Dünya İdman
Oyunlarının Azərbaycan standartı
YAXUD XXI ƏSRİN MİN BİR GECƏSİ
İslam Həmrəyliyi Oyunlarının
Açılış Mərasimi
müstəqil Azərbaycan
Respublikasında müasir
və hərtərəfli
inkişafın böyük
təntənəsini nümayiş
etdirdi.
Bundan əvvəl
Avropa Oyunlarında qazanılmış zəngin
təcrübə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təşkilinin
möhkəm bünövrəsini
təşkil edir. Azərbaycan böyük
uğurla keçmiş,
yeniliklər üzərində
qurulmuş Avropa Oyunlarını qətiyyən
təkrar etmədən
IV İslam Həmrəyliyi
Oyunları ilə dünyaya tamamilə yeni tipli bir
İdman oyunları açılışı mərasimi
təqdim etdi. Bu, İslam Həmrəyliyi
Oyunlarının möhtəşəm
Azərbaycan modeli idi. Bu, İslam
Həmrəyliyi Oyunlarında
meydana çıxmış
Bakı standartıdır.
Fikrimizcə, IV İslam
Həmrəyliyi Oyunları
Dünya Olimpiya Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları tarixində yeni bir başlanğıc,
fərqli bir hadisədir. Bundan sonra dünyanın
müxtəlif ölkələrində
keçiriləcək İdman
Oyunlarının Açılış
Mərasimlərinin səviyyəsi
IV İslam Həmrəyliyi
Oyunlarının Açılış
Mərasimi ilə müqayisə olunmalıdır.
Azərbaycan dünyanın diqqətini
cəlb edən və heyrətinə səbəb olan nəhəng bir idman hadisəsinin müəllifi oldu. Bu, xalqı və
dövləti ilə fəxr edən hər bir Azərbaycan
vətəndaşı üçün
qürur və iftixar mənbəyi olan parlaq tarixi
hadisədir.
İslam Həmrəyliyi Oyunlarının
Açılış Mərasimi
yeni tarixi epoxadakı Azərbaycan reallıqlarını dünya
ictimaiyyətinə çatdıran
böyük nümayiş
idi. Açılış mərasimi hazırkı
dövrdə Azərbaycan
Respublikasının geniş
iqtisadi imkanlara, böyük və zəngin mədəniyyətə,
qüdrətli şəxsiyyətlərə,
ən yüksək texnologiyaya əsaslanan müasir inkişaf səviyyəsinə malik müstəqil bir dövlət olduğunu əyani surətdə göstərdi.
IV İslam Həmrəyliyi
Oyunlarının Açılış
Mərasimi Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin elan etdiyi İslam
Həmrəyliyi İlinin
zirvəsidir. İslam Həmrəyliyi ilə
və ümumiyyətlə
Həmrəyliklə əlaqədar
Azərbaycan dövlətinin
və xalqımızın
siyasi, elmi-mədəni
imkanları və intellektual düşüncəsi
Bakı İslam Həmrəyliyi Oyunlarında
cəm halda bir yerdə və ən yüksək səviyyədə
ifadə olunmuşdur.
Bu, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ən yüksək xitabət kürsülərindən dünyada
sülhün və sabitliyin, əməkdaşlığın
və inkişafın
bərqərar olması,
daha da möhkəmləndirilməsi
naminə səsləndirdiyi
ideyaların, çağırışların,
mesajların, tezislərin
cazibədar təsvirlərlə,
nadir dekorativ tətbiqi
sənət nümunələri
ilə, xoreoqrafiyanın
və musiqinin, habelə idman mərasimlərinin dili ilə ifadə olunmuş parlaq əməli ifadəsi idi. Azərbaycan Prezidentinin illərdən
bəri uğrunda ardıcıl olaraq mübarizə apardığı
humanizm, ədalət,
bərabərlik, multikulturalizm,
həmrəylik, tolerantlıq,
mədəniyyətlərin və dinlərin dialoqu IV İslam Həmrəyliyi Oyunlarının
Açılş Mərasiminin
əsas fəlsəfəsinə
çevrilmişdir. Müstəqil
Azərbaycan bəşəriyyət
qarşısında həmin
planetar fəlsəfəni
islam dünyasının
intəhasız zənginlikləri,
Azərbaycanın çoxəsrlik
tarixi-mədəni ənənələri
və müasir dövrdəki yüksək
imkanları miqyasında
möhtəşəm səviyyədə
əks etdirmişdir.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Təşkilat Komissiyasının sədri
Mehriban xanım Əliyevanın Açılış
Mərasimindəki parlaq
nitqi Azərbaycanın
müasir mərhələdəki
çağırışlarını dolğun şəkildə
mənalandırır və
Bakıda keçirilən
böyük mərasimdən
müasir dünyaya ölkəmizin baxışlarını
əks etdirir. Mehriban xanım Əliyevanın çıxışı, eyni
zamanda İslam Həmrəyliyi Oyunlarının
yüksək səviyyədə
təşkili üçün
Azərbaycanda görülmüş
böyük işlərin
hesabatından və ölkəmizin bu oyunlarda izlədiyi qayənin bəyanatından
ibarət olan mesaj kimi də
mühüm əhəmiyyət
kəsb edir.
