Kazanda gördüklərim və ya bir
konfransın təəssüratı
Hər dəfə doğma Bakıdan ayrılanda yeni məkanı görmək marağı və doğmalarımdan uzaqlaşmaq həmişə məni narahat edir.
Budəfəki səyahət Rusiya Federasiyası
Tatarıstan Respublikasının paytaxtı, dünyanın qədim,
gözəl şəhərlərindən biri Kazana
doğrudur. Səfərin
məqsədi Rusiya Federasiyası Tatarıstan
Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət
Büdcəsi Müəssisəsi və Respublika Milli Mədəniyyətinin
İnkişaf Mərkəzinin birgə təşkilatçılığı
ilə 13-14 aprel 2017-ci il tarixində Kazan şəhərində
"Dəyişən dünyada türk xalqlarının milli
mədəniyyətləri" mövzusunda I Beynəlxalq elmi
konfransında "Türk xalqları mədəniyyəti azərbaycanlı
publisistlərin nəzərində" (Turkic peoples culturals in
azerbaijani publicists view) adlı məruzə ilə iştirak
etmək idi. Konfransda iştirak etmək
üçün səfər xərclərimi Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi
qarşılamışdı.
Kazan qədim tarixi olan bir türk şəhəridir. Şəhərin
adı Kazan çayının ismindən
götürülmüşdür. "Kazan"
sözünün qədim türk forması
"kazqan"dır. Şəhərin əsasını
qoyan Volqaboyu bulqarların içərisindəki Kazan
tayfası olmuşdur. Onlar Volqa
çayının sağ sahilinin ilk sakinləri marilərin,
mordvalıların, udlaudların əcdadları olmuş,
III-IV əsrlərdən başlayaraq bu yerlərə
türkdilli tayfalar da axışıb gəlmişdir. XIII əsrin ikinci yarısında İsgi-Kazan
knyazlığı, 1445-ci ildə xanlıq yaranmış, ilk
xanı Ulu Məhəmməd olmuşdur. Kazan
xanlığının ərazisini qərbdə Moskva
knyazlığından Sura çayı ayırırdı,
şərqdə Viyatka çayına qədər
uzanırdı.
12 aprel...
saat 12:00... İlk dəfə idi ki, Kazana ayaq
basmışdım. Kazan Beynəlxalq hava
limanından məni konfransın təşkilatçıları
tərəfindən göndərilmiş Marat adlı
sürücü qarşıladı və "Noqay" otelinə
qədər gətirdi.
- İlk dəfədir
Kazandasınız, Aynurə xanım?
- Bəli,
burda olanlar şəhəri çox tərif edirlər.
- Mətbuatı hər gün izləyirəm.
Bakı çox gözəl şəhərdir.
Qarabağda hər gün döyüşlərin davam etdiyini
oxuyuruq, necədi indi vəziyyət orda?
-
Qarabağ yeraltı və yerüstü sərvətləri
ilə çox zəngin bir diyardır. Heyf ki,
onu da əlimizdən aldılar. Bəli,
Qarabağ müharibə vəziyyəti yaşayır. Elə vaxt olur hər gün bir şəhid veririk.
Amma axırda o dədə-baba
torpaqlarımız bizim olacağına inanırıq.
Kazanda hara baxsan, tatar milli şirniyyatı olan
çak-çaka rast gəlmək olur. Reseptini
öyrəndim ki, Bakıya qayıdanda özüm
hazırlayacam.
Konfransda qardaş Türkiyə Cümhuriyyətinin elm
adamları da iştirak edirdi. Noqay xanın
adını daşıyan "Noqay" otelinə ilk dəfə
gələndə konfrans iştirakçılarından
rastlaşdığım Türk Dil Qurumunun əməkdaşı
Belgin Aksu və Ərciyəz Universitetinin dosenti,
folklorşünas Bayram Durbilməz oldu. Hər
ikisi doğma və istiqanlı insanlar idi. Baxmayaraq bir
saat deyildi tanış olduğumuz, sanki 100
ilin dostları kimi idik. Kənardan baxan tatar otel
işçiləri məndən soruşanda ki, Türkiyə
və Azərbaycan dilləri belə bir-birinə
yaxındır. Mən isə belə cavab verdim:
- Biz iki
qardaş millətik. Mən özüm
Türkiyədə olmuşam, türkcə məqalələr
yazmışam, çevirmələr etmişəm. Ona görə Türkiyə ləhcəsində
danışmaq mənim üçün problem deyildi.
