Roman kimi ömür, yaxud məsləki tərcümeyi-halıdır
Rudyard
Kiplingin sözüdür: "Qadınlar haqqında bildiyim
bütün şeyləri bir tək qadından öyrəndim".
Rəhilə Gülgünün "Elmira Mirzəyeva. Ömür hekayəti" kitabını oxuyanda, bu
fikri xatırladım. Hər şeyi özündə
ehtiva etməyə qadir olan Qadın...
Nədənsə, biz fədakar insan obrazlarını
daha çox əsərlərdə axtarırıq. Bizə elə
gəlir ki, yaxşı insanlar mif personajları kimi ancaq
nağıllarda olur. Yanımızdan
ötüb keçən roman kimi ömürlərə adi
yanaşırıq. Amma yanaşmayanlar da
var, deyəsən. Rəhilə
Gülgün kimi. O, laqeyd yanaşmayıb
tanıdığına. Yanından görməzdən
gəlir kimi ötüb keçə bilməyib. Dolu-dolu yaşanılan bir ömrü mətnləşdirməyə
çalışıb. Onun psixoloq Elmira
Mirzəyeva haqqında kitabı ilə tanışlıq bu
iki qadını yaxından tanımağıma vəsilə
olmaqla bərabər, sabaha daha ümidlə baxmağa
ruhlandırdı məni. Bütün
hallarda insanlıq qalibdir, düşündüm.
İşində, fəaliyyətində nə qədər
uğur qazansan, böyük nailiyyətlərə imza atsan belə...
İnsanlıq qalibdir. Niyə?
Çünki Elmira Mirzəyevanın
ömür hekayəti, elmi yaradıcılıq yolunun zamanlar
içrə açılaraq təqdim olunması ilk növbədə,
bir qadının insanlıq yönündə böyük
savaşıdır. İçinin
böyük qadınlıq savaşı.
Psixoloqdur, əlbəttə. Cəmiyyət onu bu
statusla tanıyıb dəyərləndirir. Bu statusu
qazanmağa bir ömür nisar edib: gərgin və
üzücü zəhmət, davamsız və yorulmaz
mütaliə, ailə yükü və onun çəkilmə
çətinliyi, elm yolunda irəliləyiş və hədəfə
doğru addımlamaq əzmi. Üstəlik,
işlə bağlı müxtəlif şəhər və
rayonlara səfərlər, bir çox layihələrlə
bağlı təşkil edilən treninqlər,
çıxış və dinləmələr.
Altmış beş illik ömrün
akkordları... Çətindir deyilmi? Bir qadın zərifliyinin meydana qoyduğu faktlar, bir
qadın çiyinlərinin daşımalı olduğu şərəf
yükü. Elmira Mirzəyeva ailəsi və
işi qarşısında missiyasını qoşa qanad kimi
eyni əzmlə daşıyıb özü ilə. Çünki stimul aldığı dəyərlərin
ünvanı böyük olub. Bəşəriyyətə
sağlam ruhlu, sağlam əqidəli vətəndaş yetirməyə
məsuliyyət daşıyan qadının potensial enerjisi ailə
ilə birlikdə ictimai fəaliyyət sferasında
çalışmağa da transformasiya olunub. Kitabın təqdimatında
oğlu Elşadın dediyi fikir süzülür
yaddaşımdan: "Heç vaxt anamızın bizə
lazımi qədər vaxt ayırmamasına narahat
olmamışıq. Çünki yaxşı
bilmişik. Bizim payımızdan
ayrılmış vaxt başqa insanların ömrünü
xeyirli etməyə sərf olunub". Bu
işlər hansıdır? Rəhilə
Gülgünün kitabında bunların hər biri
haqqında ətraflı məlumat alırıq: UNİSEF-lə
1994-cü ildən başlayan əməkdaşlıq, onun təklifi
əsasında gerçəkləşən "Bakı SOS
Uşaq Kəndləri" layihəsi, Heydər Əliyev
Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək
qayğı" layihəsi, Almaniyanın yoxsulluqla mübarizə
aparan "Heifer" beynəlxalq təşkilatının
treninqləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin
"İtkin düşmüş şəxslərin ailələrinin
müşayiəti" layihəsi və s.
