Ədəbiyyat tariximizin ustad dərsləri
Akademik
İsa Həbibbəylinin hər yazısını oxuyanda, hər
çıxışına qulaq asanda bütün dərinliyilə
dərk edirəm ki, o, yalnız ədəbiyyatın
“dış strukturu”ndan - sosiologiyasından, mətnşünaslığından,
ideologiyasından yox, həm də “iç strukturu”ndan -
ruhundan, törəmə metodologiyasından, təzahür (və
cərəyanlaşma) texnologiyalarından gəlir.
Və necə yazırsa, o cür də
danışır, necə danışırsa, o cür də
yazır... Hansı
mövzuda danışırsa danışsın,
yazırsa yazsın, həmişə hiss eləmişəm
ki, ədəbiyyat adlanan fenomenin mahiyyətini açmağa,
onun gözə görünən tərəflərilə
yanaşı, gözə
görünməz mübhəmlərini də kəşf etməyə
çalışmaqla həmin məqamda elə bir
bütöv elmi- intellektual təsəvvür
yaradır ki, hər cümləsini sitat gətirmək olar və
güman etmirəm ki, onun neçə on illər ərzində
həm dediyi, həm də yazdığı həmin sitatlıq cümlələri (fikirləri!)
arasında azacıq bir ziddiyyət
olsun...
Niyə?..
Ona
görə ki, İsa Həbibbəyli bütün ömrü
boyu ustadlardan dərs alıb...
Və mən İsa müəllimi,
yaxşı tanıdığım keçən əsrin 80-
ci illərində necə görmüşdümsə, məntiqinin mükəmməlliyində,
axtarış eşqinin həmkarları ilə müqayisəyə
gəlməz
qaynarlığında (və eyni zamanda, nə qədər
paradoksal olsa da,
düşüncəsinin, təfəkkürünün
təmkinində, təvazökarlığında) bu gün də elə görürəm...
Görürəm və sevinirəm ki, bizə (öz həmkarlarına)
XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını
yeni materiallar, ideyalar, estetik
prinsiplər əsasında
oxutduran bir ədəbiyyat tarixi mütəxəssisi, Azərbaycan
ədəbiyyatı tarixinə yeni gözlə baxan bir
metodoloq, müasir ədəbi prosesi hərtərəfli
“spektrləşdirməy”ə çalışan bir nəzəriyyəçi
var... Özü də, adət etdiyimizin əksinə olaraq, kənardan
yox, öz içimizdən, daxilimizdən (ruhumuzdan!) gəlir...
Özünü dərk etmiş millət ustad dərslərini
kənardan ala bilməz...
İsa Həbibbəylinin
“Ədəbi şəxsiyyət və zaman” kitabı ustad dərsləridir...
Kitabın
ön sözündə deyilir:
“Böyük ədəbiyyat Zamana münasibətdə
çox ciddi tərəf-müqabildir. Qarşılıqlı
münasibətlərdə ədəbiyyat ağırlıq təşkil
edəndə Zaman
irəli gedir. Nizami Gəncəvinin “Xəmsə”si,
Məhəmməd Füzulinin “Leyli və Məcnun”u, Mirzə
Fətəli Axundzadənin “Təmsilat”ı, Cəlil Məmmədquluzadənin
“Ölülər”i və “Molla Nəsrəddin”i, Mirzə
Ələkbər Sabirin “Hophopnamə”si, Hüseyn Cavidin
“İblis”i (mən buraya Səməd Vurğunun “Azərbaycan”ını
da daxil edərdim - N.C.) Zamanla münasibətdə
ağır gələn əsərlərdir.
...Yazıçı
Zamanı düşündürən və qabaqlayan
böyük ideallar səviyyəsinə çatdıqda ədəbi şəxsiyyətə
çevrilir...”
İsa Həbibbəylinin
ədəbiyyat marağı (və təfəkkürü,
düşüncəsi) qədər geniş miqyas- mündərəcəyə
malik “Ədəbi şəxsiyyət və zaman” kitabı bir
də ona görə mükəmməldir ki, ideya- məzmunca
konseptual, ifadə- üslubca aydın, anlaşıqlı və
məntiqlidir...
