Böyük ədibimiz Mirzə Cəlil və
Tiflis ədəbi mühiti
Bu il Mirzə Cəlilin haqq dünyasına
qovuşmasından 85 il keçir.
"Molla Nəsrəddin" jurnalının 110
yaşının tamam olduğu 2016-cı ildə isə
yazıçının Tiflisdə və Bakıda müxtəlif
əsərlərinin gürcü dilinə tərcümələrindən
ibarət iki kitabı çap edildi. Tiflis ədəbi-mədəni
mühitinə özünün silinməz
möhürünü vurmuş böyük ədibin müqəddəs
ruhuna bağışladığımız bu yazıda həmin
kitablardan da bəhs olunur...
Azərbaycan və gürcü xalqları arasında əlaqələrin
tarixi bu xalqların özlərinin tarixi qədər qədimdir. Məişət
yaxınlığı, siyasi və iqtisadi münasibətlər,
tarixi tale oxşarlığı azərbaycanlılarla
gürcülərin min illərdən bəri yaradıb, nəsillərdən-nəsillərə
ötürdükləri mənəvi sərvətlərdən
qarşılıqlı bəhrələnməni şərtləndirib.
Görkəmli gürcü alimləri A.Baramidze, F.Beqiaşvili,
Ş.Nutsibidze və başqaları Azərbaycan klassik ədəbiyyatının,
konkret Nizaminin gürcü ədəbiyyatına, renessans
dövrü gürcü poeziyasına dərindən təsir
göstərdiyini yazıblar. Xaqani və Nizami, Vaqif və
Axundzadə, Mirzə Cəlil və Səməd Vurğun... Onların hər biri sağlıqlarında ikən
Gürcüstanda tanınmış və sevilmiş, Azərbaycan-gürcü
ədəbi əlaqələri tarixinə özlərinin
möhürlərini vurmuşlar. Müstəqilliyin
yenidən bərpasından sonra bu əlaqələr yeni
keyfiyyət mərhələsinə qədəm qoymuşdur.
Qısa bir müddət ərzində
qarşılıqlı bədii tərcümə işləri
geniş vüsət almış, yeni tərcüməçilər
nəsli formalaşmışdır. Diqqətəlayiq
haldır ki, bədii tərcümələr artıq bir qayda
olaraq birbaşa mənbə dilindən edilir. Bu yaxınlarda Tiflisdə gürcü dilində Cəlil
Məmmədquluzadənin hekayələrindən ibarət
"Poçt qutusu" kitabı işıq üzü
görmüşdür. İdeya və ön
sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli, redaktoru Ş.Rustaveli adına
Gürcü Ədəbiyyatı İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor İrma Radiani, tərcüməçisi
Almaz Mirzəoğludur. Bu, C.Məmmədquluzadənin
ən yeni tariximizdə gürcü dilinə ilk tərcüməsidir
və zənnimizcə, həm də rəmzi xarakter
daşıyır. Çünki C.Məmmədquluzadə
deyəndə həm də Tiflis yada düşür. Yazıda gürcü dilində yeni nəşrlə
bərabər, artıq tarixləşmiş Mirzə Cəlil
və Tiflis ədəbi mühiti məsələsinə də
xüsusi nəzər yetirməyi vacib sayırıq. Çünki bunlar bir-birinə mənən
bağlı, üstəlik həm də sırf ədəbi,
ictimai, tarixi yaddaş məsələsidir.
...İyirminci
yüzil Tiflis ədəbi mühitini 1903-cü ilin
dekabrından "həmişəlik tiflisli olan" C.Məmmədquluzadəsiz təsəvvür
etmək mümkün deyil. Bir az da dəqiqləşdirsək,
həmin əsrin lap başlanğıcından Tiflis Azərbaycan
ədəbi mühiti C.Məmmədquluzadə və "Molla
Nəsrəddin" jurnalının timsalında yenidən
dirilik tapmış, reabilitasiya olunmuş, üstəlik
zamanın əkiz doğduğu bu tandem (naşir və jurnal)
Tiflis gürcü ədəbi mühitinə, Bakı, İrəvan,
Təbriz, eləcə də Borçalı, Ahısqa,
Acarıstan, Dağıstan və Mərkəzi Asiyada,
Rusiyanın türk-müsəlman əhalisinin kompakt
yaşadığı digər ərazilərdə ədəbi
prosesə öz müsbət təsirini göstərmişdir.
