Dahiliyin zirvəsi
VƏ YAXUD BU ZİRVƏYƏ APARAN YOLUN KƏDƏRLİ KEŞMƏKEŞLƏRİ
Azərbaycan milli mədəniyyətinin dahilik dərgahında
Üzeyir bəy Hacıbəylinin öz müqəddəs
hücrəsi var. Bu, təkcə mənim fikrim deyil və həmin
həqiqəti mədəniyyət və incəsənətimizlə
bağlı olan bütün sənətkarlar bəyan ediblər.
Qədirbilən musiqişünaslarımız Üzeyir
bəy dühasının əzəməti barədə
çox-çox yazıblar, yazırlar və yazacaqlar da. Onun
yaradıcılığı barədə tədqiqatlar da az deyil, çoxdur. Amma və di gəl
ki, mənim fikrimcə, bu çoxluğun özü kifayət
qədər, tam yetərincə deyil. Xüsusən
də Üzeyir bəy və teatr mövzusuna dərindən-dərinə
çıraq tutub gizli mətləbləri, yaxud zamanın
alatoranında ilişib qalmış həqiqətlərə
çıraq tutmağa ehtiyac duyulur.
Mən
musiqişünas deyiləm, ancaq bəstəkarın musiqi
dünyasına az-çox bələdliyim var. Bununla belə
hiss edirəm ki, hələ bu sahədə də daha dərindən
araşdırmalar aparmağa ciddi ehtyac var. Bu yazımda elmi
araşdırmalar aparmaq fikrim yoxdur. Sadəcə,
musiqi və teatr ictimaiyyətinə az-çox məlum olan
müəyyən fakt və olayları bir qədər
geniş nəzərə çatdırmağa
çalışacam. Əmin olmaq istərdim ki, bir yerə
topladığım faktlar hansısa tədqiqatçının
və ya tədqiqatçıların Üzeyir bəy irsinin
daha dərin qatlarının mahiyyətini açmalarına bəlkə
açar ola bilər.
Əvvəlcə Üzeyir bəyin opera və
operettalarının ilk tamaşa tarixlərini bir daha
xatırlayaq.
Çünki onun əsərlərinin premyera
tarixlərindən bəhs edən bəzi tədqiqatçlar,
xırda da olsa, yanlışlığa yol veriblər.
1908, 12 yanvar. “Leyli və Məcnun”. Tağıyev teatrında. Quruluşçu
rejissor Hüseyn Ərəblinski, dirijor Əbdürrəhim bəy
Haqverdiyev, xorbaşı (xormeyster) Məmmədhənifə
Terequlov.
1909, 30 noyabr. “Şeyx Sənan”. Nikitin
qardaşlarının sirkində. Quruluşçu
rejissor Hüseynqulu Sarabski, dirijor Üzeyir bəy Hacıbəyli,
xorbaşı Məmmədhənifə Terequlov.
1910, 24
may. “Ər və arvard”. Nikitin
qardaşlarının sirk binasında. Quruluşçu
rejissor Hüseyn Ərəblinski.
1910, 12 noyabr. “Rüstəm və Söhrab”. Nikitin qardaşlarının sirk binasında. Quruluşçu rejissor Hüseynqulu Sarabski, dirijor
Üzeyir bəy Hacıbəyli, xorbaşı Məmmədhənifə
Terequlov, rejissor yardımçısı Xəlil Hüseynov.
1911, 25 aprel. “O olmasın, bu olsun” (“Məşədi İbad”). Mayılov qardaşlarının teatrında. Quruluşçu rejissor Hüseynqulu Sarabski.
1912, 10 mart. “Şah Abbas və Xurşid banu”. Nikitin qardaşlarının sirk binasında. Quruluşçu rejissor Hüseyn Ərəblinski, dirijor Müslüm Maqomayev, xorbaşı Məmmədhənifə Terequlov.
1912, 18 may. “Əsli və Kərəm”. Mayilov qardaşlarının teatrında (indiki Opera və Balet Teatrı. Bina 1911-ci ildə istifadəyə verilib). Quruluşçu rejissor Hüseynqulu Sarabski, dirijor Müslüm Maqomayev, xorbaşı Məmmədhənifə Terequlov.
Qeyd. Operanın adı bəzi mənbələrdə “Çoban operası” kimi verilib (bax: “Tazə xəbər”, 28 may 1912).
