Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli
ötən şənbə sayımızda)
1798-ci ildə ABŞ-ın ştatlarından biri olan
Corciyada qul ticarətinə qadağa qoyuldu.
Qul sahibliyi əleyhinə olan və “abolitsionizm” adlanan hərəkat
artıq bəzi müvəffəqiyyətlər
qazanmışdı, lakin qula sahib olacaq institut hələ ləğv
olunmamışdı. Şimali Amerikaya ingilis
köçkünlər gələndən sonra orada bu institut
inkişaf etməyə başladı. Qulların
Amerikanın şərq sahilində qul bazarlarında
satılması Yeni İngiltərə koloniyalarında kəskin
tənqidə məruz qalırdı. 1688-ci
ildə kvakerlər qrupunun Filadelfiyada qul ticarəti əleyhinə
etiraz hərəkatları uğursuz oldu. 1740-cı
ildə koloniyalarda artıq 100.000-dən çox qaradərili
qullar var idi. Onların sayı ABŞ
yarandıqdan sonra da artmağa başladı. Cənub quldarlıq ştatlarından qulların
kütləvi surətdə qaçmasının
qarşısını almaq üçün amerikan konqresi
1794-cü ildə “Qaçmış qullar haqqında” qanun qəbul
etdi. Ona görə sahibləri öz qaçan qulunu hər bir
ştatdan tələb edə bilərdi. Qulu qaytarmaq barədə
qərar qəbul edən hakimlər də buna görə 5
dollar pul qazandıqlarından, əslində qul sahiblərinin
həvəskar “köməkçilərinə” - əslində
xidmətçilərinə çevrilirdilər.
1822-ci ildə isə ABŞ-da azad edilmiş qaradərili
qullar ilk dəfə olaraq Afrikaya köçdülər. ABŞ-da qulların tədricən
azad edilməsi siyasətinin tərəfdarları amerikan məskunlaşma
cəmiyyəti yaratdılar, onun idarə heyəti hökumətlə
azad edilmiş qulların Afrikaya
köçürülməsi barədə müqavilə
bağladı. Mesurado burnunda onları yerləşdirmək
üçün torpaqlar alındı. Yerli
əhali isə cəmiyyətin həyata keçirdiyi məskunlaşma
siyasətinə müqavimət göstərirdi. Sonralar azad olunmuş ABŞ qulları Afrikada
paytaxtı Monroviya olan Liberiya dövlətini yaratdılar.
1831-ci ildə isə Virciniya ştatındakı Yerusəlim
şəhərində üsyan etmiş qulların qaradərili
başçısı Nat Terner və daha 19 nəfər
qiyamçı edam edildi. Dörd
ay əvvəl, avqustda bu qara moizəçi Virciniyada
quldarlıq əleyhinə bir neçə gün davam edən
üsyan qaldırmışdı. Qulların
qiyamı qan tökməklə yatırıldı.
Döyüşlərdə həm də 57 ağ
adam həlak olmuşdu. Terner özünü
qaradərililərin azad edilməsi naminə Allahın
seçdiyi peyğəmbər hesab edirdi.
Nəhayət, xüsusən qul sahibliyi məsələsi
üstündə sənaye cəhətdən inkişaf
etmiş Şimalla geridə qalmış aqrar Cənubu
arasındakı ziddiyyətlər 1861-ci ildə ölkəyə
böyük ziyan vuran, nəhəng canlı itki ilə nəticələnən
Vətəndaş müharibəsinin başlanmasına səbəb
oldu. Cənub ştatlarının ictimai və iqtisadi
quruluşunun əsasını pambıq və tütün
plantasiyalarında zənci qulların məcburi əməyi təşkil
edirdi. Həmin dövrdə Şimal
ştatlarının inkişaf edən sənayesi azad
işçi qüvvəsinə möhtac idi. Çox sayda amerikanlar qul
sahibkarlığının insanlığa yad və ədalətsiz
olduğuna inanırdılar. Bu ziddiyyətləri
kompromislə həll etmək cəhdlərinin hamısı -
məsələn, qul sahibliyinin Şimal ştatlarında
qadağan olunması ilə azad və qul
sahibkarlığı ştatları arasındakı
tarazlığı saxlamaq cəhdi uğursuzluğa
uğradı.
