Böyük ədibimiz Mirzə Cəlil və
Tiflis ədəbi mühiti
Şahbaz ŞAMIOĞLU
Bu il Mirzə Cəlilin haqq dünyasına
qovuşmasından 85 il keçir.
"Molla Nəsrəddin" jurnalının 110
yaşının tamam olduğu 2016-cı ildə isə
yazıçının Tiflisdə və Bakıda müxtəlif
əsərlərinin gürcü dilinə tərcümələrindən
ibarət iki kitabı çap olundu.
Tiflis ədəbi-mədəni
mühitinə özünün silinməz
möhürünü vurmuş böyük ədibin müqəddəs
ruhuna bağışladığımız bu yazıda həmin
kitablardan da bəhs olunur...
(Əvvəli
12 may sayımızda)
1906-1918-ci illərdə Qafqaz Senzura Komitəsində
şərq dilləri üzrə senzor vəzifəsində çalışan
Mirzə Şərif Mirzəyevin (1860-1937) "Qafqazda türk
mətbuatı tarixi materialları" sənədli
memuarında çarizmin milli-dini ayrı-seçkilik siyasətinin
yaratdığı mənzərə bütün
çılpaqlığı ilə öz əksini tapıb. Məsələn,
1874-cü ildə rus dilində 2, gürcü dilində 5, erməni
dilində 4 dövri nəşr qeydə alınıb.
Dövri olmayan nəşrlərin sayı həmin ildə belə
idi: rus dilində 27, gürcü dilində 14, erməni dilində
24. Siyahıda türk adına heç nə
yoxdur. Yaxud 1878-ci ildə gürcü dilində
84, erməni dilində 56 əsər çap olunub.
Türk adına yenə heç nə
yoxdur! "Əkinçi", "Ziya"
("Ziyayi-Qafqaziyyə") və "Kəşkül"ün
min cür bəhanələrlə, erməni fitnə-fəsadı
ilə bağlanmasından sonra, 1891-ci ildən 1903-cü ilə
- "Şərqi-Rus"a qədər Qafqazda Azərbaycan-türk
dilində bircə dənə də olsun mətbuat orqanı
çap edilməyib. Azərbaycan
ziyalılarının bu barədə israrlı xahiş və
tələbləri qulaqardına vurulub. Dövrün
tanınmış ziyalıları mövcud vəziyyətə
ürək ağrısı ilə baxırdılar.
Ö.F.Nemanzadə yazırdı: "Bu böyük mərkəzdə
qafqazlı, iranlı, osmanlı adları ilə bir çox
türklər, Şimali Qafqazlı xeyli sənətçilər
bulunduqları halda, bunların bir dənə olsun milli məktəbləri,
milli təşkilatları, hətta adi bir xeyriyyə cəmiyyəti
belə yox idi. Halbuki birlikdə
yaşadıqları gürcü və erməni
qonşularının öz dilləri ilə çıxan
gündəlik qəzetləri, həftəlik məcmuələri,
orta milli məktəbləri ... cəmiyyəti-xeyriyyələri,
bankları, hər dürlü elmi, ictimai, milli təşkilatları
vardı".
Qafqazın siyasi-inzibati mərkəzində
türk-müsəlman əhalinin vəziyyəti belə idi və
bu durumda olan toplumun milli inkişafla bağlı hər
hansı bir hədəfinin olması ağlasığmaz idi. Tək-tük
ziyalılar isə mövcud vəziyyətin tənqidindən
uzağa gedə bilmirdilər. C.Məmmədquluzadə
və onun həmfikirlərinin estafet kimi qəbul etdikləri
Tiflis ədəbi mühiti XX əsrə məhz nəfəsi
tükənmiş, taqətdən düşmüş, kəsəri
azalmış vəziyyətdə qədəm qoymuşdu.
