Şairin ədəbi mühiti və ədəbi
taleyi
XALQ ŞAİRİ NƏRİMAN
HƏSƏNZADƏYƏ AÇIQ MƏKTUB
Dünya gör-götür dünyasıdır. Ən
böyük məktəb həyatın özüdür.
İnsan dünyaya elə bil imtahan vermək
üçün gəlir. Bu imtahandan
insanlar necə çıxır, bunun qiymətini xalq verir.
Nəriman
müəllim, Siz aprelin 9-da atamın il mərasiminə
gəlmişdiniz. Mən o məclisdə yerlilərimin,
neftçalalıların Sizə olan münasibətini gördüm.
Xatırlayırsınız, mərasim sona çatandan sonra,
çadırdan çıxanda nə qədər insan Sizin başınıza toplandı. O
adamların bəziləri Sizi ilk dəfə idi
görürdü. Amma Sizə necə
böyük ehtiramları vardı. Uzun
müddət Sizinlə söhbət etdilər, Sizə olan
böyük hörmətlərini bildirdilər. Əgər vaxt məhdud olmasaydı, uzun müddət
Sizi tərk etməyəcəkdilər. Söz
adamlarını xalq elliklə o vaxt sevir ki, o söz
adamlarının parlaq əsərləri ilə şəxsiyyətləri
üst-üstə düşür. Şəxsiyyətləri
ilə yaradıcılıqları üst-üstə
düşən böyük şairlərimiz, təbii ki,
olub. Bəzilərinin haqqında eşitmişəm,
oxumuşam, bəzilərini isə özüm
görmüşəm: Hüseyn Cavid, Səməd Vurğun, Rəsul
Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz... Neftçaladakı insanların Sizə olan doğma,
isti münasibətlərini görəndən sonra bir daha yəqin
etdim ki, Nəriman Həsənzadə də xalq tərəfindən
sevilən, əziz tutulan, qiymətləndirilən
böyük söz adamıdır. Xalqın
gözü tərəzidir deyiblər. Xalq ağı
qaradan elə gözəl seçir ki... Siz bu
mövqeyə təbii ki, elə- belə gəlib
çıxmamısınız. Bir tərəfdən
parlaq istedadınız, digər tərəfdən isə Sizin
qarşınıza çıxan işıqlı insanlar,
Yaradanın Sizə olan ən böyük lütfüdür
deyərdim.
Sizin mənə göndərdiyiniz yeddi cildliyinizdən
"Mənim ədəbi taleyim" əsərini bir neçə
dəfə oxumuşam. Bu əsəri mənim fikrimcə,
hamı oxumalıdır. Bu əsərdə
öyrənməli, yadda saxlanmalı o qədər cəhətlər
var ki. Əsər ümummilli liderimiz Heydər
Əliyevə həsr olunub. Əslində
bu əsər bir çağırışdır, bu əsər
öyrənilməsi vacib və heç bir zaman yaddan
çıxarmamalı olduğumuz bir dərsdir. Siz "Nəriman" poemanıza mənim ədəbi
taleyimdir deyirsiniz. "Mənim ədəbi taleyim"i
oxuduqca fikirləşirdim: əgər o vaxt, gənc
yaşlarınızda, "Nəriman" poemasını
yazmağa başlamamışdan əvvəl tale Sizi Heydər
Əliyevlə görüşməyi nəsib etməsəydi,
ümumiyyətlə bu əsərin taleyi necə olardı? Nəriman
Nərimanovun KQB-nin arxivində olan gizli sənədləri ilə
Sizin tanış olmağınıza imkan
yaradan ümummilli liderimiz olub. Poemanın bütöv
çapına imkan yaradan da o böyük şəxsiyyət
olub, o əsəri müdafiə edən də... Təkcə o əsərinizimi? "Mənim
ədəbi taleyim"də Sizə olan hücumlardan,
başınızın üstündə Domokl
qılıncı kimi asılmış qara buludlardan
yazırsınız. Amma mən bilirəm
ki, bədxahlarınızın Sizə qarşı amansız
hərəkətlərinin çoxunu qələmə
almamısınız. Mən Sizə
qarşı olan bədxah münasibətlərin çoxunu
dostunuz olan atamdan, Bəxtiyar Vahabzadədən, Xəlil Rzadan
da eşitmişəm. Bütün bu
amansız, qorxulu münasibətlərə tab etmək,
dözmək Sizin üçün nə qədər çətin
olub, mən bunu hiss edirəm. Amma nə
yaxşı ki, ulu öndər Sizi bu yırtıcı,
qaragüruh münasibətlərdən də qoruya bilib.