Görkəmli
ədəbiyyatşünasın son illər Azərbaycan ədəbiyyatı
tarixşünaslığına gətirdiyi mühüm bir
yeniliyin böyük maraq doğurması heç də təsadüfi
deyil və həmin yenilik Azərbaycan ədəbiyyatı
tarixinin elmi- nəzəri baxımdan əsaslandırılmış
dövrləşdirmə konsepsiyasının onun tərəfindən işlənib
hazırlanması, müxtəlif
səviyyələrdə geniş müzakirə predmetinə çevrilməsi ilə
bağlıdır. Əlbəttə, haqqında söhbət gedən
konsepsiya yalnız milli müstəqillik
əldə ediləndən sonra
meydana çıxa bilərdi. Nə qədər vacib
olsa da, təkcə ona görə yox ki, sovet sosialist ideologiyası hər
hansı xalqın ədəbiyyat
tarixini məhz milli kontekstdə dövrləşdirilməsi
prinsiplərinin düzgün, obyektiv
müəyyənləşdirilməsinə imkan vermirdi, həm də (və
daha çox!) ona görə ki, öz məlum (və heç
cür qarşı çıxılmayacaq) “tələb”ləri
ilə milli ədəbiyyat tarixşünaslığı təfəkkürünün
(və Şəxsiyyətinin!) formalaşmağına
heç vəchlə imkan vermirdi.
İsa Həbibbəylinin
“Ədəbi şəxsiyyət və zaman”ı onun müəllifi
olduğu Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasına nə qədər
əsaslanırsa, eyni dərəcədə də həmin konsepsiyanı əsaslandırır...
Və xüsusi olaraq qeyd etmək lazımdır ki,
kitabdakı məqalələrin müxtəlif illərdə
yazılması kitabın monoqrafik bütövlüyünə
nəinki mane olur, hətta əksinə, həmin
bütövlüyün (və konsepsiyanın) təsadüfən
yaranmadığını, neçə illərin
axtarışlarının, kifayət qədər zəngin idrak təcrübəsinin
məhsulu olduğunu göstərir.
İlk məqalələr
orta əsrlərin klassik ədəbi şəxsiyyətlərinə
- Nizami, Marağalı Əvhədi, Şəms Təbrizi, Nəsimi
və Füzuliyə
həsr olunmuşdur.
Nizamidən
bəhs edərkən İsa Həbibbəyli yazır:
“Bir gün Şərq ölkələrindən birində
iki ədəbiyyat həvəskarı şeirin peyğəmbərinin
kimlər hesab olunması ətrafında mübahisə edir.
Tərəflərdən biri Füzuli, Nəvai,
Dəhləvi, Cami, Sədi, Hafiz kimi qüdrətli şairlərin
adlarını çəkir. Qarşı tərəf: -
Bəs Nizami Gəncəvinin adını niyə çəkmədin? -
deyə soruşur. Cavab
aşağıdakı kimi olur: - Sən şeirin peyğəmbərlərini
soruşdun, Allahını yox!”
Bu məşhur
pritçanı tamamilə yerində xatırlatdıqdan sonra
müəllif əlavə edir:
“Nizami Gəncəvi şeirin Allahıdır. Dünyanın
harasından - Şərqdən, yoxsa Qərbdən
baxılmasından asılı olmayaraq, o, şeir- sənət
səmasında günəş kimi parlayır. Bu, təkcə
Şərq
üçün qəbul edilən
ölçü, səviyyə deyildir. Bütövlükdə
mədəni dünya Nizami Gəncəvini dahi şair,
qüdrətli sənətkar, bəşəri təfəkkürə
malik mütəfəkkir kimi qəbul edir”.
Ancaq bir gerçəklik də təkzib olunmazdır ki,
“bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan
xalqına mənsub sənətkar olması da şəksizdir. O, dünyanın
böyük şairi, Şərqin qüdrətli sənətkarı
olmaqla bərabər, həm də konkret olaraq bir xalqın - Azərbaycan
xalqının övladı, bu qədim xalqın görkəmli şairi və
mütəfəkkiridir”.
