəlalını büsbütün
dağıtmışdı. İsa
bulağının gözündən qan damırdı. Cıdır düzündə şəhid məzarlığı göyərmişdi. Gülər də,
Saleh də bu gerçəkliyi sövq-təbii duyur,
itirilmiş yurd yerlərinə, elatı köç edən kəndlərə
baxanda
üşünürdü.
lll
Daha nələr olmadı bu dəhşətli illərdə? 1992-ci ilin
yanvarı çox sərt keçirdi. Qar,
sazaq göz açmağa aman vermirdi. Gözəlliklər
məskəni Şuşa yenə də
ağır günlərin əsarətində təntiyirdi. Şuşaya yaxın yerləşən Kosalar,
Meşəli kəndləri işğal edilmışdi.
Yaxın vaxtlarda gözlənilən həlledici
döyüşdən əvvəl Suşada böyükdən-kiçiyə
hamı yanvarın 25-26-da bizimkilərin Daşaltı kəndinin
azad edilməsi məqsədi ilə ermənilər üzərinə
hücuma keçəcəyindən danışırdı. Həmin
günlərdə Saleh Gülərlə
görüşüb ürəyini didib parçalayan fikirlərini
bölüşmək istəyirdi. Aralarında söhbət çox qısa oldu:
-Sabah
döyüşə gedirəm. İstədim səninlə
görüşüb halallaşım.
-Halallaşım?
Bu sözü elə deyirsən ki, az qalır ürəyim
partlasın.- Gülərin səsi titrəyirdi:
-Bəlkə,
sən getməyəsən...
-Camaat qəfil
basqınlardan, təxribatlardan cana doyub. Belə vəziyyət nə qədər davam edə
bilər?! Bizim polis dəstəsi də
hücum əməliyyatına qatılacaq. Getməmək-mümkünsüz!
Sonra da əlavə
etdi:
- Pis olan
odur ki, hərbi sirr xaincəsinə yayılır.
Saleh bu sözləri söyləyib susdu. Sevgilisinin əllərini
ovcuna alıb dodaqlarına yaxınlaşdırdı, nəfəsi
ilə isitdi. Baxışlarını
Gülərin vurğunu olduğu iri, badamı gözlərindən
çəkə bilmirdi.
Görəsən, bu
ayrılıq anlarında nə düşünürdü?
Savaşdan qalib çıxıb istəklisini bir də görə biləcəkdimi?..
Ayrılığın
acısını duyan Gülərsə aram
olmur, bulud tək dolub - boşalırdı.
lll
Ertəsi
gün Saleh silah yoldaşlarına qoşulub ön xəttə
yollanmışdı.Yenicə yaradılmış Milli
Ordumuzun birinci taboru döyüş əməliyyatından əvvəl helikopterlərlə
Şuşaya göndərilmişdi.
Döyüşçülər qarlı havada düşmənin
diqqətini cəlb etməmək üçün ağappaq xalat geymişdilər.
Salehgilin polis dəstəsi, habelə Şuşanın
özünümüdafiə dəstələri də Daşaltı
əməliyyatında iştirak edirdi.
Döyüşə bələdçilik edən şəxsin
səhlənkarlığı üzündən əməliyyat
bir qədər gec başladı. Bələdçi
taboru vaxtında aparıb lazımi yerə çatdıra bilməmişdi.
Buna baxmayaraq, düşmənin canlı qüvvəsini,
texnikasını məhv etmək üçün artilleriyaımız
bir an dayanmırdı.
Salehgilin
döyüşçüləri də Daşaltıya Nəbilər
kəndindən salınmışdı. Bu
döyüş əməliyyatında Saleh hünər
göstərib, yağı mövqeyinə sərrast zərbələr
endirir, cəhənnəmə vasil etdiyi erməni quldurları
leş kimi yerə sərilirdi. Sonra isə
o, düşmən pulemyotçusunu susdurub, qayaların
arasında qalmış neçə silah yoldaşının
mühasirədən çıxmasına yol
açmışdı.
İlikləri
donduran şaxta qılınc kimi kəsir, toran qovuşur,
amansız döyüş səngimək bilmirdi. Yaralı
dostlarının taleyi də onu rahat buraxmırdı.
Yanaşı düşüb qalmış döyüşçüləri
odun-alovun içindən çıxarmaq üçün
kol-kosdan tutub qarın içi ilə
üzüaşağı diyirləndi. Mərmi
yağışı altında əyilib qaçırdı. Qıçı sərpsə
də, inadından dönmür, bir dəstədə
döyüşdüyü, ağır yaralanmış Əsədə
tərəf sürünürdü. Onu
çiyninə alıb qismən təhlükəsiz yerə-qayaların
arasına çəkib gətirdi. Bir neçə
patronunu silah dostuna verdi. Yarıdonmuş su
qabını Əsədin od tutub yanan
dodaqlarına yaxınlaşdırdı. Qalan
üç-dörd damcının dostunun təşnə
ürəyinə sərinlik çiləyəcəyini
düşünürdü bu anda.
