Polimatın biliyi və onun əməli nəticələri
SUALLARI
PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB
(Əvvəli
ötən şənbə sayımızda)
Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub
(Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet
Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social
Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr
prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə
edilib.
Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet
İsaxanlının cavablarını əks etdirən
müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə,
oxuculara təqdim edirik.
- Tarixdə
və bu gün kimi ən böyük polimat
sayırsınız?
- Tarixdə
hər hansı mənada bir adamın “ən böyük”
olduğunu demək çətindir. Böyük polimatlar ən
çox İslamın Qızıl Çağı adlanan
dövrdə yetişmişlər, onların sırasında əl-Xarəzmi,
Sabit ibn Qurra, əl-Fərabi, Biruni, İbn Sina, Ö. Xəyyam,
İbn əl-Heysəm, Nəsir əl-Din Tusi, İbn Rushd və
başqalarının adını çəkmək olar. Tusi üzərində dayanaq. Elm tarixi ilə məşğul
olanlar arasında “11-ci əsrdən sonra İslamda ciddi tənəzzül
başladı, qızıl dövr fasiləsiz
çöküşlə əvəz olundu” deyənlər az deyil. Tusi və onun
yaratdığı böyük Marağa Məktəbi (və
ya elmi mənada “Marağa İnqilabı”) bu fikri təkzib edən
faktlardan biridir (Marağa çağdaş İranın
şimal-qərbində, Azərbaycanda, Təbriz
yaxınlığında yerləşən şəhərdir).
N. Tusi triqonometriya, həndəsə (o cümlədən,
Evklidin 5-ci postulatı üzrə araşdırma), ədədlərin
təbiəti və hesablanması kimi riyazi sahələrdə
dərin elmi nəticələr müəllifidir. Məhz Tusi
ilk dəfə müstəvi və sferik triqonometriyanı
astronomiyadan asılı olmayan elm sahəsi kimi
araşdırıb kitab yazmışdır (Regiomontanusdan 250 il əvvəl).
Tusi Ptolomeyin “Almagest”də şərh etdiyi və praktika
ilə uzlaşmayan planetlərin hərəkəti modeli əvəzinə
öz modelini qurdu. Bu modelin qurulmasında mühüm rol oynayan və
hal-hazırda “Tusi cütü” adlanan teoremi ilə Aristotelin
kainatın iki fərqli fiziki sistemdən ibarət olması
fikrini (“Ayın altı” və “Ayın üstü” -
kainatın Yerə yaxın və Yerdən uzaq iki hissəsi
müxtəlif qanunlara tabedir) də təkzib etdi, səma
mexanikası ilə Yer üzərindəki mexanikanın eyni təbiətli
olduğunu göstərdi. Onun bu teoremi Copernicus`un
(Kopernik`in) məşhur “De Revolutionibus orbium coelestium” (Səma
sferalarının dövr etməsi haqqında) əsərində
(1543) tam, olduğu kimi istifadə edilmişdir (Tusi`yə
göndərmə etmədən!?); Tusi və Copernicusun
uyğun diaqramlarında kəsişmə nöqtələrini
göstərən hərflər (ərəb və latın
qarşılıqları) belə eynidir (!?)
Tusi öz tələbələri və həmkarları
ilə birlikdə “Zic İlxani” adlı öz zamanında və
sonralar çox istifadə olunmuş astronomik cədvəl
hazırlamışdı. Tusi fəlsəfə,
etika, dinşünaslıq və məntiq üzrə çox
geniş yayılmış əsərlərin müəllifidir;
“Əxlaqi Nasiri”-klassik şahzadələrə nəsihət
(Mirrors for princes) kitabı olaraq çox məşhur olub, bu
gün də geniş oxunur. Tusi mineralogiya
üzrə əsər və bir sıra maraqlı elmi populyar
yazılar müəllifidir. O, şeir də
yazırdı.
Böyük alimlərin heç də hamısı məktəb
yaratmır. C. Nehru Çingiz xanla Makedoniyalı İsgəndəri
bir sərkərdə və dövlət
başçısı kimi müqayisə edərkən
üstünlüyü Çingiz xana vermişdi. O, əsas
səbəb olaraq Çingiz xanın dövlət idarəetmə
və sərkərdəlik məktəbi
yaratdığını və bu səbəblə də,
qurduğu imperiyanın böyüməsi və
uzunömürlü olmasını göstərmişdi. M. İsgəndərin ölümündən sonra isə
onun imperiyası sürətlə parçalanmış və
çökmüşdü. N. Tusi böyük elm təşkilatçısı,
siyasətçi və dövlət adamı idi. Marağa rəsədxanası əslində tarixdə
ilk böyük, ciddi rəsədxana, elmi institut idi
(çağdaş mənada). Tusi
dövrünün qabiliyyətli alim və mühəndislərini
işə cəlb etmiş, istedadlı gəncləri
götürüb yetişdirmişdi. Nəhəng
kitabxana yaratmış (400 min nüsxə deyənlər var),
mümkün bütün astronomik cihazları toplamış,
özü, xüsusilə də Marağaya dəvət etdiyi
suriyalı məşhur astronom və mühəndis Muayyad
al-Din al-Urdi (?1200 - 1266) yeni cihazlar
yaratmışdılar. Yeri gəlmişkən,
“N. Tusi cütü” ilə yanaşı, M. Urdi lemması da
Copernicusun söykəndiyi əsas nəticələrdəndir.