Qısası, gürcü dilində çap
olunan "Poçt qutusu" hekayələr kitabı ilə
C.Məmmədquluzadə mənən yenidən həmişə
onun üçün gözləri yol çəkən Tiflisə
qovuşmuşdur. Onu da deyək ki, "Poçt
qutusu" hekayəsinin gürcü dilinə ilk tərcüməsinin
üstündən 82 il keçir və
onun maraqlı bir tarixçəsi var ki, irəlidə
danışacağıq.
"Poçt qutusu" C.Məmmədquluzadənin bir
insan və yazıçı olaraq taleyində tamamilə yeni
səhifə açıb, daha doğrusu, onun həyatının
Tiflis hekayəti məhz bu hekayə ilə başlanır. Böyük ədib
ömrünün sonlarında qələmə
aldığı, lakin tamamlaya bilmədiyi
"Xatiratım" əsərində yazırdı: "...
mənim bu hekayəm mənim ədəbi həyatımda bir əhəmiyyətli
rol oynayıbdır. Bu da odur ki, bəlkə, bu
hekayəmin səbəbindən mən həmin bu müsafirətimdə,
Tiflisə azarlını (xəstələnmiş həyat
yoldaşını müalicəyə gətirdiyini nəzərdə
tutur - Ş.Ş.) apardıqda dəxi İrəvana
qayıdıb gəlmədim və Tiflisdə qalıb, sonra da
həmişəlik tiflisli oldum". "Poçt
qutusu" C.Məmmədquluzadənin Tiflisə köçəndən
sonra ilk mətbu hekayəsidir. Maraqlıdır,
"Poçt qutusu" müəllifin Tiflisdə ilk
ayrıca kitabıdır, "Poçt qutusu" müəllifin
gürcü dilinə tərcümə edilmiş ilk hekayəsidir.
Beləliklə, "Poçt qutusu" və
ilklər. Bəlkə də bu hekayə
C.Məmmədquluzadənin də ən əziz əsəri
olub. Hər halda, bütün
mübaliğələrdən kənar, "Poçt
qutusu" nəinki C.Məmmədquluzadə
yaradıcılığının, bütövlükdə
milli hekayə janrının ən mükəmməl, ən
qüsursuz heykəlidir. Zənnimizcə,
istənilən bir əsərə müəllifin
özündən də, oxuculardan da yaxşı,
doğru-dürüst qiyməti zaman verir. "Poçt
qutusu"nun yaranmasından (!) bir əsrdən də çox
vaxt keçib, oxucular gəlib, oxucular gedib, amma bu hekayə
bütün zamanlarda zamanın əsəri olaraq qalıb.
...Təxminən
doxsan il əvvəl "Şərq
qadını" jurnalında dərc etdirdiyi məqaləsində
Cəlil Məmmədquluzadə yazırdı: "Mirzə Fətəli
Axundzadənin barəsində ya çox yazmaq lazımdır,
ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundzadənin
barəsində ya yaxşı yazmaq lazımdır, ya heç
yazmamaq lazımdır..." Bizcə, M.F.Axundzadə
haqqında bundan dəqiq, bundan sərrast fikir söyləmək
mümkün deyil və böyük Mirzə Cəlil onlarla səhifədə
əsaslandırılası mətləbi özünəxas
üslubda, lakonik şəkildə belə ifadə eləmişdi.
Bu sözlər millətin bir Mirzəsinin
özündən yaşca böyük Mirzəsinə - əvəzolunmaz
sələfinə qədirbilənliyinin nişanəsi idi.
Üstündən illər keçəndən
sonra C.Məmmədquluzadənin ədəbiyyat, mədəniyyət,
mətbuat, bir sözlə, mənəviyyat tariximizdəki
yerinə nəzər salanda qətiyyən tərəddüd
eləmədən həmin fikirləri elə onun özü
barəsində söyləməli oluruq. Bu,
onun millətdən aldığı halal haqqıdır.
Böyük Atatürkün millət haqqında
düşüncələrində maraqlı bir deyimi burada
tamamilə yerinə düşür: "Millətə əfəndilik
eləmək olmaz. Millətə xidmət eləmək
olar. Millətə xidmət eləyən
millətin əfəndisi olur". C.Məmmədquluzadə
millətin Mirzəsi, millətin Əfəndisi olmaq xoşbəxtliyi
qazanan az sayda şəxsiyyətlərdəndir.
C.Məmmədquluzadənin həyatı və
yaradıcılığı Naxçıvan, Tiflis, Təbriz
və Bakı mərhələlərindən keçir və
bu mərhələlərin biri o birini üzvi şəkildə
tamamlayır.
