Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Palestinanın sahibi olan Selevkid çarı yəhudilər arasında yunan-ellinistik dinini tətbiq etmək istəyəndə yəhudilərin kahin təbəqəsi ailəsindən olan Makkaveylərin üsyanı başlandı. Onlar yəhudi dininin təmizliyini qoruyurdular.

 

Selevkidlərin iudeylərin zorla ellinləşdirilməsindən doğan münaqişə əvvəlki illərdə ölkədə gərginlik əmələ gətirdi və Yerusəlimin əhalisi arasında bu, qurbanların meydana gəlməsi ilə müşayiət olundu. B.e.ə. 167-ci ildə Selevkid çarı IV Antnox Yerusəlim məbədini Olimpiyalı Zevsin sitayiş yerinə çevirməyə göstəriş verdi. O, həm də sərəncam verdi ki, bütün İudeyada dini ibadətlər yunan ritualları qaydasında icra edilsin. Beləliklə, yəhudi Vəsiyyəti əsasında dini ibadətlər qadağan olundu. Bundan başqa, yəhudilərin sünnət etməsi və şənbənin qadağalarına əməl etməsi ənənələri qanundan kənar elan edildi. Bu zorakılıq tədbirləri, yəhudi əhalisinin müqaviməti ilə qarşılaşdı, onlar din məsələlərində vahid cəbhədən çıxış etməsələr də, İuda Makkaveyin başçılığı altında üsyana qalxdılar. İki il ərzində bir neçə döyüşdə üsyançılar Suriya qoşunlarını məğlub etdilər. Makkaveyin bu qələbələrindən sonra Vəsiyyət əsasında yəhudi dini ibadətləri bərpa olundu və məbədin təmizlənməsi aparıldı. Selevkidlər üzərində Makkaveylərin qələbəsi kiçik ərazidə yəhudilərin müstəqil, lakin zəif dövlətinin yaranmasına səbəb oldu.

 

İudeylər 66-cı ildə əcnəbilərin ağalığına qarşı üsyan qaldırdı və bundan başlanan İudeya müharibəsi Yerusəlimin tutulması və dağıdılması ilə başa çatdı. Roma sərkərdəsi Tit 70-ci ildə bir neçə ay davam edən mühasirədən sonra Yerusəlimi tutanda, məbədi hücumla ələ keçirməyi əmr etdi. Məbədi müdafiə etmək mümkün olmadıqda, oraya bütün xalq toplandı. 10 sentyabrda, b.e.ə. 587-ci ildə Nabuhodonossar məbədi yandırmağı əmr etdiyi gün məbəd yenidən oda verildi. Bəziləri bunda sahibin iradəsinin təzahürünü görürdü.

 

Yerusəlim təslim olduqdan sonra zolot və sikarilər, həmçinin, güman ki, essenlər sektalarının nümayəndələri Ölü dənizin yanındakı İudeya qalası Massadada gizləndilər. Roma sərkərdəsi Lutsi Flavi Silva uzun müddətli mühasirədən sonra qalanı tutdu. Romalıların bilavasitə qalanı tutmasından əvvəl, mühasirədə olan 960 kişi, qadın, uşaq bir-birlərini öldürdülər. Onların başçısı Eliazar qalada gizlənən yəhudilərə müraciət edərək demişdi ki, biz qul olmaq üçün deyil, yaşamaq və ölmək üçün doğulmuşuq. Biz heç vaxt qul olmayacağıq. Onun bu sözləri qalada olan hər bir adamın qəlbində əks-səda tapdı və onların hamısı romalılara qul olmaqdansa, ölüm yolunu seçməyi qərara aldı və tarixdə görünməmiş kütləvi mərdlik, fədakarlıq nümunəsi baş verdi. Yəhudilər Fermopil keçidindəki 300 spartalının igidliyini başqa şəkildə, düşmən əli ilə deyil, öz əlləri ilə ölməkdə tapmaqla təkrar etdilər. Tək-tək adamın özünü qurban verməsi halları çox olmuşdur, lakin dəhşətli sınaq vaxtı 960 nəfər adamın kütləvi şəkildə özünü qurban verməsi, heç şübhəsiz, nadir hadisədir və əyilməz vətənpərvərliyin nümayişi olmaqla, başqaları üçün də nümunə simvoluna çevrildi.

