Unudulmaz may günləri
"Səhər-səhər"
rubrikasında
Uşaqlıq
illərimdən Xalq şairi Mirvarid Dilbazinin misraları
yadımda qalıb:
Şadlan
a quzum maydır,
May gör nə gözəl aydır.
Hər
ayın, hər fəslin, hər yaşın öz
hüsnü, öz özəlliyi, öz gözəlliyi var. Məşhur
mahnıda deyildiyi kimi: “Təbiətin pis havası olmur”. Elədir,
amma hər halda insanlar baharı və baharın tacı - may
ayını daha çox sevir, daha çox özləyir, daha
çox gözləyirlər.
Böyük
rus şairi Vladimir Mayakovski yazırdı:
Mən və
qəlbim
heç
bir vaxt
may
ayına yetmədik.
Yaşadığım
illərdə
ancaq ki,
aprellər var.
Mayakovski 1930-cu ilin 14 aprelində intihar etdi. Bu, həyatının
otuz yeddinci apreli idi. Şair maya yetişə bilmədi
ki, bilmədi...
Hər ayın xoş günləri də olur, boş
günləri də, şən günləri də,
ağrılı-acılı günləri də. Bilmirəm kim
və nə üçün məhz bu günü dəb
salıb: Dünya arpelin birini şux sataşmalar, məzəli
aldanışlar, gülüş və zarafatlar günü
kimi qeyd edir. Bizim ailəmiz üçün
Aprelin 1-i ən kədərli gündür - 1981-ci ildə bu
gün atam Rəsul Rza dünyasını dəyişdi.
Xalqımızın
tarixində də aprel ayının bir məşum
günü var - ayın 28-i. 99 il bundan
qabaq məhz bu gün 11-ci Qızıl ordu bütün
yalançı vədləri tapdayaraq, Azərbaycanın iki
illik müstəqil yaşayışına son qoydu.
Bolşeviklər Azərbaycan parlamanına ultumatım verdi, vəd
edirdilər ki, sovet qoşunları Bakıya girməyəcək,
paytaxtın yanından ötüb, Mustafa Kamal paşanın
İstiqlal savaşına qoşulacaq və Azərbaycan
hökumətinin heç bir üzvü təqib olunmayacaq. Elə
ilk gündən hər üç vəd pozuldu: Ordu Bakıya
girdi, Cümhuriyyət devrildi, hökumət və parlaman
üzvlərindən qaçan qaçdı, dərbədər
oldu, didərgin düşdü, ələ keçən
qurşuna düzüldü...
Təbii
ki, bir alay belə Anadoluya Kamal
paşanın yardımına yollanmadı. Eyni
gündə (!) Lenin iki teleqram göndərir: Nəriman
Nərimanova: “Yaşasın müstəqil sovet Azərbaycanı!”
və... Serqo Orconikidzeyə: “Bütün hakimiyyəti öz əlinizə
alın”.
Beləliklə,
Azərbaycanımızın 71 il davam edən
sovet dövrü başlandı.
Şairləri
güllələyən bir rejimin qurbanı olmuş,
ömrünün ən bəxtiyar çağını
Cümhuriyyət elan olunan 1918-ci ilin mayıs günlərində
yaşamış Əhməd Cavad sanki 20-ci ilin aprel - nisan müsibətini öncədən
görürmüş kimi yazmışdı:
Mən hər
ildə bir mayısa,
Lap çox ümidlər bağlaram.
Hər gələcək
mayıs üçün,
Nisan ağlar, mən ağlaram.
Sovet
quruluşunun da öz bayramları vardı və ikisi
xüsusi qeyd olunurdu: 1 may (Əhməd Cavadın ümid
bağladığı 1 may olmasa da) və 7 noyabr.
7 noyabr
“bayramı” ? Oktyabr çevrilişinin il dönümü - xatirimdə soyuq, çox
vaxt yağışlı, sazaqlı gün kimi qalıb. İnsanlar nümayişə də üşüyə-üşüyə,
büzüşə-büzüşə
çıxardılar.
1 may isə
adətən işıqlı, günəşli bir gündə
qeyd edilirdi. Həm də nəcib bir amalla bağlı idi -
dünya zəhmətkeşlərinin həmrəylik
günü... Zəhmətkeşlərin də, bütün bəşəriyyətin
də həmrəyliyini, dostluğunu, birgəliyini kim istəməz ki? Həm də
1 mayın başqa bir xoş özəlliyi də vardı.