"Hər layihə ömrümə yeni rəng
qatdı. Məndən nələrisə aldı, amma verdikləri
aldıqlarından çox oldu" - deyir, Elmira Mirzəyeva.
Bu, yalnız o zaman mümkün olur ki, mütəxəssis
məşğul olduğu sahənin ən üstün dəyərləri
ilə yoluxub zənginləşir, daxilən də, mənən
də içindəki həyat kredosu ilə müştərək
ovqata, amala qaynayıb qarışır. Əks
halda, ilahi impulsların dövriyyəsi deyil, ünsiyyətdə
olduğu şəxslərlə, gördüyü işlərlə
adi mexaniki kontakt baş verər. Elmira Mirzəyevanın
gördüyü işlərin miqyası onun psixoloq
ixtisasından yalnız sxematik, səthi-liberal tərzdə bəhrələndiyini
deyil, ən əsası məslək, əqidə və
bütövlük kimi ali xüsusiyyətləri
əxz elədiyini sübut edir. Bu baxımdan,
Abbas Səhhətə məxsus "Məsləkim tərcümeyi-halımdır"
fikrinin Elmira xanıma da aidliyi həm də onun həyat
idealına bəslənən rəğbət və
ehtiramı çevrələməyə imkan verir.
Elmira Mirzəyevanın psixoloq kimi yetişməsində,
bu yolu seçməsində 1990-cı ildə törədilən
20 Yanvar faciəsinin əsas rolu olub. Bu, bəlkə də
zamanın ən böyük tələbi idi. Çünki o zamana qədər dostluq və
qardaşlıq şəraitində yaşamış Azərbaycan
insanı üçün yaşadığı fəci
durumları adlatmaq çətin idi və Elmira Mirzəyevanın
bir ziyalı olaraq məramı bu məqamda daha gerçək
və əhəmiyyətli əməl cizgisi kəsb edirdi.
İnsanların psixoloji sabitliyə ehtiyacı
vardı, qayğıya, sevgiyə ehtiyacı vardı. Rəsul
Rzanın şeirlərinin birində belə misralar var:
Belə
olur insanın
insana əvəzsiz
hədiyyəsi
Bir
xoş baxışı,
Bir
inamlı səsi,
Bir ümidli sözü.
Elmira Mirzəyeva ən çətin məqamlarda belə
inam və ümidin səsi kimi doğdu ehtiyacı olan
insanların həyatında. Təsadüfi deyil ki,
bütün layihələrin gerçəkləşməsində
Elmira Mirzəyevanın rolu yalnız mexaniki icraçı
olmaqdan çıxıb daha böyük vüsət
daşıyır. İnsanlara psixoloji dəstək
olmaq məramı daha öndə olur. Bu məram
Elmira xanımın xüsusilə, Beynəlxalq Qızıl
Xaç Komitəsinin Azərbaycanda həyata keçirdiyi
"İtkin düşmüş şəxslərin ailələrinin
müşayiəti" layihəsinin realizəsi zamanı daha
böyük nüfuz qazanır. "Bu
işə razılıq verəndə çətindən
çətin olacağını bilirdim, deyir. Asan
başa gələn işlər mənə görə
deyil... amma Sumqayıtda 25 il itkin oğul yolu gözləməkdən
kor olan ata yaxamdan yapışıb, mənə xoş xəbər
söylə, de ki, gözün aydın olsun, oğlunun
ölüm xəbəri gəldi, onda rahat nəfəs alaram,
dünyadan gözü açıq getmərəm, dediyi vaxt
ayağım yerdən üzüldü. Hansı
işin altına girdiyimin fərqində idim. Həyatımda ilk dəfə bacara biləcəksənmi,
Elmira, deyə öz-özümdən soruşdum. Cavab
yoxdu... Geriyə dönüş haqqında isə söz ola bilməzdi".
Adətən bir nəfərin tərcümeyi halı,
bioqrafiyasından bəhs edən əsərlər sonadək
maraqla oxunmur.
Müəyyən həddən sonra yeknəsək
və monotonluqdan bezirsən. Rəhilə
Gülgünün kitabının mütaliəsindən
alınan həzz ilk növbədə, bunun fərqində olmağa
yönləndirdi məni. Səbəblərinə
varmağa çalışdım. Məncə
burada başlıca uğur müəllifin yazı manerası,
yanaşma tərzində və onu ifadə
bacarığındadı. Kitabda aydın
və səlis üslubdan başqa çoxsəslilik hakimdir.