C.Məmmədquluzadə
Tiflis Azərbaycan ədəbi mühiti ilə bağlı
üzərinə götürdüyü, daha doğrusu,
tarixin onun üzərinə qoyduğu missiyanı həyata
keçirməzdən əvvəl az bir müddətdə, təxminən
bir il, ictimai fikir tariximizdə silinməz izlər qoymuş
"Şərqi-Rus"da çalışmış,
M.Şahtaxtlının qəzetində mətbuat sahəsində
baş məşqini etmiş, ən əsası isə
özünə həmfikirlər, silahdaşlar
tapmışdır. Məlum olduğu kimi, bu illərdə C.Məmmədquluzadə
millətin səsini yaymaq məqsədilə "Novruz"
adlı qəzet təsis etmək üçün hökumət
dairələri ilə yazışmış, lakin Azərbaycan
dilində qəzet və jurnal nəşri arzuolunmaz
sayıldığından məqsədinə çata bilməmiş,
xeyli müddətdən sonra müvafiq icazə verilsə də,
"ruhanilərə təməllüq" etmək,
"canişin həzrətlərinə qəsidə
oxumaq" onun işi olmadığından həmin qəzeti
buraxmaqdan imtina etmişdir. C.Məmmədquluzadə
artıq dəyişməkdə olan zamanın ondan nə istədiyini
çox yaxşı bilirdi. Həmin
günlərdə və aylarda Tiflisdə nəşr olunan qəzetlərdə
C.Məmmədquluzadənin "Molla Nəsrəddin"
adlı gülgü məcmuəsi çap etdirmək fikrində
olduğu barədə xəbərlər gedirdi. Artıq Tiflis ziyalıları arasında tanınan və
nüfuz qazanan C.Məmmədquluzadə bir azdan nəinki Tiflis
və Bakını, bütöv Şərqi silkələyib
oyadacaq "Molla Nəsrəddin"i yaratmaqla zənciri bircə
zərbə ilə qırmaq yolunu tutdu. "Molla
Nəsrəddin" meydana təkbaşına girdi. Jurnalın ilk sayının işıq üzü
gördüyü 1906-cı ildə Qafqazın baş şəhərində
rus dilində 62, erməni dilində 26, gürcü dilində
22 gündəlik, həftəlik və aylıq qəzet və
jurnal çap olunurdu. Doğrudan da,
"Molla Nəsrəddin"i təbiət özü
yaratdı, zəmanə özü yaratdı və bundan
birinci növbədə millət və mövqeyini tamamilə
itirməkdə olan Tiflis Azərbaycan ədəbi mühiti
qazandı, mühitin özünəqayıdış prosesi
başlandı. "Molla Nəsrəddin"in
Tiflisdə nəşrə başlamasının bir özgə
önəmi də vardı. Tiflisdə oturub, Bakıda
türk mətbuatının əleyhinə dəridən-qabıqdan
çıxan Qaraxanov və Kişmişov kimi erməni
senzorlara bu, tərs bir sillə oldu (onlar "... həmişə
rus hökumətinin nəzərinə bunu yetirmək istərdilər
ki, Qafqazda cəmi türk ədib və jurnalistləri
"panislamistdirlər" və türk jurnalistləri Qafqaz
camaatını islam bayrağının altına çəkmək
istəyirlər, bu ittihadi-islam bayrağının da
osmanlı sultanının əlində olmasını arzu
edirlər və buna da çalışırlar" -C.Məmmədquluzadə).
Jurnal çarizmin Qafqazdakı beynində -
Tiflisdə bir şimşək kimi çaxdı. Bu şimşək türkün düşmənlərinin
gözlərini qamaşdırdığı kimi,
türk-müsəlman əhalinin yoluna işıq tutdu. Akademik İsa Həbibbəyli C.Məmmədquluzadə
ilə bağlı fundamental tədqiqatında jurnalın məhz
Tiflisdə nəşr olunmasının əsas səbəbləri
və onun tarixi əhəmiyyəti barədə ətraflı
bəhs etmişdir.
