Azərbaycan bəstəkarının Tbilisi görüşləri
Aprelin son günləri
Azərbaycan-Gürcüstan musiqi əlaqələri tarixinə gözəl, yaddaqalan bir səhifə ilə yazıldı. Gürcüstan Bəstəkarlar İttifaqının dəvəti
və təşkilati
dəstəyi ilə
Tbilisi şəhərində bəstəkar, Əməkdar
müəllim, professor Adilə
xanım Yusifovanın
müəllif gecəsi
keçirildi.
Sirr deyil ki, Doğma Kürün sahilində, möhtəşəm dağların
qoynunda yerləşən,
tarixi yaddaşımızda
bizlərə çox
mətləbləri anladan
Qədim Tiflis özünəməxsus,
dolğun mədəniyyət
və incəsənət mühiti ilə həmişə diqqət çəkib. Elə onu xatırlamaq kifayətdir ki, bu mühit dahi
dramaturqumuz Mirzə Fətəli Axundovun, bənzərsiz müğənnimiz
Rəşid Behbudovun yaradıcılıq şəxsiyyətinin
formalaşmasında mühüm
rol oynayıb. İndinin özündə
də, müxtəlif
səpkili iqtisadi, siyasi çətinliklərə
baxmayaraq, Tbilisidə fəaliyyət göstərən
irili-xırdalı çoxsaylı teatr səhnələri, qeyri-adi
dizaynı ilə diqqətçəkən konsert
salonları daima orijinal layihələrə
ev sahibliyi edir. Məhz belə bir münbit yaradıcılıq
atmosferi son illər bəstəkar Adilə xanım Yusifovanın gürcü həmkarları
ilə sıx əlaqələrinin yaranmasını
şərtləndirib. Yazışmalar, birgə əməkdaşlıq niyyətləri,
tez-tez baş tutan görüşlər,
nəhayət, Gürcüstan
Bəstəkarlar İttifaqının
sədri, bəstəkar
Kaxa Sabadzenin təşəbbüsü ilə
sanballı bir müəllif gecəsi ilə nəticələndi. Müəllif gecəsinin keçirildiyi
məkan da Tbilisinin mərkəzi küçələrinin birində
yerləşən Bəstəkarlar
İttifaqının qədim
binasında öz məxsusi dəbdəbəsi
ilə göz oxşayan xudmani konsert salonu oldu.
Gecənin proqramı elə
qurulmuşdu ki, dinləyicilərdə Adilə
Yusifovanın yaradıcılıq
siması, axtarışlarının
istiqaməti, musiqisinin janr və obrazlar dairəsi barədə mümkün qədər dolğun təəssürat
yarana bilsin. Əvvəla onu vurğulayaq ki, Adilə Yusifova bu il 100 illik
yubileyini qeyd etdiyimiz qüdrətli bəstəkarımız Cövdət
Hacıyevin layiqli yetirmələrindən biridir.O,
peşəkar musiqi təhsilinin bütün pillələrini
layiqincə adlayıb:
7 illik musiqi məktəbini bitirdikdən
sonra təhsilini Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda davam etdirib və
pianoçu kimi əla qiymətlərlə
bitirib. Lakin bəstəkarlığa güclü
meyl onu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
bəstəkarlıq sinfinə
gətirib və tələbkar müəlliminin
rəhbərliyi altında
o, musiqi kompozisiyasının
müasir texniki vasitələrini, üslub
və formalarını
dərindən mənimsəyib.
Diplom işi kimi təqdim
etdiyi Piano ilə orkestr üçün konserti Dövlət İmtahan komissiyasının
ən yüksək qiymətini alıb. Beləcə, Adilə Yusifova keçən əsrin 80-ci illərində
müstəqil yaradıcıllıq
yoluna ən müxtəlif musiqi-ifadə
vasitələri ilə
“silahlanmış” bir
bəstəkar kimi
qədəm qoyub.
Hər zaman böyük müəlliminin xatirəsini
əziz tutan Adilə xanım Tbilisi konsertini də Cövdət Hacıyevin bu il qeyd olunan 100-illik yubileyinə həsr etmişdi. Gürcü həmkarları həm də onun müəllifi
və tərtibçisi
olduğu “Cövdət
Hacıyev: Həyat xronikası.Məqalələr.Düşüncələr”
adlı kitabı ilə tanış
olmaq imkanı da qazandılar. Bu sanballı nəşrlə
yanaşı bəstəkar
ona həyatda ilk yol göstərəni olmuş, yüksək amallar ilə yaşayıb-yaratmaq mücəssəməsi
kimi daim qürur duyduğu bir şəxsin
də - təhsil illəri Tiflislə bağlı olan mətin musiqiçi, musiqişünas
və publisist, ilk peşəkar hərbi dirijorumuz olan atası Niyazi Kərimovun keçdiyi şərəfli və ağır ömür yolunu işıqlandıran
yenicə çapdan çıxmış “Mən
bu dünyaya mübarizə üçün
gəldim” kitabının
sevincini də gürcü həmkarları
ilə bölüşdü.