Birinci müəllifin səsi, ikinci Elmira
xanımın səsi, bir də toplum şəkildə digər
insanların səsi. O səsləri biz daim eşidirik. Elmira xanımın ömür bioqrafiyasından
keçən insanların səsi var bu kitabda. Kitabı canlı edən də bu səslərdir.
Lazımi məqamlarda Rəhilə xanım,
obyektivi onlara fokuslayır, öz dillərindən səsləndirir
hekayətləri. Bax, bura "Sos uşaq kəndi"dir.
Burada şəkərli diabetdən əziyyət çəkən
uşaqlar var. Qoy onlar anlatsın dərdlərini və onlara
bu dərdə sarılıb yaşamağı öyrədən
Elmira Mirzəyeva yanğısını. Bu
isə ərləri Qarabağ müharibəsində itkin
düşmüş, ümidləri üzülsə də,
gözləri yollardan çəkilməyən
qadınlardır. Ağrılı, nisgilli
ömür hekayətləri. Yaşanmamış,
yarımçıq qalmış talelər, itirilən səadətlər.
Xəstəliyə, təkliyə, ağrıya tərk
edilmiş insanların yanında olmaq, onlara mənəvi həyan
olmaq missiyası...
Qəribədir, bu kitabı oxuyandan və səslərlə bağlı öz kiçik "kəşfim"dən sonra Svetlana Alekseyeviçin "Müharibənin qadın üzü olmur" kitabı keçir əlimə və təbii ki, 2015-ci ilin Nobelçisi olan bu yazar xanımın ünlü əsərini oxumaq şansını qaçırmıram. Oradakı bir məqama çatanda isə diksinirəm sanki. Müəllif yazır: "Ölkə boyunca onlarla səfərlər, yüzlərlə yazılı kasetlər, minlərlə metr yazılı maqnitafon lentləri. Beş yüzdən çox görüş, sonra saymağı dayandırdım, simalar yaddaşımdan silinirdi, yerindəcə ancaq səslər qalırdı. Mənim yaddaşımda xor səsi var. Əzəmətli bir xor, çox vaxt səslər eşidilmir, təkcə ağlaşmalarını duymaq olur. Etiraf edim: bu yolu qət etməyə gücümün çatacağına çox vaxt inanmırdım".
Məsələ orda da eşidilən "səs"lərin mövcudluğunda deyil. Həm də o səslərin qadın başlanğıclı olmasındadır. Bəli, müharibənin qadın üzü olmur. Çünki müharibəni ömründən keçirən qadının qadın kimi ömrü yaşanmır artıq. "Sən məndən əvvəlcə bir qadın yarat"... Bu fikir müharibəni görən bütün qadınların dilindən refren kimi səslənə bilər. Elmira Mirzəyevanın ərləri müharibədə itkin düşmüş qadınlarla ünsiyyəti, onlara qaytardığı həyat eşqi və qadınların ona münasibəti barədə oxuyarkən düşünürəm: Elmira xanım onlara yalnız həyat eşqini qaytarmayıb ki... Həm də qadınlıqlarını qaytarıb geri. Yaşanmamış ömrün acısına sarılıb yaşamağı, ağrılara qala kimi dözüb dayanmaq gücünü aşılayıb onlara.
Kitabda Elmira xanım bir neçə rakursdan işıqlandırılır: ilk növbədə, işgüzar xanım olaraq, bütün fəaliyyət sahələrindəki yorulmaz əməyi təqdim olunur. Daha sonra ana və dost olaraq tanıdılır. Bu təbii ki, məqsədyönlü şəkildə baş vermir. Elmira xanımın ömür yolu hekayəti ilə tanışlıq onun əxlayi-mənəvi keyfiyyət özəlliklərinin meydana çıxmasına vəsilə olur. Bütün təqdimatlar sonucda bir nöqtədə təmərküzləşir. Onun ləyaqətli bir Azərbaycan xanımı olaraq milləti, dövləti qarşısında gördüyü işlərin miqyasında. Elmira xanımın nə qədər yurd sevdalısı olmasını kitabda yer alan bu epizod uğurla sərgiləyir: "Qızıl Aypara Cəmiyyətinin xətti ilə xarici ekspertlərə təlim keçməli idi. Zalda hər kəs yerini tutandan sonra Elmira xanım avazla Azərbaycanın dövlət himnini oxumağa başladı. Xarici ekspertlər də yerli mütəxəssislərlə bərabər ayağa qalxıb ona qoşuldu. Sonrakı tədbirlərdə bu, ənənə halını aldı".
