Xalq şairi Söhrab Tahir
anıldı
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda Xalq şairi Söhrab Tahirin anım günü keçirilib.
Mərasimdə AYB-nin əməkdaşları,
tanınmış yazarlar,
mərhum şairin ailə üzvləri və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin Güney Azərbaycan şöbəsinin
müdiri, şair Sayman Aruz Söhrab
Tahirlə bağlı
xatirələrini qonaqlarla
bölüşüb. Qeyd edib
ki, S.Tahir sağlığında ölməzlik
qazanan şair və ziyalıdır.
S.Tahirin xatirəsini hörmətlə yad edən Xalq şairi Sabir Rüstəmxanlı, onunla tanışlığından söz açıb, mərhum sənətkarın bir milliyətçi kimi fəaliyyətindən danışıb: “Söhrab Tahir kimi şairlərin yaradıcılığı təkcə ədəbiyyatın işi deyil. Onlar bütün varlıqları ilə xalqa, Vətənə qulluq edən nadir insanlardır. Güney Azərbaycan özü sıxıntılar, ağrılar içərisində yaşaya-yaşaya Quzey Azərbaycan üçün bir sıra önəmli ziyalılar yetişdirib. Söhrab Tahir bir ömürdə bir neçə ömür yaşadı. Təkcə “Ata” eposu Firdovsinin “Şahnamə”si ilə eyni səviyyədə, hətta bəlkə də daha da yüksəkdə dayanacaq bir əsərdir. Onun həyatını böyük türk şairi Nazim Hikmətin həyatına bənzədə bilərik. Azərbaycan ədəbiyyatı var olduqca Söhrab Tahir də yaşayacaq. Düşünürəm ki, onun ədəbiyyatımızda daha ciddi araşdırılması üçün hamımız əlimizdən gələni etməliyik”.
Mərhum şairin qızı Nəsibə Taheri atasına sağlığında və vəfatından sonra göstərilən yüksək münasibətə görə, başda AYB rəhbərliyi olmaqla, hər kəsə öz təşəkkürünü bildirib: “Atam haqqında danışmaq mənə həmişə çətin olub. Bu gün isə daha çətindir. Çünki bu gün mən burada atamın evindəyəm. O, uzun illər sizdən ayrı yaşasa da, həmişə sizin qəlbinizin istisi ilə var olub. Atam həmişə mənim üçün maraqlı bir şəxsiyyət olub. O, istiqlal şairi olmaqla yanaşı, həm də saf sevgi hisslərini təcəssüm etdirən lirik şeirlər müəllifi idi”.
Tənqidçi Əsəd Cahangir deyib ki, S.Tahir ədəbi gəncliyin milli ruhda yetişməsində çox böyük rolu olan bir şairdir: “Onun bütün həyatı fırtınalı bir dənizə bənzəyir. Sanki həyatında yaşadığı çətinliklər onun gələcəkdə böyük istiqlal şairi kimi yetişməsinə zəmin yaratmışdı. Onun yaradıcılığı kəmiyyət baxımından da çox zəngindir. Onun “Ata” eposunda bir dənə də olsun ərəb-fars sözü yoxdur. Hətta o, belə söz işlətməyə məcbur qalmamaq üçün özü sözlər yaradıb”.
“Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədli Söhrab Tahirin xatirəsinə həsr etdiyi şeiri səsləndirib.
Daha sonra iştirakçılardan Yəhya Əliyev, Qardaşxan Əzizxanlı, Akif Azalp, şairlər Güləmail Muradlı, Fərqanə Mehdiyeva mərhum şairi ehtiramla anıb, onun bütöv Azərbaycan ədəbiyyatına xidmətlərindən söz açıblar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 13 may.- S.12.