Buradakı
“qədim” sözü gəlişigözəl işlənməmişdir
- əgər Azərbaycan xalqı XII əsrdə Nizami kimi bir
dahini yetişdirməsəydi, bu xalqın tarixində həmin
əsr ədəbi- fəlsəfi Zaman (idrak Zamanı!) yox, sadəcə
xronoloji zaman olaraq ötüb
keçəcəkdi və heç kimin ağlına gəlməyəcəkdi
ki, bu xalqın “qədimliy”indən
danışsın, XII əsrə gətirən (və Nizamini
yetirən!) milli
idrak, düşüncə, təfəkkür (və
intellektual- mədəni həyat!) mənbələrini
axtarsın...
“Bəlkə də, Nizami dünya ədəbiyyatında
ən çox dildə oxunan nadir sənətkarlardandır. Nizami irsinin tədqiqi ilə
də az qala bütün dünya məşğuldur. Nizamişünaslıq dünya şərqşünaslıq
elminin məxsusi bir istiqamətinə çevrilmişdir.
Nizami Gəncəvinin haqqında ayrı- ayrı dillərdə
yazılmış kitablardan və dahi sənətkarın müxtəlif
dillərə tərcümə olunmuş əsərlərindən
nəhəng bir kitabxana yaratmaq mümkündür. Bununla belə,
hansı dildə yazıb- yaratmasından, hansı dildə
öyrənilib- oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin
əsərləri azərbaycanlı ruhunun yüksək bədii
ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında
Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir”.
Yeri gəlmişkən,
bu da milli müstəqilliyin bəhrəsidir ki, artıq
neçə illərdir Londonda - Oksford Universitetində Nizami Mərkəzi uğurla fəaliyyət
göstərir... Və
həmin Mərkəzin yaradıcısı akademik
Nərgiz Paşayevanın rəhbərliyi ilə
bütün dünyaya
nümayiş etdirilir ki, Azərbaycan xalqı yer
üzünün ən mədəni, ən intellektual, ən
humanist xalqlarından biridir və bu dəyərləri
özünün zəngin tarixi ilə qazanmışdır.
“Ədəbi
şəxsiyyət və zaman”ın “Erkən yeni dövr” adlanan
ikinci bölməsində iki böyük Azərbaycan
şairindən - Saib Təbrizi ilə Vaqifdən söhbət
gedir... Lakin
dövr (Zaman!) yenə də ön planda olub həmin
ədəbi şəxsiyyətlərin ideya- estetik
ideallarını həm müəyyən edir, həm də
onlarla müəyyən olunur:
“... XVII əsrdə ənənəvi şeir
dövrünün arxada qaldığını görməmək
mümkün deyildir. XVII əsrin poeziyası Məhəmməd
Füzulidən Molla Pənah Vaqifə keçid ədəbiyyatının əsas
təzahürlərini özündə əks etdirir... XVII əsr
Azərbaycan
poeziyasına Məhəmməd Füzuli
lirikasının davamı olmaqla bərabər, həm də
Molla Pənah Vaqif şeirinin əvvəli kimi baxmaq
lazımdır”.
Və
müəllif belə bir doğru qənaətə gəlir
ki, “XVII əsr Azərbaycan poeziyasında, xüsusən də
Saib Təbrizinin yaradıcığılında baş
vermiş yeniləşmə prosesləri, həyatın,
müdrik kəlamların bədii ifadəsinə doğru
atılmış addımlar özündən sonra ədəbiyyatda
realizmi və onun görkəmli nümayəndəsi Molla Pənah
Vaqifi formalaşdırıb ərsəyə gətirmək
kimi mühüm hadisələri meydana
çıxarmış, bütövlükdə realist ədəbi
hərəkat dönməz
şəkil almışdır”.
