"Füyuzat"ın iki
yazarı"na bir baxış
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun
"Füyuzat" jurnalının ilk sayının
çapdan çıxmasının 110 illiyinə ithaf olaraq nəşr
etdiyi sanballı monoqrafiyalardan biri də professor Vilayət
Quliyevin "Füyuzat"ın iki yazarı"
kitabıdır.
Kitabın ön sözünün müəllifi akademik
İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmlidir.
Professor Vilayət Quliyevin "Füyuzat"ın iki
yazarı" kitabı iki hissədən ibarətdir. Birinci hissə
krımlı Asan Səbri Ayvazova (1878-1938), ikinci hissə
türkiyəli Əhməd Kamal Akünala (1873-1942) həsr
edilib. Öz vətənlərində kifayət
qədər tanınan bu müəlliflər istinad etdiyimiz
monoqrafiya vasitəsilə yenidən Azərbaycan ədəbiyyatşünaslığına
və oxucusuna qazandırılır. Tədqiqatçı
alim hər iki ziyalının istər şəxsi həyat və
fəaliyyətlərinə, istərsə də Azərbaycanla
bağlı işlərinə xronoloji ardıcıllıqla nəzər
salır. Müəllif Asan Səbri Ayvazovu
yazıçı, dramaturq, publisist, tərcüməçi,
ədəbiyyatşünas alim, dövlət xadimi və
diplomat kimi təqdim edir. Bununla
yanaşı, əsas diqqəti onun Azərbaycanla bağlı
fəaliyyətinə və "Füyuzat"dakı
çalışmalarına yönəldir.
Tədqiqatda qeyd edilir ki, onun "Füyuzat" məcmuəsində
çap olunan ilk yazısı "Həyat"ın
qürubundan, "Füyuzat"ın tüluundan hasil olan təəssüratım"dır. Sonralar
jurnalın 24 sayında ictimai-siyasi səciyyəsi ilə
seçilmiş yazıları çap olunan müəllifin
üslubunun gözəlliyi və şairanəliyi ilə diqqəti
çəkdiyi vurğulanır. "Füyuzat"da
yayımlanan silsiləvi səciyyə daşıyan "Həyati-əqvam",
"Bəşər və səy" məqalələri,
"Nədən bu hala qaldıq?" üçpərdəli
pyesi, "Əsarət qurbanları" hekayəsi, "Lisan
qovğası", "Krımlılar nə
üçün tənqid edilmiyor", "Təlimi-ətfal
məsələsi" kimi məqalələri geniş təhlilə
və müasir baxış bucağından dəyərləndirməyə
cəlb olunur. Müəllif Asan Səbrinin
"Füyuzat"dakı çıxışlarında
türk toplumunun müştərək dil probleminə
toxunduğunu, türk dilinin tərəqqi və mədəniyyət
dili kimi inkişafına önəm verdiyini, idillik ailə
modeli ortaya qoyduğunu, qadını ali
ünvan kimi səciyyələndirdiyini xüsusilə qeyd
edir.
Tədqiqat əsərində A.S.Ayvazovun
"Füyuzat"dan sonrakı ömür yoluna da nəzər
salınır.
Yenidən vətəni Alupkaya dönən Asan bəy
açdığı dil kurslarında dərs demək
üçün Əli bəy Hüseynzadəni Krıma dəvət
edir. Bir müddət Misirdə yaşamaqla yanaşı,
üç dəfə Moskvada həbs edilən A.S.Ayvazovun təsadüf
nəticəsində Leninlə tanış
olması məsələsinin mübahisəli olmasına da
toxunulur. Hətta üç dəfə Mustafa
Kamal Atatürkün qəbulunda olduğu barədə də
yazılır.
1917-ci ildə Krım müstəqillik əldə etdikdə
dövlətin başçısı Numan Çələbi
Cahanı, parlamentin sədri isə Asan Səbri seçildiyi
qeyd edilir.
Bildirilir ki, 1921-ci ildən Krımda bolşeviklər tamamilə
bərqərar olduqdan sonra Asan Səbri tərcüməçi,
müəllim işləmiş, 1926-cı il
Bakıda Türkoloji qurultayda iştirak etmişdir. 1930-cu ildə yenidən həbs edilmiş, iki aydan
sonra NKVD ilə əməkdaşlıq şərtləri ilə
azadlığa buraxılmışdır. Professor
V.Quliyev haqqında bəhs etdiyi insanı ideal olaraq yox,
reallıqları ilə təqdim edərək göstərir
ki, məcburən böhtan atdığı keçmiş əqidə
yoldaşlarından Türkiyəyə dəvət olunması
ilə bağlı yardım istəsə də, nəticəsiz
qalır. 1937-ci ildə Simferopolda yenidən tutulan Asan bəy
həbsdə olarkən "Krımda milli hərəkatın
tarixi" kitabını yazmaqla Volqaboyundan Daşkəndə
qədər türk əsilli ziyalıların həyatlarını
təhlükədə qoyduğuna da münasibət bildirilir.