Siz "Mənim ədəbi taleyim"də belə bir epiqraf
gətirirsiniz: "Heydər Əliyev şairi şairdən,
yazıçını yazıçıdan qoruyurdu. "Bir-birinizə xeyirxah olun" deyirdi".
Mən bu sətirləri oxuyanda 37-ci ili
xatırladım. Hüseyn Cavidin, Əhməd Cavadın,
Mikayıl Müşfiqin, Seyid Hüseynin, Salman
Mümtazın... acınacaqlı talelərini
düşündüm. Düzdür, 37-ci il
Stalinin və onun əlaltısı Bağırovun həyata
keçirdikləri şeytani bir əməl idi. Amma Stalinin,
Bağırovun bu qanlı əməllərinin həyata
keçirilməsində vəsilə olan bizim
özümüzkülər, Cavidin, Cavadın,
Müşfiqin... qələm yoldaşları oldu axı. Düzdür, kimsə etiraz edib deyə bilər ki, o
şairlər, yazıçılar o vaxtkı qorxulu sistemin
onlara diktə etdiklərini deməsəydilər, onların
özlərinin də aqibətləri faciə ilə bitərdi.
Mən əvvəllər bu fikrin doğru
olduğu ilə hardasa razılaşırdım. Amma
37-ci ildə nəşr olunan mətbu orqanlarla tanış
olandan, orada repressiya qurbanları haqqında sonralar ad-san
qazanmış bəzi yazıçılarımızın
yazılarını oxuyandan sonra nə qədər
yanıldığımı başa düşdüm. Bunlar adi məqalələr, adi yazılar deyil, bu
yazıların hər biri repressiya qurbanı olmuş o
böyük şəxsiyyətlərimizin haqqında
yazılmış ölüm hökmüdür. Yalanla,
böhtanla dolu olan bu yazı müəlliflərinin qəlbində
nə qədər kin, nə qədər küdurət ola bilərmiş, ilahi! Özü də kim kimə qarşı? Şair
şairə qarşı, yazıçı
yazıçıya qarşı, tənqidçi tənqidçiyə
qarşı. Unudulmaz Yusif Səmədoğlunun
"Qətl günü" romanını
xatırlayırsınızmı? Yadelli
hökmdar hücum etdiyi qalanı uzun müddət ala bilmir.
Nəhayət, bir gün bu qəddar hökmdara
xəbər verirlər ki, ala bilmədiyi qaladan iki nəfər
şair onların tərəfinə keçib, qalanın gizli
yolunu deyiblər. Qəddar, vahiməli
hökmdar sevinir, üzü gülür, amma vəzirin dediyi
növbəti xəbərdən onun üzündəki
gülüş donur. Qalanın
alınacağına vəsilə olan satqın şairlər
onlara veriləcək qiymətli ənamlardan imtina edirlər.
Gətirdikləri xəbərin müqabilində bu amansız
hökmdardan qaladakı məşhur şairin
başını istəyirlər... İstedada
qibtə, paxıllıq bəlkə bizim xislətimizdədir?
Epiqrafı oxuyarkən yadıma, eyni zamanda Mehdi Hüseyn
düşdü. Bəs onun ölümünə səbəb kim oldu? Bu sualın cavabı da
çox təəssüf ki, ağrıdıcıdır.
Bu sadaladığım üzücü hadisələri
fikirləşdikcə Heydər Əliyevin böyük şəxsiyyətinə
bir daha qibtə etdim. O nəinki şairi şairdən,
yazıçını yazıçıdan qoruyurdu, o həm
də yazıçılarımızı, şairlərimizi
həbslərdən, təqiblərdən, nə bilim, təşkil
olunmuş və bir qayda olaraq ölümlə nəticələnən
"təsadüfi qəzalar"dan, məhrumiyyətlərdən
qoruyurdu. Siz bu əsərinizdə "Ədəbiyyat
və incəsənət" qəzetinin 3 illik fəaliyyətinin
Mərkəzi Komitədə müzakirəsindən
yazırsınız. Altı aydır
redaktor təyin olunmuşunuz, amma qəzetin 3 illik fəaliyyəti
müzakirə olunur. Və
Yazıçılar İttifaqının birinci katibindən
tutmuş ana dilini bilməyən laureat yazıçıya, qəzeti
oxumayanlara qədər Sizin əleyhinizə
danışırlar, Sizi ittiham edirlər. Heydər
Əliyev Sizə imkan yaradır,
danışırsınız, həqiqəti deyirsiniz. Yerdən xoşagəlməz replikalar olur. Amma
Heydər Əliyev onların sözünü kəsir, Sizi
müdafiə edir, qəzeti oxuduğunu deyir və qəzetin
yaxşı çıxdığını bildirir... Sizi yazıçılardan qoruyur. Və yaxud "Kimin sualı var" poemasına olan
hücumlar. Yazıçılar
İttifaqında bu poemaya görə qurulan məhkəmə.