İkinci qeyd. Bəzi tədqiqatçıların operanın premyerasını 17 may yazmaları səhvdir. Həmin gün Ağəli Ağayev və Xanlarovun işlədikləri “Əsli və Kərəm” operası göstərilib. Üzeyir bəyin operası bir gün sonra oynanılıb (Bu barədə bax: “Sədayi-həqq” qəzeti, 14 may 1912). Hüseyn Ərəblinski yazırdı: “Cümə günü, mayın 18-də oynamalı “Əsli və Kərəm” adlı Üzeyir bəyin operasında mən rejissor deyiləm. Mən cümə axşamı, may ayının 17-də oynanılacaq “Əsli və Kərəm” operasında rejissoram” (“Sədayi-həqq” qəzeti, 15 may 1912).
1913, 25 oktyabr. “Arşın mal alan”. Tağıyev
teatrında. Quruluşçu rejissor
Hüseynqulu Sarabski.
1937, 30 aprel. “Koroğlu”. Opera və
Balet Teatrında. Quruluşçu rejissor
İsmayıl Hidayətzadə, rəssam Rüstəm
Mustafayev, dirijor Üzeyir bəy Hacıbəyli.
Üzeyir
bəy ilk operalarını direksiyon deyilən üslubda
yazıb və bəstəkar Əfrasiyab Bədəlbəyli,
rejissor Soltan Dadaşov, daha bir neçə tədqiqatçı
müxtəlif əsər və məqalələrində
“direksiyon” ifadəsini işlədiblər, ancaq onun mahiyyətini
açmayıblar. Məncə bu məsələyə
musiqişünasların aydınlıq gətirməsinə
müəyyən ehtiyac var.
Üzeyir
bəy məsləkdaşı və bacanağı
Müslüm Maqomayevə Şimali Qafqazın Jeleznovodsk şəhərindən
göndərdiyi 3 iyul 1912-ci il tarıxli məktubunda
yazır: “İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə
müalicə olunur, mən isə piano çalmağı
öyrənirəm. Burada özümə
müəllimə tapmışam. O, həftədə
üç dəfə mənimlə məşğul olur və
hər gün onun royalından istifadə edirəm”.
Qeyd edim ki, bu və digər məktubların mətni
Qulam Məmmədlinin “Üzeyir Hacıbəyli (həyat və
yaradıcılığının salnaməsi)” kitabından
götürülülb.
7 fevral
1914-cü ildə Petrburqdan yenə Müslüm bəyə
yazdığı növbəti məktubda Üzeyir bəy
göstərir: “Nəhayət ki, konservatoriyadayam. Mən harmoniya klasına, o klasa ki, nəzəriyyəçiləri
qəbul edirlər, daxil oldum. Əgər fortepiano
çalmaq bacarsaydım, kontrapunkt klasına daxil ola bilərdim... Hazırda mənim işim
çox-çoxdur, hər gün konservatoriya, həftədə
2 dəfə fortepiano, 2 dəfə praktiki harmoniya...”.
Bəstəkar
bu fikrini 12 gün sonra yazdığı başqa məktubunda
belə davam etdirir: “Müslüm bəy!
Məktubun məni və Məleykəni nə qədər
sevindirdiyini təsəvvür edə bilməzsən. Yay istirahətimizi təmin
etmək üçün 150 manat göndərməyin bizi
çox mütəəssir etdi...
Təhsilim müvəffəqiyyətlə davam edir,
kontrapunkt klasına keçməyimə ümidim var, orada
kontrapunktla yanaşı instrumentovkanı da keçəcəyik. Deməli, bir
ildən sonra harmoniya, kontrapunkt və orkestrovka təlif (ərəbcə
yazılmış, tərtib olunmuş mənasını verir
- İ.R.) etmək üçün nə lazım olduğu mənə
məlum olacaqdır. Ondan sonra biz səninlə,
Allahın köməyilə daha əsaslı, mütəşəkkil
və maraqlı işə başlaya bilərik”.