"Molla Nəsrəddin"in missiyası onun
yaradıcısının birbaşa qarşısına
qoyduğu məqsədlərlə bitmirdi. Jurnal
xalqların mədəniyyət yolunda yarışa
çıxdıqları bir zamanda Azərbaycan
türkünün özünəinam hissini yenidən və həmişəlik
özünə qaytara bildi. "Molla Nəsrəddin"in
Cəlil Məmmədquluzadəsi artıq Tiflisdəki mədəni
proseslərin önündə gedirdi. Müasirlərinin
xatirələrindən öyrənirik ki, C.Məmmədquluzadə
tiflisli azərbaycanlıların yığıncaqlarında
müntəzəm iştirak etmiş, özünün
varlığı ilə Tiflisin mədəni həyatına
bir canlanma gətirmişdir. Tədqiqatçı
A.Hacıyevin yazdığına görə, məşhur
aktyor İ.İsfahanlının atası Hacı
Haşımın sahibi olduğu və o dövrdə Paronbəyov
karvansarası kimi tanınan məkanda təşkil edilən
yığıncaqlarda M.Şahtaxtlı, Ə.Nərimanov,
E.Sultanov, Ə.Yüzbaşov, M.Quliyev kimi ziyalılarla bir yerdə
C.Məmmədquluzadə də iştirak etmişdir. Tiflisdə
"Cəmiyyəti-xeyriyyə"nin təsis
olunmasında, gələcəyin Tiflis Türk Dram
Teatrının sələfi Müsəlman Dram
Teatrının yaradılması və müvafiq bina ilə təmin
edilməsi işində də C.Məmmədquluzadənin
adı keçir. Gürcüstanda 1930-cu illərə
qədər çap olunan qəzet və jurnallarda çalışan
jurnalistlərin böyük əksəriyyəti biləvasitə
C.Məmmədquluzadə mətbuat məktəbinin yetirmələri,
onun qoyduğu ənənələr üzərində
yetişənlər idi.
C.Məmmədquluzadə və Tiflis ədəbi-mədəni
mühiti məsələsindən bəhs edərkən
mühüm bir məqam üzərində dayanmaq zərurəti
yaranır. C.Məmmədquluzadə və "Molla Nəsrəddin"in
varlığı Gürcüstanın bölgələrində
yaşayan türk-müsəlman ziyalıların Tiflis ədəbi
mühitinə inteqrasiyası işində mühüm rol
oynamışdır. Bu dövrdə biz
artıq Borçalı ədəbi mühitində də bir
canlanmanın şahidi oluruq. Borçalıda
mollanəsrəddinçilərin meydana çıxması
buna bariz nümunədir. Borçalı Qəza
komissarı Ə.Haqverdiyevin katibi, klassik üslublu şeirlərini
"Məcruh", heca vəznli şeirlərini
"Yaralı" təxəllüsü ilə yazan. ərəb,
fars, rus, gürcü dillərini mükəmməl bilən Həsən
Məmmədov "Molla Nəsrəddin"də çap
olunurdu və onun xatirələrindən öyrənirik ki,
özü şəxsən C.Məmmədquluzadə ilə
tanış olmuşdur. Ahısqa və
Acarıstan türklərinin həmin dövrdə
oyanışı, onların tanınmış şəxslərinin
"Molla Nəsrəddin" işığına toplaşmaları
Tiflis ədəbi mühitinə yeni çalarlar gətirirdi və
bütün bunların başında, şübhəsiz ki,
C.Məmmədquluzadənin varlığı dayanırdı.
C.Məmmədquluzadənin Tiflis gürcü ədəbi
mühitinin görkəmli nümayəndələri ilə də
sıx əlaqələri olmuşdur. "Molla Nəsrəddin"in
təsiri ilə Bakıda və İrəvanda azərbaycanca
satirik jurnallar yaradıldığı kimi, Tiflisdə
gürcücə işıq üzü görən satirik nəşrlərə
də onun ciddi təsiri vardı. T.Bolokvadzenin
müvafiq olaraq 1907 və 1908-ci illərdə gürcü
dilində çap olunan "Eşmakis matraxi" ("Şeytan
qamçısı") və "Matraxi"
("Qamçı") satirik jurnallarındakı
materialların mövzu baxımından "Molla Nəsrəddin"lə
səsləşməsini təsadüfi saymaq xeyli çətindir.
Həm də ən azı ona görə ki, "Eşmakis
matraxi"nin "Molla Nəsrəddindən"
karikaturalar götürüb, təqdim etməsi çox
şeydən xəbər verir.