Bugünkü zaman kəsiyindən
yanaşdıqda isə Asan Səbri həmin şəxsləri
türkçü reallıqları ilə təqdim
edibmiş, baxmayaraq ki, əsas məqsədi
özünümüdafiə olub. Birinci
hissənin sonlarında professor Vilayət Quliyev qeyd edir ki,
"maraqlıdır ki, ona hələ də formal bəraət
verilməyib".
Monoqrafiyanın bəşəri və elmi prinsiplərlə
yanaşı, milli prinsiplərə söykənməsi də
diqqətdən yayınmır. Müəllif haqlı
olaraq türk düşüncə tərzinin
inkişafının və yayılmasının fədailərinin
əməllərini alqışlayır. O, Asan bəyi
belə xarakterizə edir: "Müsəlman ümmətindən
türk millətinə çevrilmə prosesinin
bayraqdarının Azərbaycan olacağına
inanırdı". Tədqiqatçı
araşdırdığı müəllifin Qafqazdakı
türksoylu insanları Rusiya türkləri kimi təqdim
etdiyini xüsusilə qabardır. Müəllif
A.S.Ayvazovun türkləri siyasi müstəqillik uğrunda
mübarizəyə səsləyən fədakar olduğunu
örnək kimi göstərir. Araşdırılan
müəlliflərin türkçülük uğrunda
mübarizə kimi ortaq cəhətləri olsa da, Azərbaycana
münasibətlərində fərqli tərəfləri də
üzə çıxarılır. Azərbaycan
vurğunu olan Asan bəydən fərqli olaraq, Əhməd bəyin
ölkəmizə soyuqqanlılıqla yanaşdığı
da bəlli olur.
Bu barədə kitabın ikinci hissəsində daha
yaxından bilgi əldə etmək olur. Səkkiz
yarımbaşlıqla təqdim olunan ikinci bölüm Əhməd
Kamalın keşməkeşli həyat tarixcəsinə həsr
olunub. Onun hələ gəncliyində
Sultan II Əbdülhəmidi öldürmək eşqinə
düşməsindən, ehtiyac üzündən Bakıya
üz tutmasından, nəhayət, sıradan bir insan kimi
dünyadan köçməsindən hərtərəfli
söz açılır.
Tədqiqatdan öyrənirik ki, onun "Füyuzat"da
ilk çap olunan əsəri "Fəlsəfeyi-pərişan"
şeiridir.
Ə.Hüseynzadə Asan bəyin 34 yaşında dərgiyə
gəlişini "İdarədən" başlıqlı
yazı ilə "Yeni qələm yoldaşımız"
adlı qeydlə bildirmişdi. Beş ay jurnalla əməkdaşlıq
edən Əhməd bəyin "Füyuzat"da 5 şeiri,
13 məqalə və publisist yazısı işıq
üzü gördüyü məlum olur. Tədqiqatçı
onun şeirlərinin digər müəlliflərin şeirlərinin
kölgəsində qaldığını qeyd edir. Yalnız sonet janında yazdığı
"Gözəlim, açma maziyi" şeiri ilə yenilik gətirə
bildiyini nəzərə çatdırır. Bununla belə, onun məcmuədəki debütünü
"Simurqun qanadlarında" publisist yazısı hesab edir.
O da nəzərə çatdırılır ki, Asan Səbrinin
"Füyuzat"dakı məqalələri yalnız ədəbi
deyil, siyasi və ictimai xarakteri ilə də seçilirdi. Hələ də aktuallığını itirməyən
yazısı kimi "Avropalılarla anlaşalım" məqaləsi
fərqləndirilir.
Monoqrafiyadan
aydın olur ki, ona qarşı olunan hörmətin
qarşılığında Əhməd Kamal mütəmadi
olaraq dərgiyə özəl olaraq
çağrıldığını, ona xüsusi ehtiyac
olduğunu vurğulayaraq, əslində bura öz
yalvarışı ilə minnətçi düşərək
gəldiyini unutdurmağa cəhd edirdi. Hətta
azərbaycanlı şair İbrahim Tahir Musayevlə davamlı
mübahisələrinə də aydınlıq gətirilir.