Hətta Sizin həbs ediləcəyiniz barədə
yaydıqları xəbərlər. Bu xəbərin
rəhmətlik Sara xanıma vurduğu həm mənəvi, həm
də cismani zərbə. Və rəhmətlik Həsən
Əliyevin kişi hərəkəti.
Redaksiyaya gəlib Yazıçılar İttifaqının rəhbərinə
elədiyi zəng: "Əsərin parçalarını
birinci (Heydər Əliyev) oxuyub və xoşu gəlib".
Həsən Əliyevlə bağlı bu riqqətedici sətirləri
oxuyarkən yadıma atamla bağlı bir hadisə
düşdü. Atamla Həsən müəllimin çox
isti münasibətləri var idi, məktublaşırdılar.
Həsən müəllim, xüsusilə hər
bayramda teleqramla atamın bayramlarını təbrik edərdi.
Atamın arxivində Həsən müəllimin
özünün fotoaparatla çəkdiyi (təbiət mənzərələri)
şəkillər var. Hər təzə kitabını
avtoqrafla atama göndərərdi. 1970-ci
illərin əvvəlləri idi. Atam Səməd
Vurğun haqqında bir məqalə yazmışdı. Və həmin məqaləni redaksiyaya göndərmişdi.
Elə həmin ərəfədə rayonumuza
yeni birinci katib təyin etdilər. Təzə
raykom katibi gələndən bir neçə gün sonra həmin
məqalə çap olundu. Həmin məqalədə
atam Səməd Vurğunun bir bənd şeirini misal gətirmişdi:
Yeridir bir
məsəl desəm yadigar,
Deməsəm ürəyim sıxılacaqdır.
Birinci
addımda lovğalananlar
İkinci addımda yıxılacaqdır.
Katibin ətrafında olan bəzi adamlar bu şeir
parçasının ona, yəni təzə katibə işarə
olduğunu dedilər. Və bu əcaib fikrə katibi inandıra bildilər...
Sonra qanqaraldıcı, əsəb korlayan söz-söhbət,
atama qarşı qərəzli münasibət... Həsən Əliyev bu hadisəni kimdənsə
eşitmişdi və atamın gözləmədiyi halda, xəbərsiz
olaraq bizə gəldi. O günü mən yaxşı
xatırlayıram. Məşhur fotoaparatı əlində
idi, həyətimizdəki qızıl güllərə
baxırdı, atamla müxtəlif mövzulu söhbətlər
edirdi. Sonra atamla birlikdə Salyan rayonunun ərazisində
yerləşən qoruğa getdilər. Unudulmaz
Həsən müəllimin Neftçalaya gəlməsindən,
atamın qonağı olmasından rayonumuzun birinci katibi
yalnız Həsən müəllim Bakıya gedəndən
sonra xəbər tutdu. Bununla da Sizin
yazdığınız kimi, mərəkə bitdi.
Hər bir azərbaycanlının boynunda ulu öndərimizin
haqqı var. O, başqalarının sevincini öz sevinci
bilirdi. Bir dəfə Süleyman Rüstəm bizdə olanda
atama maraqlı bir hadisə danışdı. Dedi ki,
1975-ci ildə Süleyman Rəhimova Sosialist Əməyi Qəhrəmanı
adı veriləndə SSRİ-nin müxtəlif şəhərlərindən
olan yazıçılar Süleyman Rəhimovla mənim
adımı dəyişik salıb, mənə təbrik
teleqramları göndərdilər. Həmin ərəfədə
hansı bir tədbirdəsə mən bu barədə Heydər
Əliyevə deyəndə o, çox böyük bir
nikbinliklə və əminliklə: "Sənə teleqram
göndərən o yazıçıların təbriklərini
gerçəkləşdirərik" dedi. Və
bir neçə aydan sonra məhz Heydər Əliyevin səyilə
mənə də Sosialist Əməyi Qəhrəmanı
adı verildi. Belə faktlar istənilən
qədərdir.
