“Nəriman Həsənzadənin bu mükafata layiq görülməsi ədəbiyyatımızın
uğurudur”
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda Xalq şairi Nəriman Həsənzadənin Heydər
Əliyev Mükafatına
layiq görülməsi
ilə bağlı tədbir keçirilib.
Mərasimdə AYB rəhbərliyi, tanınmış
yazarlar, ədəbiyyatşünaslar
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı
Anar Nəriman Həsənzadənin yaradıcılığını
yüksək dəyərləndirərək,
onu mükafata layiq görülməsi münasibəti ilə təbrik edib. AYB sədri şairin mükafatlandırılmasını dövlətin ədəbiyyata,
yazarlara olan xüsusi diqqətinin, qayğısının göstəricisi
kimi qiymətləndirib.
N.Həsənzadəni mükafata layiq görülməsi münasibəti
ilə təbrik edən AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca, onun yüksək insani keyfiyyətlərinin
lirikasına da sirayət etdiyini deyib. Xalq şairi qeyd
edib ki, şairi, yazıçını
yaşadan da məhz dövlətin, xalqın ona, onun yazdıqlarına diqqəti, məhəbbətidir.
N.Həsənzadə bu məhəbbəti
çoxdan qazanmış
şairlərdəndir.
AYB katibi, Xalq yazıçısı Çingiz
Abdullayev N.Həsənzadənin
şeirlərini milli poeziyanın çox gözəl nümunələri
adlandırıb.
Tanınmış yazıçı və
ictimai xadim Səyyad Aran deyib ki, N.Həsənzadə
şəxsiyyəti və
yaradıcılığı ilə məktəb olan insandır: "Mən Nəriman Həsənzadəni bir tək "səmimiyyət"
sözü ilə ifadə edərdim. O, təpədən-dırnağa səmimiyyətdir".
AMEA-nın müxbir
üzvü, Millət
vəkili Nizami Cəfərov Xalq şairi ilə tanışlığından söz
açıb, onun həm humanist bir insan, həm də şair kimi gənclərə örnək olduğunu deyib.
"Heydər Əliyev mükafatı"nın əhəmiyyətindən
danışan AYB-nin sədr müavini Nazim İbrahimov N.Həsənzadənin
bu mükafata layiq görülməsinin
bütün Azərbaycan
ədəbiyyatının uğuru
olduğunu qeyd edib.
Daha sonra professor Qəzənfər Paşayev,
şair Çingiz Əlioğlu, tənqidçi Tofiq Məlikli və başqaları çıxış
edərək Xalq şairini mükafata layiq görülməsi münasibəti ilə təbrik edib, ona can sağlığı
və daha böyük yaradıcılıq
uğurları diləyiblər.
Sonda N.Həsənzadə bu tədbiri təşkil etdikləri üçün
başda AYB rəhbərliyi
olaraq, hər kəsə öz təşəkkürünü bildirib və sevinc hisslərini tədbir iştirakçıları
ilə bölüşüb:
"Bu gün mən tamam başqa hisslərlə yaşayıram.
Sevincimin,
fərəhimin hədd-hüdudu
yoxdur. Bu sevinci mənə bəxş edən, məni, yaradıcılığımı ən ali mükafat
hesab etdiyim Heydər Əliyev Mükafatı
ilə ödülləndirən
prezidentimiz İlham Əliyev başda olmaqla, hər kəsə öz sonsuz təşəkkürlərimi
bildirirəm. Bir şair üçün bundan gözəl nə ola
bilər ki? Burada iştirak edən, çıxış edən
hər kəsə də minnətdaram. Bundan sonra da
Azərbaycan ədəbiyyatı
üçün daha böyük əzmlə, məsuliyyətlə çalışacağıma
əmin ola
bilərsiniz".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 16 may.- S.7.