İSTİLA
QURBANLARI
Yusifbəyli Nəsib
bəy
Bu mənhus günün nəticəsində Azərbaycan istiqlal hərəkatının verdiyi ən mühüm qurbanlardan birisi Yusifbəyli Nəsib bəydir.
İstilanın vüqu bulduğu günlərdə, müstəfid bir halda olsa da, baş vəkalət mövqeində bulunan Nəsib bəy Bakının qızıl rus ordusu tərəfindən işğalı üzərinə saxlanaraq, hüdud xaricinə çıxmaq məqsədilə, yaxın arkadaşlardan İbrahimli Yusif bəylə bərabər Gürcüstan yolunu tutmuş, Siqnaxi qəzasında təfsilatı şimdilik məchulatla dolu fəci bir qəzaya qurban getmişlərdir.
Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə və baş vəkalətdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də “Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi” namilə təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsilə başlar. Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir.
Nəsib bəylə məarifəmiz bu tarixdən daha əvvəl idi. Hərbi-ümumi sənələri idi. O, Gəncədə bələdiyyə idarəsi əzalığında, bən də Bakıda 1915-də təsis etdigim “Açıq söz” qəzetəsinin başında bulunuyorduq. Nəsib bəy idarə işləri üçün Bakıya sıx-sıx gəliyordu. Və hər gəlişində ilk ziyarətini “Açıq söz” idarəxanəsinə verirdi. Daha ilk görüşümüzdə rəhmətliklə aramızda kəndisindən ayrıldığımız son may 1920 günlərinədək zərrə qədər xələldar olmayan bir səmimiyyətlə davam edən bir dostluq təəssüs etmişdi.
Bu dostluğu, bu qədər mətin bağlarla, bir görüşmədə bağlayan şey, şübhəsiz müştərək bir qayə, müştərək bir ruh daşıdığımızı mütəqabilən kəşf edişimiz idi. Bu ruhu müştərək Gəncədə Nəsib bəyə siyasi bir firqə maddəsinin yazılmasını təlqin etdigi zamanlarda, bənə də Bakıda “Açıq söz” qəzetəsinə eyni tezi müdafiə edən bir baş məqalə yazdırtmışdı.
Nəsib bəy mərhumda onun əqranında ali təhsil görmüş Azərbaycan münəvvərlərində əndər bulunan bir xüsusiyyət vardı. O, ədəbi türkcədə eyni mükəmməliyyətlə yazar və söylərdi. Vaxtilə Gəncədə açılan “Mədrəsəyi-ruhaniyyə” müəllimlərindən olub, eyni zamanda Gəncədə türkcə kitablara məxsus bir kitabxanə təsis edən Nəsib bəy, sonra Odessada hüquq fakültəsinə davam etmiş və bu surətlə ali təhsil görmüşdü.
Nəsib bəy məşhur İsmayıl bəy Qasprinski mərhum kəriməsi Şəfiqə xanım əfəndilə evlənərək, bu ailə ilə qərabət peyda etmiş və bir müddət Baxçasarayda qalaraq “Tərcüman” qəzetəsini dəxi idarə etmişdir.
Nəsib bəy qəzetəçilikdən maəda “Təslim” namində yazdığı, mövzusu əski üsul məktəb müəlliminin üsuli-cədid müəlliminə məğlubiyyətini hekayə edən məfkurəvi bir romanı ilə Azərbaycan ədəbiyyatında dəxi bir iz buraxmışdır.
1917 sənəsinin nisanında Bakıda toplanan Birinci Müsəlman Qafqasiya Qurultayı, sonradan Azərbaycan siyasi fəaliyyət sahəsində şu və ya bu şəkildə mövcudiyyət göstərən qüvvətləri bəlirtən bir məşhər hökmünü almışdı. Bu məşhərin ən qüvvətli və bariz şəxsiyyətlərindən birini də bizim Nəsib bəy təşkil ediyordu. Onun Qafqasiya qövmi xəritəsini açaraq yuxarıda qeyd etdigimiz qurultayda çox müəssir bir səslə “Kim dava (iddia) edə bilər ki, biz kəndini idarəyə səlahiyyətdar bir millət degiliz!” - dedigi hala qulaqlarımda çinliyor!
Bu qurultayda Nəsib bəy Gəncədə təsis etdigi “Ədəmi-Mərkəziyyət” firqəsinin mətbu proqramını tövzi ilə əsaslarını müdafiə etmişdi. Bu müdafiətində o, milliyyətçilik, türkçülük, xalqçılıq və modernizasyon prinsiplərinə istinad eyləmişdi. Nəsib bəyin zəkası yalnız bu müdafiətlə də qalmamış, o qurultayda eyni əsasları müdafiə edən “Müsavat” xalq firqəsi müməssilləri və “Açıq söz” qəzetəsini təmsil edən cərəyanla da anlaşaraq, bu yekdigərinə yaxın axıntıların böyük bir nəhr halında birləşmələrini təmin lüzumunu da görmüş və həmən tətbiqinə təşəbbüs etmişdi.
