Rəşad Məcidin esselər kitabı
Türkiyə türkcəsində
ÖN SÖZ MÜƏLLİFİ İRFAN ÇİFTÇİ: “ONUN YAZILARINDA GERÇƏK İNSAN MÜNASİBƏTLƏRİNDƏN İBARƏT QAYNAR BİR HƏYAT VAR”
Şair və nasir, Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcidin “Dəlicəsinə” adlı
kitabı Türkiyə
türkcəsində nəşr
edilib.
Türkiyədə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi
(İLESAM) ilə AYB arasındakı
razılaşma əsasında
çap olunan kitabın bu gün - mayın 13-də Ankaradakı Türk Tarix Qurumunda geniş təqdimatı keçiriləcək. Bundan əvvəl - 2015-ci ildə
Avrasiya Yazarlar Birliyi tərəfindən
Türkiyədəki “Bengü”
nəşriyyatında R.Məcidin
bütün şeirlərinin
toplandığı “Bir
daha gəlməyəcək”
kitabı çap olunmuşdu. Yeni kitaba isə
R.Məcidin müxtəlif
illərdə qələmə
aldığı esselər,
publisistik mətnlər
daxil edilib.
Tanınmış şair və ədəbiyyatşünas, Türkiyə
Səfirliyinin Mədəniyyət
attaşesi İrfan Çiftçi kitaba “Rəşad Məcidi necə oxumalı: maraqlananlar üçün
bələdçilik cəhdi”
sərlövhəli geniş
ön söz yazıb. Bu yazıda
R.Məcidin yetişdiyi
dövr və mühit, onun həyat və fəaliyyəti, yaradıcı
dünyagörüşü və dəsti-xətti, nəşrdəki mətnlərin
məzmunu və ideya-estetik cəhətləri
barədə olduqca maraqlı mülahizələr,
dəqiq, tutarlı təsbitlər var.
İ.Çiftçinin fikrincə, “..Rəşad Məcid çağdaş
Azərbaycan düşüncəsinin
dünyadakı yerini quşbaxışı müəyyənləşdirmək
üçün seçilə
biləcək bəlkə
də ən səciyyəvi - özünəməxsus
və orijinal xarakterli - müəlliflərdən
biridir... O, yaşadığı
dünyanı özündən
əvvəlki dövrə
aid dil və üslubla deyil, öz zamanına xas aydın və çevik şüurdan qaynaqlanaraq, bugünkü dillə ifadə edir”.
Ön sözdə vurğulanır
ki, Rəşad Məcid hətta çox məhəlli alına biləcək yaddaş yazılarını
belə, orada önəmli bilgilərə
yer verərək, məzmununu maraqlı əhvalatlarla dərinləşdirərək,
tarixə dair qeydlərini poetik və metaforik təsvirlər, incə yumoristik gedişlər sayəsində dönə-dönə
oxutmağı bacarır...
Onun bəzi esseləri, əslinə qalsa, arxasından uzun hekayələr boylanan mətnlərdir... Bunların içərisində,
informasiya yükü ilə bərabər, bütöv bir dövrə xas çox güclü ədəbi-sosioloji məzmun
var...”
İ.Çiftçinin qənaətinə
görə, R.Məcidin
bütün mətnlərində
gerçək insan münasibətlərindən ibarət
qaynar bir həyat var:
“...Onlarda təklənmiş,
yalqızlaşmış insanlar
tapmaq az qala mümkünsüzdür.
Tarixi mövzu və şəxsiyyətlərdən söz açarkən də, sadəcə portretlərə nəzərən
deyil, insani münasibətlər müstəvisindən
çıxış edir.
Hadisəni sürətlə
dramatikləşdirərək, bir film epizodu effekti yaradır...Uzun-uzadı mülahizələr,
fəlsəfi mühakimələr
vermək əvəzinə,
gerçək insana xas durum və davranışlar, canlı
dialoqlar vasitəsilə
dinamika yaradıb, yazını darıxdırıcılıqdan
sığortalayır...”
MÜŞFİQ
525-ci qəzet.- 2017.- 13 may.- S.13.