 

Roma imperatoru Vespasianın oğlu, gələcək imperatar Tit qanlı döyüşlərlə 70-ci ildə Yerusəlimi tutduqdan sonra yəhudilər Roma əsarətinin acısını bir daha dadmalı oldular. İmperator Adrianın dövründə İudetada ciddi üsyan (132-135-ci illər) baş verdi. 70-ci ildə dağıdılmış Yerusəlimin yerində imperator Adrian Roma koloniyası olan Eliya Kapitolinanı yaratmağı qərara aldı və orada şəhərin baş məbədi olan Yupiter məbədini tikmək göstərişini verdi. Yəhudilər üsyan qaldırdılar. Üsyançıların başında Bar-Koxba (Ulduzun oğlu) adlandırılan Simon Bar-Koseba dururdu və o, özünü messiya elan etdi.  Üsyançılar İudeyanın böyük hissəsini və Yerusəlimi tutdular. İudeylərin həm də ravvin adlandırdıqları Bar-Koxbanın ağalığı vaxtı ortodoksal dini təlim təzələndi - Tora qaydalarına əməl edildi, İudeya qurban vermələri bərpa edildi, “İsrailin azad olunmasından” başlanan təqvim tətbiq edildi. Roma qoşunları üsyanı qəddarlıqla yatırtdılar. Bar-Koxba öldürüldü, yəhudilərə isə hətta İudeyada yaşamaq qadağan olundu. Beləliklə, yəhudilər üçün diaspora (yunan dilində “diaspora” - “səpələnmə” deməkdir) epoxası başlandı.

 

Ərəb xəlifəsi Ömərin 634-cü ildə başlanan 10 illik hökmranlığı dövründə Palestina islam imperiyasına birləşdirildi. Yerli əhali işğalçıları Bizans ağalığından onu azad edən xilaskar kimi qarşıladı. Xəlifənin tabeliyində olduqdan sonra Yerusəlim Fatimilərin ağalığına düşdü. XI əsrin ikinci yarısında isə Səlcuqlar Yerusəlimi, Palestinanın və Suriyanın digər şəhərlərini Fatimilərdən aldılar. Burada səlcuqların və ərəb feodallarının başçılığı altında kiçik knyazlıqlar meydana gəldi. Səlib yürüşləri vaxtı xristianlar qanlı döyüşlə Yerusəlimi 1099-cu ildə səlcuqlardan alsa da, 1187-ci ildə böyük sərkərdə, Suriyanın və Misirin sultanı Səlahəddin Yerusəlimi səlibçilərdən azad etdi. XVI əsrin əvvəllərində isə Osmanlı sultanı I Səlim Yavuz Suriya, Hicaz və Misiri özünə tabe etdirəndə, yəhudilər bu vaxt Osmanlı türklərinin ağalığı altında oldu. Yaxın Şərq, elə bil ki, işğalçıların öz gücünü sınamaq səhnəsinə çevrilirdi.

 

XIX və XX əsrlər isə yəhudilərin tarixi taleyində çox acı səhifələrlə yanaşı, XX əsrin ortalarında bu xalq öz “xoşbəxt” torpağında əcdadlarının işini davam etdirərək, yeni müstəqil İsrail dövlətini yaratdı. Bu arzularda yuva salmış zirvəyə aparan yol heç də hamar deyildi, enişli-yoxuşlu olmaqla, dünyaya səpələnmiş bir xalqa görünməmiş faciələr bəxş etmişdi. Ortodoks yəhudi üçün vacib olan 613 qadağa, yəqin ki, bu xalqı Abrahamdan, Moiseydən qalmış dinə sədaqət ruhunda tərbiyə etdiyindən, yəhudilər ağlasığmaz dəhşətlərlə üzləşdikdə belə, öz prinsiplərinə nəinki xəyanət etməmiş, milyonlarla həyatı qurban verdikdən sonra belə Xanaanda öz dövlətlərini yaratmaq ümidindən əl çəkməmiş, dəhşətlər girdabında boğulanda da öz nikbinliklərini itirməmişdilər. Onlara xas olan həyat sevgisi müqəddəs saydıqları qurbanların xatirəsini unutmağa qoymasa da, Babil əsirliyində olanların ağılarını əslən təkrar etməyərək, bu xalqın xoşbəxt gələcəyə inamlarını sarsıda bilməmişdir.