Bir tərəfdən Nəsib, digər tərəfdən M.Ə.Rəsulzadə ilə A.Kazımzadə tərəfindən təmsil olunan Gəncə və Bakı milliyyətçi Azərbaycan cərəyanlarının kəndi aralarında əqdi-ittihad etdiklərinə aktiv bir dəlil və şahid olmaq sifətilə milli Azərbaycan istiqlalçılıq hərəkatında çox mühüm əsərləri sonradan meydana çıxan bu “ittihadın” hüsulunda Nəsib bəyin zəka və səmimiyyətinin qəti rol oynadığını burada təsbit etməliyəm. Bu “ittihad” üzərinə idi ki, Qafqasiya qurultayını mütəaqib “Türk Federalist “Müsavat” Xalq Firqəsinin” ilk qurultayı Bakıda toplanmış və bu toplanış siyasi Azərbaycan həyatında pək mühüm bir hadisə təşkil eyləmişdir.
Firqə qurultayında olduğu kibi, bundan sonrakı Azərbaycan siyasi həyatının müxtəlif səhifələrində dəxi Nəsib bəyi biz fəal bir xalq siyasisi olaraq görüyoruz. Gərək Rusiya Müəssisan Məclisi intixablarında, gərək Tiflisdə təşəkkül edən Mavərayi-Qafqaz Seymində Nəsib bəy milli siyasətin ən çətin və ən məsuliyyətli vəzifələrini ifa ediyor. Azərbaycan istiqlalının təəssüs etdigi dövrdə dəxi Nəsib bəy əvvəla məarif nəzarətində bulunmaq, sonra da 2 dəfə baş vəkalətə gəlmək surətilə aktiv idarə işlərində bulunmuşdur.
Nəsib bəy Azərbaycan istiqlal hərəkatının ən müşkül zamanlarında istiqlalçılıq tezini hər dürlü tərəddüdlərdən ari olaraq, bütün səmimiyyətilə müdafiə edən milliyyətçi zümrənin daima səmimi və imanlı ərkanından olmuşdur.
Nəsib bəyin xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi bir milliyyətpərvər, demokrat və həqiqi bir radikal olaraq qalmışdır. Müasir Avropa kültürü ilə bərabər türkcədəki iqtidarı və milli həyat, ədəbiyyat və tarixi haqqındakı mərbutiyyət və əhatəsilə əqranı arasında mümtaz bir mövqe tutan bu mücahidin üfulu bütün Azərbaycan gənclərini dərindən-dərinə mütəəssir eyləmiş, hər kəsin qəlbini ciddən qanatmışdır.
Mütəvazi bir xalq adamı, idealist bir siyasət əri, mütəqid bir demokrat, kəndi prinsiplərinə sadiq bir liberal, disiplinə tabe bir təşkilatçı olan Nəsib, eyni zamanda müsahibləri üzərində iyi təsir yapan, xalq ruhiyyatına aşina bir adamdı.
Bununla bərabər, Nəsib bəyi sevməyənlər də çox idi. Bu sevimsizlik üçün o, şübhəsiz müdafiəsində israr etdigi prinsiplərə mədyun idi. Müəyyən prinsipləri müəyyən bir istiqamətlə müdafiə edənlərin dostlar kibi, düşmənlər dəxi qazanmaları qədər təbii bir şey olamaz! Fəqət bu düşmənlər belə Nəsib bəyin şəxsini eqoizm şayibəsilə ittiham edəməmişlərdir. Bolşeviklər belə bir gün əvvəl atdıqları ittihamı 2-ci gün bizzat təkzib etmək məcburiyyətində qalmışlardır.
Nəsib bəyin şəxsiyyətini, onu yetişdirən mühitin xüsusiyyətini kamilən təhlil etmək və nəticədə mərhumun tutduğu həqiqi mövqei olduğu kibi təsbit etmək üçün, məqaləmizin həcmi müsaid degildir. Bu qədər söyləyə biləriz ki, o, milli Azərbaycan demokrasisinin yetişdirdigi ən tipik müməssillərindən biridir. Öylə bir müməssil ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formula etmək onun ismilə mərbutdur.
Sadə bu mərbutiyyət Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir.
Nisan matəmində intiqam əhdini təcdid edən milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də heç şübhəsiz, Nəsib bəyin şəhadətidir.
Müzəffər istiqlal nəslinin ilk yapacağı şükran vəzifələrindən birincisi siyasi azərbaycançılığın ilk mübəşşirlərindən Nəsib bəy namını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona birər abidə tikməkdən ibarət olmalıdır.
M.Əmin
“Odlu-Yurd”, 27 nisan
(aprel) 1929, ¹ 3
Xatimə - son
Təəssüs - əsas
Əqran - eyni yaşda, eyni rütbədə olanlar
Əndər - nadir
Qərabət - qohumluq
Maəda - başqa
Məşhər - göstərmə, sərgi
Müəssir - təsirli
Mütəqid - bir şeyə inanan, etiqad edən
Mərbutiyyət - bağlılıq, aid olma
Üful - yoxluğu
Şayibə - ləkə, nöqsan, qüsur, şübhə
525-ci qəzet.- 2017.- 6 may.- S.21.