"Vətənə vurğun: Ömürdən səhifələr"

 

Sadıq MURTUZAYEV

Filologiya üzrə fəlsəfə doktoru

 

İmran Əbilovun bu kitabını mən son dövrlərdə çox geniş intişar tapmış memuar ədəbiyyatının ən gözəl nümunəsi hesab edərdim.

 

Kitaba böyük yazıçımız Mir Cəlalın dünya ədəbiyyatımızın misilsiz nümunəsi olan "Bir gəncin manifesti" romanını yada salıb "bir ömrün (həm də çox zəngin ömrün) manifesti" adını da verərdim. Çünki burada böyük bir dövrün enişini-yoxuşunu görmüş, bu dövrün ziddiyyətləri girdabında özünə çox bacarıqla yol aça bilmiş bir insanın acılarından, şirinlərindən (daha çox), xeyir-şər dünyamızın bərkindən-boşundan çıxmış, şükür ki, bu gün də böyük həyat eşqi ilə yaşayan vətən oğlunun həyat kredosunun çox zəngin ömür-gün yaddaşı ilə oxumağa təqdim olunur.

 

İndicə işlənilən "həyat eşqi" sözlərinə qayıdıb demək istəyirəm ki, kitabın ana xəttində başdan ayağa özünə qərar tutan qəhrəmanın (İmran Əbilovun) həyat eşqi məhz aparıcı yer tutur. Vurğunu olduğumuz mütəfəkkir şairimiz Bəxtiyarın "Həyat eşqi" şeiri yada düşür:

 

"Həyat eşqi - baş əyirəm önündə,

İşığısan sən ayın da, günün də".

 

Bəs nədir sizi bu eşqə mübtəla edən?? Bu suala elə 278 səhifəlik əsər boyu özün çox mükəmməl cavab vermisən və mən onun bəzi məqamları üzərində qısaca dayanmaq istəyirəm.

 

Siz şüurlu həyata qədəm qoyan gündən bu həyatda layiqli yer tutmağa can atmışsınız və bu yolda elə uğurlara imza atmışsınız ki, elə onlar da sizi bütün həyatınız boyu izləmişlər. Böyük bir institutda tələbəliyin böyük şərəfi olan Stalin təqaüdünə layiq görülən ilin yeganə tələbəsi olmaq elə bir şərəf idi ki, özünüz dediyiniz kimi, sizə yuxu kimi görünsə də, bu, həyatın həqiqəti və bunun cövhəri olan həyat eşqiniz olub.

Siz ömrünüzün daşlı-kəsəkli yollarında büdrəmədiniz, o sizi qovduqca və adını dönə-dönə çəkdiyim şairin şeirində deyildiyi kimi, zamanın sirlərinə daha dərindən bələd olub onu üstələdiniz. Bu da yenə sizin həyat eşqiniz, ona sədaqətiniz idi. Sizə zaman-zaman tapşırılan müxtəlif dövlət vəzifələrinə bütün varlığınızla xidmət etdiniz, o zamanın dili ilə desək, hər vəzifədən də üzüağ çıxdınız.

 

Həyat eşqiniz sizi bu eşqin ən müqəddəs amalı olan ailə sevgisinə gətirib çıxardı. Bu isə cəmiyyətimizin ən böyük imtahanlarından biri idi. Siz bu imtahandan şərəflə çıxdınız. Onu lazımınca dəyərləndirib gənc nəslə, birinci növbədə öz övladlarınıza örnək oldunuz. Siz ömür-gün yoldaşınızla ailə məhəbbətinin qızıl səhifələrini yazdınız. Biri-birinizə can deyib can eşitməyiniz xoşbəxtliyin məhək daşı oldu. Ailə məhəbbətiniz barədə yazdıqlarınızı oxuyarkən şərqin böyük filosof şairi Ömər Xəyyamın bir rübaisini xatırladım:

 

Biri-birinizə mehriban olun,

Hal bilən, dil bilən anlayan olun,

Göz-gözə baxmayın canavar kimi,

Hiyləsiz, riyasız ər-arvad olun.

