İbiş bəy Mirzə Cəlili ölümdən necə xilas etdi?

 

 

 

Azərbaycanın ilk maarifçi qadınlarından, tanınmış ziyalı, ictimai xadim, xeyriyyəçi Həmidə xanım Cavanşir görkəmli yazıçı, dramaturq publisist Cəlil Məmmədquluzadənin sədaqətli həyat yoldaşı olub. Onlar 25 il ərzində gözəl bir ailə həyatı yaşayıblar.

 

Həmidə xanım layiqli ömür-gün yoldaşı olmaqla bərabər,mübarizə dolu həyat yollarında Mirzə Cəlilə həm silahdaş,həm xeyirxah bir insan kimi dayaq durub, yaxından köməklik göstərib. "Molla Nəsrəddin" jurnalının nəşr olunmasında geniş yayılmasında onun xidmətləri əvəzsizdir.

 

Həmidə xanım 1873-cü ildə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində dövrünün qabaqcıl ziyalılarından sayılan məşhur tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya göz açıb. O, yüksək ailə təhsili alaraq, rus dilini mükəmməl öyrəndiyi  üçün yaşıdlarından fərqlənib, sayılıb-seçilib, böyük hörmət qazanıb.Həmidə xanım Cavanşir çox gənc ikən hərbçi, polkovnik İbrahim bəy Davatdarovla ailə qurub. Onların iki övladı dünyaya gəlib. Lakin çox keçməyib, İbrahim bəy qəflətən vəfat edib. Bu səbəbdən Həmidə xanım uşaqlarını da götürüb Kəhrizliyə qayıdıb burada atasına məxsus təsərrüfatı idarə etməyə başlayıb.Böyük maarifpərvər qadın həmin illərdə şifahi xalq ədəbiyyatı nümunələrini, bir çox müəlliflərin əsərlərini toplayıb, uşaqlara yazıb-oxumağı öyrədib. O, atası Əhməd bəy Cavanşirin balacalar üçün qələmə aldığı mənzum hekayələrdən tərcümələrdən ibarət əsərlərini bir yerə yığaraq nəşr etdirmək qərarına gəlib. Bu məqsədlə 1905-ci ildə Tiflis şəhərinə gələrək həmin əsərləri "Qeyrət" mətbəəsinə təqdim edib. O, burada qüdrətli söz ustası Cəlil Məmmədquluzadə ilə tanış olub, iki ildən sonra isə onunla ailə qurub.

 

H.X.Cavanşir Mirzə Cəlil ilə birgə yaşadığı illərdə Kəhrizlidə tibb məntəqəsi, toxuculuq emalatxanası, məktəb açdırıb, dəyirman tikdirib. Maraqlıdır ki, sözügedən məktəb sovetlər dönəmində uzun illər fəaliyyət göstərib. Onun binası 2005-ci ildə təmir olunaraq, Həmidə xanım Cavanşirin ev muzeyinə çevrilib.

 

Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin təşkilatçılarndan biri kimi geniş xeyriyyə tədbirləri həyata keçirib, daim insanlara kömək əli uzadıb. O, 1911-ci ildə ağır xəstə olan Mirzə Ələkbər Sabirin müalicəsi üçün əlindən gələni əsirgəməyib.Çoxşaxəli fəaliyyətə malik fədakar qadın 1912-ci ildə Zaqafqaziya pambıqçılarının qurultayında iştirak edərək bu təsərrüfat sahəsinin inkişafı üçün faydalı təkliflər irəli sürüb. Təsadüfi deyildir ki, Qarabağda pambıqçılığın yayılması onun adı ilə bağlıdır.Sonralar Bakıya köçən Həmidə xanım "Molla Nəsrəddin" jurnalının nəşrində Cəlil Məmmədquluzadəyə daha yaxından yardımlar edib. O, Mirzə Cəlil vəfat etdikdən sonra ədibin həyat yaradıcılığının tədqiqi, tərcüməsi çap məsələləri ilə geniş məşğul olub. Həmidə xanımın "Xatirələrim" adlı əsəri Azərbaycan memuar ədəbiyyatının ən gözəl nümunələrindən sayılır.

