Özümə bir ağız ağı

 

Zaman yudu, yoğurdu, sərdi, qurutdu məni.

Tufan aldı, sovurdu, ellərə atdı məni.

İnsan baxdı sorğudu, qəlbində tutdu məni.

Torpaq çeynədi, yordu, əritdi, uddu məni.

Mənim anam ölməsin, nələr çəkdim dünyadan...

Xalqım mənim anamdı, hər an ovutdu məni.

 

29.04.2017

 

Vaxt keçir

 

Tufan olub burulma,

Külək olub əsmə, bala.

Hövsələn olsun,

Səbr elə

Tələsmə, bala.

Ürəyimizin içində vaxt keçir,

çırpına-çırpına,

çiliklənib sına-sına,

saniyə-saniyə,

Anları saya-saya...

Bunu görə-görə,

bilə-bilə,

Deyirik tələsmə səbr elə.

Bax tək səbir gəldi.

Yolumuzda bu da bir əngəldi.

Allahın minbir adından biri səbrdi.

Hara tələsirsən

Hər ömür yolunun sonunda qəbirdi,

Doğrudur bəzi pirdi,

Amma o da əslində qəbirdi.

Bu hamının

yaxşı bildiyi,

unutmaq istədiyi bir sirdi.

Öz vicdanı qarşısında

Hər kəs bir az müqəssirdi.

Bir birimizə səbr elə deyirik,

Sonra başımıza, dizimizə döyürük.

Səbr elə deyirik

Ürəyimizin içində vaxt keçir

saniyə-saniyə.

Ötən anları sanıya-sanıya

Bizi qınıya-qınıya.

Yaramız qanıya-qanıya.

Saniyələr dəqiqədi,

Dəqiqələr saatdı,

Saatlar ömürdü, həyatdı,

Tələs! Tələs!

Sənin yerinə

Kim yaşayacaq, yaradacaq bəs!

Tələs! Tələs! Tələs!

 

12.05.2017

 

Yaşamaq

 

Yaşamaq özəldir,

Elimdi, təcrübədi, eşqdi,

Yaxşı gündə , ağır gündə

Gözəldir, gözəldir, yaşamaq.

Uşaqlıqdı, gənclikdi, atalıqdı,

Ağsaqqallıqdı, müdriklikdi, bilikdi.

İntihar, qorxaqlıqdı, fərarilikdi.

 

12.05.2017

 

Fikrət Qoca

 

525-ci qəzet.- 2017.- 13 may.- S.12.