Tarixi romançılıqda Yunus Oğuz
yolu
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
Dahi
fransız yazıçısı O.Balzak kitablarının birinin
müqəddiməsində yazır: "Əsl tarixçi
fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm".
Azərbaycan tarixi romanlarından söz açanda bu kəlamı
həmişə xatırlayıram və belə
düşünürəm ki, Məmməd Səid Ordubadidən
başlayan tarixi roman ənənəsi bu gün də uğurla
davam etdirilir.
Və hər bir romançı Azərbaycan
tarixinin müxtəlif qütblərini, həm
işıqlı, həm də qaranlıq səhifələrini
canlandırarkən məhz katiblik missiyasını yerinə
yetirir. Onlar təzədən tarix yaza bilməzlər,
ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin
həyat yoluna yenidən nəzər yetirib onları bədii
şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə
tarixi reallıqlarla bədii təxəyyüldən doğan
məqamlar bir-birilə vəhdət təşkil etməlidir,
V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər
şeydən əvvəl, şəxsi həyatı,
ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə
daxil olur və tarixlə bağlı hadisələr tək-tək
adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə
də yazıçı təxəyyülündən
doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir
olunan tarixi dövrün özünün obrazını
yaratmalıdır. Bizim ən sanballı tarixi
romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli,
istər Ə.Cəfərzadə, istər F.Kərimzadə,
istər Ç.Hüseynov və istərsə də digər
tarixi roman müəlliflərimiz bu prinsipə həmişə
əməl etmişlər. Son iyirmi ildə də
tarixi roman öz inkişafından qalmamış,
yazıçılarımız mövcud ənənəyə
sədaqət göstərərək yeni əsərlər
yazmışlar. Sabir Rüstəmxanlının,
Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun,
Mustafa Çəmənlinin tarixi romanları bu janrın
inkişafında yeni bir dönəmin
başlandığını sübut edir. Bu
yazıda haqqında söz açacağım Yunus Oğuz da
artıq tarixi romanlar müəllifi kimi diqqəti cəlb edir
və artıq bu sahədə bir sıra uğurlar əldə
etmişdir.
Yunus
Oğuzun tarixi romanları ("Nadir şah", "Təhmasib",
"Əmir Teymur", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy
Eldəniz") son 10 ilin məhsuludur və doğrudan da bu rəqəmin
özü adamı heyrətləndirir. On ildə yeddi tarixir
roman ("Əmir Teymur" iki hissədən ibarətdir)
dörd kitabda cəmləşib və əlavə edim ki,
"Atilla", "Altun dəftər", "Nadir
şah" pyesləri də tarixi mövzudadır, o zaman
tarixi nəsrimizdə Yunus Oğuz yolunun varlığından
söz aça bilərik. Və qəti əminəm
ki, XXI əsrin kitaba o qədər də həvəsli olmayan
oxucuları bu romanlara biganə deyillər.
Yunus Oğuzu on ildə yeddi tarixi roman yazmağa vadar edən
səbəb nədir,-deyə düşündüm. Birincisi, belə
güman etdim ki, əsas səbəb onun heç də tarixçi olmasında deyil, illər
boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə
ayılan yazıçı şövqünün get-gedə
şiddətlənməsidir. Necə ki, bəzi
aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər.
Bu məqamda mən Yunus Oğuzun bütün bu romanlarına
dəyərli müqəddimələr yazmış akademik
Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus
Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi
var, tarixə dərindən bələdliyi var, tarixlə
işləmək mədəniyyəti, eyni zamanda, çox
müasir və güclü bədii təfəkkürü
var. Tarixdən yazan yazıçı üçün
bunların hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən yaxşı,
sanballı tarixi romanlarımız böyük vətənpərvərlik
duyğusu ilə qələmə alınır və vətənpərvərlik
duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə
də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da
bunu hiss edirik.