 

Siz övlad-ata məhəbbətinin də gözəl nümunəsini yaratdınız. Orduda xidmət edən oğlunuzun görüşünə gedərkən dəhşətli ölüm qorxusu ilə üzləşdiniz, lakin məramınızdan dönmədiniz.

 

Atanız haqqında yazdıqlarınızı oxuyarkən sizin ömür yolunuz bir daha gözüm önündə canlanır. Siz də atanız təki qarşınıza çıxan çətinlikləri böyük inamla, hər cür əzablara qatlaşaraq dəf etmisiniz. Yeri gəlmişkən, ata təcrübəsindən, onun yaxşı ənənələrindən dərs alıb gələcək nəsillərə estafet etmək cəmiyyətimiz üçün ən uğurlu amildir. Dünyanın ən böyük xalqı olan Çin xalqının bu ənənəyə sadaqəti yada düşür. Çinlilərin peyğəmbəri olan Konfutsinin "Lun-Yuy" kitabında ənənəyə sədaqət elə səviyyədə təbliğ olunur ki, üstündən 2500 il keçməsinə baxmayaraq, Çin dinastiyalarının müxtəlif dövrlərdə qəbul etdikləri konstitusiyaların bir çoxunda bu ənənəyə xəyanət edənlərə hətta ölüm cəzası verirlərmiş. Bu gün Çin xalqının bəşəriyyət tarixində hələ görünməmiş uğurlarının bir səbəbi də yəqin ki, elə budur.

 

Kitabınızın ən dəyərli cəhətlərindən biri isə sizin dostlarınıza olan münasibətlərinizin çox parlaq görüntüləridir. Bunu yada salım ki, dost seçimi də elə yuxarıda bəhs etdiyim ailə məhəbbəti üçün seçim qədər böyük məsuliyyət tələb edən bir məqamdır. Bu yerdə həmin çətinliyin dərki üçün  gündoğan ölkə olan Yaponiyaya məxsus bir rəvayət yada düşdü.

 

Adı dillər əzbəri olub şan-şöhrəti bütün ölkəyə yayılan bir bağban bağçasında min növ gül yetişdirmiş və bunun sorağı imperatora gəlib çatarkən o, bu bağçaya baxmaq həvəsinə düşür. Bu barədə bağbana xəbər verirlər və imperatorun səfərinə hazırlığa başlayırlar. Səfərdən bir gün əvvəl həmin bağçaya yenə baş çəkib bağbana xəbərdarlıq edirlər ki, sabah imperator gələcək. Vaxt çatıb imperator bağçaya gələrkən dünən həmin min növ gülü seyr edib onu müşayiət edən adamlar bağçada bir dənə də gül görməyib dəhşətə gəlirlər və bağbanın çox arxayın görkəmi onları daha böyük vahiməyə salır. İmperator soruşur ki, bəs deyirdilər sən bu bağçada min növ gül yetişdirmisən. Bağban cavab verir ki, gedək göstərim. Onu bağçanın bir küncünə aparıb bir gül göstərir və izahat verir ki, imperator sağ olsun, sizə düz deyiblər, dünənədək burada min növ gül var idi. Mən düşündüm ki, siz onların ən gözəlini seçmək istəyəcəksiniz və bunun çətinliyini nəzərə alıb hamısını məhv edib ən gözəlini saxladım.

 

Bağbanın müdrikliyi imperatoru valeh edir və ona böyük ənam verir.

 

Bax, dost seçimi də belədir.

 

Əziz dost, siz kitabınızda çoxsaylı adamlarla dostluğunuzdan danışırsınız. Lakin mən yazdıqlarınızı vərəvurd edib, həmin siyahıda ən yaxşısını seçim etmək istədim və sizinlə 50 ildən çox dostluq edən Surxay İmran oğlu Tağızadənin üzərində dayandım. Mənim də onunla olan uzun illərin ünsiyyətimə görə elə bilirəm ki, o, sizin həyat yolunuzda ən yaxşı dost olub.