1917-ci il dekabrın 25-də "Molla Nəsrəddin"in
Tiflisdə həmin ildə və həmişəlik
axırıncı, 26-cı sayı çapdan
çıxmış, beləliklə də, onun Tiflisdəki
erası tarixə qovuşmuşdur. Şübhəsiz
ki, 1906-1917-ci illəri əhatə edən dövr tarix
üçün bir göz qırpımıdır. Amma
bir göz qırpımında bir tarix yazmaq həmişə
müəssər olan iş deyil. Mirzə Cəlil
Tiflisdə bir tarix yaratdı. Onun Tiflisdən
həmişəlik çıxıb getməsi ədəbi
mühitə təsirsiz qalmadığı kimi, sadə
tiflislilərin də dərin təəssüfünə səbəb
olmuşdu. Qonşuluqda yaşayan, ədibin
qızı Münəvvər xanımla rəfiqəlik edən
Nina Toxadze-Reşetnikova uzun illər keçəndən sonra qələmə
aldığı xatirəsində Mirzə Cəlilin sadə və
sakit həyat tərzi keçirdiyini, Tiflisdən köçərkən
demək olar ki. heç nə aparmadığını
yazacaq, bu ailə barəsində ən xoş sözlər
söyləyəcəkdi. C.Məmmədquluzadənin ən
yaxın əqidə dostlarından, silahdaşlarından olan
Ə.Haqverdiyev isə 1918-ci ildə Tiflisdə cəmi bir
sayı işıq üzü görən satirik
"Tartan-partan" jurnalında ("Həkimi-huni-səğir"
təxəllüsü ilə) yazırdı: "Molla Nəsrəddin"
gedəndən bəri heç üzümüz
gülmür..."
...C.Məmmədquluzadə
bugünlərdə gürcücə çap olunan
"Poçt qutusu" hekayələr kitabı ilə yenidən
Tiflisə qayıtdı.
Əvvəldə
qeyd etdiyimiz kimi, böyük ədibin gürcü dilinə tərcümə
olunan ilk hekayəsi "Poçt qutusu"dur və onun tərcüməsinin
maraqlı bir tarixi var və burada C.Məmmədquluzadənin
yaxın dostu, böyük maarifpərvər Qurbanəli Şərifzadənin
oğlu, görkəmli ədəbiyyatşünas alim Əziz
Şərifin adı keçir.
Əziz
Şərif Azərbaycan yazıçılarının
"Aldanmış kəvakib", "Şeyx Şaban",
"Erkək Tükəzban" və b. əsərləri ilə
yanaşı, C.Məmmədquluzadənin "Poçt
qutusu" hekayəsini də rus dilinə çevirib, bir toplu
halında çap olunmaq üçün 1928-ci ildə
"Zakkniqa" nəşriyyatına təqdim edib.
Ə.Şərif
xatirələrində bu barədə yazırdı: "...məndən
asılı olmayan səbəblərə görə bir xəbisin
fitnəsi nəticəsində məcmuə rusca
çıxmadı. Bir neçə il
sonra həmin məcmuə mənim geniş müqəddiməmlə
gürcücəyə çevrildi və "Turkuli
mtserloba" ("Türk yazıçıları")
adı ilə 1934-cü ildə Tiflisdə "Saxelqami"
(dövlət nəşriyyatı) nəşriyyatında
çapdan çıxdı... Hekayələri
ruscadan gürcücəyə Aleksandr Lordeli
çevirmişdi". "Poçt qutusu" hekayələr
kitabının 2016-cı il gürcücə
nəşrinə Ə.Şərifin həmin müqəddiməsinin
daxil edilməsi (ixtisarla) bu baxımdan təsadüfi deyildir və
professor İrma Radiani də eyniadlı hekayənin
gürcü dilinə ilk tərcüməsi məsələsindən
bəhs edərkən 1934-cü ildə çap olunmuş
"Turkuli mtserloba"nı ("Türk
yazıçıları") xatırlatması bununla
bağlıdır.
