“Ədəbiyyat xalqı ifadə edir”

 

 

 

Yaradıcı adamın ağlına bəlkə hər axşam, hər səhər, bəlkə elə avtomobildə, metro qatarında yol getdiyi zaman onu maraqlandıran, onun öz təfəkkür dünyasından keçən neçə-neçə mövzu gəlir. Ancaq bu mövzuların heç də hamısı özünün gerçək həllini tapmır.

 

Özünün gerçək həllini tapan mövzuların böyük əksəriyyəti üçün mütləq bu mövzunun kodu tapılmalıdır. Bütün yaradıcılıq fəaliyyətinə xeyli dərəcədə bələd olduğum, qəzet səhifələrindəki yazılarının və nəşr olunan kitablarının fəal oxucularından biri kimi yazıçı Elçin mənim üçün Azərbaycan nəsrində ciddi bir hadisədir. Və bir də təkrar edirəm, yaradıcılığına  xeyli dərəcədə bələd olduğum Elçinin həm də hər əsəri, kiçik həcmli esselərindən tutmuş fundamental janrlardakı kitablarınadək, hamısını ədəbiyyatımızda hadisə hesab etmək olar. Belə bir yaradıcı şəxsiyyətin hər bir həyat faktı adama bir mövzu verir. Və mən hər dəfə mənə vəhy kimi gələn bu mövzuları ifadə etmək üçün bəzən  qeybdən olaraq bir kodla rastlaşmışam. Qələmə aldığım bu yazının kodu Elçinin Azərbaycan Respublikasının ən ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edildiyindən sonra Ümumilli Lider Heydər Əliyevə ünvanladığı təşəkkür məktubundakı bir sətir oldu: “Ədəbiyyat xalqı ifadə edir”. Bu sətir, bu fikir ilk baxışda adi də görünə bilər. Lakin dərinə varanda bu fikrin postulat səviyyəsi, elmi anlamı, sənətkarın bədii sözə etibarı kimi yüksək semantikası barədə düşünəsi oluram: Ədəbiyyat xalqı ifadə edir. Bu fikir ədəbiyyata, bədii sözə iddiası olan hər kəsi çox ciddi bir məsuliyyət qarşısında qoyur. Əsrlərdən gələn şifahi xalq ədəbiyyatına bircə anlıq elmi diqqət bu ədəbiyyatı yaradan  şifahi xalq adamının nə qədər məsuliyyətli yanaşma sahibi olduğunu üzə çıxarır. “Xalqı ifadə edən” laylaların beşik tərbiyəsi sonralar “xalqı ifadə edən” azman dastanlarda bitir. Və böyük ədəbiyyat min illərin süzgəcindən keçib bədii sözə vurğun istedad sahiblərinin əsərlərinə çökür, bu əsərlərin klassik fenomenə çevrilməsinin ilkin şərtlərindən olur. Amma hər kəsin yox: “Ədəbiyyat xalqı ifadə edir” postulatının məsuliyyət gücünü dərk edən kəsin.  “Ədəbiyyat xalqı ifadə edir” fikrinin müəllifi Elçin bütün yaradıcılığı boyu bu məsuliyyətin daşıyıcısıdır.

 

Hər hansı bir münasibətlə Elçin yaradıcılığından bəhs edən ədəbiyyatşünaslar, ədəbi tənqid nümayəndələri və hətta adi oxucu belə Elçinin ədəbi mühitdəki yerini məhz “Ədəbiyyat xalqı ifadə edir” tezisindən yanaşaraq qiymətləndirir. Mən bu yazıda Elçinə elmi-bədii-publisistik zümrənin verdiyi qiymətə toxunacağam, lakin ilk növbədə hələ on dörd il bundan əvvəl Elçinin “İstiqlal” ordeni ilə təltif edilməsi barədə Heydər Əliyevin imzaladığı fərmandan əvvəl yazıçıya ünvanladığı təbrik məktubunda bu böyük sənətkara verdiyi dəyəri ifadə edən bir neçə sətri yazıya köçürmək istərdim: “Siz ədəbiyatımıza 60-cı illərdə qədəm qoyaraq tez bir zamanda tanınan istedadlı yazıçılarımızdansınız. Həmin dövrün ideoloji qəliblərinə sığmayan üslubda yazıb-yaratmış və ədəbiyyatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında adınız daim hörmətlə çəkilir. Xalqımızın tarixi taleyi  bədii irsi ilə bağlı olan, uzaq və yaxın keçmişimizin mənzərəsini canlandıran əsərləriniz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Milli mentalitetin daşıyıcıları olan qəhrəmanlarınız milli olduqları qədər də ümumbəşəridirlər. Məhz buna görə də əsərləriniz istər keçmiş sovet dövründə, istərsə də indi müxtəlif dillərə tərcümə olunaraq bir çox ölkələrdə oxucuların rəğbətini qazana bilmişdir”. Hiss olunduğu kimi, “Ədəbiyyat xalqı ifadə edir” fikri Ulu Öndərin bu qiymətində də özünü doğruldur.

