Polimatın biliyi və onun əməli nəticələri
MÖVZU
ÜZRƏ SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB
Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub
(Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet
Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social
Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr
prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə
edilib.
Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet
İsaxanlının cavablarını əks etdirən
müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə,
oxuculara təqdim edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
- İncəsənət, təbiət elmləri və
humanitar elmlər arasında əlaqəni necə şərh
edərdiniz?
-
Riyaziyyat və poeziyadan danışanda bu məsələyə
bir az toxunduq. Təbiət
elmləri ilə incəsənət və humanitar elmlər -
bu “iki mədəniyyət” bir-birindən mövzu, tətbiq
etdikləri metodlar və daxili inkişaf prinsipləri ilə fərqlənirlər.
Təbiət elmləri təbiət və kainatın
sirlərini açır, qanun və
qanunauyğunluqlarını kəşf edir, mühəndislik
və texnologiya isə onun uğurlarını həyatı
yaxşılaşdırmaq üçün tətbiq edir. Ağlagəlməz vüsət
alan texnoloji tərəqqi insanın həyat
tərzini, tələb, ehtiyac və arzularını, psixologiyasını
əhəmiyyətli dərəcədə dəyişdirdi.
Təbiət elmləri və texnologiya kumulyativlik
(yığıcılıq, toplanma) xüsusiyyətinə
malikdir - biliklər üst-üstə gəlir, hər
addım əvvəlki addımdan bir addım irəlidir. Biliklər
durmadan köhnəlir və durmadan yeni biliklər meydana
çıxır. Yenilər köhnələri
ya təkzib edir, ya da onları yeni bilik sisteminin içində
əridir, başqa sözlə desək, köhnə yeninin
xüsusi halına çevrilir, üstəlik köhnə
bilik sadə və aydın şəkil alır. Beləliklə, daha yüksək səviyyəyə
keçid baş verir; bu, tərəqqi (elmi-texnoloji mənada)
deməkdir.
Ptolomey (Ptolemy) və Evklid (Euclid) görmə hadisəsini
gözdən çıxan şüaların baxılan cismə
çatması ilə izah edirdilər. Böyük polimat İbn əl-
Heytəm (Avropada: İbn al-Haytham və ya Alhazen; 965-1040)
işığın istiqamətini düzəltdi - görmə
mexanizmini cisimlərdən gələn şüaların
gözə çatması ilə bağladı. O,
optikanın əsasını qoydu, Kepler, I. Nyuton, V. Snellius, C.
Huygens və başqaları optika elminin əsas prinsiplərini
müəyyən etdilər (işığın dastanı
uzundur və davam edir...). Elmin durmadan
inkişafı bu inqilabi yenilikləri, bu nəzəriyyələri
sadələşdirdi, orta məktəb kitablarına daxil etdi.
İndi elm tarixi ilə məşğul olanlardan başqa
heç kim bu dahilərin əsərlərinə
müraciət etmir, elm adamları yaxın zamanların kitab və
məqalələrini oxuyurlar.
İnsanı və onun yaşadığı cəmiyyəti
öyrənən, ruha sığal çəkən, gözəllik
və mənəvi dəyərləri müzakirə edən
incəsənət və humanitar elmlərin böyük hissəsində
mənzərə tam tərsinədir - sonra gələn
heç bir böyük əsər əvvəlkinin ümumiləşməsi
deyil, əvvəlkini təkzib və ya təsdiq etmir; Kant
göstərdi ki, metafizik tezisləri nə isbat etmək, nə
təkzib etmək olar. Homerin “İliada”sı, Ruminin “Məsnəvi”si,
Şekspirin (Shakespeare) “Hamlet”i, V. Hugonun “Səfillər”i,
Leonardo da Vinci və Motsartın (Mozart) əsərləri bu
gün də həyəcan doğurur, sevilir. Bu günün məşhur yazıçı, rəssam
və musiqiçiləri nə qədər gözəl əsərlər
yaratsalar da, adlarını çəkdiyimiz (və çəkmədiyimiz)
klassiklər unudulmur, əksinə, insanların mühüm
bir hissəsi onları müasirlərimizdən daha çox
sevirlər. Yəni təsviri sənət,
ədəbiyyat və musiqidə, mənəviyyat və
humanitar elmlərdə təbiət elmləri və
texnologiyada olduğu kimi tərəqqi müşahidə
olunmur, burada yalnız yenilik var.