Tədqiqatçı alim məsələnin
aydınlaşdırılması üçün Musayev
haqqında ətraflı bilgi verərək onun da obyektiv
formada tanıdılması üçün şərait
yaradır. Bu iki imza arasındakı əsas
mübarizə yazılarının yazıldığı
türkcənin üstünlüyünün daha vacibliyini
isbatlamaq uğrunda olub. Bundan əlavə
müəllif Əhməd Kamalın bütöv gerçəkliklərini
təqdim etmək üçün yalnız
füyuzatçıların deyil, molla nəsrəddinçilərin
də onun haqqında olan düşüncələrinə
şərh verib. Bununla belə, II Sultan Əbdülhəmid-Hacı
Zeynalabdin Tağıyev-Əhməd Kamal
üçlüyünün jurnalın müqəddəratının
həll olunmasındakı "rolu"na
da yaradıcı münasibət bildirilib.
Monoqrafiyada Əhməd Kamalın da
"Füyuzat"dan sonrakı həyat və fəaliyyətinə
güzgü tutulmuşdur. Bir müddət
Bakıda Balaxanı məktəbində müdir, "Günəş"
qəzetində baş redaktor olduğu yazılır. 1911-ci ildə Bakıda polislər qəzetə
basqın edirlər, Əhməd Kamal həbs olunur,
"Şaka" şeirini də Bayıl həbsxanasında
yazır. Professor V.Quliyev qeyd edir ki, bu həbsdən
sonra o, dekadansdan realist şeirə keçir. Rifat Paşanın köməyi ilə onun vətəninə
qayıtması bildirilir. Türkiyəyə
döndükdən sonra Əhməd Kamal Azərbaycana
etinasız yanaşır, bura ilə bağlı
tanışlarının münasibət qurmaq cəhdlərinə
də cavab vermir. Bu şəxslərdən biri
Ə.Hüseynzadə, digəri isə Bayıl həbsxanasında
tanış olduğu milliyyətçi
Abbasqulu Kazımzadə idi. Buna rəğmən
yenə də ölümündən sonra Azərbaycan
ziyalıları ona olan sayğılarını nümayiş
etdirir, oğluna başsağlığı göndərirlər.
Monoqrafiyanın özəl cəhətlərindən
biri də odur ki, gizli mətləblərin
açılmasında əsas vasitə kimi istinad olunub. Asan Səbrinin
Əli bəyə yazdığı məktublardan əlimizdə
olan üç məktuba tədqiqatçının
müraciəti də bu fikirləri təsdiq edir. Nəzərə alsaq ki, Asan Səbrinin arxivi
yerli-dibli yox edilib, onda bu məktubların nə dərəcə
önəmli sənədlər olduğu etiraf edilməlidir.
Monoqrafiyada iki müəllifin timsalında
bütövlükdə XX əsrin əvvəllərində
Azərbaycan ədəbi-ictimai fikrinə də orijinal
münasibət bildirilir. O zaman baş verən hadisələr
qarşılıqlı əlaqələr fonunda
araşdırılır. Hər iki müəllifin
istər sağlığında, istərsə də
ölümündən sonra barələrində
yazılmış yazıların fundamental sistemləşdirilməsinin
şahidi oluruq. Hətta onlar haqqında
yazılmış bir sıra tədqiqatlardakı xətalara
düzəliş münasibətini də görmək olur.
Monoqrafiyanın mükəmməl
alınması üçün elmi və publisist
araşdırmalarla, yanaşı bədii mətnlərə də
istinad edilib. Xüsusən də, müəlliflərin
öz şeirlərindən etibarlı mənbə kimi
faydalanıb. Kitabın dili ağır elmi
terminologiyadan uzaq, bir qədər də bədii çalarlarla
asanlaşdırılıb. Yalnız sitat kimi verilən
XX əsrin əvvəllərinə aid olan parçalarda
"ortaq türkcə"nin dil faktoru ilə
qarşılaşırıq.
Ümumiyyətlə,
professor Vilayət Quliyevin
"Füyuzat"ın iki yazarı" kitabı yeni
dövr Azərbaycan ədəbiyyatının tədqiqi və
öyrənilməsi baxımından ədəbiyyatşünaslığımız
üçün dəyərli bir töhfə kimi qiymətləndirilməlidir.
Gülnar SƏMA
525-ci qəzet.- 2017.- 11 may.- S.6.