 

Elçinin yaradıcılığı lap ilk çağlardan ədəbi ictimaiyyətin diqqətində olub. Və bu diqqət sahiblərinin hamısı onu yeni nəslin ustad nümayəndəsi kimi qiymətləndirir. O, 1960-cı illərdən məhsuldar bir yazıçı kimi ədəbi aləmə gəlmişdir. 1960-cı illərdə ədəbiyyata gələn yazıçı və şairlərin nəslini ədəbi mühitdə “altmışıncılar” adlındırırlar. Bu “altmışıncılar”, Ulu Öndər Heydər Əliyevin yuxarıda təqdim olunan sitatında dediyi kimi, “ideoloji qəliblərə sığmayan üslubda yazıb-yaratmağa” başladılar. “İdeoloji qəliblərə sığmamaq”sa heç də hər sənətkarın hünəri deyildi. SSRİ-də demokratik ab-hava yaratmaq istəyən Sov.İKP Baş katibi Nikita Xruşşov öz təşəbbüslərini elə özü boğmağa başlamışdı. Rusiyadakı Yevtuşenko, Voznosenski, Vısotski və başqa altmışıncılar H.Əliyevin xatırlatdığı “ideoloji qəliblərdən” yaxa qurtarmaq üçün çox çalışdılar. Azərbaycanlı altmışıncıların da bu dövrdən başlayan yaradıcılığı “yeni nəsr” kimi qiymətləndirildi. Doğrudur, M.Xruşşovun “demokratiyası” o qədər də uzun sürmədi. Xeyli müddət M.Xruşşovla yaxın olmuş, bəzən onun rəhbərliyində çalışmış yazıçı - jurnalist F.Burlatski yaxşı deyirdi ki, “Xruşşov öz islahatlarını həyata keçirmək üçün uçurumu iki addıma tullanmaq istədi”. Və ölkədə bir azdan yenə də ideoloji kanonlar hakim oldu. Lakin cəsarətlə deyərdik ki, “altmışıncılar” həqiqətən çox zaman bu qəlibləri dağıda bildilər. Bu sırada Elçinin adı fəxrlə çəkilməlidir.

 

İdeoloji qəlblərə sığmamaq bir sıra faktlarla şərtlənir. Amma bu bir sıra fakt içərisində həqiqi istedad ilk sırada durur. Həqiqi istedad sahibi olub da saxta ideologiyaya qulluq etmək olmur. Azərbaycanın klassik yazıçı və şairlərinə baxaq: Mirzə Fətəli, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir... kimi ədəbi şəxsiyyətlərə istedadları saxta ideologiyaya xidmət etməyə imkan vermədi. Sovet dövrünün ən ideoloji çağlarında yazıb yaradan Rəsul Rza, İlyas Əfəndiyev, İsa Hüseynov (Muğanna), Anar, Sabir Əhmədov, Sabir Azəri... kimi sənətkarlar ideoloji kanonlara sığmadılar. Bu nəslin nümayəndələri sırasında Elçin çox önəmli yer tutur. Akademik Nərgiz Paşayeva Elçin yaradıcılığına həsr etdiyi məqalələrində altmışıncıların və o cümlədən Elçinin Azərbaycan ədəbiyyatındakı yerini məhz onların sənətkarlığı, istedadı ilə qiymətləndirir.