Belgin xanım və Bayram bəylə nahar etdikdən
sonra Kazan şəhərini gəzməyə
çıxdıq. Baxmayaraq ki, 5 saat idi ki, Kazanda idim, artıq şəhərin
yarısı ilə tanış
olmuşdum. Mağazalar, yeməkxanalar,
festivalarla zəngin Bauman küçəsi və Abdulla Tuqay
meydanı ən çox içərisindən keçdiyim məkan
idi. Meydanın ortasında üzərində at fiquru olan
osmanlı hərfləri ilə
yazılmış saat ucalmışdı. 1731-ci
ildə memar F.N. Malinovskiy tərəfindən inşa
edilmiş "Boqayavlenskiy" kilsəsi də Bauman
küçəsindədir. Musa Cəlil
küçəsindəki memar Barokko tərəfindən
1723-1726-cı illərdə inşa edilmiş
"Petropavlov" kilsəsi üzərindəki xüsusi incə
naxışları ilə maraqlı görünürdü.
Ümumiyyətlə, tatarlar tarixi abidələrinə
sahib çıxmağı bacarırlar. Tarixin
hər hansı anını tatarlar bəlkə də sevmədən
yaşasalar da, onun şərəfinə vaxtilə
ucaltdıqları abidə hələ də qorunur.
"Noqay" otelinin 3-cü mərtəbəsindəki
"İrəlidə Kommunizmin qələbəsinə"
yazısı olan şəklin asılması,
dünyaşöhrətli tatar opera müğənnisi Fyodor
Şalyapinin (1873-1938) şərəfinə
ucaldılmış heykəl və "Şalyapin palas"
oteli tatarların bu xüsusiyyətindən xəbər
verirdi.
Şəhərin səhər görünən sakitliyi
arxasındakı gizlin çılğınlıq gecələr
baş qaldırırdı. Siqaret çəkən, spirtli
içki içən yeniyetmə qızlar, oğlanlar,
onların həyat tərzinə şahid olanda, əllərimi
göyə qaldırıb Allaha şükür etdim ki, nə
yaxşı, mən azərbaycanlıyam, nə yaxşı, mən
müsəlman ailəsində göz açmışam və
nə yaxşı, mən azərbaycanlı tərbiyəsi
almışam.
Bayram bəy 1993-cü ildə Azərbaycanda olmuş, Azərbaycan
Dövlət İqtisad Universitetində müəllim kimi
çalışmışdır. Onunla müsahibə
aparmaq mənim üçün çox maraqlı idi.
- Bayram bəy, bizi bir araya gətirən
konfrans türk xalqlarının mədəniyyətləri
mövzusundadır. Bir çox türk dövlətləri
bu konfransda iştirak edir. Türk
xalqlarının mədəniyyətinin müasir vəziyyəti
haqqında nə deyə bilərsiniz?
- Türk
xalqlarının mədəniyyətlərinin müasir vəziyyətini
mən müasirlikdən də yüksəkdə görürəm.
Ənənənə yoxdursa, müasirliyin
adı müasirlikdən təsirlənməkdir,
başqalaşma adlandırmaq daha doğru olardı. Türk dünyasında ənənələrimiz, adətlərimiz
o qədər möhkəmdir ki, bunları çağdaş
olanla birləşdirib gələcəyə
daşımağın tərəfdarıyam. Halbuki biz bunlardan yetərincə yararlanmırıq.
Məs.: bir operada, yaxud bir da baletdə,
sonda öz xalq mədəniyyətimizdən yararlanaraq, öz
problemlərimizi dilə gətirərək başqa millətlərin
etdiyini özümüzə örnək
götürürük. Beləliklə də,
başqalaşırıq.
- Türk dövlətləri içərisində
hansında olmusunuz?