 

Yenə Ömər Xəyyamın bir rübaisi yadıma düşdü:

 

Dostun diləyini dost yerə salmaz,

Hər zaman əlində iqtidar olmaz,

Vəfasız dünyaya bel bağlama çox,

Gedər cahi-cəlal heç kəsə qalmaz.

 

Sizin hər ikiniz uzun illər iqtidar adlanan zümrədə sayılıb seçilən və biri-birinizə dost adamlardan olmusunuz və elə bilirəm ki, sizin tələbəlik illərindən başlanan dostluq bu günə qədər davam edir.

 

Siz yazmasanız da, mənə öz həyatımdan, görüb-götürdüklərimdən də yaxşı məlumdur ki, sizin də dost bilib seçdiyiniz adamlar içərisində bu dostluğu axıradək yaşatmayan, hətta ona xəyanət edən "dostlar" da çox olub. Siz bunlardan heç birinin adını çəkməmisiniz, bu, yaxşıdır, o sizin hər şeyi özünə sığışdıra bilən geniş ürəyinizdən xəbər verir. Lakin əzizim, mənim bu iradımdan yəqin ki, incik düşməzsiniz. Siz kitabınızda adını çəkdiyiniz yüzlərlə adamların içərisində elə xəbis olanları da var ki, onların bu xisləti sizə yaxşı məlum olsa da, haqlarında heç bir pis söz işlətmirsiniz. Mənə elə gəlir ki, belə adamları tanıtmaq vacibdir və həm də iki mənada: - birincisi odur ki, onlardan yaxşı adamları qorumaq üçün, ikincisi - dost seçimində adamlara təlqin edək ki, ehtiyatlı olsunlar. Yenə böyük şairimiz Bəxtiyarın "Yaxşı adam" şeiri yada düşür. Şair bir poema həcmində olan bu şeirində insan fəlsəfəsinin ənginliklərinə baş vurur. Şeirdə yaxşı adam, dost seçimində ən vacib olan insan keyfiyyətindən - məsləkdən, əqidədən gen-bol söhbət açır və bu müstəvidə ondan uzaq olan adamları satira atəşinə tutub deyir:

 

Şirin dillər, şirin sözlər,

Tor çəkməsin gözünüzə.

Biri mənə - yeri gəlsə dağ kimi qalx,

Yeri gəlsə duman kimi əyil dedi.

Daha sonra:

Bunu deyən heç özü də istəmədən,

Öz qəlbini açdı mənə.

Gördüm orda əfiləri, ilanları,

Gördüm orda neçə-neçə yalanları,

Gördüm orda tora düşüb

Əl-qolunu sağa-sola çalanları.

 

Əzizim, kitabınızda, təkcə mən yox, hamının belə tanıdığı adamların da adını görüb ürpərdim. Və şairin tövsiyəsi:

 

Qalx qəlbinin zirvəsinə,

Qulaq kəsil ürəyinin öz səsinə.

 

Siz kitabınızda həyat yolunuzda üzləşdiyiniz yüzlərlə adamın, konkret 584 adamın adını çəkirsiniz, bu çox yaxşıdır, xüsusən vaxtilə ünsiyyətiniz olan adamların ruhuna işıq salırsınız. Və mən buna da valeh oldum ki, yaddaşınız (bəlkə gündəliyiniz olubsa, bu da çox yaxşıdır) necə də zəngindir.

 

Əslində elə yaxşının da, pisin də adını yaşatmaq vacibdir. Bunu da yaddan çıxartmayaq ki, insan yaranan gündən xeyirlə şər də yaranıb. Çünki "iblis" araya girib, çalışıb ki, onları şər əməllərə qoşsun. Elə bu səbəbdən ilk insan övladları olan iki qardaşın - Qabillə Habilin arasına "paxıllıq" adlanan mənfur keyfiyyəti ilhaq edərək Habilə öz gözəl bacısını verib, onun çirkin bacısını almaq qarşısında baş qaldıran qısqanclığı ilə Qabil onu öldürmüşdür. O zamandan başlayaraq xeyir və şər qüvvələr arasında mübarizə davam edir və bu gün daha dəhşətli şəkil almış, bəşəriyyət bütünlükdə məhv olmaq təhlükəsi ilə üz-üzə dayanmışdır.