 

Sovet hakimiyyəti illərində bəy və zədəgan nəslinin nümayəndələri repressiyalara, təzyiqlərə məruz qalıb, təqiblərlə üzləşiblər. Bu səbəbdən də Həmidə xanımın qohumları da təqib olunublar. Cavanşirlər nəslinə mənsub bir çox ailələr həmin dövrdə Kəhrizlidən köçüb-getmək, başqa ərazilərə sığınmaq məcburiyyətində qalıblar.Həmidə xanım Cavanşirin əmisi oğlu İbiş bəyin oğlu Aslan da sovet təqibindən qorunmaq məqsədi ilə ailəsini götürüb Pərioğullar kəndinə pənah gətirib. Aslanın nəvəsi, Pərioğullar kənd sakini, nüfuzlu ziyalı Vaqif İbişovun dediklərinə görə, atası Kamal kişi övladlarına sovet rejimi tərəfindən zərər yetirilməsin deyə, uzun illər Həmidə xanımla qohumluq əlaqələrini gizlədib. Lakin çox sonralar o, Həmidə xanım Cavanşirin əmisi oğlu İbiş bəyin nəvəsi olduğunu övladlarına bildirib. Hazırda onun bütün ailə üzvləri İbişov soyadını daşıyırlar.

 

Vaqif İbişovun anası Günəş xanım da söhbətlərində II Cahan savaşından sonra yaranmış qıtlıqla əlaqədar Kəhrizliyə getdiyini, həyat yoldaşının yaxın qohumu Həmidə xanımla tez-tez görüşdüyünü, ondan yardım və köməkliklər aldığını bildirib. Günəş xanımın dediklərinə görə, bir dəfə Kəhrizliyə dəyirmanda dən üyütməyə gedərkən ailənin böyük oğlu Ələsgəri də özü ilə aparıb. Həmidə xanım onları sevinclə qarşılayıb. Ələsgərin xətrini çox istədiyi üçün saçını sığallayıb üzündən öpərək deyib ki, dərslərini yaxşı oxu,səni Bakıya aparıb özüm oxutduracam. Təəssüf ki, 1955-ci ildə vəfat etməsi səbəbindən Həmidə xanımın  bu niyyəti baş tutmayıb. Ələsgər  orta məktəbi bitirdikdən sonra Gəncədə ali təhsil alıb, ailə qurub, uzun illər orada yaşayıb, məsul vəzifələrdə çalışıb. O, heç vaxt Həmidə xanımı unutmayıb. Odur ki,bu xeyirxah insan haqqında kitab yazıb çap etdirmək fikrində olub. Ancaq ömür vəfa qılmayıb, Ələsgər vəfat edərək dünyasını dəyişib.

 

V.İbişov söhbət zamanı  maraqlı bir əhvalatdan da söz açıb. Onun sözlərinə görə, atasının babası İbiş bəy öz mərdliyi və igidliyi ilə Qarabağda  ad çıxarıb. Cəsur və qorxubilməz İbiş bəy Cavanşir bir dəfə Mirzə Cəlili ölümdən qurtarıb. Həmidə xanımdan narazı olan silahlı şəxslər ondan qisas almaq üçün həyat yoldaşı Cəlil Məmmədquluzadəni  faytonla Kəhrizlidən Yevlağa gedərkən öldürmək qərarına gəliblər. Məsələdən vaxtında xəbər tutan İbiş bəy öz dəstəsi ilə yetişib, bu müdhiş planın qarşısını alıb. Beləliklə, Mirzə Cəlil ölümdən xilas edilib. Həmin hadisə Həmidə xanım Cavanşirin qələmə aldığı məşhur" Xatirələrim" kitabında da əksini tapıb.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2017.- 11 may.- S.8.