Milli-mənəvi düşüncə tariximizdəki yerlərinə
görə tam haqlı olaraq az qala müqəddəslik səviyyəsinə
qaldırdığımız həmin şəhərlər,
həm də Mirzənin alın yazısıdır; etiraf eləyək
ki, XIX əsr Azərbaycan gerçəkliklərində sadə
bir ailənin Cəlil adlı övladı məhz həmin
şəhərlərdə Mirzə kimi tanınmış və
yenə mübaliğədən tamamilə uzaq, Mirzə də
şəxsiyyəti ilə həmin şəhərlərin
sonrakı tarixinə özünün səhifələrini
yazmış, necə deyərlər, ona bir şahanəlik
bağışlamışdır.
Şübhəsiz ki, C.Məmmədquluzadənin bir
şəxsiyyət kimi yetişməsində
Naxçıvanın müstəsna rolu vardır;
Naxçıvan dünya ədəbiyyatının ənginliklərinə
uçmaq üçün ona qanad vermiş, Naxçıvan
torpağı, bir növ, bu möhtəşəm
uçuşun ilk böyük alanı olmuşdur. Tiflis
mühiti isə C.Məmmədquluzadənin
yaradıcılığının ideyaca zənginləşməsi,
məfkurə baxımından dəqiqləşməsi,
böyük ədəbiyyat qarşısında
missiyasının müəyyənləşməsi mərhələsi
kimi xarakterizə oluna bilər. Həm də, yuxarıda
qeyd etdiyimiz kimi, C.Məmmədquluzadənin şəxsində
Tiflis Azərbaycan ədəbi-mədəni mühiti
özünün canlanma mərhələsinə qədəm
qoymuş, bu mühitə yeni can və nəfəs
verilmiş, onun əhatə və nüfuz dairəsi xeyli
genişlənmişdir. C.Məmmədquluzadə
isə bu mühiti XIX əsrə özlərinin möhürlərini
vurmuş böyük sələfləri A.Bakıxanov,
M.Ş.Vazeh, İ.Qutqaşınlı və M.F.Axundzadə mərhələsinin
başa çatmasından sonra xeyli pərakəndə vəziyyətə
düşmüş şəkildə qəbul etmişdir.
Mirzə
Cəlilin bu günlərdə Tiflisə yenidən
qayıdışını, onun bir az əvvəl
oxuduğumuz sətirlərini yadda saxlamaq şərtilə, "Qafqaz
türklərinin mərkəzi" (C.Məmmədquluzadə),
iyirminci yüzildə "Azərbaycan ədəbi-mədəni
mühitinin baş qərargahı" (İ.Həbibbəyli)
olan bu şəhərlə bağlı milli-mənəvi
düşüncə tariximizin XIX əsr mənzərəsinə,
qabarmalar və çəkilmələrlə dolu
dövrünə baş vurmağı zəruri
sayırıq. Bu, C.Məmmədquluzadə və Tiflis ədəbi-mədəni
mühiti probleminə, daha doğrusu, həmin mühitin
taleyində Mirzə Cəlil və onun qələm
dostlarının, ölməz "Molla Nəsrəddin"in
müstəsna roluna işıq tutmaq baxımından xeyli əhəmiyyətlidir.
XIX əsrin birinci yarısından etibarən Azərbaycan
ziyalıları Tiflisin mədəni həyatında
yaxından iştirak etməyə başlamışlar. A.Bakıxanov, M.Ş.Vazeh,
İ.Qutqaşınlı və M.F.Axundzadə həmin
dövrdə Qafqazın siyasi və mədəni mərkəzi
Tiflisdə yaşayıb-yaradan, yaxud müntəzəm şəkildə
bu şəhərə gəlib-gedən A.S.Qriboyedov,
N.V.Xanıkov, V.Pototski, İ.Slivitski, Q.Qaqarin, Y.Polonski,
V.Solloqub, E.Verderevski, N.Berdzenov, D.Bakradze, M.Tumanişvili,
D.Kipiani, Q.Orbeliani, A.Çavçavadze, G.Eristavi, G.Sereteli və
onlarla başqaları ilə yaxından yaradıcılıq əlaqələri
saxlamış, onlarda Azərbaycan ədəbiyyatı və mədəniyyəti
barədə bitkin təsəvvür
formalaşdırmışlar. M.Ş.Vazehin
yaratdığı "Divani-hikmət" məclisi Tiflisdəki
gürcü və rus ədəbi dərnəkləri ilə
yaxından ünsiyyətdə olmuşdur. Azərbaycan ədəbiyyatında dram və nəsrin
ilk nümunələri Tiflisdə meydana
çıxmış, Azərbaycan dramaturqunun əsərləri
bu şəhərdə səhnə təcəssümü
tapmışdır. Təəssüf ki,
XIX əsrin altmışıncı illərindən etibarən
Tiflis Azərbaycan ədəbi mühiti əvvəlki
gücü və qüdrətini qoruyub-saxlaya bilməmiş,
bu mühitin bütün qayğılarını M.F.Axundzadə
təkbaşına çəkməli olmuşdur. Tiflis Azərbaycan ədəbi mühitinin əvvəlki
tempini itirməsinin bir sıra obyektiv və subyektiv səbəbləri
vardı. Şəhərdə yaşayan savadlı azərbaycanlıların
sayı digər xalqlarla müqayisədə xeyli az idi. Bu da mədəni səviyyəyə
kifayət qədər mənfi təsir göstərirdi.