Hər iki nəşr maraqla qarşılandı və
Adilə xanımı
nəinki bəstəkar,
habelə istedadlı alim-tədqiqatçı, müəllimlərinə
konkret əməlləri
ilə sadiq olan tələbə-övlad
kimi də səciyyələndirdi.
Konsert boyu Adilə xanımın müxtəlif
mövzulu əsərləri
Azərbaycan və gürcü ifaçılarının
məharətli təfsirində
səslənirdi. Qeyd edək ki, simfoniya
janrının böyük
ustadı kimi tanınmış Cövdət
Hacıyevin tələbəsi
olmasına baxmayaraq, Adilə Yusifova 40 illik yaradıcılıq yolunda əsas diqqətini kamera janrlarına, həm də xüsusi zövq aldığı uşaqlar üçün
teatr musiqisinə verib. Bu janrlar
həm yaradıcılıq
laboratoriyası rolunu oynayıb, həm də bəstəkarın
düşüncə və
təəssüratlarını daha qabarıq açmağa imkan verib.
Adilə xanımın təşkil
etdiyi bütün
müəllif konsertləri kimi bu axşamın da məxsusi
məna yükü var
idi. Tarzən Elnur Cəfərovun
“Bakıdan bahar salamları” adlı
ilhamlı ifası ilə başlanan konsert elə tar sədalarının
üzvi daxil olduğu bir nömrə
ilə də çərçivələnmişdi. Muğam ruhundan qidalanan bəstəkar üçün
bundan gözəl milli
mənsubiyyət rəmzi nə ola bilərdi
ki? Səslənən
bütün nömrələrdə
müəllif həyatının ən duyğulu,
məhrəm anları canlanırdı. Əsərlərin adlarına diqqət yetirək: “Meh gətirdi”, “Uşaqlara
məhəbbətlə”, “Yeddi çinar”, “İthaf”,
“Çərçivədə çiçəklər”, “Milli naxışlar” piano
silsiləsindən “Qarabağ
xalçası”, “Parçaların əlvan
şıltaqlığı”, “Əbədi yaşar
səslər”... Bəstəkar sanki bir rəssam təki musiqi
boyaları ilə yaşadığı anların təsvirini
verib. Əlbəttə, bu
tərz musiqi
ilk növbədə onu
duymağı, hətta “görməyi” bacaran
həssas ifaçıları tələb edirdi.
Zənnimcə, həmin axşam bu duyğulu musiqi bayramının bütün
iştirakçıları Adilə xanımın musiqi dünyasına baş
vura bildilər. Respublikanın
əməkdar artisti, gözəl
vokalçımız Gülnaz
İsmayılova, istedadlı gənc pianoçu,
Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli,
mahir tarzən Elnur Cəfərov,
B.Saracişvili adına Qürcüstan
Konservatoriyasının çox ümidverici I kurs tələbəsi
Eteri Skipurişvili əsərlərin öhdəsindən
ürəkdən gələn səmimilik və şövqlə
gəldilər. Konsertin sonunda tanınmış gürcü həmkarları - qocaman
bəstəkar Vaja Azaraşvili,
Kaxa Sabadze, Qeorqi Şaverzaşvili, musiqişünaslar Tamara Sulukidze, Rima Biçikuri, Lela Makaraşvilinin, Lika Çxeidzenin xoş təəssüratları
konsertin uğuruna heç bir şübhə
oyatmadı. Bu ovqat
konsertdən sonra Bəstəkarlar
İttifaqında zövqlə açılmış dost süfrəsində daha
canlı və səmimi xarakter aldı . Bu zaman Qeorqi
Şaverzaşvilinin piano
arxasına keçərək tam dəqiqliklə
Azərbaycan Himnini səsləndirməsi, əlbəttə
bizləri məmnun etməyə bilməzdi. Bunun təbii davamı kimi isə pianoda, tarda, Gülnaz
İsmayılovanın ifasında gözəl xalq
havalarının sədaları bir-birinə
qarışdı. Tarzənimizin məharətli, virtuoz çalğısı görüşdə
iştirak edən Konservatoriya
müəllimlərini elə təsirləndirdi ki, onu Tbilisiyə ustad dərslərinə çağırmaq təklifi
də yarandı. Yada düşən çoxlu xatirələr,
təəssüratlar bizləri vaxtilə
iştirakçısı olduğumuz Gənc
Zaqafqaziya Bəstəkarlarının
Festivallarına da apardı... Beləcə, bəstəkar Adilə
xanım Yusifovanın Tbilisidə keçirilmiş
müəllif gecəsi dostluq və yaradıcılıq ünsiyyətinin
gözəl bir nümunəsi kimi
yaddaşımıza həkk olundu.
Lalə HÜSEYNOVA
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Milli
Konservatoriyasının professoru
525-ci qəzet.- 2017.- 13 may.- S.17.