9 noyabr 1860-cı ildə Respublikaçılar
partiyasının namizədi, qul sahibkarlığının ləğv
edilməsinin tərəfdarı Abraham Linkoln ABŞ prezidenti
seçildikdən bilavasitə sonra Cənubi Karolina ittifaqdan
çıxmasını elan etdi. Sonrakı altı həftə
ərzində Missisipi, Florida, Alabama, Corciya, Luiziana və Texas
ştatları onun yolu ilə getdilər. Ayrılan
ştatlar Konfederasiya əmələ gətirdilər və
1862-ci ilin başlanğıcında Müvəqqəti
hökumət qurdular. Cefferson Devis Konfederasiyanın
prezidenti seçildi. Yeni “dövlətin”
konstitusiyası qul sahibkarlığının qanuni
olduğunu təsdiq etdi. Silahlı
mübarizənin başlanması ilə Virciniya, Arkanzas,
Tennessi və Şimali Karolina ştatları da Konfederasiyaya
qoşuldu. Vətəndaş müharibəsi
1861-ci ilin aprelində başladı.
Müharibənin ilk ayları Şimallılar
üçün uğurlu getmirdi. Belə bir vaxtda Abraham
Linkoln qulların azad edilməsini elan etdi və 1863-cü ilin
yanvarında bu qanun qüvvəyə mindi. Cənubun üsyançı ştatlarının
bütün qulları azad elan olundular. 1863-cı
ilin yayında Şimallıların hərbi uğurları Vətəndaş
müharibəsinin gedişini dəyişdi. İyul ayında Gettisberq
yaxınlığındakı üç günlük
döyüş Şimallı yunionistlərin qələbəsi
ilə başa çatdı. Cənubluların
ordusunun komandanı general R. E. Li rəqibin açıq
üstünlüyündən narahat olub, qüvvələr
nisbətini dəyişmək üçün ümidsiz cəhdlər
həyata keçirdi. O, öz ordusu ilə Potomak
çayını keçib, Pennsilvaniya ştatının
içərilərinə soxulmuş, lakin Gettisberq
yaxınlığında Şimallıların ordusu ilə
qarşılaşmışdı. Döyüş
üç gün davam etdi və konfederatların tam məğlubiyyəti
ilə başa çatdı. 4 iyunda
ağır zərbə almış Cənub ordusu Virciniyaya
geri çəkilməyə məcbur oldu.
1865-ci ilin 9 aprelində isə Vətəndaş
müharibəsi Şimalın qələbəsi ilə
yekunlaşdı. Cənubluların ordu generalı Li
Virciniya ştatının Appomatoks şəhərində
öz əsgərləri ilə birlikdə Şimal ordusunun
generalı Qranta əsir düşdü. ABŞ-da Vətəndaş
müharibəsi 4 il çəkdi. 1864-cü ilin yazında general Qrant
şimallıların ordusunun baş komandanı təyin
edilmişdi və tezliklə iri qüvvələrin
başında Cənuba hücum etməyə başladı.
Onun qoşunlarının iki ay ərzində 60.000 adam itirməsinə baxmayaraq, o, cəsarətlə
irəli gedir, Cənubun paytaxtı Riçmonda yolu açmaq
istəyirdi. Şimallılar Cənubun
mühüm rayonlarına sahib olduqdan sonra general Li
Riçmondu təhvil verib, Qərbə doğru geri çəkildi.
Bir həftə sonra isə 9 aprel 1865-ci ildə
Appomatoksdakı məhkəmə binasında təslim
olduğunu elan etdi.
Hələ müharibə gedəndə Linkoln
ayrılmış ştatların ittifaqa
qayıtmasının ən yumşaq şərtləri ilə
razı idi.