- Öncə
1993-cü ildə Azərbaycanda oldum. Daha sonra
Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Krımda,
Sibir Altaylarında, Yakutiyada, Balkan ölkələrində
olmuşam. Orda biz kültür köklərimizi
axtarırıq.
- Bu kültür kökləri
içərisində hansı daha çox sizə
yaxındır?
-Bu
sualınız çox maraqlıdır. Mən
hər yerdə kökümdən bir parça görüncəsevinirəm.
- Sizin axtardığınız o
türk kültür kökləri hələ də
yaşayırmı?
-
Bilirsinizmi, ruh köklərimizin bəslənməsi
lazımdır, yeni planlar işləmək lazımdır. Kökümüz boyu mərd, möhkəm və bu
mədəniyyətdən daha gözəl şərait yarada
bilərik.
- Azərbaycan mətbuatından
hansı tədqiqatçıları
tanıyırsınız?
-
1993-cü ildən bəri Azərbaycanda televiziya
proqramlarında iştirak etmişəm. "Azərbaycan
incəsənəti", "Oğuz yurdu" qəzetində
və digər qəzet, jurnallarda çıxış eləmişəm.
Azərbaycan mətbuatından "525-ci qəzet"i
də izləyirəm. Çox maraqlı məqalələr
dərc olunur. Mən folklorşünas kimi araşdırmalarda rəhmətlik
professor İsrafil Abbasovu, professor Məhərrəm
Qasımlını daha yaxından tanıyırdım. M.Qasımlı Azərbaycanın görkəmli
folklorşünaslarındandır. Digər
sahələrdə xidmətləri böyükdür. Orhan Paşa imzası ilə gözəl şeirləri
var. Əlbəttə, özü də çox gözəl
insandır.
- Azərbaycan elm sahəsində
1993-cü ildən olduğunuzu söylədiniz. Hər il gəldikdə əvvəlki illərlə
müqayisədə Azərbaycanda bir fərqlilik
görürsünüzmü?
- Azərbaycan
günü-gündən inkişaf edir. Keçmişdən
yararlanaraq gələcəyə doğru irəliləmə
var. Sənətdə, mədəniyyətdə yüksəliş
nəzərə çarpır. Bakıya
hər gəlişimdə dünyanın ən böyük
paytaxtlarından da daha gözəl bir şəhərlə
qarşılaşıram. Bir tərəfdə
qədim binalar, bir tərəfdən modern binalar. Keçmişlə modern birləşib. Bu inkişaf insanı çox sevindirir.
- Çağdaş Türkiyənin qurucusu
Atatürkdürsə, müasir Azərbaycanın qurucusu Heydər
Əliyevdir.
- Əlbəttə, rəhmətlik Heydər Əliyevin
"biz iki dövlət, bir millətik" sözü
çox dəyərlidir. Gələcəyi
görərək deyirdi bu sözləri. Həqiqətən
də, Azərbaycanla Türkiyə iki dost ölkə deyil, iki
qardaş ölkədir. Təbii ki, digər
türk dövlətləri də bizim üçün
ayrı gözəl və özəldir. Amma
Azərbaycanın türk dövlətləri içərisində
yeri mənim gözümdə birinci sıradadır. Çünki mən türk dünyasına
gözümü Azərbaycanla açdım. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorant
oldum. Müəllimlərim professorlar Bəhlul
Abdulla, M.Qasımlı və başqaları böyük alimlərdir.
Türk dünyasının bütün dövlətlərinin
həm mədəniyyətdə, həm də digər sahələrdə
əmin addımlarla irəli doğru
addımlamağını arzu edirəm.
13 aprel tarixində konfrans başlamamışdan öncə
qeydiyyatdan keçəndə hər bir iştirakçıya
konfrans materialı olan qovluqda tatar milli şirniyyatı
çak-çak da hədiyyə olundu. Konfrans
yüksək səviyyədə təşkil olunmuşdu.
Tatarlarda ən birinci dəyər verdiyim cəhət
mehriban və qonaqpərvərlik mədəniyyəti idi.