Həmin
qənaət bir də ona görə doğrudur (və
perspektivlidir) ki, yeni dövr ədəbiyyatının
Füzulidən Vaqifə gələn
magistralını dəqiq
müəyyən etməklə, “Molla Pənah olan
şair”in - Vaqifin yaradıcılıq genotipinə gur
işıq salır..
“Molla Pənah
Vaqif realist ədəbiyyatı yaratmaqla Azərbaycan ədəbiyyatını
çoxəsrlik
Şərq ədəbiyyatı dairəsindən
çıxararaq, modern Avropa və dünya ədəbiyyatı
səviyyəsinə yüksəltmişdir. Bundan başqa,
Vaqif aşıq şeiri, Azərbaycan şifahi xalq
poeziyası ilə yazılı ədəbiyyatdakı şeir
arasındakı baryeri aradan qaldırmış, aşıq
şeiri üslubunu yeni dövr lirikasının ifadə tərzinə
çevirmişdir”...
Azərbaycanın
“ədəbiyyat filosofu” Yaşar Qarayevin “ədəbiyyatımızın tarixi inkişaf yoluna nəzər
salarkən Azərbaycan realizminin beşiyi başında
hamıdan əvvəl... Vaqifin silueti görünür”
sözlərini sitat gətirən İsa Həbibbəyli
yazır:
“Azərbaycan
ədəbiyyatında realizm Molla Pənah Vaqifin yaradıcılığı
ilə başlanır. Vaqifin şeirləri Azərbaycan
realizminin ibtidasıdır.
Şair orijinal əsərləri ilə ölkə həyatının
real ədəbiyyatını yaratmağa nail olmuşdur”.
Kitabın
üçüncü bölməsi realizm dövrünə
(müəllif onu “realizm epoxası” adlandırır ki, bunun
üçün, heç şübhəsiz, ciddi əsaslar
vardır) həsr olunmuşdur ki, həmin bölmədə
M.F.Axundzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov,
R.Əfəndiyev kimi maarifçi realistlərin; C.Məmmədquluzadə,
M.Ə.Sabir, M.Şahtaxtlı, M.S.Ordubadi, Ə.Qəmküsar,
E.Sultanov kimi tənqidi realistlərin
yaradıcılığı ayrı-ayrı oçerklərdə
araşdırılır. Həmin oçerklərdə ilk nəzərə
çarpan məziyyət budur ki, müəllif təkcə Azərbaycan
realizminin görkəmli nümayəndələrinin
yaradıcılıq “tərcümeyi- hal”ını,
miqyasını göstərmir, həm də onların ədəbi,
ideya- estetik xidmətlərini (və bu xidmətlərə
müvafiq olaraq mövqelərini) sxemləşdirir, yaxud
formullaşdırır. Elə də olur ki, həmin ideya
sxemi, yaxud formulu oçerkin adına
çevrilir... Məsələn: “Xoş gördük, Mirzə Fətəli
Axundzadə!” Bu, o deməkdir ki, Milli Tarixin özü Mirzə
Fətəlinin sorağında imiş... Və Zaman onu məhz bu cür
qarşılamışdır...
“Beləliklə,
Mirzə Fətəli Axundzadənin
yaradıcılığı ilə Azərbaycan maarifçi realizmi kamillik mərhələsinə
çatmış, bətnində tənqidi realizmin
rüşeymlərini hazırlamışdır. Nəticə
etibarilə Molla Pənah Vaqiflə başlanan Azərbaycan Realizmi mollanəsrəddinçi
tənqidi realizmin səviyyəsinə Mirzə Fətəli
Axundzadənin mükəmməl maarifçi realizm
körpüsündən keçərək gəlib
çatmışdır”.
Mirzə Fətəlinin ədəbi- nəzəri
görüşlərini yenidən (və dərindən!) tədqiq
edən İsa Həbibbəyli çox mühüm bir məsələyə
- M.F.Axundzadənin dahi Füzuliyə münasibəti məsələsinə
aydınlıq gətirməyə
çalışmışdır. Və həmin mövzudakı məqalənin
dəyəri ondadır ki, müəllif həmin məsələyə
XIX əsrin dahi mütəfəkkirinin ümumi
dünyagörüşü kontekstində baxmağı bacarmış və
belə bir maraqlı nəticəyə gəlmişdir:
“Mirzə
Fətəli Axundzadənin fikrincə, Məhəmməd Füzuli
klassik romantik şeirin
ustadı, yeni realist ədəbiyyatın isə nazimidir.