Vətənini sevən hər bir insan kimi rəhmətlik
atam da Heydər Əliyev şəxsiyyətinə
böyük hörmət bəsləyən şəxslərdən
idi və Heydər Əliyev haqqında "Dünənin...
sabahın... çağdaş dahisi" adlı çox
maraqlı bir kitab yazıb çap etdirmişdi. Həmin kitabda atam rəhmətlik
Bəxtiyar Vahabzadənin ona danışdığı belə
bir hadisəni qələmə almışdı: "Şair
(Bəxtiyar müəllim) xəstə nəvəsinin
müalicəsi üçün çırpıntı
içərisində Moskvaya gedişindən, çarəsiz
qalıb mehmanxanadan Kremlə - Heydər Əliyevə zəng
etməsindən, H.Əliyevin də dərhal mehmanxanaya öz
xidməti maşınını göndərməsindən
minnətdarlıqla danışdı.
- Kremldə
- öz geniş kabinetində məni qarşılayan
H.Əliyevin stoluna nəzər saldım, çeşidli
kağızların uc tərəfində səliqə ilə
yığılmış "Ədəbiyyat qəzeti"ni
görəndə elə bil, gözlərimə işıq gəldi:
buranın, doğrudanmı Kreml olduğuna daxili bir
şübhə baş qaldırdı. Zəhmli Kreml və
bizim "Ədəbiyyat qəzeti".
- Heyrət
eləmə, Bəxtiyar, - dedi. - Məni yaxşı
tanıyırsansa, heyrətlənməyə haqqın yoxdur...
İndi bu yüksək etimad mənə qismət
olubsa, mən bu inamdan, etibardan bütün ölkənin, ilk
növbədə, Azərbaycanımızın çiçəklənməsi
üçün istifadə etməliyəm, edirəm.
Respublikanın
ümumi ovqatını, tanış
ziyalıları soruşdu... Gəlişimin səbəbini
bilən kimi dərhal SSRİ Səhiyyə Nazirinə zəng
elədi və nəvəm üçün Moskvanın ən
nümunəvi müalicə mərkəzində yer
ayırdılar".
Ümummilli liderimiz, atamın yazdığı kimi, xəstə
nəvəsinə görə çırpıntılar
içərisində olan Bəxtiyar müəllimə o
çətin günlərində dayaq durur, onun nəvəsini
Moskvanın ən nümunəvi xəstəxanasında
müalicə etdirir. Ulu öndərimizlə bağlı belə bir hadisə
Sizin də həyatınızda olub. "Mənim ədəbi taleyim"də Siz bu barədə
böyük minnətdarlıq hissilə yazırsınız.
Moskvada rəhmətlik Zərifə
Xanımın məzarını ziyarət edərkən Heydər
Əliyev də gözlənilmədən oraya gəlir. Söhbət əsnasında Moskvaya gəlişinizin
səbəbini soruşur. Siz Sara
xanımın xəstə olduğunu, Moskva xəstəxanalarından
birində müalicə olunduğunu deyirsiniz. Heç nə
demir. Səhərisi gün Siz xəstəxanaya
gələndə görürsünüz ki, Sizi axtarırlar.
Heydər Əliyev Sizdən ayrılandan sonra
Sara xanımın yatdığı xəstəxananın
baş həkimi akademik Trapeznikova zəng edib, Sara
xanımın vəziyyəti ilə maraqlanıb. Bu isə Sizin yazdığınız kimi, kifayət
idi ki, tapılmayan dərmanlar tapılsın, xəstəyə
xüsusi qayğı, diqqət göstərilsin.
Bu hadisə məşhur romantik
yazıçıların insanın qəlbini riqqətə gətirən
əsərlərindəki hadisələrə bənzəyir.