Təbiətşünas müşahidə edir, fərziyyələr
ortaya atır, mümkünsə təcrübələr qurur,
fərziyyələri sınaqdan keçirir, onları
sübuta yetirməyə çalışır; təcrübə
və sınaq mümkün olmayanda mücərrəd model
qurur. Gerçəkliyə bu və ya başqa dərəcədə
uyğun gələn əsaslandırılmış fərziyyələr
həmin elmin qanunlarına çevrilir. Qanunlar
baş verən hadisələri izah etmək və sonra nə
baş verəcəyini görmək imkanı yaradır.
Təbiət elmləri və riyaziyyata
obyektivlik, realizm və rasionalizm xasdırsa, humanitar elmlər və
incəsənətdə hisslərin ifadəsi
mühümdür, onlar xas olan idealizmdir. Humanitar
elmlər və incəsənətdə “qanunsuzluq
tüğyan edir” (müəyyən prinsiplər mövcud olsa
da), bu elmlərin gözəlliyi də məhz bu “qanunsuzluq”da,
azadlıqdadır. Tarixi proses də, yəqin ki,
qanunların deyil, şəxsiyyət və cəmiyyətin
iradə, istək və arzularının ifadəsidir.
Ədəbiyyat və dil, tarix və psixologiya, sosiologiya
və antropologya, fəlsəfə və din insan təbiətini
anlamaq üçün çalışır, dəyərləri,
xeyir və şər problemini müzakirə edir. Onlar
ideologiyaların yaranmasında, milli və digər kimliklərin
əmələ gəlməsində, sevgi və humanizmlə
yanaşı, dözümsüzlüyün,
istisnaçılığın, nifrət, münaqişə
və savaşların hazırlanmasında da iştirak edirlər.
Bu halda, kapitalın fövqəlgüc qazandığı,
siyasətin də kapitaldan asılı vəziyyətə
düşdüyü dünyada maddi maraqların mənəviyyatı
tam üstələməsinə, əzməsinə nə mane
ola bilər? Digər tərəfdən,
insan nə üçün maddi nemətlər yaratmayan, bir
sıra hallarda şəxsi rifahın yüksəlməsinə
xidmət etməyən sənətlərə meyl edir, şəkil
çəkir, musiqiyə qulaq asır, bədii kitab, tarix, fəlsəfə
oxuyur, “vaxtını boş yerə sərf edir”, hətta
ömrünü onlara həsr edir? Təbiət
elmləri, mühəndislik, tibb kimi daha faydalı, birbaşa
tərəqqiyə xidmət edən sahələrlə məşğul
olmaq daha rasional deyilmi? Sərvətə
düşgün dünyada insan nə üçün altruist
ola bilir, başqasının yaxşı
olmasına güc sərf edir?
Kapital və
maddi maraq çox güclü olsa da, can
atdığımız xoşbəxtlik ruhun pərvazlanması
və sevgi ilə bağlıdır - sevmək, sevilmək,
sevinmək bəşər övladını xoşbəxt edən
budur! İnsan “qızıl kimi vaxtını”
musiqi və ədəbiyyata, incəsənətə və
sevdiyi humanitar sahələrə həsr edir (çox zaman əsas
işi, peşəsi təbiət elmi, mühəndislik olan
halda da) və bundan həzz alır. Insan
yaxınlarına və ehtiyacı olanlara kömək etməklə,
qayğı göstərməklə də özünü
xoşbəxt sanır. İki güc -
maddiyyət və kapital bir tərəfdən, sevgi və
xoşbəxtlik digər yandan insanı yaşadır, insan həyatını
gözəlləşdirir. Mənəviyyatda tərəqqi
olmasa da, o, bizimlədir!
