Taleyimdə müstəsna rol
oynayan iki şəxsiyyətdən
biri
RƏSUL RZANIN DOĞUM GÜNÜNƏ
Dillər İnstitutunun İngilis-Azərbaycan
dilləri fakültəsində
oxuyurdum.
Rus və ingilis dillərini yaxşı bilən tələbələri
seçib bir il sonra
xaricdə tərcüməçi
işləməyə göndərəcəkdilər.
Biz üç tələbə
dost İndoneziyanı seçmişdik.
Bir gün M.F.Axundov adına
Milli Kitabxanamızda oturub İndoneziyanın tarixi, mədəniyyəti
və adət-ənənələrinə
dair materiallarla tanış olurdum. Kitabxanada hamı Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraqa
səfərindən və
Rəsul Rzanın “Azərbaycan jurnalı”nda çıxan “Uzaq ellərin yaxın töhfələri” məqaləsindən
danışırdı. Məqaləni oxudum və ilk dəfə İraqda dili dilimizdən olan “türkman” adlandırılan azərbaycanlıların
yaşadığını, xoyratlarının bayatılarımızdan
fərqlənmədiyini öyrəndim.
Füzuli möhnətini duydum.
Nazirliyə qaçaraq israrla
xahiş etdim ki, məni İraq
Respublikasına göndərsinlər.
Bəxt üzümə güldü,
məni İraqa göndərdilər.
Əgər Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”
məqaləsini oxumasaydım,
tələbə dostlarım
Qəzənfər Məmmədov
və mərhum Zöhrab Əliyev kimi İndoneziyaya gedəcəkdim. Altı aydan sonra orada çevriliş baş verəndə onlar kimi kor-peşman
vətənə qayıdacaqdım.
Mən isə vətənə altı ildən sonra kərküklülərin
zəngin ləhcə
və folklor xəzinəsilə döndüm.
Şairi ilk dəfə gördüyümü
xoş məramla xatırlayıram. Elmə, biliyə, ədəbiyyata
böyük maraq göstərilən XX əsrin
ikinci yarısının
60-cı ili idi. İnstitutumuzda görkəmli ədibimiz
Süleyman Rəhimovun
60 illik yubileyi təntənə ilə keçirilirdi. Tələbələr adından çıxış
etmək mənə həvalə olunmuşdu.
“Saçlı” romanının ilk çap
tarixi üstündə
Nəbi Xəzri ilə mübahisəm düşdü. Mən romanın
ilk çapının 1944-cü ildə, Nəbi Xəzri isə 1948-ci ildə işıq üzü gördüyünü
deyirdi. İndiki
kimi yadımdadır, Süleyman müəllim dedi ki, “Nəbi,
sənin Moskvada, Leninqradda başın oxumağa qarışmışdı.
O balam düz deyir”. Qalib kimi qürrələndim.
Rəsul Rza “Bu oğlandan nəsə çıxacaq” deyəndə
zalda xeyriməmi, ziyanımamı olduğunu
anlamadığım gülüş
səsləri ucaldı.
Qismətə bax ki, taleyimdə müstəsna rol oynayan, XX əsr poeziyamızın zirvələrindən
biri Rəsul Rzanın bəlkə də şair fəhmi ilə dediyi “Bu oğlandan nəsə çıxacaq”
sözlərindən cəmisi
səkkiz il sonra - 1968-ci ildə həyatımda 2-ci əlamətdar
hadisə baş verdi. O da Rəsul
Rza ilə bağlı idi. Xalq şairi ilə birgə hazırladığımız, Azərbaycanda və İraqda hadisəyə çevrilən “Kərkük
bayatıları” kitabını “Azərnəşr”
şairin ön sözü ilə və böyük tirajla çap etdi.
Dünya şöhrətli şairin
ədəbiyyat aləmində
heç bir xidməti olmayan, tanınmayan bir gəncin adının kitabda öz adı ilə qoşa getməsinə razılıq verməsi, böyük şair ürəyinin sayəsində
gənclərə göstərilən
qayğının, inamın,
onları ruhlandırmaq
arzusunun nəticəsi
imiş.
Buna görə şairə ömrüm boyu borclu olduğumu bir an belə
unutmuram.
Görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayevin Rəsul Rza haqqında müdrik kəlamını yaşa
dolduqca daha yaxşı başa düşmək olur: “Gənclərlə qaynayıb-qarışan,
onların poetik nailiyyətlərini öz
nailiyyəti hesab edən sənətkarlar heç vaxt qocalmırlar. Bunun üçün böyük şair ürəyi lazımdır.
Rəsul
Rza belə bir insan idi”.
Rəsul Rza ilə məni
yaxınlaşdıran “əfsanə
və bayatıda, əsatir və dastanda əbədiləşən,
canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə,
mənəviyyatda xalqın
bütövlüyünü təmin edən folklor” olmuşdur.
Maraqlıdır ki, Kərkük
xoyratları şairə
o qədər güclü
təsir etmişdi ki, Azərbaycanda “Sərbəst şeir məktəbi”nin banisi Rəsul Rza ömrünün sonuna qədər onların cazibəsindən
çıxa bilməmiş,
1961-1964-cü illərdə “Aşıq Yanıqlı bayatıları”nı, ölümünə
bir il qalmış,
1980-ci ildə “Yaralı
Kərkükün bugünlü
xoyrat və maniləri” silsiləsini yazmışdır. Yaradıcılığının daha da parladığı, məşhur
“Rənglər” silsiləsini
yazdığı bir dövrdə, şairin bayatı formasına müraciəti bir daha təsdiq edir ki, ənənə
Rəsul Rza kimi sənətkarlar üçün təməldir.
Büdrəməmək, yıxılmamaq üçün söykənəcəkdir,
arxadır.
Bunu nəzərə
alaraq 2007-ci ildə şairin xoyrat və manilərini, eləcə də kərküklü qıza
həsr etdiyi “Ağlama, gözəl, ağlama” şeirindən götürdüyümüz “Ağlayan
çox, gülən
hanı?” adı altında şeirlərini
mərhum Əbdüllətif
Bəndəroğlu ilə
geniş ön sözlə Kərkükdə
çap etdirdik. Kitab türkman
ellərində əl-əl
gəzdi.
Şairin “Ağlama, gözəl, ağlama!” İraq Türkman ellərinin
başına gələn
bəladan, faciədən
söz açır.
Şeiri ixtisarla oxuculara təqdim edirik:
Hicran dərdi yaman olur,
Yollar çiskin,
duman olur.
Hər dərdə bir güman olur;
Ağlama,
gözəl, ağlama!
Kərkük üstü duman
oldu,
Abad evlər viran
oldu.
Aydın
hava boran oldu,
Ağlama,
gözəl, ağlama!
Göy üzündə şimşək
çaxdı,
Ərbildən od-alov qalxdı.
Kimlər
yazdı belə baxtı -
Ağlama,
gözəl, ağlama!
Yandı Dədə Gur-gur, Mosul.
Oda girdi bütün sağ-sol.
Qurban getdi neçə oğul,
Ağlama,
gözəl, ağlama!
Ağlayan çox, gülən hanı?
Göz yaşını
silən hanı?
Matəm
tutub bu dünyanı
Ağlama,
gözəl, ağlama!
Rəsul
Rzanın şair fəhmi ilə yazdığı xoyratlar
və manilər sanki İraqın bu günündən bəhs edir:
Kərkükün baş qalası,
Divarı daş qalası.
Ölü ana yanında,
Tökür qan-yaş balası.
lll
Bağdaddan karvan gəlir,
Dərdli, pərişan gəlir.
Kimlər
qurban kəsilib
Sularım al-qan gəlir.
lll
Bağdad
qızıl, gümüşdü,
Bağdada yanğın düşdü.
Belə
qara günləri
Bağdad haçan görmüşdü.
lll
Atlarım,
İlxı-ilxı atlarım.
Bir çətin günə düşdüm,
Ağladı xoyratlarım.
lll
Kərkük üstü dumandı,
Kərkük oda qalandı.
Kərbəla müsibəti
Buna baxsan yalandı.
lll
Ərbilə;
Yanğın düşdü Ərbilə;
Höcəti kəsmək olmaz
Dava-dalaş, hərb ilə.