Yazıçı üçün tarixi roman qələmə
almaq çox məsuliyyətli bir işdir və burada ilk
növbədə, əsl istedadla yanaşı, bu istedadı
şərtləndirən bir çox arqumentlər də nəzərə
alınmalıdır. O arqumentlər
sırasında yazıçının mürajiət etdiyi
tarixi dövrü, haqqında söz açdığı
tarixi şəxsiyyəti nə dərəcədə dərk
etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami
dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi,
kifayət qədər (hətta tarixçilərin bildiyindən
də artıq!) məlumatlı olmasaydı, necə deyərlər,
təpədən-dırnağa nizamiləşməsəydi,
"Qılfınc və qələm" kimi möhtəşəm bir roman
meydana gəlməzdi. Yaxud Yusif Vəzir Çəmənzəminli
"Qan içində" romanını yazarkən Molla Pənah
Vaqifin yaşadığı dövrə və bu böyük
şairin həyatına, yaradıcılıq dünyasına
bələd olmasaydı, gözəl bir tarixi roman yarana bilməzdi.
XXI əsrin yazarı Yunus Oğuz da bu həqiqəti
yaxşı bilir və öz tarixi romanlarını qələmə
alarkən, əlində məşəl tarixin qaranlıq
hücrələrinə yol alır.
Söhbətimizə xronoloji ardıcıllığa
riayət edibən Yunus Oğuzun "Nadir şah"ından
başlayaq. Xatırlayaq ki, XIX əsrin sonlarında-1898-ci ildə
Azərbaycan dramaturgiyasında ilk tarixi faciə-"Nadir
şah" yazıldı.
Onun müəllifi o zaman bir maarifçi və
demokrat kimi tanınan Nəriman Nərimanov idi. Təbii
ki, "Nadir şah" faciəsini yazmaq Nərimanova ona
görə lazım idi ki, öz maarifçi fikirlərini
oxucuya çatdırsın, tarixə müraciət etməklə,
əslində, müasirlərinə bir çox həqiqətləri
çatdırmaq istəmişdir. Faciədə Nadir
şah çox ziddiyyətli bir şəxsiyyət kimi təqdim
edilir: həm müstəbiddir, həm də ağıllı
bir islahatçı, həm adil bir hökmdardır, həm də
oğul qatili.
Heç
şübhəsiz, "Nadir şah" faciəsi N.Nərimanovun dövlət
və cəmiyyət, şahlıq və monarxiya, hökmdar və
xalq haqqında fikirlərini ifadə etməyə xidmət
etmiş və buna o, tamamilə nail ola bilmişdir. Amma Nadir şahın tam və dolğun
obrazını bir pyesdən tələb etmək doğru
olmazdı. Nadir şahın Azərbaycan
tarixində tutduğu mövqe, onun amalları, uğrunda
mübarizə apardığı ideallar fajiədə əks
olunmamışdır. Ümumiyyətlə,
keçən əsrin 90-cı illərinə qədər Azərbaycan
ədəbiyyatında şahlara, hökmdarlara qarşı
birmənalı şəkildə mənfi tendensiya mövcud
olmuşdur. "Nadir şah" faciəsində
bu, o qədər də hiss olunmur, amma Nadirin
qaçaqçılıq, quldurçuluqla məşğul
olması əsərin ilk şəkillərində xüsusilə
nəzərə çarpdırılır. Bu da tarixi baxımdan dəqiqləşməyib, bəlkə
də yanlışdır.
Yunus Oğuz "Nadir şah" romanında xronoloji
ardıcıllığı gözləmiş, Nadirin
uşaqlıq yaşlarından ta ölümünə qədər,
bir insan-hökmdar ömrünü tam şəkildə əks
etdirmişdir.
Romana ön söz yazan Nizami Cəfərov qeyd edir ki:
"Müfəssəllik, təfsilatın genişliyi, müəyyən
məqamlarda hətta saray münaqişələrinin daxilinə
girməyə qədər, tarixin məişətinə daxil
olmağa qədər, bu üslub M.S.Ordubadinin üslubudur. Elə bil ki, Məmməd Səid Ordubadinin
üslubunu Yunus Oğuz yenidən dirçəldir. Çoxlu tarixi romanlar yazılıb. Onların heç birində Məmməd Səid
Ordubadi üslubu bu dərəcədə təzahür etməmişdi.