- Digər
bir riyaziyyatçı və şair olan Ömər Xəyyam
haqqında nə düşünürsünüz?
- Ömər Xəyyamı xüsusi öyrənmişəm,
onun yaradıcılığı və sonrakı şöhrəti
haqqında yazmışam. Xəyyam böyük
polimatdır - əsas maraqlarına görə
riyaziyyatçı, astronom, filosof və şairdir. Zənnimcə,
onu şöhrətləndirən iki xüsusi səbəb
qeyd olunmalıdır: 1) Xəyyamın güclü
riyaziyyatçı və eyni zamanda şair olması, iki fərqli
və hörmətli sahənin bir şəxsdə birləşməsi
və 2) Xəyyam rübailərinin/dördlüklərinin
ingiliscəyə tərcüməsinin fövqəladə
şöhrəti. Yəqin ki, Xəyyam bir elm adamı olaraq
Arximed, əl-Biruni, ibn əl-Heytəm, N. Tusi, Kepler, I. Nyuton,
A. Einştein kimi nəhənglər sırasında deyil. Filosof kimi, Fərabi, İbn-Sina, Əl-Qəzali,
İbn Rüşd, S. Sührəvərdi, İbn Arabi
böyüklükdə deyil. Onun riyaziyyata
aid əsərləri üçüncü dərəcəli
cəbri tənliklərin həndəsi üsulla həlli və
Evklidin 5-ci postulatı ətrafında maraqlı
araşdırması ilə bağlıdır. Lakin Xəyyamın riyazi əsərləri, bir
çox digər İslam dövrü
riyaziyyatçıları və elm adamlarından fərqli
olaraq, vaxtında Avropada tərcümə olunmamış, bu səbəbdən
də Avropada elmin inkişafında iz buraxmamışdır.
Astronomiyaya aid fəaliyyətində əsas
nailiyyət onun rəhbərliyi altında hazırlanan Cəlali
təqvimidir (hansı ki, bu gün istifadə etdiyimiz təqvimdən
daha dəqiqdir). Elmi əsərləri
gözəldir, dərin müşahidələrə əsaslanır
və hamısı qısa həcmlidir. Fəlsəfədə
İbn-Sinanın təsiri altındadır, fəlsəfi məqalələri
də qısa həcmlidir. Şair kimi Ömər Xəyyam
şərqdə, elə vətəni İranda da Firdovsi,
Nizami, Sədi, C. Rumi, Hafiz, Ə. Nəvai, M. Füzuli kimi
böyük şair sayılmayıb; ümumiyyətlə, o,
riyaziyyatçı və astronom kimi tanınıb. Xəyyam şair kimi əvvəlcə böyük
poetik ənənəsi olan vətəni İranda deyil, Qərbdə
- Avropa və Amerikada nüfuz və etibar qazandı.
Ömər Xəyyama aid “sərgərdan (wandering) rübailər”
termini mövcuddur; onun adına yazılan
rübailərin hansıları həqiqətən ona aiddir -
bu məsələ tam həll olunmayıb. Ömər
Xəyyama həqiqi dünya şöhrəti gətirən
onun rübailərinin E. Fitsgerald tərəfindən ingiliscəyə
tərcüməsi oldu. Və çox güman ki,
heç bir tərcüməçi təkcə bir tərcüməsinə
görə E. Fitsgerald kimi birdən-birə məşhurlaşmayıb;
və çox güman ki, E.Fitsgerald Xəyyamın rübailərini
tərcümə etməsəydi, dünya Xəyyam adlı
böyük şair tanımayacaqdı. Bu tərcümə
böyük əks-səda doğurdu, Xəyyam rübailəri
dünyada ən çox oxunan bədii əsərə
çevrildi, “Omar mania” yarandı. Zənnimcə,
Ömər Xəyyamın rübai yazması çox təbiidir;
riyaziyyat və fəlsəfədə olduğu kimi şeirdə
də o “uzunçu deyil”, öz fikrini ifadə etmək
üçün dörd misra ona kifayət edir. Ömər
Xəyyamı digər böyüklərdən fərqləndirən
bir cəhət var -
Xəyyamın şair populyarlığı
heç bir riyazıyyatçıya qismət olmayıb və
heç bir populyar şair Xəyyam kimi görkəmli
riyaziyyatçı və polimat olmayıb.