O, ABŞ Konstitusiyasını qəbul edən bütün cənublulara
amnistiya verilməsini, seçicilərin heç olmazsa onda
birinin konstitusiyaya sədaqət andı içdiyi və qul
sahibliyinin ləğv edildiyi Cənub ştatlarında
hökumətin azad seçilməsi hüququnu nəzərdə
tuturdu. Lakin cənubluların ordusunun təslimindən
bir həftə sonra Linkoln öldürüldü. 14 aprel 1865-ci ildə dramatik aktyor Con Uilks But, öz
lojasında oturub, teatr tamaşasına baxan Linkolnu
tapançadan atılan atəşlə vurdu və səhərisə
günü 55 yaşlı prezident öldü.
Linkoln kasıb fermer ailəsində doğulmuşdu. Amerikalılar
onu “özü özünü yüksəldən” adamın
nümunəsi hesab edirdilər, çünki o, hər
şeyi öz zəhməti ilə qazanmışdı. Gəncliyində o, çox sənətləri
sınamışdı, yer ölçən, anbardar, meşə
qıran, poçt qulluqçusu işləmişdi. Vəkil olmaq arzusu ilə hüququ öyrənmişdi.
Mürəkkəb imtahanı verib, İllinoys
ştatında vəkillik praktikası ilə məşğul
oldu. 6 il ərzində ştatın
qanunvericilik məclisinin üzvü işlədi. İki il isə ABŞ Konqressinin üzvü oldu. 1856-cı ildə o, fəal siyasi fəaliyyətə
başladı, Respublika partiyasının yaradılmasında
iştirak etdi və onun sıralarında Amerikada qul sahibliyinə
qarşı mübarizə apardı. Bu məsələ
barədə o, öz mövqeyini dəqiq müəyyənləşdirdi:
qul sahibliyi əxlaqa ziddir və ona görə də onu ləğv
etmək lazımdır. Linkoln Cənub
ştatlarının qul sahiblərinin nifrətinə səbəb
oldu, onların iqtisadiyyatı milyonlarla qulun əməyi üzərində
dayanırdı. Linkolnun 1860-cı ildə
səs çoxluğu ilə ABŞ prezidenti seçilməsi
Cənub ştatlarını ayrılmağa və Konfederasiya
yaratmağa həvəsləndirdi. Cənub
ştatlarının ayrılması və prezidentin qul
sahibliyi barədə kompromissiz mövqeyi Vətəndaş
müharibəsinə gətirib çıxardı. Müharibə isə şimallıların müvəqqəti
uğursuzluqlarından sonra Cənub ordusunun məğlubiyyəti
ilə başa çatdı.
ABŞ Konqressi 1866-cı ildə vətəndaş
hüquqları haqqında qanun qəbul etdi, buna görə
ABŞ-da doğulmuş bütün sakinlər vətəndaş
hüquqlarına yiyələnirdi. Qanun həm ağlara,
həm də rəngli dərisi olan amerikanlara şamil edilirdi.
Lakin ölkənin doğma sakinləri olan hindular
rezervasiyalara sıxışdırılmaqla, hüquqi
qarantiyadan məhrum idilər. Bu qanunun
Konstitusiyaya uyğun olmasına şübhələr meydana gəldiyinə
görə, Konqress Konstitusiyaya 14-cü əlavəni qəbul
etdi, bu əlavə vətəndaş hüquqları
haqqında qanun üçün hüquqi əsas sayılırdı.
Abraham Linkolnun və abolisionistlərin səyləri
ABŞ-da qulların azad vətəndaşlara çevrilməsinə
şərait yaratdı, lakin qaradərililərə
qarşı ayrı-seçkilik, seqreqassiya hələ bir əsrə
qədər davam etdi. Martin Lyuter Kinqin başçılıq
etdiyi hərəkat zəncilərin bütün vətəndaş
hüquqlarından sərbəst istifadəsi üçün
mövcud maneələrin aradan qaldırılmasında
mühüm rol oynadı, zəncilərə qarşı
kütləvi haqsızlıqlar, Ku-kluks-klan cəmiyyətləri
və Linç məhkəmələri birdəfəlik
tarixin arxivinə verildi. Dünyanın ən
demokratik ölkəsi hesab edilən Amerika Birləşmiş
Ştatları öz üzərindəki bu qara ləkədən
azad olmağı da bacardı.