Bu da onunla bağlıdır ki, Yunus Oğuz
dövrü yaxşı bilir". Burada
bizi maraqlandıran odur ki, Yunus Oğuz da öz qüdrətli
sələfi kimi tarixi romanda MÜFƏSSƏLLİK yolunu
seçmişdir. Ordubadinin üslubunun təzahürünə
gəldikdə bu məqamda N.Cəfərovla mübahisə etmək
fikrimiz olmasa da, deyərik ki, Ordubadidə olan üslub
"şirinliyi", majəraçılığa meyl Yunus
Oğuzda çox zəifdir.Yəni Yunus Oğuz Nadir
şahı çox ciddi planda təqdim edir, əsərdə
sevgi macəralarına demək olar ki, yer ayırmır, hadisələri
Ordubadi sayağı macəraçılıq səmtinə
yönəltmir və s. Nadirin şəxsiyyəti ilə
bağlı araşdırmalar və eyni zamanda, onun həyatı,
keçdiyi ömür yolu ilə bağlı oxuduğu mənbələr
təsəvvürdə NADİR ŞAH OBRAZInın başlıca cizgilərini
yaratmışdır.
Nadir şah qüdrətli bir dövlət yaratdı,
itirilmiş torpaqları qılınc və savaş
gücünə geri aldı. Bəs niyə
ölümündən sonra o dövlət parçalandı,
xanlıqlara bölündü, sülalə davam etmədi?
Bunun səbəbləri romanda birbaşa göstərilmir,
amma təsvirlərdən aydın görünür ki, bu, belə
də olmalıydı. Çox
güclü bir fatehin, dünyaya meydan oxuyan bir hökmdarın
düşmənləri də çox olur. Həm də qılınc hakimiyyətinin zəif
nöqtələri çox olur və Nadirin hakimiyyəti də
belə zəif nöqtələrlə dolu idi.
Yunus Oğuzun "Nadir şah" romanı böyük
fateh haqqında bizim təkcə bildiklərimizi deyil, bilmədiklərimizi
də açıqlayır və beləliklə,
tamamlanmamış "Tarixi-Nadir" öz bədii-tarixi təcəssümünü
də bu romanda tapır.
Yunus Oğuzun "Təhmasib şah" romanı da
"Nadir şah"dakı üslubi xətti davam etdirir. Təbii ki, I
Şah Təhmasib haqqında tarixi mənbələrdə
maraqlı faktlar diqqəti cəlb edir, amma heç bir tarixi mənbədə
şahın insani xarakteri, bu xarakteri səciyyələndirən
güclü və zəif cəhətləri əks
olunmayıb. Yazıçını da
tarixçidən ayıran, fərqləndirən elə bu cəhətlərdir.
"Tarixçi
dövrün ümumi
ictimai münasibətlərini əks etdirirsə,
yazıçı ən çox dövrün
psixologiyasını təşrih edir. Tarixçi
psixoloq deyildir. Lakin sənətkar psixoloq
olmalıdır. Bunsuz tarix elmi yaransa da,
tarixi-bədii əsər yarana bilməz. Bir qədər
də sadə desək, tarixçi "nələr
olmuşdur?" sualına cavab verirsə, sənətkar
"nələr ola bilərdi və necə
ola bilərdi?" suallarına da cavab verir. Yazıçının
vəzifəsi heç də tarixi şəxsiyyətlərin
fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal
yaratmaqdan ibarət deyildir (M.Hüseyn)".
Əlbəttə, Yunus Oğuz bu məlum həqiqəti
yaxşı dərk edir və bədii tədqiq hədəfinə
çevirdiyi tarixi hadisələri və şəxsiyyətləri
bədii təxəyyül süzgəcindən də
keçirir. Onun tarixi romanlarında təsvir olunan qəhrəmanlar
həm tarixi şəxsiyyətlər, həm də insan kimi
dolğun təsir bağışlayırlar. "Nadir
şah"da bunu əyani gördük, "Təhmasib
şah"da da həmçinin...