-
Polimatlar əvvəllər Şərq-İslam
dünyasında geniş yayılmışdı. Sizcə bu bölgə niyə bir daha polimatlar
yetişdirmir?
- Şərq-İslam dünyası 8-15-ci əsrlərdə elm və sənətin ən inkişaf etdiyi bölgə idi. Onunla yarışa bilən digər tək bölgə - Çin, yəqin ki, İslam dünyasından iki fərqinə görə daha üstün ola bilmirdi. Hər şeydən əvvəl İslam özündən əvvəlki yunan mədəniyyətindən çox əxz etdi, Çinin belə imkanı yoxdu. Digər tərəfdən İslam dünyasının uğurları Avropaya tez çatırdı, Avropa elmi və mədəniyyəti, Avropa kimliyi İslam sivilizasiyasından bəhrələnmək və onunla üz-üzə durmaqla formalaşdı. Çin isə Avropaya birbaşa deyil, əsasən İslam aləmi vasitəsilə təsir edirdi. Öz qızıl çağında İslam aləmi bəşəriyyətin bir sıra ən böyük polimatlarını yetişdirdi. Sonra İslam aləmində tənəzzül başladı (səbəbləri üzərində durmuruq - uzun məsələdir). Tənəzzül hərtərəfli idi - iqtisadi, siyasi, hərbi, elmi... İslam mədəniyyətinin inkişafda olduğu, çiçəkləndiyi dövrlərdə olduğunun tərsinə bu zaman təhsil və elmdə açıq qızğın müzakirə və debatlar yox dərəcəsinə endi, təsrübi və fərdi yanaşmalar təşviq edilmədi, əzbərləmə, reçitativlik üstün gəldi. Başqa dillərdə yazılan elmi və bədii əsərlərə maraq azaldı, arasıkəsilməz müharibələr maddi və mənəvi qaynaqları eroziyaya uğratdı. Zəka macəraları və ehtirasları kəskin surətdə azaldı. Yuxarıdan təşəbbüslər və yardımlar çox zəiflədi, iş aşağıların və zəka sahiblərinin öhdəsində qaldı. Bütün bunlar elmi varisliyi və elmi inkişafı dayandırdı.
16-cı əsrdən başlayaraq dünyanın mərkəzi Avropaya keçdi. Renan`ın fikrindən istifadə edib deyə bilərəm - Şərq öz məktəbini unutdu və yeni Newton məktəbinə də getmədi, daha doğrusu, xeyli gecikdi, gec getdi. Bir vaxtlar məşhur mədrəsə, rəsədxana, kitabxanaları ilə cazibə mərkəzinə çevrilən İslam dünyası yalnız 19-cu əsrdə yeni Avropa tipli ali məktəblər qurmağa başladı. Avropa sivilizasiyasının keçdiyi məsafə çox böyük idi. Şimali Amerika, Yaponiya və əhalisinin bir hissəsi müsəlman olan Sovetlər bu məsafəni qət etdilər, hətta irəli çıxmağa başladılar. Sovet sosialist sistemi dünya tarixi baxımından uzun çəkmədi, çökdü. Güclü elm və texnologiya olmayan yerdə polimat çətin yetişər. İndi əhalisi islamla bağlı bəzi dövlətlərdə bir canlanma müşahidə olunur.
-Tarixdə və bu gün kimi ən böyük polimat sayırsınız?
(Ardı var)
525-ci qəzet.- 2017.- 6 may.- S.19.