Bu isə indiyədək qeyd edildiyi kimi, səhv, sadəcə
yanlışlıq, yaxud realizmin müdafiə olunması, nəzəriyyəçiliyin
qarşısının
alınması demək olmayıb, həm də obyektiv
reallıqdır”.
“Nəriman
Nərimanov: tənqidi realist, yoxsa maarifçi demokrat?”,
“Üzeyir Hacıbəyov əfsanəsi”, “Böyük demokrat
Cəlil Məmmədquluzadə”, “Mirzə Ələkbər
Sabirimiz”, “Millətin canlı heykəli”, “Böyük ədəbiyyat
nəhəngi” və s. oçerklərdə də İsa Həbibbəyli,
bir tərəfdən,
ayrı-ayrı klassiklərin özlərinə məxsus “üslub”unu, yaradıcılıq
tipologiyasını, Zamanla səsləşən ideya- estetik
axtarış istiqamətlərini müəyyənləşdirir,
digər tərəfdən, ümumən milli ədəbi hərəkatın
həmin klassikdə (Ədəbi Şəxsiyyətdə) təzahür
edən əsas xüsusiyyətlərini (prinsip etibarilə, mərhələlərini)
meydana çıxarmaqla, kitabdakı hər bir oçerkə
bütövlükdə Azərbaycan ədəbiyyatı
tarixinin bir fəsli kimi baxmağa elmi- metodoloji təminat verir.
Əlbəttə,
İsa Həbibbəyli dahi Mirzə Cəlilin, eləcə də
onun yaratdığı Molla Nəsrəddin
məktəbinin görkəmli tədqiqatçısıdır
və bu gün həmin
mövzuda aparılan araşdırmaların bu qədər
geniş miqyas almasında, keyfiyyətcə mükəmməlləşməsində
İsa Həbibbəylinin rolu
müstəsnadır. Və bu özünü kitaba daxil
edilmiş bir sıra oçerklərin həm faktik
materialının zənginliyində (həmin faktların xeyli
hissəsini məhz müəllif özü ortaya
çıxarmışdır), həm də yüksək elmi
ümumiləşdirmə səviyyəsində göstərir.
Doğrudur,
ədəbiyyat tariximizin müxtəlif dövrlərinin, mərhələlərinin, ədəbi şəxsiyyətlərinin
kifayət qədər ciddi elə
tədqiqatçıları olmuşdur (və indi də
vardır) ki, milli ədəbiyyat
tarixi barədəki təsəvvürləri həmin
dövrdən, mərhələdən, hətta ədəbi
şəxsiyyətdən ya kənara çıxmır, ya da
kənara çıxarsa, həmin dövrün mərhələnin,
hətta ədəbi şəxsiyyətin
yaradıcılığının ideya- estetik mənzərəsini,
tipologiyasını bütövlükdə ədəbiyyat
tarixinin və ya tarixi- ədəbi prosesin konseptual təhlilində əsas, yaxud istinadgah kimi qəbul edirlər. Ancaq “Ədəbi
şəxsiyyət və zaman” müəllifi həmin məhdudluq
və ya metodoloji “təhlükə”dən tamamilə
uzaqdır: onun Mirzə Cəlilə dərindən bələdliyi
(və intəhasız sevgisi) ümumən milli ədəbiyyat
təəssübkeşliyini heç bir məqamda üstələmir...
Dördüncü
bölmə romantizmdən danışır... Azərbaycan
romantizminin üç böyük ədəbi şəxsiyyəti
- H.Cavid, M.Hadi və A.Səhhət haqqında mükəmməl
oçerklər verilmiş...