 

Siz kitabınızda yazırsınız ki, demək istədiklərinizin heç yüzdə birini deməmisiniz və yəqin ki, bunları deməmiş bu dünyadan köçməyi rəva bilməzsiniz. Və qələminiz maşallah, tutarlıdır, hətta gözəl şeirləriniz ilə ona bər-bəzək verə bilirsiniz. Bu da böyük Yaradanın sizə bəxş etdiyi başqa bir ərməğandır. Zira yüksək poetik düşüncəsi olan adamlar, elə bilirəm ki, cəmiyyətimizin bəzəyidir.  Odur ki, arzu edərdim ki, gələcək yazılarınızda insanları daha sərrastlıqla saf-çürük edəsiniz.

 

Siz atanıza, əminizə ədalətsizlik edənləri qamçılayırsınız, bu ədalətsizliyə dözə bilməyib dünyasını dəyişməsindən göz yaşları ilə bəhs edirsiniz, həm də ədalətli insanların da ruhuna işıq salırsınız. Sizin atanızın yerinə kolxoz sədrliyinə keçmək üçün şər qüvvələri başına toplayıb sədrliyə keçən qohumunuzun özünün də həbs olunub oradan qayıtdıqdan sonra böyük xəcalətlə sizinlə görüşü zamanı alicənablıq göstərməyiniz həqiqətən dediyiniz kimi ibrət dərsidir. Sizin intiqam hissindən uzaq olmağınız təqdirəlayiqdir.

 

Və arzu edərdim ki, gələcəkdə fəaliyyətiniz boyu təsadüf etdiyiniz saysız-hesabsız belə ibrət dərslərindən də gen-bol bəhs edəsiniz. Şübhə etmirəm ki, sizin həyat yolunuzda bunlar yüzlərlə olub və qarşınıza çıxıb.

 

Bunlar gənc nəslin tərbiyəsi baxımından çox önəmlidir.

 

Sonda sizin poetik dünyanız barədə bir neçə söz deməmək mümkün deyildir. Şeirlərinizin bədii səviyyəsi heç də bu günkü peşəkar şairlərdən geri deyildir. Ən başlıcası onların hamısı demək olar ki, ünvanlı şeirlərdir. Bu, çox yaxşıdır. Mücərrədlikdən uzaq olmaq da insani keyfiyyət baxımından çox yaxşıdır.

 

Ancaq "Bədii düşüncələr" fəslinin birinci şeirindəki bədbin notlar, bu yazının əvvəlində sizə ilhaq etdiyim "həyat eşqi" anlayışından uzaqlaşmağınız məni də kədərləndirdi.

 

Əziz dost, buna hacət yoxdur. Siz ana vətənə də, onun xalqına da öz borcunuzu artıqlaması ilə vermisiniz.

Ən başlıcası cəmiyyətimiz üçün gözəl övladlar ərməğan etmisiniz. Ən əsası odur ki, sizə də, mənə də Ulu Yaradanın verdiyi ömür payı kifayət qədər böyükdür. Elə özünüz də çox şükür ki, bədbin notlardan sonra nikbin notlara qayıtmağınız təqdirə layiqdir:

 

Fikrən bədbin olma, təmkinlə yaşa,

Sən nə axtarırsan bilməm dünyada,

Ömrünü şərəflə vurursan başa,

Həmişə hörmətlə düşərsən yada.

 

Arzum budur ki, bu nikbin əhval-ruhiyyə sizi son nəfəsinizədək tərk etməsin.

 

525-ci qəzet.-2017.-17 may.-S.7.