Mayın 1-dən sonra mayın 2-si gəlirdi, 2 may isə
iş günü deyildi.
Nümayişlərdən,
yorucu tədbirlərdən, uzun-uzadı nitqlərdən
bıkmış, bezmiş sovet insanlarına bir az sərbəst
bayram keçirmək imkanı verilirdi və “mayovka” deyilən
bu günü hamı rəsmiyyətdən uzaq, çox vaxt
açıq havada, təbiət qoynunda, şəhərdən
kənarda, xudmani dost, ailə məclislərində keçirərdi.
Uşaqlıq illərimdə “mayovkaların”
birini - Süleyman Rüstəmgilin Xaqani küçəsindəki
evlərinin damında açıq səma altında
keçirməyimiz yadımda qalıb.
May
ayının daha bir xoş günü ayın 9-u idi... Qələbə
günü... 9 may həm də mənim kiçik bacım Təranənin
doğum günüdür. Uşaq olanda Təranəni
inandırmışdıq ki, axşam atəşfəşanlıq
onun ad günü şərəfinədir.
1945-ci il mayın doqquzunda isə səhər-səhər
atam sevincək səslə məni yuxudan oyatdı:
- Ani bala,
müharibə qurtardı, qələbə çaldıq.
Gözlərimi
ovuşdura-ovuşdura, yuxulu-yuxulu:
-
Çoxdan bilirdim - dedim.
Atam
güldü:
-
Doğrudan da axır günlər radioyla bu barədə o qədər
danışırlar ki, uşaqçün də yeni xəbər
olmadı.
O ilin
sentyabrında ilk dəfə məktəbə getdim.
“Arşın
mal alan” filmi o il ekranlara
çıxmış, dünyanı fəth etmişdi. Müharibənin ağır sınaqlarından,
ölüm - itim illərindən salamat qurtarmış insanlar
Üzeyir musiqisi kimi işıqlı, nikbin və rahat gələcəyə
inanmaq istəyirdilər. Hansımızın
ağlına gələrdi ki, yarım əsr sonra
xalqımızın qeyrət və sənət qalası,
Üzeyir vətəni Şuşa xəyanət
nəticəsində namərd qonşu təcavüzünə
məruz qalacaq.
Şuşanın işğalını hikkəylə qələbə
günü ərəfəsinə - mayın 8-nə müəyyənləşdirmiş
qəsbkarlar, elə bil alman faşitslərinin heyfini
çıxmaq, nasistlərin məğlubiyyətinin
qisasını bizdən almaq istəyirdilər.
Bu sözləri boşuna demirəm. Sovet qoşunlarına
qarşı Hitler tərəfində vuruşan müharibə
canisi Njdeyə İrəvanda abidə ucadılması indiki
Ermənistan hakimiyyətinin faşistlərə rəqabətinin
bariz göstəricisidir.
Müharibədən, qanlı savaşlardan yorulmuş
dünya bizi sülh danışıqlarına, barışa
çağırır. O cümlədən, Rusiya və Almaniya da... Alman qoşunları Brestdən Smolenskiyə qədər
əraziləri tutanda, Leninqradı blokadaya alanda, Moskvanın
qapısında dayananda kimsə SSRİ-ni sülh
danışıqlarına, Hitlerlə barışığa
çağıra bilərdimi?
Atıldı
Şuşam,
satıldı Şuşam,
mən
də bununla,
gərək barışam?
Əlbəttə ağlı başında olan heç
kəs, o cümlədən də biz müharibə istəmirik,
qan tökülməsini, cavanların, qocaların,
qadınların, uşaqların həlak olmasını istəmirik. Əgər ermənilər
və onların havadarları da sülh istəyirlərsə,
Şuşanı, işğal olunmuş
torpaqlarımızı dinc yolla qaytarsınlar, ölkəmizin
ərazi bütövlüyü təmin olunsun və hər tərəf-
Ermənistan da, Azərbaycan da əmin-amanlıq, rifah və
hüzur içində yaşasın.