“Ədəbiyyatımızın
romantik korifeyi” barədə
deyilir:
“Hüseyn Cavidin yaradıcılığı ilə Azərbaycan
ədəbiyyatında yeni epoxa başlamışdır. Azərbaycan ədəbiyyatında
romantizm epoxasının ən qüdrətli
yaradıcısı Hüseyn Caviddir. Bəlkə də,
Hüseyn Cavidin yaradıcılığı olmasaydı, Azərbaycan ədəbiyyatında
romantizm ədəbi cərəyana çevrilə bilməyəcəkdi”.
Əlbəttə,
bir az romantik səslənir, ancaq həqiqətdir...
Və o
da həqiqətdir ki, “Hüseyn Cavid Məhəmməd
Füzulidən sonra və Səməd Vurğundan əvvəl
Azərbaycan romantik ədəbiyyatının ən böyük zirvəsidir. Mirzə
Fətəli Axundzadənin realist ədəbiyyata yol
açmaq üçün böyük çətinliklə arxa cərgəyə
keçirdiyi romantik poeziyanı Hüseyn Cavid yenidən bərpa
etmiş və ədəbiyyatın ön mövqeyinə
çıxarmışdır”.
Kitabda
“Molla Nəsrəddin” və füyuzatçılar”
mövzusunda xüsusi oçerkin verilməsi ilk növbədə ona görə
əhəmiyyətlidir ki, həmin mövzu zaman- zaman bir
sıra müzakirələrin, mübahisələrin obyekti
olmuş, metodoloji baxımdan tamamilə yanlış qənaətlərin törəməsinə
gətirib çıxarmışdır. Etiraf etmək lazımdır ki,
mollanəsrəddinçiliklə füyuzatçılıq
arasındakı mədəni-
ideoloji münasibətlərin dəqiq müəyyənləşdirilməsi
yalnız müstəqillik illərində, milli ədəbiyyatın
tarixinə sosializm realizmi təzyiqlərindən və ya
konyukturundan xilas olduqdan sonra
imkan yarandı. Və məlum oldu ki, “mollanəsrəddinçilik
Azərbaycan ədəbiyyatında tənqidi realizmin, füyuzatçılıq
isə romantizmin ədəbi cərəyan səviyyəsində
formalaşması və inkişafında mühüm rol
oynamışdır. Tənqidi realist yazıçı və şairlərin əsərlərində
romantik meyllər olduğu kimi, romantizm ədəbi cərəyanının
təmsil edən sənətkarların da
yaradıcılığında
realist əlamətlər vardır. Və bütün
bunlar XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını
daha da zənginləşdirən
keyfiyyətlərdir”.
Eyni
zamanda, o da məlum oldu ki, bu və ya digər xalqın ədəbiyyatının
tarixində mövcud olmuş heç bir hadisəni - məktəbi,
cərəyanı, şəxsiyyəti, əsəri və s.,
hansı idealları daşıyırsa- daşısın,
“tarixdən çıxarmaq” olmaz, çünki
bütün bu cür hallarda həmin
xalqın ədəbiyyat tarixi qeyri- mükəmməl olacaq...
Ədəbiyyat tarixşünaslığı isə bu qeyri-
mükəmməllikdən həmişə metodoloji “əziyyət”
çəkəcək...
Və təsadüfi deyil ki, kitabın beşinci bölməsi
ilk professional ədəbiyyat tarixçimiz Firidun bəy
Köçərlinin yaradıcılığına həsr
edilmişdir.
O F.Köçərlinin ki, “Azərbaycan ədəbiyyatı
tarixi materialları” adlı ikicildlik sanballı əsəri ilə
ölkəmizdə sistemli ədəbiyyat tarixçiliyi
yaratmaq ənənəsinin möhkəm bünövrəsi qoyulmuşdur”.
Kitabda “Azərbaycan ədəbiyyatı tarixi
materialları” təhlil edilməklə yanaşı,
F.Köçərlinin Qoridən yazılmış məktubları
da araşdırılmışdır.
