Bakıda "Azərkitab" Mərkəzinin
açılışı oldu
Mayın 9-da Bakıda Azərbaycanın
ən böyük kitab mağazasının
- "Azərkitab" Təbliğat
Mərkəzinin açılış
mərasimi keçirilib.
Mərasimə millət vəkilləri, yazarlar, tanınmış
sənət nümayəndələri,
jurnalistlər və oxucular qatılıb.
"Azərkitab"ın rəhbəri Sabir Həsənov qonaqları salamladıqdan sonra kitab evinin fəaliyyəti
haqqında geniş məlumat verib. Qeyd edib ki, bu
Kitab Təbliğatı
Mərkəzi 1924-2000-ci illərdə
fəaliyyət göstərmiş
"Azərkitab"ın mənəvi
varisidir: "Bu kitab evinin açılışının
məhz bu gün - Ulu öndər Heydər Əliyevin 94-cü doğum
günü ərəfəsində
keçirilməsi heç
də təsadüfi deyil. Başda prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan rəhbərliyi
Ulu öndərin təhsilə, kitaba, mütaliəyə qayğısını
rəhbər tutaraq, onun irsini davam
etdirir. Biz də
hər zaman fəaliyyətimizdə ümumilli
liderimizin ənənələrini
davam etdirməyə çalışırıq. Mən uzun illər əməkdaşı olduğum
"Azərkitab"ın mənəvi
varisi kimi bu kitab evini
yaşatmağı özümün
insanlıq və vətəndaşlıq borcum
bilirəm. Bu Mərkəzi yaratmaqda məqsədimiz insanlarımızın
kitaba qayıdışına,
gənclərin sağlam,
zəngin dünyagörüşlü
şəxsiyyət kimi
formalaşmasına dəstək
verməkdir".
Azərbaycan Mətbuat Şurasının
sədri, millət vəkili Əflatun Amaşov bu ideyanı dəstəklədiyini
və gələcəkdə
"Azərkitab"ın inkişafı
üçün hər
cür köməyə
hazır olduğunu vurğulayıb: "Hazırkı
şəraitdə kitabın
təbliğatı üçün
görülən hər
bir iş böyük qəhrəmanlıqdır.
Bunun üçün Sabir müəllimə Azərbaycan
jurnalistləri adından
təşəkkür edirəm.
Mən tez-tez kitab evlərində,
mütaliənin təbliği
ilə bağlı keçirilən tədbirlərdə
oluram və görürəm ki, cəmiyyətimizdə kitaba
maraq getdikcə artmaqdadır. Belə bir
mərkəz isə Azərbaycanda bir ilkdir. Bu ideyanın
daha da genişlənməsini
arzu edirəm".
Bu mərasimi kitab bayramı adlandıran Xalq şairi Sabir Rüstəmxanlı deyib: "Hesab edirəm ki, bu gün Azərbaycanın,
xüsusən Bakının
mənəvi həyatında
çox böyük hadisə baş verir. Bir kitab
bir millətin tarixini min il
irəli çəkir.
"Sürətlə artan texnoloji inkişaf kitabı dəyərdən salır"-
fikri ilə razı deyiləm. Əksinə,
düşünürəm ki, yeni oxu
sistemi yarandıqca köhnələr öz qiymətini daha da artırır. Biz ölkədə, xüsusən rayonlarda kitabxanaların sayının
artmasına, kitabların
insanlara çatdırılmasına
çalışmalıyıq. Çox istərdim ki, bu kitab mərkəzinin
bölgələrdə də
filialları açılsın".
Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı
Çingiz Abdullayev Kitab Təbliğatı Mərkəzinin açılışını
alqışlamaqla bərabər,
ölkədə kitabxanaların
azlığından doğan
təəssüfünü ifadə edib: "Kitab mənəvi silahdır. Bizim hər sahədəki
qələbəmiz ondan
asılıdır. Kitabdan qaçan,
kitabı sevməyən
millətin heç bir gələcəyindən
söhbət gedə bilməz. Mən istərdim ki,
televiziya kanallarımızda
kitabların da reklamına, təbliğatına
yer verilsin".
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli son zamanlar
kitaba marağın artmasından məmnunluq duyduğunu vurğulayıb:
"Bu cür mərkəzin
yaradılması təkcə
mədəni yox, həm də böyük elmi, ictimai-siyasi hadisədir. Gəncliyi kitab oxumamaqda günahlandırmağı düzgün
hesab etmirəm. Son dövrlər gənclərin
kitaba marağını,
sevgisini sübut edən çox hadisələrin şahidi
olmuşam. Ölkəmizdə
bu proses uğurla davam etdirilir. Açılan hər kitabxana
bir ordunun işini görmək qüdrətinə malikdir.
Biz də elmimizin,
ədəbiyyatımızın keşiyində duran ziyalı kimi hər zaman bu cür tədbirlərə
dəstək verməyə
hazırıq".
Millət
vəkili Fəzail İbrahimli, Milli Məclisin Vətəndaşların
şöbə müdiri
İbrahim Yusifzadə "Azərkitab" Mərkəzinin
yaradılmasını dövlətçiliyə,
xalqa, sözə, ədəbiyyata böyük
xidmət kimi dəyərləndiriblər.
Millət vəkili, yazıçı Aqil Abbas deyib: "Son zamanlar kitab ardıcıl təbliğ olunur, kitab evləri açılır, Oxu günləri keçirilir, məktəblərdə şair-yazıçılarla görüşlər təşkil olunur. Bunlar çox gözəl işlərdir. "Azərkitab"ın açılışı bu sahədə daha bir uğurlu addımdır. Belə görürük ki, bu Mərkəz həm tamam fərqli, həm də səmərəli formada fəaliyyət göstərəcək. Burada hətta azyaşlılar üçün ayrıca guşə hazırlanıb. Bu fədakar insanlar mütaliənin inkişafı üçün lazım olan hər bir şəraiti yaradıblar. Mən kitabı sevən biri kimi bu təşəbbüsü ürəkdən alqışlayıram".
Yazıçı-publisist Dilarə Ağamusa yeni Mərkəzin açılışına ürəkdən sevindiyini bildirib və özünün üç kitabını quruma hədiyyə edib.
Keçmiş "Azərkitab"ın əməkdaşı Zemfira Əliyeva sevincini belə ifadə edib: "1968-ci ildən etibarən "Azərkitab"da işləmişəm. Bu gün onun varisi hesab olunan belə bir kitab mərkəzinin yaradılmasına ən çox sevinənlərdən biri də mənəm".
Xalq artistləri Ramiz Novruz və Hacı İsmayılov, şair-publisist İradə Əlili, Əməkdar artist Rafael İsgəndərov, Niderland-Azərbaycan Mədəniyyət Evinin sədri Elxan Mirhəşimli, yazıçı Elxan Elatlı da Mərkəzin yaradılmasını məmnunluqla qarşıladıqlarını, kitabın təbliğinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, "Azərkitab"da təkcə kitab satışı deyil, nəşr təqdimatları, imza günləri, yazıçılarla, ziyalılarla görüşlərin keçirilməsi də nəzərdə tutulub. Mərkəzdə tədbirlər üçün otaqlar, akt zalı, müxtəlif kitabların yer aldığı "Book cafe" bölməsi, uşaqlar üçün "Nağıl otağı" da istifadəyə verilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 11 may.- S.7.