"Mənim ədəbi taleyim"də, elə həmin
hissədə Siz Moskvada Zərifə xanımın məzarı
başında ulu öndərimizə Zərifə xanıma həsr
etdiyiniz şeirinizi oxuyursunuz. Heydər Əliyev
şeiri alıb cibinə qoyur. Düz 11 il
o şeirin taleyindən Sizin də xəbəriniz olmur. Heydər
Əliyev 11 il o şeiri özündə saxlayır və 11
ildən sonra Zərifə xanıma həsr etdiyiniz
şeirinizi "Azərbaycan qadını" jurnalında
çap etdirir. Elə həmin ərəfədə
Sizi Zərifə xanımın xatirəsinə həsr
olunmuş mərasimə dəvət edir. Mən
o mərasimə televiziyada baxmışam. Heydər
Əliyev həmin yığıncaqda qələm sahibləri
ilə - Mirvarid xanımla, Bəxtiyar Vahabzadə, Qabil, Anar,
Fikrət Qoca və Sizinlə bir stol arxasında idi. Siz yazırsınız ki, həmin mərasimdə
ulu öndər üçün Zərifə xanımın
xatirəsinə həsr etdiyiniz ikinci şeiri oxumusunuz. Şeir ümummilli liderimizin xoşuna gəlir, Sizə
təşəkkür edir və həmin şeiri Sizdən
alıb qoltuq cibinə qoyur. Qələm
yoldaşlarınız zarafatla deyirlər ki, yəqin cənab
Prezident bu şeiri də səndən xəbərsiz çap
etdirəcək. Amma çap etdirə
bilmir. Çünki müalicə olunmaq
üçün Klivlendə yola düşür. Mənim üçün çox maraqlıdır, həmin
şeir Sizin yeddi cildliyinizdə varmı, varsa, hansı
şeirdir? O şeiri çox oxumaq istərdim.
Ulu öndərlə Sizin qarşılıqlı
münasibətiniz əsərdən də
göründüyü kimi, qarşılıqlı olub. O, Sizin ədəbi taleyinizə
nə qədər diqqətli idisə (Akademik teatrda
"Hamlet" tamaşasının fasiləsi zamanı,
çay süfrəsi arxasında ədəbiyyat-incəsənət
xadimləri ilə səmimi söhbət zamanı ulu öndər
Sizin "Atabəylər" əsərinizi xatırlayır
- "Atabəylər" əsəri hər gün göstərilməlidir
- deyir), Siz də ulu öndərə o qədər sədaqətli
olmusunuz. Ümummilli lider o çətin
vaxtlarda, Naxçıvandan Bakıya gələrkən təyyarə
vağzalında onu qarşılamaq üçün 5 nəfər
yazıçının adını çəkib. Ulu öndərimizi qarşılamağa o 5 nəfərdən
yalnız 2 nəfər - Siz və rəhmətlik Bəxtiyar
Vahabzadə gedib. Bu, o vaxt üçün
həyatı təhlükəyə ata biləcək riskli, fəqət
Vətənin gələcəyi naminə edilmiş mərd
bir hərəkət idi.
"Mənim
ədəbi taleyim"də Heydər Əliyevlə
bağlı çox dəqiq bir müşahidəniz var.
Yazırsınız ki: "Biz əvvəllər Azərbaycanda
millətə bu qədər yaxın olan nə belə siyasi rəhbər,
nə belə Mərkəzi Komitənin birinci katibi, nə də
ziyalıları belə duyan, başa düşən, qoruyan
KQB rəhbəri görmüşdük". Doğrudan
da Sizin yazdığınız kimidir. Ulu
öndər bir dəfə Naxçıvanda təntənəli
bir iclasda böyük milli şairlərimiz Bəxtiyar Vahabzadə
və Xəlil Rza haqqında danışdı. Bu böyük şairlərimizi həbslərdən,
təqiblərdən necə qoruduğu haqqında söz
açdı. Həqiqətən də
"Gülüstan", "Apardı sellər
Saranı"... və digər bu kimi o vaxtkı sistemin əleyhinə
olan əsərlərin müəllifləri əgər min
cür təqiblərə, xoşagəlməz "təsadüflərə"
məruz qalmırdılarsa, bu yalnız Heydər Əliyevin
sarsılmaz əzmi, böyük vətəndaşlığı
sayəsində olurdu.
Siz "Mənim ədəbi taleyim" əsərində
ulu öndəri "hamının köməyinə
çatan insan" kimi xarakterizə edirsiniz. "Heydər
Əliyevin məhəbbəti də nümunə idi"
deyirsiniz. Mən bu sətirləri oxuyarkən yadıma
yaxın keçmişimizdə televiziyada izlədiyim bəzi
hadisələr düşdü: Tofiq Quliyev xəstəxanada
müalicə olunur, Heydər Əliyev ona dəyməyə gəlir.
Bəxtiyar Vahabzadə xəstəxanada
yatır, Heydər Əliyev böyük şairin
yanındadır. Yusif Səmədoğlu, Hökümə
Billuri xəstəxanada xəstə yatırlar, Heydər
Əliyev onların yatdıqları palatada, bu insanların
başının üstündədir. Bunu hər
ölkə başçısı bacarmır. Bəziləri istəsə belə bacara bilmir.