Sonra qayanın arasından çıxdı. Ətraf meyitlərlə
doluydu. Uğursuzluğun səbəblərini
təfərrüatı ilə dərk eləmək istəyirdı.
Beynində dolaşan fikir bu idi ki, niyə taktiki
səhvlər, taborlar arasında rabitə əlaqəsinin
olmaması üzündən pusquya düşən neçə-neçə
əsgərimizi itirmişik. İtkilərin
çox olması o demək idi ki, təxribat öz işini
görüb.
Bir bölük mühasirəyə
düşmüşdü. Elektrik stansiyasının yaxınlığında
toplarımız atəş açırdı. Daşaltıya birinci düşən zirehli
döyüş maşını isə minalanmış sahədən
keçərkən partlayıb sıradan
çıxmışdı. Kəndə
daxil olmuş bir neçə tağım isə xeyli itki verərək
geri çəkilə bilmişdi.
Saleh isə xeyli qan itirmiş Süleymana tərəf irəliləyirdi. Onu
sürüyə-sürüyə təhlükəli yerdən
uzaqlaşdırmağa başladı. İlk
baxışda bəlkə də asan görünən bu
xeyirxahlıq onu ölümlə üz-üzə qoymuşdu.
Düşmən snayperinin açdığı atəş
Salehə tuşlandı.Yer-göy gözündə
qaraldı. Qan itirdikcə gücdən
düşür, sustalırdı. Gözlərini
son dəfə açıb doğma yurdun səmasına və
şəhid oğulların qanına bələnmiş
Daşaltı dərəsinə baxdı. Həyatla
vidalaşan Saleh sanki bütün bunları axırıncı
dəfə gözlərinə köçürmək istəyirdi...
lll
Salehin ölüm xəbərini eşidəndə
Gülər donub qalmış, sanki daşa
dönmüşdü. Ürəyi göynəsə də,
ağlaya bilmirdi. Dağdan ağır dərdi,
kədəri ilə baş-başa idi. Qəlbi
yaralı, qüssə içində qovrulan Gülərin
heç ağlına belə gəlməzdı ki, bu, Salehin sonuncu
savaşı olacaq və o,
qanlı döyüş meydanından geri dönməyəcək.
Hələ uşaqlıq çağlarından
sevdiyi, çəmənindən gül-çiçək dərib
tellərinə düzdüyü, büllur suları par-par
parıldayan Çətir şəlaləli Daşaltı dərəsində
istəklisi düşmənə qarşı son nəfəsinədək
döyüşüb şəhid olmuşdu.
lll
Gülərin
atası onu və
həyat yoldaşını itirmiş
bacısını iki yaşlı oğlu Sadiqlə və
Fatma qarıyla birgə Laçına gətirdi. Dörd ay Gülərin dayısıgildə
yaşamalı oldular. Atası gerı
qayıtmışdı, qardaşı Ənvər isə igid
Ramiz Qənbərovun taborunda döyüşürdü.
Ara bir az sakitləşəndə yenidən Şuşaya qayıtmışdılar. Əslində heç nə dəyişməmişdi. İndi evlərinin iri zirzəmisində qonşularla birgə daldalanıb olub- keçənləri yaddaşında çözələyirdi...Dəmir qapının qəfil cırıltısı və qonşu Məhəmmədin zəhmli səsi onu xəyallarından ayırdı:
-Düşmən Şuşanın beş addımlığındadır, artıq şəhəri bombalayır, ay camaat! Qırxqızda və Kirsdə ağır döyüşlər gedir. Tez olun, arvad-uşağı şəhərdən çıxarırıq!
lll
...İnsanlar pərən-pərən düşür, yük maşınlarına yükləndikcə şuşalıların qürbət ömrü başlayırdı. Qaçaqaçda Güləri qəribə hisslər bürümüş, kövrəlmişdi. Üzünü bacısına tutub:
-Sevil, Şuşaya yaxşı-yaxşı bax, bəlkə, bir də görə bilmədik...
Bacısı üzgün halətlə, amma hökmlə demişdi:
-Dilin
qurusun, ay qız, nəhs gətirmə!
...Onlar çox çətinliklə
şəhərdən çıxmış, alovlanan
Şuşa arxada qalmışdı. Qəhər içində
boğulan Gülərin baxışları yol boyu igid Salehi
arayırdı. Nakam sevgisi ilə bağlı acı xatirələri
onu qarşıda gözləyən naməlum bir həyata
aparırdı. Nə vaxtsa, doğma Şuşanın
dolamalarına qalxa bilsə, Daşaltıya əli yetsəydi,
fikrində, xəyalında
qövr eləyən bir sualı dilə gətirərdi:
“Sevgimi neylədin, Daşaltı dərəsi?”
Zemfira MƏHƏRRƏMLİ
525-ci qəzet.- 2017.- 6 may.- S.22.