Amma unutmayaq, Elmira Mirzəyeva sadalanan miqyaslı işləri adında ehtiva olunan qadınlıq, zəriflik anlayışı ilə savaşa girərək gerçəkləşdirib. Bu qat özlüyündə çox əhəmiyyətli və vacib məqamdır. Elmira Mirzəyevanın psixoloq kimi fəaliyyət dönəmi 90-cı illərdən sonraya təsadüf edir. Bu, o zamandır ki, bütün sferalarda qadın azadlığı məsələsi qabarmışdı. Qərb qadın azadlığı uğrunda çabalar meydana qoyduğu dönəmdə Şərq bu hisslərin təsiri altında feminist meyillərə yönəlməklə qadını psevdoazadlıq libasına bürüyüb təqdim etməyə çalışırdı. Əlbəttə, azadlıq bütün hallarda gözəl anlayışdır. Öz hissini, düşüncələrini heç kimə və heç nəyə tabe tutmadan, öz içinə yıxılıban yaşamaqdan üstün nə ola bilər? Adətən, azadlıq sözünü ismin müxtəlif hallarına salandan sonra, nədənsə mütləq bir ifadəyə, anarxiya ifadəsinə gəlib çıxırıq. Azadlıqdan anarxiyaya. Bəlkə də hər şeyə ifrat aludəlik onu bir addım bu tərəfə, əks qütbə yuvarladır.
1990-cı illərin müstəqillik
dalğası qadınlarımızın azadlıq əldə
etməsinə və bu azadlıqdan maksimum bəhrələnərək
cəmiyyətin müxtəlif sferalarında fəaliyyət
göstərmələrinə zəmin yaratdı. İndi cəmiyyət
daha sürətlə irəliləyir, dünya cinsi fərdlər
arasındakı hüquqları daha çox bərabərləşdirməyə
çalışır. Bu
gün bir çox beynəlxalq simpozium və konfranslar gender
problemlərinə həsr olunur. Azərbaycan
qadını da sivil və müstəqildir, onun öz
düşüncələrinə sahib çıxması,
öz maraqlarında və baxışlarında qətiyyətli
mövqe nümayiş etdirməsi qarşısında maneə
yoxdur. Amma bütün hallarda bizim cəmiyyətin
qadınlıqla bağlı dəyərləri mühafizəkardır
və bu mühafizəkarlıq ağıllı
qadının qarşısında ancaq bircə məqamda tərksilah
ola bilir. O, cəmiyyət üçün
yararlı olduğunu hiss edib öz yaşam kredosu və
daxili-mənəvi potensialını millətin sabahı naminə
işlər görməyə sərf edəndə. Bu, təbii ki, sovet dövrünün qadına
ayırdığı məqamın alternativi də deyil.
Sovet ideologiyası yalnız sənəti, ədəbiyyat
və mədəniyyəti deyil, insanı, hətta zərif
cins adlandırdığı qadını belə öz siyasətinin
təkərciyinə, vintciyinə çevirmişdi. Qadını pambıq, taxıl tarlalarında işləməyə
təhrik eləməklə onu bütün mənəvi
dünyasından, bir qadın olaraq həyatın dadını
yaşamaq hissindən məhrum eləmişdi. Təsadüfi deyil ki, həmin ideologiyanın
hökm sürdüyü ən sərt vaxtlarda yaradılan əsərlərdən
birinin adı simvolik olaraq "Erkək Tükəzban"
(B.Talıblı) adlanırdı. Qadın adına
epitet kimi erkək sözü seçilirdi və bu təyin
ona başucalığı gətirən nəsnə kimi
xarakterizə olunurdu. Müstəqillik
dövrünün qadınları isə
çalışdığı müəyyən dairələrdə
daha çox qadın yaşamının ekzistensiyasına
kökləndilər, natur-fəlsəfi məqamlara diqqət
yönəltməklə onun mənəvi sarsıntı və
yaşamını ictimai-psixoloji müstəviyə
çıxartdılar. Bu dövrdə
qadın məfhumunda ehtiva olunan zəriflik və
gücsuzlük anlayışına üsyan qabarır, onlarda
mütilik əleyhinə güc və möhkəmlik hissi
aşılanırdı. Sosial-ictimai təzyiqlərdən
mənəvi sarsıntılara uğraya biləcək
qadına cəmiyyətdə yaşamağa hazır olmaq naminə...
