Əhməd Cavadın 125 illiyi
qeyd edildi
Mayın
11-də AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsü
ilə “İstiqlal şairi Əhməd Cavadın 125 illik yubileyinə həsr olunmuş konfrans” keçirilib.
Azərbaycan Respublikasının Dövlət
Himni ilə açıq elan edilən tədbirdə
AMEA-nın əməkdaşları,
tanınmış elm xadimləri,
ədəbiyyatşünaslar və media nümayəndələri
iştirak ediblər.
Kitabxananın direktoru Leyla İmanova qonaqları salamladıqdan sonra MEK-in yaradılması, fəaliyyəti
və keçirilən
konfransın məqsədi
haqqında qısa məlumat verib.
AMEA Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya elmləri doktoru Əlizadə Əsgərli
“Milli istiqlal şairi Əhməd Cavad: həyatı, mühiti, ədəbi estetik və sosial- siyasi görüşləri” məruzəsi
ilə çıxış
edib.
Daha sonra Quzey Kıbrıs
Türk Cümhuriyyətinin
Azərbaycandakı səfiri
Ufuk Turganer, AMEA Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
filologiya elmləri doktoru Asif Rüstəmli,
S.Mümtaz adına Azərbaycan Respublikası
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivi İdarəsinin
direktor müavini Aslan Qasımlı və başqaları öz çıxışlarında
şairin xatirəsini
hörmətlə anaraq,
onun Azərbaycan və ümumilikdə Türk dünyası mədəniyyətinə, ədəbiyyatına
verdiyi töhfələrdən
söz açıblar.
Konfransda Ə.Cavadın həyat və yaradıcılığını
əks etdirən qısametrajlı videoçarx
nümayiş olunub.
Xalq artisti Nurəddin Mehdixanlı şairin “Susmaram” şeirini səsləndirib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuş xüsusi təyinatlılar Natiq Mehdiyev və Ülfət Həsənov Ə.Cavadın Azərbaycan xalqının azadlığı yolunda öz qələmi ilə apardığı mübarizədən danışıb, onu bütün gəncliyə örnək göstəriblər.
Sonda istiqlal şairinin nəticəsi Cavad Axundzadə Əhməd Cavadın xatirəsini əziz tutduqları və bu yubiley konfransını keçirdikləri üçün AMEA rəhbərliyinə, iştirakçılara və çıxışçılara ailə adından təşəkkür edib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 13 may.- S.12.