 

1897-ci ilin avqustunda İsveçrənin Bazel şəhərində qeyri-adi bir konqress öz işini başa çatdırdı. Buraya bütün dünyadan yəhudi ictimaiyyətinin nümayəndələri yığışmışdı ki, özlərinin gələcəyini müzakirə etsinlər. Qərara alındı ki, nə vaxtsa romalıların yəhudiləri qovduqları torpaqda yəhudi xalqı üçün dövlət yaratsınlar. Yeni hərəkat özünə Sion adından düzəldilmiş bir ad aldı. Bu, həmin vaxt bütün Palestinanı nəzərdə tuturdu.

 

Sionizm yəhudilərin milli zülmə qarşı müqavimətini yatırtmağa cavab kimi meydana gəlmişdi. Bu məsələdə Rusiyadakı yəhudi qırğınları xüsusi rol oynadı. Sionizm o dövrdəki digər milli hərəkatlardan fərqlənmirdi. Yəhudilərin bir hissəsi mədəniyyət məsələsində özünü yaşadıqları ölkələrin doğma xalqlarından ayırmırdı, lakin çoxları milli adətləri və ənənəvi həyat tərzini qoruyub saxlamaqda davam edirdi. Sionist hərəkatının ilhamçısı 1904-cü ildəki ölümünə  qədər , Budapeştdə anadan olmuş hüquqşünas və jurnalist Teodor Hertsl idi. Milli zülmü yəhudilərin öz üzərindən atmasına yönəldilmiş bütün cəhdlərin bir-birinin ardınca uğursuzluğa uğradığını görərək, o, sionist ideyalarla ilhamlanmış və onlara siyasi forma vermişdi. Məhz o, özünəməxsus yəhudi parlamentinə çevrilən sionist konqresslərinin işinə rəhbərlik edirdi. Türk sültanı və Avropa dövlətləri ilə danışıqlarda o, çalışırdı ki, Palestinada yəhudi dövlətinin yaradılması üçün beynəlxalq qarantiyalar əldə etsin. Bankir Rotşildin maliyyə yardımı ilə yəhudi köçkünləri artıq səhra rayonlarından istifadə edirdilər. Bu planlara Türkiyəni, onu borc vədlərindən bir qədər azad etməklə cəlb etmək mümkün olmuşdu.

 

Lakin bu ilkin addımlar üçün beynəlxalq şərait əlverişli deyildi. “Siyasi” sionizm 1914-cü ildə özündə 200.000-ə yaxın tərəfdara malik olsa da, yəhudilər arasında aparıcı cərəyan deyildi. Həmin vaxt yəhudilərin sayı 11 milyona yaxın idi və onlar dünyanın müxtəlif ölkələrində yaşayırdılar.

 