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında
tarixi roman ənənələri artıq
formalaşmışdır və indi də o ənənənin
ən yaşarı xüsusiyyətlərini biz yeni yaranan
tarixi romanlarımızda, o cümlədən, Yunus Oğuzun
"Təhmasib şah" romanında da görürük. Tarixi həqiqətlərə
sədaqət, lakin eyni zamanda, bu həqiqətləri bədii
təxəyyül süzgəcindən keçirmək, daha
çox tarixlə müasirlik arasında körpü yaratmaq,
keçmişlə bugünü bir-birindən ayırmamaq
fikrimizcə, əsas məqsəd bunlardır.
İndi isə "Təhmasib şah"
romanının özünəməxsus xüsusiyyətləri
barədə.
Biz, həmçinin bu romanın Azərbaycan
tarixi roman ənənələri ilə
bağlılığı barədə də söz deyəcəyik.
Fikrimizcə,
Azərbayjan tarixi romanlarının bir sıra ən uğurlu
nümunələri-"Qılınc və qələm"
(M.S.Ordubadi), "Qan içində" (Y.V.Çəmənzəminli),
"Xudafərin körpüsü", "Çaldıran
döyüşü", "Təbriz namusu" (Fərman Kərimzadə),
"Bakı-1501", "Vətənə qayıt",
"Yad et məni" (Əzizə Cəfərzadə)- ilə
"Təhmasib şah" müəyyən tipoloji
xüsusiyyətlərinə görə bir-birilə
bağlı romanlardır. Ona görə ki, bu
romanların hər biri həm tarixdən məlum olan şəxsiyyətlər
və hadisələr haqqında olsa da, xronika səviyyəsində
deyillər. Yəni tarixi hadisələr və
şəxsiyyətlər barədə quru, ritorik məlumatlara
bədii don geyindirilmir, tarix bizə çağdaş
dövrümüzü xatırladır və bu səbəbdən
də roman təkcə tarixi-bədii əsər kimi deyil, həm
də müasir əsər kimi təsir
bağışlayır. Təhmasib şah öz
dövründə qüdrətli, əzəmətli bir
şah idi və onun timsalında məlum olur ki, dövlətçilik
ənənəsinin yaranmasında və möhkəmlənməsində,
məmləkətin ədalətlə idarə olunmasında, ən
çətin məqamlarda şahlığın, hakimiyyətin
və ordunun xalqla birliyində hakim-liderin-şahın əvəzsiz
rolu var. Təhmasib şah da atası-Şah İsmayıl kimi
hakimiyyətə uşaqkən (on-on bir yaşlarında) gəlmişdi,
lakin o, get-gedə müstəqil ağlı, möhkəm iradəsi
sayəsində ağıllı və qüdrətli bir
hökmdara çevrilir. Səfəvilər
dövlətinin, o zamankı Azərbaycan məmləkətinin
düşməni olan Osmanlı imperiyası və Sultan
Süleyman dörd dəfə yürüş etmişdi ki, Təhmasib
şahı və onun hakimiyyətini sarsıtsın. Ancaq hər dəfə onun yürüşü
uğursuzluqla nəticələnir. Nizami Cəfərov
haqlı olaraq yazır ki, "Yunus Oğuz Təhmasibin hərbi
taktikasına haqq qazındır, o, bütövlükdə
ordunu yox, xalqı Sultan Süleymanın qarşısına
çıxarır. Ordu ilə qalib gəlmir
Təhmasib şah Sultan Süleymana, o, həmişə
xalqın gücü, xalqın iradəsi ilə qalib gəlir.
Bu, həm tarixin faktıdır, həm də əsərin
hadisəsidir". Yunus Oğuz da öz
tarixi romanında Azərbaycançılığı təbliğ
edir və bu cəhət açıq şəkildə nəzərə
çarpmasa da, biz əsərin ümumi ruhunda bunu hiss edirik.
(Ardı var)
525-ci qəzet.-2017.-18 may.-S.6.