“Leyli və Məcnun” operası 1907-ci ilin sonlarında
hazır idi. Amma və di gəl ki, Bakı neftxudası, məşhur
mesenat Hacı Zeynalabdin Tağıyevin 1883-cü ildə
özünün taxıl ambarının özülü
üzərində tikdirdiyi teatr binasının (hazırki
Dövlət Musiqili Teatrınn yerində olub) icarədarı
Polonski ilə dil tapıb tamaşanı oynamaq
müşgülə düşmüşdü. Yeri gəlmişkən, 1918-ci ilin mart ayına, erməni
daşnaqları binanı yandıran vaxta qədər Polonskinin
öz truppası həftənin altı gününü
Tağıyev teatrında (mətbuatda Şəhər
teatrı kimi də yazılıb) tamaşa göstərirdi.
Yalnız həftənin cümə günləri
Müsəlman (Azərbaycan - İ.R.) teatr dəstəsinə,”Nicat”,
“Səfa”, “Həmiyyət”, “Müdiriyyət” truppalarına
tamaşa göstərmək üçün bina icarə
verilirdi. Teatrın pərdələrinə
səhnə tərəfdən qıfıl vurulurdu, azərbaycanlı
teatr fədailəri icarə pulunu əvvəldən verməsə
qıfıl açılmırdı.
Həmin dövrdə Bakıda tamaşa, xüsusən
opera oynamaq üçün daha əlverişli bina
Tağıyev teatrı idi. Çünki onun səhnəsinin
önündə orkestr çökəyi var idi. Müəyyən qədər əlverişli bina
Nikitin qardaşlarının sirki (Nizami küçəsi ilə
Bülbül prospektinin kəsişdiyi tində olub. Köhnə mərkəzi bank binası ilə
üzbəüz) və Musa Nağıyev teatrı (indiki
Zabitlər evi) idi.
Üzeyir bəyin “Leyli və Məcnun” operasının
tamaşaçılara göstərilməsinin gecikməsinin
bir səbəbi də məhz bununla bağlıdır.
Başqa bir məsələ. “Leyi və Məcnun”un ilk afişalarında Üzeyir bəyin adı ilə yanaşı, onun kiçik qardaşı Ceyhun Hacıbəylinin də adı yazılıb. Bu məsələyə də müəyyən aydınlıq gətirmək istəyirəm. Üzeyir bəy Hacıbəyli opera üzərində işləməyə 1906-ci ilin sonlarında başlayıb. Onda Ceyhun bəyin 16 yaşı vardı və o, qardaşına Füzuli şeirlərini toplamaqda, Üzeyir bəyə lazım olan qəzəllərin üzünü köçürməkdə yaxından kömək edib. Üstəlik də bəzi aktyorlar ilk dəfə göstəriləcək operanın tamaşaçılar tərəfindən necə qarşılanacağı ilə bağlı oynamağa tərəddüd edirdilər. Məcburiyyət qarşısında qalan Üzeyir bəy Nofəl rolunu Ceyhun bəyin oynamasını tamaşanın rejissoru Hüseyn Ərəblinskiyə tövsiyə etmişdi. Operanın ilk proqramında “İbn Səlam - C.Dağıstanlı” və Nofəl - N.N. Ceyhun bəydir. Digər tərəfdən, Ceyhun bəyin Parisdə mühacirət həyatı yaşadığı dövrdə yazdığı xatirələrdə operanın yazılışına necə yardımçı olduğunu açıqca təsvir edir.
Tamam başqa bir yanaşma. Ceyhun bəy şəksiz istedadlı gənc idi, bu, öz yerində. Əgər onda musiqi, xüsusən bəstəkarlıqla bağlı fitri istedad olsaydı yəqin o da Üzeyir bəy kimi, yaşda Üzeyirdən də böyük olan Zülfüqar bəy kimi opera və operetta yazardı.
lll
Üzeyir bəy Hacıbəylinin musiqi əsərləri əsasən “Nicat” mədəni-maarif cəmiyyətinin eyniadlı truppası tərəfindən alınaraq oynanılıb. Amma və di gəl ki, “Nicat” əksər vaxtlarda bəstəkarla konfliktdə olub. Dəfələrlə məhkəmə çəkişmələri baş verib. Üzeyir bəyin Moskvada konservatoriyada təhsil alması üçün ona pul lazım idi. Bu məqsədlə bəstəkar “Nicat”a rəsmi müraciət edərək “Şah Abbas və Xurşid banu” operasına 5 min manat qonorar istəyib. Lakin cəmiyyət həmin məbləği verməyib (bax: “Baku”, 7 fevral 1912).