Türk folklorşünası Bayram Durbilməzin
sözləri ilə ifadə etsəm, hər bir türk
xalqında türk kültür kökünün bir
parçasını - yüksək qonaqpərvərlik mədəniyyətini
tatarlarda görə bildim və buna çox sevindim.
Kazana yola düşməmişdən bir gün öncə
gecə yatmamışdım. Öz mədəniyyətimizin bir
parçası olan milli mətbəximizi tatarlara
tanıtdırmaq üçün şəkərbura, İrəvan
kətəsi və s. şirniyyatlardan
hazırlamışdım. Konfransda tatarlara bu
şirniyyatları təqdim edəndə isə onlar çox
sevindilər. Hətta konfrans zamanı təşkil
olunmuş beynəlxalq sərgidə professor Almaz Ülvi Binnətovanın
kitabları və mənim "Məni nə vədə
Şuşaya yetirərsən" monoqrafiyam nümayiş olundu.
Sonra həmin kitabları Tatarıstan Mədəniyyət
Nazirliyinin kitabxanasına hədiyyə etdim.
Konfransın plenar iclası Tatarıstan respublikası mədəniyyət
naziri Ayrat Sibaqatuli, Respublika Milli Mədəniyyətinin
İnkişaf Mərkəzinin direktoru Fənzilə
Zavqarovanın məruzəsi ilə başladı. Plenar iclasda
BDU-nun professoru Leyla Gərayzadənin "Kitabi-Dədə
Qorqud"la bağlı məruzəsi dinləyicilər tərəfindən
ürəkdən alqışlandı.
İkinci
bölmədə BDU-da oxuyan zaman mənə "Türk
xalqları ədəbiyyatı" fənnindən dərs
demiş professor Firuzə Ağayevanın Qazax
yazıçısı Abay Kunanbayevin pedaqoji görüşləri
mövzusunda məruzəsi çox böyük maraqla
qarşılandı.
Konfransın
birinci günü bitdikdən sonra azərbaycanlı
iştirakçıları professorla Leyla Gərayzadə,
Firuzə Ağayeva, dosent Ülviyyə Hüseynova ilə birgə
çak-çak almaq üçün "Koltso" ticarət
mərkəzinə gəldik. Deyilənlərə
görə, burada kraliçanın üzüyü
itmişdir, həmin itən üzüyün şərəfinə
bu ticarət mərkəzinin qarşısında üzük
fiquru düzəldilmiş və onun adı verilmişdir.
"Koltso" ticarət mərkəzinin birinci
mərtəbəsindəki "Edelveys" supermarketində
milli çayımız olan "Azerçay"ı görəndə
çox sevindim. Doğma
çayımız buralara qədər gəlib
çıxmışdır. Doğrudan da, qərib
ölkədə bizə verilən becikin üzərində Azərbaycan
adının yazılması, öz ölkəni təmsil etmək
və daha hansısa əşyanın üzərində Azərbaycan
adına rast gəlmək çox
qürurverici hissdir.
Konfransın
ikinci günündə N.Q.Jiqanov adına
Kazan Dövlət Konservatoriyasında Ülviyə
Hüseynovanın qədim türk yazılı abidələrinin
milli spesifikası haqqında məruzəsi dinləyicilər
tərəfindən rəğbətlə
qarşılandı. Məruzələr zamanı məlum oldu
ki, Tatarıstan orta və ali məktəblərində
rus dili aparıcıdır və onlar bizim universitetlərin
filologiya fakültəsindəki kimi "Türk xalqları ədəbiyyatı"
fənnindən dərs keçmirlər. Məhz
buna görə də tatarlar Azərbaycan ədəbiyyatından
xəbərsizdilər. Sonra
öz-özlüyümdə fikirləşdim. Nə yaxşı ki, mən Müstəqil Azərbaycan
Respublikasının vətəndaşıyam. Nə yaxşı ki, ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində,
türk dövlətləri ilə ədəbi-mədəni əlaqələrimizin
genişlənməsi üçün geniş üfüqlər
açıldı.