Yaxşılıq etmək, insanlara gərək
olmaq ulu öndərimizin fitrətində idi. O,
mümkünsüzü mümkün edən, ağıla
batmayanları belə həyata keçirə bilən
çox güclü bir şəxsiyyət idi. Hüseyn
Cavidin nəşinin uzaq Sibirdən Bakıya gətirilməsi
(bu barədə Siz də yazmısınız) o vaxtkı
SSRİ-də görünməmiş bir hadisə idi. O,
mümkün olmayanı mümkün etmişdi.
Və nə yaxşı ki, möhtərəm
Prezidentimiz İlham Əliyev ümummilli liderimizin o
böyük işlərini ləyaqətlə davam etdirir. Böyük
müğənni Müslüm Maqomayevin ölüm xəbərini
Moskva televiziyasından eşitdim. Diktor
qız Rusiya rəsmilərinin ünvanladığı
nekroloqu oxuyandan sonra bildirdi ki, M.Maqomayev Moskvada dəfn olunacaq.
Amma cənab Prezident İlham Əliyev buna imkan
vermədi. Böyük azərbaycanlımızı,
dünyanın sevdiyi M.Maqomayevin nəşini öz vətəninə,
Bakıya gətirdi. M.Maqomayev çox
böyük bir ehtiramla (onun dəfnində nə qədər
insan iştirak edirdi) Bakıda, Fəxri xiyabanda dəfn olundu.
Yuxarıda da yazdığım kimi, Heydər Əliyev
güclü, uzaqgörən, müdrik siyasi xadim idi. Onun həmişə
qətiyyət ifadə edən səsi yalnız bir dəfə
titrəyib, Səməd Vurğunun "Azərbaycan"
şeirini söyləyərkən. O şeirə Heydər
Əliyevin səsində Siz də, bütün Azərbaycan
xalqı da dönə-dönə qulaq asıb. Bu, vətənini
canından çox sevən insanlara məxsus müqəddəs,
ali, ibrətamiz bir hadisədir.
"Mənim ədəbi taleyim" əsəriniz
haqqında təəssüratlarım olduqca çoxdur. Mən
yalnız onların bir qismini yaza bildim. Yuxarıda da
yazdığım kimi, Sizin taleyinizdə həlledici
rol oynayan işıqlı insanlar olub. Bu əsər
həmin insanlardan birinə, Heydər Əliyevə həsr
olunub. Sizin həyatınızda müstəsna
rol oynayan Mir Cəlal müəllim haqqında da xeyli
yazılarınız var. Çıxışlarınızda,
yazılarınızda, intervülərinizdə o böyük
müəlliminizi həmişə sonsuz sevgi ilə
xatırlayırsınız. Sizinlə bir telefon
danışığımda Siz deyəndə ki: "Mir Cəlal
müəllim haqqında, onun böyük insanlığı
haqqında həmişə danışmışam,
ömrümün sonuna qədər də danışacağam"
- mən kövrəldim. Yaxşılıq itmir
deyirlər. O yaxşılıqları
yaşatdığınıza görə mən Sizə təşəkkür
edirəm, Nəriman əmi.
Mənim üçün çox maraqlıdır, Siz xatirələrinizi yazırsınızmı? Axı, Sizin çox maraqlı, enişli-yoxuşlu, acılı-şirinli, ibrətamiz bir taleyiniz, həyatınız olub. Uşaqlığınız, Gəncə tələbəlik illəri, Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğunuz illər, "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor olduğunuz dövr, ictimai-siyasi fəaliyyətiniz və həyatınızda qarşılaşdığınız ABİDƏ İNSANLARIMIZ: Heydər Əliyev, Mir Cəlal, Nazim Hikmət, Rəsul Rza, Nigar xanım, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz... Əgər xatirələrinizi (düzdür, bu xatirələrinizin böyük bir qismini ayrı-ayrı yazılarınızda qələmə almısınız, amma təbii ki, demədikləriniz, yazmadıqlarınız da var) yazsaydınız, əminəm ki, çox maraqlı, çox qiymətli bir kitab olardı.
Allah Sizə
uzun ömür versin... Bütün işlərinizi,
arzularınızı həyata keçirməyə bəs edəcək
qədər məsud, sağlam bir ömür.
Sizin Etibar İmamverdi oğlu Əbilov.
27 aprel 2017-ci il.
525-ci qəzet.- 2017.- 16 may.- S.7.