...Azərbaycan
mühacirət ədəbiyyatı, əlbəttə, bütün
ideya istiqamətləri ilə birlikdə Azərbaycan ədəbiyyatının
üzvü tərkib hissəsi olsa da, məlum siyasi-ideoloji səbəblər
üzündən onun öyrənilməsi
müstəqilliyin ilk illərindən başlayır. Və əminliklə
demək olar ki, müstəqillik illərində Azərbaycan
mühacirət ədəbiyyatı kifayət qədər
ardıcıl öyrənilmiş, həmin mövzuda müxtəlif
səviyyəli elmi konfranslar keçirilmiş, kitablar, məqalələr
nəşr olunmuş, səriştəli mütəxəssislər
yetişmişdir ki, burada Azərbaycan MEA- nın rəhbərlərindən
biri kimi, akademik İsa Həbibbəylinin
xüsusi xidmətləri vardır.
İsa Həbibbəyli həmin sahədə
böyük təşkilatçılıq işi görməklə
yanaşı, Azərbaycan mühacirlərinin
yaradıcılığına aid bir sıra dəyərli məqalələr
qələmə almışdır. “Ədəbi şəxsiyyət və
zaman”a bu məqalələrdən bir neçəsi - Əli bəy
Hüseynzadə, M.Ə.Rəsulzadə, Ceyhun Həcıbəyli
və Məhəmməd Əsəd bəyə həsr
olunmuş yazılar daxil edilmişdir ki, onlar kitabın “Azərbaycan
mühacirət ədəbiyyatı” adlı altıncı
bölməsini təşkil edir.
Yeddinci
bölmə Azərbaycan ədəbiyyatı tarixinin ən
mürəkkəb, nəzəri- metodoloji baxımdan təhlili çox
çətin olan “sovet dövrü”ndən bəhs edir... Və
bu dövrün ən qüdrətli ədəbi şəxsiyyəti
Səməd Vurğunla başlayır... Niyə?..
Əlbəttə,
S.Vurğun yaradıcılığının ideya- estetik mahiyyətini
doğru- düzgün izah etmədən, “sovet dövrü” Azərbaycan
ədəbiyyatı barədə az- çox mükəmməl qənaətə gəlmək,
görünür, mümkün deyil... Və İsa Həbibbəylinin
ədəbiyyat tarixi konsepsiyasının (eləcə də
bu kitabla verdiyi ustad dərslərinin) əsas uğuru ondadır ki,
S.Vurğun yaradıcılığını o həddə qədər
Zamanın hadisəsi hesab edir ki, əvvəlki zamanlarla sələf-
xələflik əlaqəsi qırılmasın:
“Səməd Vurğun ədəbi məktəbi ilk
növbədə çoxəsrlik ədəbi ənənələrin
müasirliklə üzvi şəkildə əlaqələndirilməsi
və yeniləşdirmə imkanlarının genişləndirilməsi
əsasında formalaşmışdır. Nizami Gəncəvi
yaradıcılığındakı dərin ictimai məzmun, Füzulinin
lirikası, Vaqifin xəlqiliyi, həyat eşqi və nikbinliyi,
Mirzə Ələkbər Sabirin yüksək vətəndaşlıq
mövqeyi Səməd Vurğun poeziyasınını ilham
qaynaqlarıdır. Lakin özündən əvvəl ədəbi
məktəb yaratmış böyük sənətkarların
içərisində
Molla Pənah Vaqifin yaradıcılığı
ona daha yaxın və doğmadır”.
Tamamilə
aydın, dəqiq (və konseptual!) olan bu fikrə, əslində,
heç bir əlavə izahat, yaxud şərh lazım gəlmir...
Yalnız onu deməliyik ki, həmin fikir
(mövqe!) XX əsrin böyük
şairini, əsassız olaraq, “kommunizm tərənnümçüsü”
elan edib, onun poetik təfəkkürünün (və milli
dünyagörüşünün) nə miqyasına, nə də
dərinliklərinə vara bilməyənlərə
tutarlı cavabdır.