Ustadın bu xoyratlarından da göründüyü kimi, bayatını vaxtı keçmiş janr hesab edənlər
yanılırlar. Xalq yaradıcılığının
ən qədim və ən geniş yayılan, lirik növün bədii cəhətdən
ən kamil janrı xoyrat və bayatılarda yeni dövrün fikrini ifadə etmək münasib forma olur. Ölməz sənət əsərləri
səviyyəsinə yüksələn,
xalqın dünənini,
bu gününü, həyat tərzini, adət-ənənəsini əks
etdirən əvəzsiz
xəzinəyə çevrilən
Kərkük xoyrat və maniləri Rəsul Rzada sözlə ifadə edilməz sonsuz məhəbbət oyatmışdı.
Bunu vaxtilə
SSRİ-də Türk
dilli xalqların oyanışına böyük
təkan verən görkəmli türk şairi Nazim Hikmətin sözlərindən
də bilmək olur:
“Ötən il Rəsul Rza İraqa getmişdi (1959-cu
il). Qayıdanda əlində bir
kitab gördüm.
Elə bil şair əlində
öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan türklərin xoyratları
idi”.
Burada söhbət
kərküklü folklorşünas
Əta Tərzibaşının
“Kərkük xoyratları
və maniləri” kitabından gedir. O kitab ki, İraqda, Türkiyədə və Azərbaycanda dönə-dönə
çap olunub və çoxları bu nadir incini əlinə alanda Nazim Hikmətin təbirincə desək, sanki əlində ürəyini aparır.
Yaşlı nəsil yaxşı bilir ki, 1968-ci ildə “Kərkük bayatıları” Bakıda
çap olunanda elə belə də olmuşdu, eləcə də şairin “Uzaq ellərin yaxın töhfələri” məqaləsi. Poetik sözün
əsl nümunəsi
olan, bu sanballı elmi-publisistik məqalə həm İraqda, həm də Azərbaycanda böyük hadisə kimi qarşılandı.
Rəsul Rzanın xalq qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun ən böyük xidmətlərindən biri də Suriyanın Hələb şəhərində, 1968-ci ildə Nəsiminin qəbrini üzə çıxarması olmuşdur. Taleyə bax ki, düz qırx il sonra - 2008-ci ildə Nəsiminin 600 illik yubileyində akademik Bəkir Nəbiyev, professor Teymur Kərimli və nəsimişünas Səadət Şıxıyeva Hələb şəhərində məruzələrlə çıxış etdik. Mən məruzəmdə Nəsimi ilə bağlı Rəsul Rzanın fəaliyyətindən bəhs etdim. Nəsiminin qəbrini ziyarət edəndə hər iki ölməz şairin ruhuna dualar oxuduq.
Sevinirəm ki, hər iki şair haqqında az-çox xidmət göstərmişəm. “Nəsimi “İraq divanı” (Yazıçı, 1987, 336 s.) və “Nəsimi haqqında araşdırmalar” (“Qarabağ”, 2010, 168 s.) kitablarım çıxıb. Rəsul Rzanın yaradıcılığına məqalələr həsr etmişəm. Şairin Kərkükdə Ə.Bəndəroğlu ilə birgə “Ağlayan çox, gülən hanı?” adlı 180 səhifəlik kitabını buraxmışam.
Rəsul müəllimlə bağlı bir məsələni də oxucuların nəzərinə çatdırmaq istərdim. Ötən əsrin 80-ci illərində Bakı şəhər Partiya Komitəsinin qərarı ilə Bakı Şəhər Sovetində küçələrə adqoyma komissiyası yaradılmışdı. Bakı Şəhər Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri Etibar Babayev komissiyanın tərkibinə nüfuzlu şəxsləri salmışdı. Komissiyanın tərkibində mən də vardım. İki təkliflə çıxış etdim. Yaşadığım Suren Osepyan küçəsini Süleyman Rüstəmin adına, Rəsul Rzanın yaşamış olduğu küçəni onun adına qoymağı təklif etdim.
Xalq yazıçısı Anar birinci təklifimi zarafatla “tapıntı” adlandırdı. Xalq yazıçısı Mirzə İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlı hər iki təklifimi dəstəklədilər və müsbət qərar qəbul olundu...
İndi hər dəfə Rəsul Rza küçəsindən keçəndə qürur duyuram. Qürur duyuram ki, belə bir dahi şəxsiyyətin müasiri olmuşam.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2017.- 13 may.- S.18.