2008-ci ildə isə ilk dəfə qaradərili
hüquqşünas, senator Barak Obama ABŞ prezidenti
seçildi. Yəqin ki, yarım əsr əvvəl belə bir
hadisənin baş verəcəyi ən fantastik bir arzuda belə
öz əksini tapa bilməzdi.
Yəhudilərin taleyinin qara səhifələri
Yəhudilərin acı taleyi barədə ilk hekayətə Bibliyanın - “Qədim vəsiyyətin” “Çıxma” (“İsxod”) kitabında rast gəlirik. Burada qədim yəhudilərin Misir əsirliyindən dramatik qaydada azad olunmasından bəhs edilir. Onları məcburi əməklə məşğul olmaq üçün fironun məmurları qovub buraya gətirmişdilər. “Çıxma” onu nəql edir ki, guya israilliləri azadlıqdan məhrum etməyə görə Misir, allah Yahvenın iradəsi ilə ardıcıl olaraq ilanların, qurbağaların, ağcaqanadların, milçəklərin və çəyirtkələrin basqınına məruz qaldı. Ona mal-qaranın qırılması, dolu vurması, suyun korlanması, taun xəstəliyi, Günəşin batması göndərildi. Bütün bunlardan sonra firon yəhudiləri azad etməkdən imtina etdi, onların başçısı Moisey Misir üçün yeni cəza baş verəcəyini xəbər verdi - ölkədə bütün ilk doğulan oğlan uşaqları öldürüləcəkdi. Qədim yəhudilərin bu hadisəyə hazırlaşması Pasxanın bayram edilməsinin başlanğıcını qoydu.
Bibliyada deyilir ki, “Firon gecə özü, bütün qulları və bütün Misir oyandı və Misir torpağında böyük ağı səsləndi, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. (Firon) Moiseyi çağırtdırıb dedi: “İsrail oğlanları, mənim xalqımın arasından çıxıb gedin, özünüzün xırda buynuzlu və iri buynuzlu mal-qaranızı götürün gedin və mənə xoşbəxtlik diləyin”. Moiseyin sözlərinə İsrail oğlanları əməl etdilər və misirlilərdən gümüş və qızıl şeylər xahiş etdilər və onlar da bu şeyləri yəhudilərə verdilər.
Mövcud olan 12 yəhudi tayfası öz əleyhdarları ilə mübarizədə qalib gəldikdən sonra filistinlilərə hədə gəlmələrini davam etdirdilər. Yəhudilər Yahve kultuna - vahid monoteist dinə arxalanırdılar. B.e.ə. 1012-ci ilə yaxın onlar Saulun rəhbərliyi altında birləşdilər və vahid dövlət yaratmağa başladılar. Onun varisi çar David b.e.ə. 1004-cü ildə ilk yəhudi dövlətinin əsasını qoydu. Bu dövlət mərkəzi idarəetməyə, muzdlu qoşuna malik idi və geniş tikinti işləri aparırdı. Bütün bunlar böyük xərclər tələb edirdi. Çar Solomon öldükdən sonra isə dövlət iki çarlığa - İsrail və İudeya çarlıqlarına parçalandı.
B. e. ə.605-ci ildən Babilistanın çarı olan II Nabuhodonossor işğal siyasətinə başladı. B.e.ə. 587-ci ildə yarım illik mühasirədən sonra İudeyanın baş şəhərini tutub, onu tamamilə dağıtdı. Yerusəlimin məhv edilməsinə bəhanə isə iudeylərin babilistanlılara qarşı üsyanı olmuşdu. Babilistanlılar Yerusəlimi tutduqdan sonra sərt tədbirlər gördülər ki, mümkün olan üsyanın qarşısını alsınlar. Yerusəlimin məbədi və sarayı yandırıldı, şəhər divarları dağıdıldı. İudeya çarını kor etdilər və çox sayda əhali ilə birlikdə Babilə qovdular, bu, Babil əsirliyi adlanır. Orada yəhudiləri müxtəlif şəhərlərə yerləşdirdilər. Yəhudilərin çoxu, onların sırasında peyğəmbər İeremi də Misirə qaçdı. Böyük Aleksandrın işğallarından bir qədər sonra yəhudilər Selevkid dövlətinin əsarətində oldular.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2017.- 6 may.- S.20.