İslam
Həmrəyliyi İdman
Federasiyasının Prezidenti
Abdullah bin Mosaad bin Abduləzizin
bu möhtəşəm
idman tədbirinə yüksək standartlar və böyük qonaqpərvərlik səviyyəsində
ev sahibliyi etdiyinə görə Azərbaycan xalqına, Təşkilat Komitəsinə
ünvanladığı təşəkkür
əslində ölkəmizin
yeni tarixi epoxadakı müasir inkişafına verilmiş
böyük qiymətin
ifadəsidir.
Azərbaycanda keçirilən IV İslam
Həmrəyliyi Oyunları
müstəqil Azərbaycan
dövlətinin Həmrəylik
siyasətinin möhtəşəm
təqdimatıdır. Təntənəli Açılış Mərasimi
bəşəriyyətə həm də intibah mədəniyyəti
bəxş etmiş İslam dünyasının
Humanizmə və Ədalətə əsaslanan
mənəvi zənginliklərini,
yüksək bəşəri
dəyərlərini çatdırmaq
üçün XXI əsrin
xitabət kürsüsü
funksiyasını yerinə
yetirmişdir. Bu, dərinməzmunlu möhtəşəm
təqdimat bəzi ölkələrdə süni
şəkildə yaradılmış
islamofobiya təzahürlərinin,
əzablı miqrasiya axınlarına ədalətsiz
münasibətin, islamı
yalnız terrorçuluqla
əlaqələndirən dairələrin
baxışlarının nə
qədər yanlış
olduğunu bütün
bəşəriyyətə çatdırdı.
İslam
Həmrəyliyi Oyunları
Azərbaycanda sənətin
bir neçə istiqamətinin: xoreoqrafiya,
balet, mahnı və rəqslərin, dizayn və rəngkarlığın, ifaçılıq
mədəniyyətinin hansı
yüksək inkişaf
səviyyəsində olduğunu
nümayiş etdirdi.
İslam Həmrəyliyi Oyunları
ərəfəsində Azərbaycanın
bütün regionlarında
keçirilmiş su əhvalatı rəmzi mənada ölkəmizin dünyaya aydınlıq, bolluq və bərəkət bəxş
etmək niyyətini əks etdirir. İslam
Oyunları ərəfəsində
Naxçıvandan başlanaraq
Xəzər dənizinə
qədər yaddaqalan fərqli mərasimlər vasitəsilə davam etdirilmiş "Su səyahəti"nin Açılış
Mərasimində düşündürücü
bir kollaj şəklində təqdim
olunması beynəlxalq
miqyasda Azərbaycanın
xoş məramını,
işıqlı niyyətlərini
diqqət mərkəzinə
çəkir.
Azərbaycanda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarının Açılış
Mərasimi özünün
cəlbediciliyinə, rəngarəngliyinə,
romantikasına görə
XXI əsrin min bir gecəsi kimi yaddaşlara yazıldı. Bu, - həqiqətən müstəqil
Azərbaycan dövlətinin
dünyaya təqdim etdiyi fərqli bir min bir gecə
nağılıdır. Azərbaycan
IV İslam Həmrəyliyi
Oyunlarının Açılış
Mərasimi ilə bir gecədə min bir gecənin bütün gözəlliklərini
və özəlliklərini,
həmçinin müasir
dövrün əsas çağırışlarını yüksək səviyyədə
göstərib ifadə
etməyin mümkünlüyünü
isbat etdi. Bu mənada IV İslam
Həmrəyliyi Oyunlarının
qeyri-adi Açılış
Mərasimi dünya üzrə idman mərasimlərinin tarixi salnaməsinə parlaq hərflərlə yazılmış
Azərbaycan əfsanəsidir.
Bu, - sözün böyük mənasında
Sülh, Birlik, Həmrəylik və Böyük Mədəniyyət
bayramıdır.
Açılış mərasimi İslam Həmrəyliyi Oyunları üçün
mükəmməl bir
start nöqtəsidir. Ölkəmizdə bu böyük tədbirin yüksək səviyyədə keçməsi
üçün yaradılan
ideal nümunəvi şərait
dünya ölkələrindən
gəlmiş idmançıların
özlərinin gücünü
və bacarıqlarını
nümayiş etdirməsi
üçün arzu olunan bütün imkanları təqdim edir.
IV İslam Həmrəyliyi
Oyunlarının ilk günlərində
Azərbaycan idmançılarının
qısa müddət ərzində qazandıqları
parlaq nailiyyətlər
ölkəmizin inkişafını
və qüdrətini
nümayiş etdirir.
İnanırıq ki, Azərbaycan idmançıları Dünya
Olimpiadalarında və
Beynəlxalq çempionatlarda
olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da ölkəmizin yaxasını
çoxsaylı medallarla
bəzəyəcəklər.
Uğurlar olsun!
13 may
2017-ci il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil
Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 16 may.- S.2.