 

Ədəbiyyatşünaslıq və ədəbi-tənqid Elçini həm də çox məhsuldar bir yazıçı kimi dəyərləndirir. Bu mənada akademik İsa Həbibbəylinin bir fikri indiki kontekstdə çox yerinə düşür: “Çağdaş Azərbaycan ədəbiyyatının və ədəbi-tənqidi fikrinin görkəmli yaradıcılarından biri olan Elçinin təkcə uğurla təmsil etdiyi altmışıncılar nəsli içərisində deyil, bütövlükdə yeni dövr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, rolu, mövqeyi vardır. İnamla demək olar ki, Azərbaycanda  çağdaş ədəbiyyatın və ədəbi tənqidin ən məhsuldar nümayəndələrindən biri kimi böyük nüfuz qazanmış xalq yazıçısı Elçini indi dünya ölkələrində də tanıyırlar”. Akademikin bu fikirləri dediyi vaxtdan on beş ilə qədər bir zaman keçib və ötən bu zaman müddətində biz Elçinin çox müxtəlif ölkələrdə özünün sənət nümunələri ilə Azərbaycanımızı da necə təmsil etdiyinin şahidiyik.

 

Müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi, ustad yazıçımız Anar Elçinin sovet dövrü yaradıcılığını xarakterizə edən aşağıdakı fikirləri ilə bu sənətkarın həmin ideoloji çağdakı yaradıcılıq cəsarətini çox dəqiq ifadə edir: “Elçinin sovet dövründə yazdıqlarının bədii və əxlaqi dəyəri dəyişmədi. Ona görə ki, bəzi bədxahlarımızın güman etdiyi kimi sovet dövründə yaranmış ədəbiyyat heç də ucdantutma “sovet ədəbiyyatı” deyildi. O dövrdə də Elçin “sovet ədəbiyyatı”, bədnam “sosialist realizmi” ehkamlarına və qəliblərinə uyğun gələn süni “ədəbiyyat” deyil, böyük hərflərlə yazılan ƏDƏBİYYAT, estetik dəyəri bu gün də baqi qalan ədəbiyyat yaradırdı”. Anarın da dediyi kimi, Elçin kitablarının birinə ön sözündə o dövrdə yazdıqlarını bu  gün redaktəsiz, olduğu kimi çap etdirdiyini dilə gətirmişdir.

 

Elçini bir sənətkar kimi yetişdirən amillərdən biri də onun geniş elmi-ədəbi biliyə malik olmasıdır. Yenə də akademik Nərgiz xanım Paşayevanın məqalələrindən birinə müraciət edək: “Dünya ədəbiyyatının təcrübəsi göstərir ki, yazıçının yaradıcılıq yolunu müəyyənləşdirən, onun inkişafı və formalaşmasında fitri istedadla bərabər, mühüm rol oynayan amil mütaliədir... Xalq yazıçısı Elçin belə geniş mütaliə miqyasına malik yazıçıdır, onun mütaliə dairəsi o qədər əhatəli və ciddi məzmunludur ki, heyrət doğurur”. Bu bir həqiqətdir. Bu həqiqət Elçinin ədəbiyyatla bağlı bütün söhbət və yazılarında görünməkdədir. Jurnalist-yazıçı Yaşarın (Yaşar Əliyevin) 19 noyabr-20 yanvar 2011-ci ildə “525-ci qəzet”in şənbə buraxılışlarında “Elçinlə ədəbiyyat söhbəti” adlı geniş bir müsahibəsi dərc olunmuşdu. Bu müsahibə haqqında bu sətirlərin müəllifinin geniş bir məqaləsində belə bir yer var idi:

 

“Elçin təkcə Azərbaycan elmi-filoloji fikrində deyil, cəsarətlə demək olar ki, bundan çox-çox böyük bir mühitdə ədəbiyyata sahib çıxan, onun xəstə yatağının başında vicdanlı bir həkim-kardioloq kimi dayanan azsaylı filoloq-alimlərdən biridir. Dostoyevskidən, Rasputindən imtina edən rus oxucusu, Markesdən, Kortasardan, Kobo Abedən... imtina edən dünya oxucusu hər kəsi ruhdan salmışdı, təkcə bizdə deyil, bütün dünyada hər şeyi öz qərəzli baxış bucağından, “qiymətləndirən”lər qarşısında bədii sözə sahib çıxmaq, onun dəyərinin heç vaxt itməyəcəyinə inam bəsləmək də hər kəsin işi deyildi. Elçin özünün ən yeni bədii əsərləri ilə, bədii sənət barədə inadkar nəzəri fikir və mülahizələri ilə öz inamına bizi də inandırdı”.