Qeyd edək ki, kitaba akademik İsa Həbibbəylinin
"Azərbaycan ədəbiyyatının inkişaf yolu və
Cəlil Məmmədquluzadə" adlı geniş müqəddiməsi
gürcü oxucularda milli ədəbiyyatımızın
tarixi, onun zəngin inkişaf yolu və istiqamətləri barədə
tam dolğun elmi təsəvvür formalaşdırmağa
tamamilə imkan verir. Akademik İsa Həbibbəyli N.Gəncəvi, Q.Təbrizi,
X.Şirvani, M.Gəncəvi, Q.Bürhanəddin, İ.Nəsimi,
Ş.İ.Xətai və M.Füzulinin timsalında qədim və
orta əsrlər Azərbaycan ədəbiyyatının
M.P.Vaqif və M.F.Axundzadənin ədəbi şəxsiyyətində
yeni dövrə keçid prosesini ardıcıllıqla izləmiş,
milli teatr və milli mətbuatın yaradılmasından,
"Molla Nəsrəddin" və "Füyuzat" ədəbi
məktəbindən, tənqidi realizmin C.Məmmədquluzadə,
M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Haqverdiyev, M.M.Şəbüstəri,
romantizmin Hüseyn Cavid, Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət
b. görkəmli nümayəndələrindən,
Ü.Hacıbəyovun Şərqdə ilk "Leyli və Məcnun"
operasından, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ədəbi prosesdən, bolşevik istilasından
sonra yaşayıb-yaratmş S.Vurğun, R.Rza, S.Rəhimov,
M.İbrahimov, M.Cəlal, İ.Əfəndiyev, M.Hüseyn,
H.İbrahimov kimi yazıçılarımızdan söz
açmışdır. Akademik İsa Həbibbəyli
müqəddimənin ikinci hissəsində C.Məmmədquluzadənin
həyatı, mühiti, zəngin ədəbi yaradıcılığı
və ictimai fəaliyyəti barədə ətraflı məlumat
vermişdir.
"Poçt
qutusu" hekayələr kitabına C.Məmmədquluzadənin
eyniadlı hekayəsi ilə yanaşı, "Dəllək",
"Pirverdinin xoruzu", "Qurbanəli bəy",
"Nigarançılıq", "Xanın təsbehi",
"Qəssab", "Saqqallı uşaq", "İki
alma", "Sarı" və b. hekayələri daxil edilib.
Kitabın əvvəlində və sonunda akademik İsa Həbibbəylinin
təqdim etdiyi çoxlu sayda qiymətli fotolar, rəssam
O.Şmerlinqin C.Məmmədquluzadənin əsərlərinə
və "Molla Nəsrəddin"ə çəkdiyi
müxtəlif illüstrasiyalar verilib...
"Molla Nəsrəddin" jurnalının 110 yaşının tamam olduğu 2016-cı ildə C.Məmmədquluzadənin əsərlərindən nümunələrin toplandığı daha bir kitab gürcü dilində işıq üzü gördü: "Ölülər". Bakıda "Elm və Təhsil" nəşriyyatında çap olunan kitaba böyük ədibin "Ölülər" tragikomediyası, "Usta Zeynal", "Qəssab", "Poçt qutusu", "Saqqallı uşaq" və başqa hekayələri daxil edilmişdir. Kitabda toplanan əsərləri gürcü dilinə həm Azərbaycanın, həm də Gürcüstanın ictimai-mədəni həyatında fəal rol oynayan Anna Bartkulaşvili tərcümə etmişdir. Azərbaycan dilini mükəmməl bilən Anna Bartkulaşvilinin bu tərcüməsi gündəlik həyatımızın mədəni hadisələrindəndir. Kitab C.Məmmədquluzadənin bəzi eyni əsərlərinin gürcü dilində müxtəlif tərcümələrinin meydana çıxması baxımından da maraq doğurur. Kitabın əvvəlində C.Məmmədquluzadənin həyatı və yaradıcılığına dair yığcam məlumat, sonunda isə gürcü oxucular üçün bir sıra sözlərin və terminlərin izahı verilmişdir.
İnanırıq ki, Gürcüstanda yüz ildən bəri oxunan və rəğbət qazanan C.Məmmədquluzadə bu tərcümələr vasitəsilə yeni nəsil gürcü oxucuların da qəlbinə həmişəlik yol tapacaq.
525-ci qəzet.-2017.-17 may.-S.6.