Tusi məktəbinin iki üzvü, M. Urdi və bir müddət
Marağada çalışmış Qütb əl-Din əl-Şirazi
(1236-1311) də Ptolomey`ə alternativ (Ptolomeyin ziddiyyətini
aradan qaldıran) planetar hərəkət modeli
qurmuşdular.14-cü əsrdə yaşamış
suriyalı astronom və mühəndis İbn əl-Şatir
(1304-1375) Ptolomey`in planetar hərəkət sistemini aradan
qaldırdı, Tusi modelini bir qədər də inkişaf
etdirərək Günəş, Ay və planetlərin riyazi,
fiziki və təcrübi cəhətdən mükəmməl
hərəkət modelini qurdu. Xüsusi qeyd etmək
lazımdır ki, Yerin və ya Günəşin mərkəz
olması modelləri riyazi olaraq eynigüclüdürlər,
bu baxımdan Copernicus`un Ayın hərəkəti
modeli İbn əl-Şatirin modeli ilə tam eynilik təşkil
edir. Marağa məktəbi N. Tusi məktəbi
deməkdir. Marağa İnqilabı və
Copernicus İnqilabı ifadələrini yanaşı işlədənlər,
hətta qarşı-qarşıya qoyanlar var. Astronomiya və
riyaziyyat üzrə Səmərqənddə əzəmətli
rəsədxana yaratmış Uluq bəy (1394-1449)
uşaqlığında Marağa rəsədxanasının
qalıqlarını görmüşdü. Bu, bəlkə də, onun fikrini yönəldə
bilərdi. Səmərqənddə
yetişmiş astronom Ali Quşçu (1403-1474) da öz Tusi
tipli planetar modelini inkişaf etdirmişdi; buna tam bənzər
modelə Copernicusun əsərində rast gəlinir.
Mən
doğulanda John von Neumann (1903-1957) sağ idi. Fenomenal
və hərtərəfli qabiliyyətə malik bu korifey 20-ci əsrin
və ümumiyyətlə, bəşəriyyətin
yetişdirdiyi nadir şəxslərdən biridir. Riyaziyyatın müxtəlif sahələrinə
sanballı yeniliklər gətirib, kvant fizikası və
nüvə fizikası, atom və hidrogen bombaları nəzəriyyə
və praktikasında həlledici işlər görüb.
Manhattan proyektində fəal çalışıb
(Yapon şəhərlərinə atom bombası
atılması və onun nəticələri haqqında
hesablamalar aparıb). Iqtisadi nəzəriyyə,
xüsusilə oyun nəzəriyyəsi üzrə
cığıraçan iş görüb. Kompüter
memarlığı və proqramlaşdırma sahəsinin
pioneri sayılır.
Douglas
Hofstadter (1945), bu çoxcəhətli və istedadlı insan
ruhən mənə yaxındır. Riyaziyyatçıdır,
fizikdir, psixoloqdur (koqnitiv elmlə məşğuldur, mental
prosesləri öyrənir), kompüter elmləri üzrə
mütəxəssisdir, elm tarixi ilə məşğul olur,
görkəmli populyarizatordur. Həm də
sənət adamıdır, poliqlotdur, ciddi poetik tərcümələr
edir, musiqi yazır, rəsm çəkir.
- Təhsil
sistemi polimatlığı necə həvəsləndirə
bilər?