May ayı xalqımızın tarixində daha bir
şanlı günlə əlamətdardır. Mayın 10-da
Ulu öndərimiz, millətimizin böyük oğlu Heydər
Əliyevin doğum günüdür. Bu
unikal tarixi şəxsiyyət haqqında çox
yazılıb, deyilib və hələ çox da yazılacaq,
deyiləcək. Mən də yazılar
yazmışam, onunla bağlı xatirələrimi “Unudulmaz
görüşlər” adlı kitabımda nəşr
etdirmişəm. Burda yalnız bir məqamı təkrar
etmək istəyirəm: Heydər Əliyev Azərbaycanda, ya
Moskvada vəzifə başında olsaydı, nə Qarabağ
məsələsi qaldırılardı, nə
Şuşamız əldən gedərdi. Heç
də təsadüfi deyil ki, Heydər Əliyev ədalətsiz,
insafsız və amansız şəkildə yüksək vəzifələrindən
uzaqlaşdırıldıqdan sonra, Qarabağ
avantürasına start verildi. Onun məcburi
“istefasından” düz iyirmi gün sonra, 1987-ci ilin
noyabrında adı bədnam akademik Aqanbekyan Parisdə
çıxış edərək Qarabağın Ermənistana
verilməsi məsələsinin sovet rəhbərliyiylə
razılaşdırıldığını aləmə car
çəkdi. O vaxtkı, sovet rəhbərliyinin bəyan
etdiyi “sovet respublikalarının sərhədləri dəyişdirilə
bilməz” riyakarlığını bu gün Azərbaycanın
ərazi bütövlüyünü guya ki, sözdə
tanıyıb bərpası üçün heç bir
konkret iş görməyənlər davam etdirir.
Şuşa qəlbimdə, xatirələrimdə bənzərsiz
yeri olan bir məkandır. 1952-ci ildə ilk
yazılarımı burda yazmışam və valideynlərimin
xeyir-duasını alaraq, ömrümü bu peşəyə
həsr etmişəm. Neçə kərə
yay aylarını torpağımızın bu dilbər guşəsində
keçirmişik. İndi də gözümü yumuram
və daxili nəzərim qarşısında atamın təşəbbüsüylə
Natavanın adı verilən istirahət evinin şüşəbəndindən
füsunkar mənzərələri seyr edirəm: başı
qarlı dağlar, dibində çay şırıldayan dərin
dərələr, qalın meşələr, yalçın
qayalar, sıldırımlı yamaclara
sığınmış kəndlər, dişləri donduran
buz bulaqlar və gündüzün, gecənin 24 saatı,
şəhərin hər tərəfindən ucalan muğam səsləri.
Bir də kəkotu, qantəpər qoxuyan çayların
insanı məst edən ləzzəti...
1981-ci ildə, yüz gün içində atamla
anamı itirdiyim o əzablı aylarda mənə təsəlli
verən, hayan olan, qəlbimə məlhəm qoyan
şuşalıların həssaslığı idi. Ömrümüzün
o yaralı yayında Şuşada “Üzeyir ömrü”
filminin çəkilişi məni depressiyalardan xilas etdi.
Unudulmaz Şuşa görüşlərinin bir
neçəsi yenə də, Ulu öndər Heydər
Əliyevlə bağlıdır. Qarlı,
şaxtalı bir gündə Molla Pənah Vaqifin möhtəşəm
məqbərəsini açması, təravətli bir bahar
günündə Şuşada Üzeyir Hacıbəyli
yubileyində iştirakı unudulmaz xatirələrimdəndir
və bu barədə də yazmışam.
Heydər Əliyevin şairlərə,
yazıçılara, sənət adamlarına xüsusi diqqəti
və qayğısı ayrı bir mövzudur. Dünyadan
köçmüş klassiklərimizə də,
çağdaş yaradıcı insanlara də özəl məhrəm
münasibəti vardı və bu sənət
adamlarının bir neçəsi də bu May günlərində
yad edilir.
Bahara
gözəl şeirlər həsr etmiş böyük Səməd
Vurğun 1956-cı il mayın 27-də
dünyasını dəyişdi. Onun
ölüm xəbərini kiçik oğlu Vaqifə
böyük oğlu Yusif yetirmişdi və çox illər
sonra Vaqif buna təsirli şeir həsr etdi. Ağır
qanteli telefon dəstəyinə bənzədən Vaqif Səmədoğlu
yazırdı:
Mən
bir dəfə
dünyanın ən ağır
qantelini
qaldırdım
Telefon çağırdı məni.
Götürdüm
dəstəyi
Səs gəldi:
-Özünü
ələ al,
öldü...
Qüvvəm
çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli.
Neçə dəfə dostlarımın,
yaxınlarımın itkisiylə belə “qantellər” mənim
də əlimdən düşüb.