Elmira Mirzəyevanın nümunəsində azadlığın daha gözəl və dəyərli forması yaşanır: ömrü xeyirxah işlərə sərf etmək. Gələcək üçün sağlam düşüncəli övladlar yetişdirmək. O övladı dünyaya gətirən ananın psixoloji durumunun sabit olmasına çalışmaq. Çünki ailə bizim mentalitetdə ən öndə duran faktorlardan biridir və Azərbaycan milli təfəkkürünün daşıyıcısı olan qadın cəmiyyətdə qazandığı nüfuzun, tutduğu mövqenin dərəcəsindən asılı olmayaraq, ailə çərçivəsində xoşbəxtliyini təmin edəndə daha böyük yüksəlişlərə imza ata bilir.
Yüksəlişə aparan yol isə bəzən sadəcə, yaxşı insan olmaqdan keçir. Bu baxımdan, kitabda diqqətimi cəlb etmiş və hələ də təsirindən çıxa bilmədiyim bir epizod var: Sankt-Peterburq. Elmira Mirzəyevanın "Şəkərli diabetli uşaqlara psixo-sosial dəstək" mövzusunda yazdığı elmi tədqiqat işinin müdafiəsi. Müdafiədə beş Nobel mükafatçısı, iki keşiş daxil olmaqla 38 nəfər iştirak edir. Müdafiə uğurla keçir. Birdən Akopov adlı erməni alimin sualı zalı silkələyir: "Əgər sizi erməni uşaqlarına yardım üçün göndərsələr, gedərdinizmi?" Cavab özünü çox gözlətmir: "Uşaqlar Allahın yaratdığı müqəddəs varlıqlardı və onlar hər şeyin fövqündədir. Uşaq olan yerdə nə siyasət, nə dini, nə də irqi ayrı-seçkilik ola bilər".
Elmira xanımın doktorluq müdafiəsinə toplaşan 38 nəfər onu ayaq üstə alqışlayır.
Belə... Hətta ən kəskin sınaq məqamlarında belə millətimiz sevgi aşılayır, nifrət yox. İnsan olduğunu sübut edir dünyaya, Tanrı mələkləri önündə gücü ancaq sevgiyə çatır. Mənə elə gəlir, bəşəriyyətin təməli elə bu sevgilərin üzərində qərar tutub. Onun nicatı da bu sevginin gücündədir. Bu yerdə "sürüklənən bəşəriyyət qadınla yüksələcək", - yazan Hüseyn Cavidin bu misralarını aksioma kimi qəbul etməkdən başqa çarə qalmır. Qarşımızda Elmira Mirzəyeva kimi qadınların ömür hekayətləri varkən, əlbəttə.
Bütün bunlar Elmira Mirzəyevanın həyat
və sənət qrammatikasında büllurlaşan və təsdiqini
tapan əməl dünyasından müəyyən etüd və
ştrixlər idi ki, bunları əyaniləşdirməyə
bir ömür sərf edilmişdir. Bu gün Elmira Mirzəyevanın
varislik haqqına tapınaraq gördüyü əməllər
layiqli irs timsalında estafeti yeni nəslə
ötürür. Bu qənaətləri bizdə doğuran
Elmira Mirzəyevanın hazırda
çalışdığı və çox böyük
layihələrə imza atan "Loqos" Psixoloji və Nitq
İnkişaf Mərkəzi, orda çalışan
qadınların xidmətlərində əyaniləşən
gerçəklərdi. Məsləkləri tərcümeyi-hallarına
çevrilən həmin Azərbaycan qadınlarının
roman kimi yaşanan ömürlərini isə zamanla hələ
çox səhifələyəcəyik.
Elnarə
AKİMOVA
525-ci qəzet.- 2017.- 16 may.- S.8.