Ziyalılardan bir qrup işə qarışdıqdan sonra “Nicat” bəstəkarın hər dəfə oynanılacaq əsərinin gəlirindən müəyyən faizə yiyələnmklə tələbə Üzeyir bəyə ayda 200 manat gondərməyə razılıq verib. Üzeyir bəy məcburiyyət qarşısında buna razılıq verib. Ancaq “Nicat” razılaşmaya əməl etməyərək müəyyən hallarda özünü Hacıbəylinin əsərlərinin sahibi kimi aparıb. “Nicat”la bəstəkar arasında çəkişmə, Üzeyir bəyə qarşı ədalətsiz mövqe qəzetlərdə də yer alıb. Elə buradaca qeyd edim ki, “Kaspi” 29 dekabr 1912-ci il tarixli sayında yazır: “Sentyabr ayından başlayaraq “Nicat” cəmiyyəti müsəlman kompozitoru Ü.Hacıbəyli ilə xüsusi müqavilə bağlayıb, onun musiqi əsərlərini əlinə aldı və öz truppasını təşkil etdi...
Operalardan “Əsli və Kərəm” 2 dəfə, “Şah Abbas” 2 dəfə, “O olmasın, bu olsun və “Leyli və Məcnun” oynandı. Ən çox gəlir verən “Əsli və Kərəm” idi. 1800 manat gəlir vermişdir”.
Bu tamaşalar 1913-cü ilin payızına qədər (yəni bir dərs ili müddətində) dəfələrlə oynanılıb. “Nicat” yalnız özünə 10 min manatlarla gəlir götürüb, amma və di gəl ki, tələbə Üzeyir bəyin halal qazancının çox az hissəsini ona çatdırıb. Onu da min bir bəhanə ilə gecikdirə-gecikdirə.
“Baku” qəzeti 31 mart 1913-cü tarixli sayinda yazır: “Leyli və Məcnun” operası bir mövsümdə dəfələrlə oynandı və hər dəfə “Nicat”a 3 min manat gəlir verdi”.
Bunu həssaslıqla duyan Üzeyir bəy 25 noyabr 1912-ci ildə Müslüm Maqomayevə ünvanladığı məktubunda yazır: “Nicat”ın fırıldaqçıları bizi aldatmaq istəyirlər. Mən nəinki onların iki ildən sonra mənə verməli olduqları məbləğin əlimdən çıxacağından, həm də mənə layiq məvacib verməkdən bir gün imtina edəcəklərindən qorxuram. Əgər bu qorxuma sən də şəriksənsə, məni qabaqcadan xəbərdar et, bir tədbir görüm, yoxsa çıxılmaz vəziyyətdə qalaram”.
Oxucuda belə təəssürat yaranmasın ki, mən “Nicat”ı yalnız tənqid etmək fikrindəyəm. Qətiyyən! “Nicat” Azərbaycan teatr sənətinin tərəqqisində böyük işlər görüb və bu barədə kitablarımda kifayət qədər yazmışam. Söhbət Üzeyir bəyin yaradıcılıq yolunun mürəkkəb olduğunu, bəstəkarın çox ədalətsiz münasibətlərlə, haqsızlıqlarla qarşılanmasını oxuculara çatdırmaqdır.
“Nicat”la Üzeyir bəyin arasındakı opera və operettaların müəlliflik hüququ ilə bağlı konfliktlərə “Kaspi” (28 may 1913), “Sədayi-həqq” (29 may 1913), “İqbal” (29 may 1913) qəzetləri də münasibət bildiriblər. Bu münasibətlərdə, məsələnin şərhində haqsız mövqelər çoxdur. İş o yerə çatmışdı ki, “Nicat”ın rəsmisi “Kaspi” qəzetində (1 iyun 1913) yazırdı: “Qafqazın ayrı-ayrı şəhərlərindən alınan xəbərlərə görə, oralarda “Leyli və Məcnun” operası oynanmaqdadır. Halbuki bu opera “Nicat “cəmiyyətinə məxsusdur və onu başqaları tamaşaya qoymaq hüququna malik deyildir”.
Məncə əlavə şərhə ehtyac yoxdur.
(Ardı var)
İlham RƏHİMLİ
525-ci qəzet.- 2017.- 13 may.- S.22.