Yadıma gəlir, BDU-nun filologiya
fakütəsində oxuyan zaman "Türk xalqları ədəbiyyatı"
fənnindən tatar yazıçılarından - Musa Cəlil,
Alimcan İbrahimov, Abdulla Tuqay və b. əsərlərini
oxuyardıq. Hələ oteldə konfrans
başlamamışdan öncə Kazan Federal Universitetin dosenti
Ramil Denmuxametovdan mən soruşanda ki, Azərbaycan
yazıçılarından kimi tanıyırsınız?
Sankt-Peterburq muzeyində sizin Nizaminin portretini
görmüşəm.
Əlbəttə, bu cavab təəssüf hissi
doğurur. İki türkün bir-birinin ədəbiyyatından
xəbərsiz olması acınacaqlıdır. Nə yaxşı ki, mən məruzəmi slayd-təqdimat
şəklində hazırlamışdım. "Türk xalqları mədəniyyəti azərbaycanlı
publisistlərin nəzərində" mövzusunda rus və
ingilis dillərindəki məruzəmin tədqiqat obyekti
"Azərbaycan" jurnalında Türk dünyası
mövzusunda dərc olunmuş əsərlər idi. Məruzəmdə qarşıya qoyulan əsas məqsəd
türk şəhər mədəniyyəti, ədəbiyyat
məsələləri, türkçülük məfkurəsinin
formalaşdıran Z.Göyalp və İ.Qaspiralinin rolu
adlı problemləri araşdırmaq idi. Slayd təqdimatım
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun loqosu ilə
başlayırdı. Mən Akademiyanı həmin
konfransda əyani məruzə ilə təmsil edən yeganə
iştirakçı idim. Azərbaycan
yazıçılarını tanımayan tatarlar slayd-təqdimat
vasitəsi ilə M.Hüseyn, R.Rza, N.Rəfibəyli,
Elçin, Z.Sadatlı, Ə.Səmədli, M.Aslanla tanış oldular.
Çıxışımın sonunda öz fikirlərimi
mütləq qeyd etməliydim:
Konfransın mövzusu türk xalqları mədəniyyətidir. Ədəbiyyat
da, mədəniyyət də vahid dildən başlayır.
Siz tatar türküsünüz, mən Azərbaycanlı
türküyəm. Nəyə görə
biz bir-birimizi başa düşməməliyik? Mən rus, ingilis, türk dillərində bilirəm.
Dünyanın harasına getsəm, istədiyim
informasiyanı əldə edə biləcəm və verə
biləcəm. Amma hamı mənim kimi
deyil. Mən yalnız öz problemimi
düşünmürəm. Məqaləmdə
də qeyd etmişəm. Ümumdünya
türklərinin maariflənməsində böyük rolu
olan, türk dünyasının atası, əslən Krım
tatarı İsmayıl bəy Qaspıralının fikrincə
ümümtürk mədəniyyətinin inkişaf etdirməyin
yegənə yolu vahid dil birliyidir. Mənim
fikrimcə də, türk xalqlarının ümumi ünsiyyət
dili olmalıdır. Məhz bu yolda biz
ümumtürk mədəniyyətimizi inkişaf etdirə bilərik.
Konfransın təşkilatçılarından olan,
moderator Gülnarə Mansurovanın mənə "Sən Azərbaycanın
fəxrisən" deməsi mənim hədsiz sevincimə səbəb
oldu. Konfransın sonunda irəli sürdüyüm təklifim
dinləyicilər tərəfindən çox bəyənildi
və dövlət səviyyəsində təşkil olunmuş
konfransın nəticələri hissəsinə əlavə
olundu. Çünki sözümüzü
birimiz deməklə dərdimizə dərman tapılmır.
Yüzümüz, minimiz dedikdən sonra səsimizə
səs verən tapılır. Necə ki, məni
maşınla otelə çatdıran sürücü
Maratın məndən Qarabağ problemini soruşdu. Necə
ki, 4 gün bir otaqda qaldığım mehriban, səmimi insan,
Qazaxıstan Respublikasının Elm və Təhsil nazirliyinin
M.O.Auezov adına Ədəbiyyat və İncəsənət
İnstitutunun böyük elmi işçisi,
musiqişünas alim Zülfiyyə Qasimovanın "Sarı
gəlin" mahnısını məndən soruşdu.