 

Mən Elçinin lap cavan vaxtlarında yazıb müdafiə etdiyi və filologiya elmləri alimlik dərəcəsi aldığı dissertasiyasını Moskvanın Ximki qəsəbəsində Lenin kitabxanasının filialında hələ 1973-cü ildə çox məmnuniyyətlə oxudum və elə o zaman bu adamın mütaliə səviyyəsinə, elmi ümumiləşdirmə istedadına, mövzusu ilə bağlı olan Azərbaycanın ədəbi-tənqid mühitinə sonadək bələdliliyinə heyran qaldım. Elçin Əfəndiyev filologiya elmləri doktoru, professordur və bu elmlər doktorunun elmi əsərlərinin hamısında biz onun problemə öz yanaşması olan, filoloji sahədə mükəmməl konsepsiyaya malik bir alim kimi görməkdəyik. Elçinin bədii yaradıcılığının təkcə Azərbaycanda deyil, habelə dünyanın bir çox ölkəsində məhsuldar şəkildə çap olunması təkcə müəllifin deyil, bütövlükdə Azərbaycan ədəbi-bədii-elmi-publisistik uğurudur.

 

Elçin yaradıcılığı polifonik formatdadır. Elçin nasirdir, ədəbiyyatşünasdır, nüfuzlu elm xadimidir, ədəbi-tənqidin ustad nümayəndəsidir, dramaturqdur və s. Onun bu yaradıcılıq istiqamətinin hər biri dünənin və bu günün böyük alimləri, ədəbiyyat, sənət adamları tərəfindən xüsusi qeyd edilmişdir. Əgər   akademiklər -Məmməd Arif, Mirzə İbrahimov, Kamal Talıbzadə, müasirimiz İ.Həbibbəyli və bir çoxları onun bədii nəsrini təhlil süzgəcindən keçirib qiymətləndiriblərsə, professor, teatrşünas Mehdi Məmmədov, Mir Cəlal, Həsənağa Turabov kimi elm və sənət adamları onu teatrşünas kimi qiymətləndirmişlər.

 

Bütün ədəbi söhbətlərində müəllimi Mir Cəlal haqqında minnətdarlıq hissi ilə danışan Elçin həmin müəlliminin belə bir qiymətini almışdır: “Elçinin ədəbi hadisələrə obyektiv yanaşması, yeri gəldikcə kəskin polemikalara girməsi, işin ağırlığından qorxmaması, mühüm elmi-bədii problemlərə nəzəri əsəslarla yanaşması əsərlərinin (“Tənqid və nəsr”) sanbalını xeyli artırmış, bu əsəri ləyaqətli bir tədqiqata çevirmişdir... Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqətimi cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o, yaxşı bir müasir ədəbiyyatşünas-mütəxəssis kimi yetişmişdir”.  Müəlliminin belə bir yüksək qiyməti hər adama nəsib olmur. Yalnız istedadlı və bu istedadı gerçəkləşdirmək bacarığı olanlara nəsib olur.

 

Görkəmli filosof-aktyor, sənətşünas Mehdi Məmmədov Elçini ədəbiyyatşünaslığı bu gün də məşğul edən, ayrı-ayrı hallarda sənətşünaslıq və estetika elmləri ilə sərhədlənən problemləri iki aspektdə-həm bədii nəsrin təcrübəsində, həm də onun tədqiqini diqqət və ehtiramla araşdıran, müqayisələr aparan, bədii əsərləri və tənqidi fikirləri tutuşduraraq nəticələr çıxaran, yüksək səviyyəli elmi xülasələr əldə  edən alim kimi qiymətləndirir. Türkiyədən tutmuş Rusiyayadək Elçini təhlil edən hər kəs onu bədii sənəti və sənətin elmi-nəzəri aspektlərini sinxron şəkildə öz yaradıcılığında birləşdirən  sənətkar və elm xadimi kimi yüksək qiymətləndirir.