1876-cı ilə dair bir sənəd mövcud mənzərəni
tam aydınlığı ilə göstərməkdədir.
Həmin il Tiflisdə ümumilikdə 2502
azərbaycanlı yaşamışdır ki. onların
da cəmisi 555 nəfəri (55-i qadın) savadlı
olmuşdur.
Savadlı deyəndə söhbət, əlbəttə,
yüksək təhsildən deyil, sadəcə
oxuyub-yazmağı bacarmaqdan gedirdi. Kişilərin
yalnız 262, qadınların cəmi 24 nəfəri rus dilində
danışa bilmişdir. Ədəbiyyat, elm sahəsində
3, məhkəmə sistemində 2, saray xidmətində 1, səhiyyə
sahəsində 6, mülki idarələrdə 33 kişi çalışmışdır. Bu kasıb siyahıda azərbaycanlı
qadınların adları, ümumiyyətlə, yoxdur. Sözün həqiqi mənasında xalqların
milli tərəqqi yolundakı yarışına belə bir vəziyyətdə
qoşulmağın perspektivi bəribaşdan aydın idi.
Qeyd edək ki, məqsədyönlü şəkildə
aparılan siyasət nəticəsində azərbaycanlılar
bütün vasitələrlə mədəni təsisatlardan
uzaq tutulurdu. Yuxarıda gətirdiyimiz
acınacaqlı statistika əslində illərlə əvvəl
yeridilən siyasətin acı nəticələrindən
doğmuşdu. Müsəlmanların
dünyəvi məktəblərdə təhsil almalarına
ciddi məhdudiyyətlər qoyulur, kvotalar müəyyənləşdirilirdi.
Başqa bir arxiv sənədi bundan xəbər
verməkdədir.
1843-cü ildə Tiflis Qəza Məktəbində 116
erməni, cəmi 1 nəfər müsəlman şagird təhsil
almışdır. Provoslav şagirdlərin sayı isə 56
nəfər idi. Gözdən pərdə
asmaq məqsədilə müsəlmanlar üçün
ayrıca yaradılmış məktəblərin təmayülü
dövlət siyasətinin içüzünü göstərmək
baxımından xeyli xarakterikdir. 1847-ci ildə
Tiflisdə şiələr üçün ayrı (Əliyyə
mədrəsəsi), 1849-cu ildə sünnilər
üçün ayrı (Öməriyyə mədrəsəsi)
məktəblərin açılması
bölücülük siyasətinin tərkib hissəsi idi,
müsəlman-türk həmrəyliyinə qarşı
yönəldilmişdi. Ö.F.Nemanzadənin,
S.M.Qənizadənin xatirələrində bütün bunlar təfərrüatı
ilə öz əksini tapıb. Türk-müsəlmanların
qəzetlər təsis etmək, mətbəələr
yaratmaq arzularının qabağında keçilməz sədlər
yaradılırdı. M.F.Axundzadənin
öz müəllimi M.Ş.Vazehlə birlikdə mətbəə
yaratmaq təşəbbüsünə imkan verilməmişdi.
İllər keçəcək, böyük Mirzə Cəlil
çarizmin yeritdiyi mənfur siyasətdən, ermənilərin
Azərbaycan mətbuatının təşəkkülü və
inkişafına hər vəchlə maneçilik törətmələrindən
acı-acı bəhs edəcəkdi: "... o vaxtlar müstəbid
Rusiya hökumətinin mənəm-mənəm dövründə
ki, rus tayfasından savayı, türk kimi kiçik bir millətə
etina olunmurdu, türk dilində bir müstəqil cəridə
intişarına yol verməyi Peterburq hökumətindən
heç gözləmək olmazdı. Xüsusən
ki, İran və Osmanlı ilə həmsərhəd olan
Qafqaz müsəlmanlarının maarifinin qüvvətlənməyinə
Rusiya hökuməti heç bir vaxt yol vermək istəməzdi".
(Ardı var)
Şahbaz
ŞAMIOĞLU
525-ci qəzet.- 2017.- 12 may.- S.4.