Kazan ümumi, vahid arxitekturası olan şəhərdir. Mədəniyyət
nazirliyinin əməkdaşları bizi avtobusla şəhər
ekskursiyasına aparanda ən çox görmək istədiyim
Kül Şərif məscidi idi. Kül
Şərif məscidinə gedən yol Kreml sarayından
keçirdi. Girişdə diqqəti çəkən
tatarların babaları olmuş bulqarların uca təpənin
üzərində müdafiə məqsədi ilə
tikdirdiyi, üzəri 5 ulduzdan ibarət fiqur olan ağ qaladır. Həmin
qalanın yaxınlığında maraqlı saat qüllələri,
tatarların milli qəhrəmanı Musa Cəlilin abidəsi də
yerləşir. Kremlin içərisini
muzeylər diyarı da adlandırmaq olar. Kremli
gəzməklə tatar tarixinin bir hissəsini duymaq kifayət
edir. Tatarıstanı multikultural və
tolerant dövlət adlandırmaq olar. Çünki
şəhərdə məscidlərlə kilsələrin
sayı, demək olar ki, eynidir və maraqlı mənzərə
yaradır. Kremlə daxil olanda
gözümün axtardığı, dünyanın
memarlıq incilərindən biri olan, Rusiyada 3 gözəl məsciddən
biri, 2005-ci ildə inşa edilmiş, məşhur Kül
Şərif məscidi idi. Kazan
xanlığında 1552-ci ildə İvan Qroznunun
hücumlarından əvvəl 8 minarəli Kül Şərif
məscidi və digər 5 məscid Kreml sarayında mövcud
olmuşdur. Kül Şərif Kazan xanlığı
dönəmində Seyid İmam Kül Şərif adlı
şeyxülislamın adına
tikilmişdir. Bu məscid Ş.X. Latıpov, M.V.Safranov, A.Q.Səttarov,
İ.F.Sayfullinin layihəsi əsasında 1996-2005-ci illərdə
yenidən bərpa olunmuşdur.Yenidən bərpa olunmuş məscidin
ümumi arxitekturasında osmanlı, rus, ərəb
motivləri öz əksini tapmışdır. Göy
rəngli minarələri ilə şəhərdə
xüsusi diqqət cəlb edirdi, turistlərin ən çox
ziyarət etdiyi məkandır. Romanın
1360-cı ildə tikilmiş Piza qülləsini xatırladan
hökmdar Sünbikəyə həsr olunmuş XVII əsrin
qırmızı qülləsi üzərindəki
ayparası ilə xüsusi diqqəti cəlb edir. Bu qüllə Tatarıstanın simvolları içərisində
yer alır.
Kazan memarlığında rənglərin harmoniyası
xüsusi cəlbedicidir. Kül Şərif məscidinin göy rəngli minarələri
onun yanındakı üzəri göy rəngli qüllələrdən
ibarət, memarı Postnik Yakovlev, İvan Şiryay olan,
1556-1562-ci illərdə inşa edilmiş
"Blaqoveşenskiy" adlı rus pravoslav kilsəsi ilə
harmoniya yaradır. Rənglərin
harmoniyasını tək bu xristian və müsəlman ibadət
evlərinə şamil etmək olmaz. 1767-ci ildə
inşa edilmiş "Mərcani" məscidi və onun
yanındakı 2003-cü ildə istifadəyə verilmiş
Kazan İslam Kolleci də yaşıl və ağ
rənglərin harmoniyasını yaradan binalar
sırasındadır. Tarixi mənbələrə,
1767-ci ildə II Yekaterina Kazana gələndə burada
yaşayan müsəlman tatarları məscid yaratmaq
üçün ona müraciət etmişlər, onun icazəsi
ilə "Mərcani" məscidi inşa edilmişdir.
2005-ci ildə Kül Şərif məscidi
istifadəyə verilən zaman "Blaqoveşenskiy" kilsəsi
də restavrasiya edilmişdi. Ortodoks kilsəsində
ladanın qoxusu bütün kilsədə hiss olunurdu. Kremlin içərisində Tatarıstanın
Prezident sarayı xüsusi seçilirdi. Kazan
qalasından Kazan gölünü və şəhərin
yarısının mənzərəsini görmək olar.