 

Özü də çox böyük mütaliə və erudisiya sahibi olan Anarın Elçin haqqında indiki kontekstə çox uyğun gələn bir fikrindən də keçmək olmur: “Elçin ədəbiyyatımızın son 40-45 ildə ən görkəmli yazıçılarından biri, eyni zamanda, bu ədəbiyyatın ardıcıl araşdırmaçısıdır... Müxtəlif işlərdə çalışmasına rəğmən vaxt və imkan tapıb mətbuatı bu qədər diqqətlə izləməsi, Azərbaycanda, Rusiyada, Türkiyədə çıxan kitabları mütaliə etməsi, dünya ədəbiyyatının həm  klassik, həm  də yeni örnəklərinə dəyişməz marağı qibtə ediləcək özəlliyidir”. Anarın Elçinə bu qiymətinin altından Elçini tanıyan hər kəs məmnuniyyətlə öz imzasını qoyar.

 

Elçinin bu yaxınlarda nəşr olunan və dərhal ədəbi hadisə kimi qiymətləndirilən “Baş” romanını oxuyan hər bir azərbaycanlı bir vətəndaş olaraq bu əsərin rus dilində-məhz rus dilində də çap olunmasını çox vacib sayardı. Mən də bu fikirdə, bu istəkdə oldum. Çünki mürəkkəb kolliziyalı, mürəkkəb tarixi faktları qələmə alan, Azərbaycan gerçəkliyinin tarixindən bu günə milli dərs kimi faktlara söykənən bu əsərin rus oxucusuna çatdırılması bəlkə mili oxucudan da vacibdir. Və… belə bir istəyimiz nəinki Azərbaycanda, Rusiyanın çox mötəbər, çox nüfuzlu bir nəşriyyatında nəşr olundu. Bu, yazıçının təkcə şəxsi nüfuzuna bağlı deyil, həm də əsərin yüksək sənətkarlıq ölçülərinə bağlı bir milli (!) hadisədir.

 

Azərbaycanda “Qanun” nəşriyyatında çap olunmuş bu kitabın lap ilk səhifəsində redaksiyanın aşağıdakı maraqlı bir qeydi var: “Elçin Azərbaycan ədəbiyyatının canlı klassiki hesab olunur. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Romanları, povest və hekayələri, eləcə də elmi monoqrafiya və məqalələri 30-dan çox dilə tərcümə olunub. Pyesləri  Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq, Ankara və başqa şəhərlərin teatrlarında tamaşaya qoyulub. Kitablarının ümumi tirajı altı milyona yaxındır”. Bu qısa qeydin informasiya yükü Elçinin dünya miqyasında necə, hansı miqyasda tanındığını çox dəqiq göstərir.

 

Lap bu günlərdə mən professor Alxan Bayramoğlunun “Baş” romanı haqqında bir məqaləsini oxudum (“Şərq” qəzeti, 9 may) və alimin belə fikri ilə tamam şərik oldum ki, romanda tarixi həqiqətlə bədii təxəyyül, mifik düşüncə ilə həqiqi gerçəklik müəllif mövqeyinin təhkiyə axarında birləşir... ideya-bədii təqdimatın sənətkarlığı nəticəsində oxucu sanki həmin hadisə və proseslərin canlı iştirakçısına, şahidinə çevrilir”. Əsərin daha çox sənətkarlıq məqamlarına diqqət yetirən məqalə müəllifi belə bir nəticəyə gəlir ki, “Baş” romanı bütövlükdə böyük bir tarixi epoxanın sənətkarlıqla canlandırılmış mükəmməl bədii obrazlar sistemi kimi Elçin təfəkkürü və təxəyyülünün ibrətamiz ədəbi hadisəsidir”. Və ən maraqlısı da budur ki, roman haqqında dərc olunan yazıların hamısında bu əsər müasir ədəbiyyatımızda hadisə kimi qiymətləndirilir.

 

Azərbaycan bədii və elmi mühitindəki yaradıcılığını hər kəsin yüksək qiymətləndirdiyi Elçin bu gün də çox məhsuldar fəaliyyət göstərməkdədir. Mən həftənin hər altıncı günü “525-ci qəzet”in şənbə buraxılışını həm də Elçinin imzasına görə həvəslə izləyirəm. Elçin bu qəzetin ən fəal müəlliflərindən biridir. Ömrünün müdrik çağlarını yaşamaqda olan Elçin müəllimə Allahdan tükənməz yaradıcılıq enerjisi arzulayıram.

 

Cahangir MƏMMƏDLİ

 

 

525-ci qəzet.- 2017.- 13 may.- S.16.