-
Çağdaş təhsil sistemi, birinci növbədə
orta məktəb, sonra ali məktəb
polimatlığa həvəsləndirir. İnformasiya
cəmiyyəti, internet böyük imkanlar
açır...Yaxşı valideyn və yaxşı müəllim,
bir də təbiətən çox şeyi (hər şeyi
olmasa da) başa düşmək həvəsi, bilmək
ehtirası mühümdür. Elmdə və
sənətdə tam məlum olmayan, sirli sahələrə
baş vurmaq, sirləri açmaq və macəra ehtirası yaşamaq
əsasdır (macəra, adətən, yaxşı bilmədiyimiz
yerdə baş verə bilir); yəqin ki, əsl elm adamı
başqa cür yetişməz. Orta məktəblərin
çox böyük qismi konveyer üsulu ilə işləyir,
standart tədris proqramını yerinə yetirir, çox
şey bilmək həvəsini himayə etmir,
cansıxıcıdır (bu, müəllimlə də
bağlıdır). Problem əsaslı,
layihə əsaslı təhsil fənlərarası əlaqəni
anlamaq və ondan istifadə etmək məsələsini
asanlaşdıra bilər. Zənnimcə, riyaziyyat və
fizika, kimya və biologiya üzrə yaxşı oxuya biləni
humanitar və sosial elmlərlə, incəsənətlə
xüsusi yolla tanış etmək olar. Məsələn, təbiət elmlərini
yaxşı başa düşən şagird və ya tələbə
ilə musiqiyə qulaq asmağı öyrətmək, səs
və harmoniya haqqında riyazi və fiziki nəzəriyyələri
yada salmaq, poeziya və musiqi əlaqəsi üzərində
çalışmaq, musiqi tarixinə baş vurmaq, bəlkə
də bu təəssürat altında bir yazı yazmaq istiqamətində
işləmək olar. Əslində hər
şagird və ya tələbə heç vaxt ancaq bir sahə
ilə maraqlanmır, onun maraq dairəsində bir sıra sahələr
olur, onun hobbiləri var. Ona bu sahələrdə qabiliyyətini
göstərmək üçün imkan yaratmaq
lazımdır. Bəlkə “Polimat
klub”ları da yaratmaq olardı?!
- Artan dərin
ixtisaslaşma dövründə çox fərqli sahələrdə
necə uğur qazanmaq olar?
- 17-19-cu əsrlərdə başlanan və get-gedə güclənən dərin ixtisaslaşma 20-ci yüzillikdə nəhəng ölçülər aldı. Riyaziyyat və təbiət elmləri üzrə mütəxəssis olanların hərtərəfli olma üçün ən azı nəzəri imkanı var. İslamın qızıl dövründə riyaziyyatçı, astronom, həkim olan məşhurların əsərləri şairlərdən alıntılarla, fəlsəfi fikirlərlə doludur. Yəni Şərqdə poeziya, qismən də fəlsəfə və din sevgisi geniş yayılmışdı, bir çox alimlərdə bu sevgi mühüm məşğuliyyətə çevrilirdi. Riyaziyyat və təbiət elmləri - bu sahədə mütəxəssis olmadan çağdaş polimatların əmələ gəlməsinə inanmıram. Əlbəttə ki, bu sahə ilə məşğul olanların cüzi bir hissəsi, humanitar və sosial elmlərə, incəsənətə dərin maraq duyanların nəzəri olaraq polimat olma ehtimalı mövcuddur. İş burasındadır ki, ədəbiyyat, tarix, fəlsəfə, musiqi və digər sahələrdə öz-özünü yetişdirməklə, o sahələrdə xüsusi məktəb keçmədən fəaliyyət, hətta dərin fəaliyyət göstərmək mümkündür. Əksinə hərəkət, demək olar ki, mümkün deyil; musiqiçi və ya tarixçi təzədən, peşəkar məktəb keçmədən ciddi riyaziyyat və ya fizika öyrənə bilmir. Polimat hər şeydən bir az bilənə deyilmir. Polimat öncə güclü monomat olmalıdır, bir sahəni peşəkarcasına görmək, bir sahə üzrə ciddi mütəxəssis olub dərinə getməyi bacarmalıdır. Zaman-zaman məşğələni dəyişdirmək, ürəkdə olanı üzə çıxarmaq mümkündür. Polimat ruh, ehtiras, daxili estetik zənginliklə bağlıdır, bunlar, çox güman ki, genlərdə də ola bilər, həyatda da qazanıla bilər. Polimatlıq normallıqdan çıxmaq, qorxmamaq tələb edir. İstedadlı adam təkcə bir sahədə istedadlı deyil. Qədimdə və orta əsrlərdə polimatlığa sanki sosial sifariş vardı, indi deyəsən yoxdur. Lakin indi mütəxəssislərdən liderlik qabiliyyəti istəyirlər, zənnimcə hərtərəfli şəxsiyyətin lider olma ehtimalı və lider kimi uğur qazanma ehtimalı daha böyükdür. Çağdaş informasiya dövrü, daha tez məlumat alma imkanı da sanki polimatlığa səsləyir. Öz-özünə təhsil, ömürboyu öyrənmək ehtirası, iradə, səbr mühümdür. Bir sahədə dərinə gedənin bir müddət başqa sahələrə vaxtı qalmaya bilər. Lakin sonra vaxt tapılacaq, sonra maraq dəyişəcək. Bu zaman əvvəlki maraq, əvvəlki bilik və bacarıq da bu yeni istiqamətdə, az da olsa, kömək edəcək.
- Nə üçün dünya, o cümlədən, mədəniyyət belə Avromərkəzlidir, hərçənd ki, biz sanki “qloballaşmış” dünyada yaşayırıq?
(Ardı var)
525-ci qəzet.- 2017.- 13 may.- S.19.