2008-2010-cu illərdə inşa edilmiş Kənd
təsərrüfatı nazirliyinin binası isə
görünüşü ilə mənə İstanbulun
Beşiktaşındakı Atatürkün möhtəşəm
"Dolmabahçe" sarayını xatırladır. Ümumiyyətlə, ekskursiya şəhər barəsində
böyük təəssüratlar oyatdı.
Kazanda bütün binaların üzərindəki
yazılar rus dilində idi. "Rübai"
adlı çay evi, "Aşxane" adlı yeməkxana və
başqa binaların isimləri rus hərfləri ilə
yazılmışdı.
Aprelin 14-ü mən azərbaycanlı
iştirakçıları oteldən yola saldım. Aprelin 16-ı
gecə təyyarəm Bakıya yola düşdüyünə
görə aprelin 15-ni Tatarıstan Respublikası Milli
Kitabxanasında keçirməyi qərara aldım. Məqsədim Tatarıstan mətbuatında dərc
olunmuş azərbaycanlı müəlliflərin və Azərbaycan
ədəbiyyatı haqqında yazmış tatar müəlliflərinin
əsərlərini toplamaq idi. Kitabxana
işçiləri çox mehriban və məsuliyyətli
işçilər idi. Baxmayaraq şənbə
günü kitabxananın bəzi binaları işləməsə
də, axşam təyyarəmin uçduğunu söyləyəndə
mənə çox yaxından kömək oldular. Burada tatarlar barəsində bir xüsusiyyəti də
kəşf etdim. Tatarlar öz millətini,
öz mədəniyyətini, bir də öz millətini,
öz mədəniyyətini sevən adamı sevirlər.
Çünki mən öz xalqımın
nümayəndələrinin əsərlərini orda
axtardığımı kitabxanaçılara bildirən zaman
onlar bütün əllərindən gələn köməyi
mənə etdilər. Çox təəssüflər
olsun ki, mən kitabxananın arxivində bu qədər mətbuat
nümunələri içərisində Azərbaycan ədəbiyyatı
haqqında yazan tatar müəllifinə rastlamadım.
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Türk xalqları ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, gözəl
insan, rəhmətlik Mənzər Həsənova yadıma
düşdü. Ömrünü tatar ədəbiyyatını
araşdırmağa həsr eləmişdi. Amma mən
Tatarıstanda bir başqa Mənzər xanım kimisi tatar tapa
bilmədim ki, ömrünün ən azı beş
ilini Azərbaycan ədəbiyyatına həsr eləmiş
olsun. Ancaq kitabxanada öz şairlərimizdən
- B.Vahabzadə, Fikrət Qoca, Vaqif Bəhmənlinin şeirlərini
tatar mətbuatında görəndə çox sevindim.
Tatar mətbəxinin
eçpoçmaku, kıstıbı, qubadiyə və s. xəmirdən
hazırlanan yeməkləri olduqca maraqlıdır. Demək olar ki, tatar mətbəxində xəmir yeməkləri
üstünlük təşkil edir. Bu da
tatar mətbəxinin əsil türk mətbəxinə aid
xüsusiyyətləri hələ də qoruyub
saxladığından xəbər verirdi.
16 aprel...saat 14:30... Bəzən ətrafımda xaricə gedib gələn bəzi gənclər arasında səyahət etdiyi ölkədə həyatı boyu yaşamaqla bağlı fikir irəli sürürlər. Kazan gözəl şəhərdir, özünü mənə sevdirməyi bacardı. Amma nə qədər xarici ölkə gözəl, valehedici təsirləri ilə cəlbedici olsa da, öz vətənimin, öz torpağımın istiliyinin, doğmalığının yerini heç nə verə bilmir. Yaxşı deyib atalarımız, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.
10.05.2017
Aynurə
PAŞAYEVA
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və
publisistika şöbəsinin elmi işçisi
525-ci qəzet.-2017.-17 may.-S.4.