Azərbaycan ədəbiyyatının “sovet
dövrü” konyukturunun tragik reallıqlarını, əlbəttə,
inkar etmək olmaz, bununla belə “xalq şairi Səməd
Vurğun xalqına, vətəninə vurğunluğunu
yüksək bədii səviyyədə əks etdirən
qüdrətli sənətkar kimi əbədiyyət
qazanmışdır. Onun başladığı “Azərbaycan epopeyası” XX əsr
Azərbaycan ədəbiyyatında azərbaycançılıq
idealının proqramına çevrilmişdir”.
İsa Həbibbəylinin kitaba daxil edilmiş “Akademik Səməd
Vurğun” monoqrafiyası isə daha çox şairliyi ilə
fəxr etdiyimiz dahi şəxsiyyətin elmi təfəkkürünün
(və fəaliyyətinin) miqyası barədə ilk dəfə
müfəssəl təsəvvür yaradır.
Təsadüfi deyil ki, “Ədəbi şəxsiyyət və
zaman”ın, haqqında söhbət gedən bölməsi
“Çətin yollarda” adlandırılmışdır. Və bu ifadə- fikir Səməd
Vurğunla yanaşı, dövrün - “sovet
dövrü”nün digər görkəmli sənətkarlarının
yaradıcılıq axtarışlarının hansı “zaman
məkanı”na düşdüyünü yaxşı
xarakterizə edir...
Mirzə
İbrahimov, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev,
Bəxtiyar Vahabzadə, Məmməd Araz... kimi böyük ədəbi
şəxsiyyətlərin
yaradıcılıq taleyi də bunun təsdiqidir.
Azərbaycan ədəbiyyatı, mühacirləri nəzərə almasaq, XX əsrin əvvəllərindən sonra hər ikisi Azərbaycan olan iki məkanda - Şimalda və Cənubda təzahür etmişdir. Və Azərbaycanın hər iki “tay”dan olan müqtədir qələm adamları o tayla- bu tayı öz yaradıcılıq ideallarında həmişə birləşdirməyə, bütöv Azərbaycandan danışmağa böyük ehtiyac duymuşlar ki, onların önündə Təbrizli Ustad Məhəmmədhüseyn Şərhiyar getmişdir.
“Ədəbi şəxsiyyət və zaman” da bu böyük şairə geniş bir oçerk həsr edilmiş, onun “şeirdən yoğrulmuş möhtəşəm Azərbaycan dili abidəsi” olan “Heydərbabaya salam”ı yenidən araşdırılmışdır.
Kitabın yeddinci bölməsindən səkkizinci bölməsinə - “Çətin yollar”dan “Müstəqillik işığı”na gəlirik...
“Müstəqillik işığında” bölməsi xalq şairləri Nəriman Həsənzadə və Fikrət Qocaya, xalq yazıçıları İsa Hüseynov (Muğanna), Anar və Elçinə həsr olunmuşdur. Hər birinin öz üslubu, öz yazı texnologiyası olan bu görkəmli müasir ədəbi şəxsiyyətlərin Zamanla “dialoq”unun mahiyyətində, həqiqətən, müstəqillik ideallarının işığını görməmək mümkün deyil.
Və nəhayət, “Ədəbi şəxsiyyət və zaman”ın “Müstəqillik andı” adlanan sonuncu bölməsi “müstəqilliyin şərəfli yolu” ilə gedən son illər ədəbiyyatından - onun uğurlarından və yaradıcılıq axtarışlarından söhbət açır... Dövrün kifayət qədər müfəssəl ədəbi- nəzəri təsviri təqdim edildikdən sonra Yusif və Vaqif Səmədoğlular, Hidayət, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Elmira Axundova, Rəşad Məcid, Rüstəm Behrudi, Asim Yadigar... haqqında geniş oçerklər verilir.
Akademik İsa Həbibbəylinin “Ədəbi şəxsiyyət və zaman”ı görkəmli bir ədəbiyyat tarixçisinin (və metodoloqunun) ustad dərsləri kimi, heç şübhə etmirəm ki, həmişə oxunacaqdır...
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2017.- 13 may.- S.14-15.