İndi
Vaqif də yoxdur, Yusif də... Mayın 11-i Maqsud
İbrahimbəyovun doğum günüdür. Maqsud da yoxdur. Allah hamısına
rəhmət eləsin.
Nazım Hikmət demişkən, nəslimin yarpaq
tökümü başladı, çoxumuz payıza
qalmayacayıq.
Nəslimizin yarpaq tökümü çoxdan
başlasa da, hələ ki yaşayırıq. Mayın 13-ü Xalq yazıçısı
Elçinin doğum günüdür. Səni təbrik
edirəm Elçin! Hələ ki, varıq
bir-birimizin qədrini bilək.
Rəsul
Rza yazırdı:
Mən
güllü bir may səhəri doğulmuşam.
Bəlkə getdim bir yay axşamı.
Tabutuma ipək
salmayın
Dəfnimə
toplamayın izdihamı
Mən
xoşbəxt olardım,
Tabutumu
özüm apara bilsəm!
O
güllü səhər - mayın 19-dur. Hər il həmin gün Xalq şairi Fikrət
Qocanın rəhbərlik etdiyi Rəsul Rza fondu şairin
adını daşıyan mükafatları təqdim edir. Bu il də mükafatlar atamın doğulduğu
şəhərdə, Göyçayda onun ev muzeyində təqdim
olunacaq.
Mayın 13-də zərif ruhlu şairimiz Musa Yaqubun 80 yaşı Bakıdan sonra, onun doğma Buynuz kəndində qeyd ediləcək. Buynuzda doğulmuş və uzun illər burda yaşamış Musa Bakıya gələndə Süleyman Rüstəm şeir vasitəsiylə ondan soruşurdu: buz bulaqları, təbiətin əliylə yaranmış çığırları, turaclı, bildirçinli, qırqovullu, leyləkli dağları kimə tapşırıb gəldin? Musa, Süleyman müəllimin sadaladığı bütün bu təbiət gözəlliklərini heç kəsə tapşırmamışdı, hamısını özüylə Bakıya gətirmişdi. Budağı budağa sarmaşan ağacların yaşıl çətir, yaşıl çadır kimi səmanı gizlətdiyi xiyabanı, çiçəkli yamacların, dumanlı dağların min bir rəngini misralarında gətirmişdi. Bir gün dağlar da, ormanlar da, cığırlar da, quşlar da, elə Musanın özü kimi böyük şəhərdə darıxdılar və şairlə barəbər əbədi və əzədi məskənlərinə qayıtdılar.
May ayında yazıçılarımızın bir səfəri də şairlər vətəni Şamaxıyadır. Böyük Mirzə Ələkbər Sabir də, onun xələfi, nə yazıq ki, bu dəfə Şamaxıya Sabir günlərinə gedə bilməyəcək söz sərrafı Fikrət Sadıq da eyni gündə - mayın 30-da anadan olmuşlar. Rəsul Rzanın təşəbbüsüylə yaradılmış, sonralar görkəmli alimimiz Abbas Zamanovun, Xalq şairi Qabilin, elə Fikrət Sadığın rəhbərliyiylə keçirilən Sabir günlərinə bu gün istedadlı şairimiz Əjdər Ol rəhbərlik edir.
Və nəyahət, Maydan söz açarkən bu ayın ən şərəfli tarixi günlərindən birini - mayısın 28-ni Azərbaycanımızın Şərqdə ilk Cümhuriyyət elan etdiyi günü - Müstəqillik bayramını xüsusi qeyd etməliyik. 71 illik sovet dönəmindən sonra - yenidən bərpa olunan müstəqilliyimizi fərəh və kədər içində yaşayırıq. Fərəhimizin səbəbi gün-gündən inkişaf edən, dünyada nüfuzu artan müstəqil dövlətimizin uğurlarıdır. Kədərimiz əzəli torpaqlarımızın hələ də düşmən tapdağı altında inildəməsidir.
80 yaşın içindəyəm.
İnanmaq istəyirəm ki, azad olunmuş torpaqlarımızda,
Cıdır düzündə üçrəngli
bayrağımız dalğalanacaq, 28 mayısı -
İstiqlal bayramını, 10 mayı - Heydər Əliyevin
doğum gününü, M.P.Vaqifin, Natavanın, Sabirin,
Üzeyir Hacıbəylinin, Bülbülün anım
günlərini Şuşada qeyd edəcəyik, inşallah və
bu tədbirlərdə iştirak etmək mənə də nəsib
olacaq. Amin!
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2017.- 13 may.- S.9.