1917-ci ilin noyabrında Britaniyanın xarici işlər naziri lord Balfur yəhudilərə Fələstində məskunlaşmaq imkanına qarantiya verən bəyannamə ilə çıxış etdi. Bu bəyanatda, həmçinin oradakı yəhudi olmayan əhalinin vətəndaş və dini hüquqlarının saxlanması zərurəti qeyd edilirdi. Birinci Dünya müharibəsi gedişində səslənən bəyannamə həm də İngiltərədə və Amerikada yaşayan yəhudilərin hüsn-rəğbətini qazanmağa hesablanmışdı. Lakin əvvəllər London Məkkə hökmdarına vəd vermişdi ki, ərəb krallığı yaratsın və onun tərkibinə həm də Yerusəlimi daxil etmək nəzərdə tutulurdu. 1922-1923-cü illərdə britaniyalılar Millətlər Liqasından Palestinanı idarə etməyə mandat alanda, bunu həll etməyə çalışdılar. Ərəblər və Palestina əhalisinin 1929-cu ildə cəmi 15 %-ni təşkil edən yəhudilər arasındakı münaqişədən qaçmaq mümkün olmadı. Münbit torpaqların satın alınması, yəhudi işçi qüvvəsinin cəlb edilməsi, yəhudi dövlətinin yaradılması məsələsinin gündəlikdən çıxmaması - bütün bunlar ərəbləri narahat edirdi, həm də ki, 30-cu illərdə bir sıra Avropa ölkələrində faşizmin təşəkkül tapması yəhudi köçkünlərinin axınını gücləndirdi. Nəticədə yəhudilərin sayı Palestina əhalisinin, demək olar ki, 30 %-ə çatmasına səbəb oldu. Britaniyalılar bu miqrasiyanı sərt qaydada məhdudlaşdırdılar. Hətta 1945-ci ildə - natsist rejimi illərində sağ qalmış yəhudilərə də Palestina bağlı idi. Etiraz əlaməti olaraq, yəhudilər Britaniya hakimiyyət orqanlarına qarşı terror aktlarına və qeyri-leqal immiqrasiyaya başladılar. Bu Londonu məcbur etdi ki, 1947-ci ildə öz mandatını BMT-yə qaytarsın. Noyabr ayında Baş Məclis Palestinanın yəhudi və ərəb hissələrinə (Yerusəlimdə beynəlxalq administrasiya olmaqla) bölünməsi barədə qətnamə qəbul etdi. Yəhudilər bu qərarla razılaşdılar, ərəblər isə onu rədd etdilər.

 

İkinci Dünya müharibəsi illərində alman natsistləri tərəfindən ölüm düşərgələrində yəhudilərin kütləvi genosidi onların öz dövlətlərini yaratmaq barədəki təkliflərinə haqq qazandırmışdı. Almaniyadakı və natsistlərin işğal etdikləri ərazilərdəki bu dəhşətlər kabusu müharibədən sağ çıxmış yəhudiləri bir acı xatirə kimi izləməkdə davam edirdi. Yəhudilərin sonrakı mümkün olan bəlalardan xilas olması və  növbəti fəlakətdən qorunması üçün onlara öz dövlətlərini yaratmağın vacib olduğunu anladırdı. Ona görə də artıq müstəqil yəhudi dövlətinin yaradılması insanları sakitləşdirən arzu və ümiddən daha çox real cizgilər almağa başladı, ABŞ və SSRİ kimi müharibədən qalib çıxmış dövlətlərin BMT-də yəhudilərin tərəfində çıxış etməsi, onların təşəbbüsünün həyata keçirilməsinə, əslində yol açdı.

 

Alman faşizmi tərəfindən həyata keçirilən ən böyük cinayət - yəhudilərin kökünü kəsmək cəhdi, əslində insanlığa qarşı törədilən bir cinayət idi.

 

1942-ci ilin yanvarında Almaniyanın imperiya təhlükəsizliyinin Baş idarəsinin şefi Reynhard Heydrixin sədrliyi altında keçirilən konfransda yəhudi məsələsinin “qəti” həlli müzakirə edildi.

 

Müzakirə yalnız təşkilat problemlərinə aid idi. Çünki məsələnin həlli bundan xeyli əvvəl qərara alınmışdı. İştirakçılar bütün yəhudilərin Avropadan şərqə köçürülməsi barədə razılığa gəldilər. Yalnız 65 yaşından yuxarı olan yəhudilər, ağır xəstələr, müharibə əlilləri və döyüş təltifləri olan yəhudilər istisna təşkil edirdilər.

 

Qarışıq ər-arvad cütlüyünün və onların uşaqlarının problemi müzakirə olundu. Qərara alındı ki, “1-ci dərəcəli yarımcinslər” yəhudi hesab olunsun və mümkün qədər sterlizasiyaya məruz qalsın. “2-ci dərəcəli yarımcinslər” “təmiz qanlı” almanlara bərabər tutulmalıdır, lakin bir şərtlə ki, əgər onların qohumları özlərini hədyan apardığı təqdirdə, onlarla yəhudi kimi davranılacaqdır.

 

(Ardı var)

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2017.- 13 may.- S.20.