“İnternet
televiziyalarının fəaliyyəti tənzimlənməlidir”
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin müsahibəsi
- Bu gün televiziyalarda ailə, gender
və digər sosial məsələləri
əhatə edən verilişlər nümayiş
olunur. Onların səviyyəsi və
yaxud teleradio kanallarının bugünkü
vəziyyəti sizi qane edirmi?
- Ümumiyyətlə, tək
Azərbaycanda yox, dünyada televiziya və radio yayımı sahəsində mövcud vəziyyət ürəkaçan
deyil. Azərbaycanda bu sahədə
problem çoxdur. Amma bunu
tək televiziya kanallarının üzərinə
yıxmaq düzgün
deyil. Məsələyə kompleks yanaşılmalıdır.
Kanala dəvət olunan adi müsahibdən tutmuş, oradakı işçilər, reklam bazarındakı mövcud
vəziyyət, sponsorlar
və digər məsələlər nəzərə
alınmalıdır. Fikirləşməyin ki, televiziya
kanalının rəhbəri
səviyyəsiz verilişlər
hazırlamaq arzusundadır.
O da çox istər ki, daha baxımlı verilişlər ortaya qoysun. Amma təəssüf ki, bu gün
bundan irəli gedə bilmirlər. Təsəvvür edin ki, hər hansı bir istehsal müəssisəsi
məhsulunu I, II, III növ
yox, IV növ istehsal edir, gücü ona çatır. Təəssüf ki, televiziya sahəsində vəziyyət
belədir. Çalışmalıyıq ki, bu sahədə ciddi dəyişiklik olsun.
- Azərbaycanda hansısa sahələr üzrə televiziya kanalının və ya radionun açılmasına
ehtiyac görürsünüzmü?
- Bəzən ifratçılığa
yol verilir. Xarici ölkələrin təcrübəsinə,
hətta Türkiyə,
Rusiya və digər xarici ölkələrin kanallarındakı
bütün layihələri
Azərbaycana gətirmək
istəyirlər, amma yerli şəraiti, mühiti nəzərə
almırlar. Ona görə
də bəzən çox böyük problemlər ortaya çıxır.
Hesab edirəm
ki, bu gün
mövcud reklam bazarı, Azərbaycanın
ərazisi və əhalisinin sayı, auditoriya üçün ölkədəki televiziya
və radio kanallarının
sayı yetərlidir. Hətta h çoxdur.
Bu ölkə üçün bütün
ölkəyə yayımlanan
10 televiziya kanalı böyük rəqəmdir.
Türkiyə kimi ölkədə
cəmi 24 kanal bütün ölkəyə
yayımlanırdı, biri
bağlandı, 23-ü qaldı.
Hesab edirəm
ki, mövcud televiziya və radio kanallarının potensialından
istifadə etmək lazımdır.
Tematik kanallar
- idman, mədəniyyət,
uşaq və digər kanalların məsələsinə gəlincə,
bu, böyük ölkələrə xasdır. Məsələn, biz Azərbaycanda uşaq televiziyasının açılmasını
çox istərdik.
Amma bunun üçün yetərli baza varmı? Onu özəl kanallara
verə bilmirik, çünki yekunda istənilən nəticəni
əldə edə bilmərik. Onun üçün dövlət vəsait ayırarsa, məmnuniyyətlə
bunu edərik.
Məsələn, bu gün Günəş
TV üçün lazımi
şərait yaradılıb,
hətta kabel şəbəkələrinə də salınıb ki, uşaqlar bütün cizgi filmlərinə Azərbaycan
dilində baxa bilsinlər.
- Azərbaycanda
Türkiyə türkcəsində
yayımlanan teleseriallar
tərcümə olunur. Ancaq digər tərəfdən
TÜRKPA və digər
qurumlarda ortaq türk dili ilə bağlı təşəbbüslər var. Bu ziddiyyətlərin tənzimlənməsi
yolunu necə görürsünüz?
- Bu məsələni sizdən
və hamıdan daha çox biz istəyirik. Bu, öz-özünə
zamanla həll olunmalıdır, inzibati qaydada yox. Ortaq türk televiziyasının yaradılması
haqqında türk dünyasında iş
gedir. Biz də
çox çalışırıq.
Amma bunu həyata keçirmək
o qədər də asan iş deyil.
Müəyyən yollar axtarılır
ki, ən optimal variantı ortaya qoyaq. Hesab edirəm ki,
ortaq türk dilinin yaranması üçün potensialımız
var.
- Televiziya və radio yayımı sahəsində qanunvericilikdə
hansı dəyişiklərə
ehtiyac var?
- Televiziya və radio yayımı sahəsi xüsusi bir fəaliyyət sahəsidir
və bura yalnız kommersiya qurumu kimi baxmaq
olmaz. Bu ölkənin
gələcəyi, strateji
məqsədləri üçün
xüsusi fəaliyyət
növüdür. Son zamanlar ölkənin gələcək siyasəti,
mövcud durumu, xarici siyasəti sahəsində televiziya,
radio, internetin rolunun artdığını görürük.
Bu sahənin daim inkişaf etməsini və
kadrların yerində olmasını istəyirik. Bizi çox narahat edən məsələ
jurnalistikanın kütləvi bir ixtisas sahəsinə çevrilməsidir. İstənilən insan özünü jurnalist kimi görür. Amma jurnalistika ciddi sahədir. Vaxtilə jurnalistikaya 25 nəfərdən
artıq tələbə
qəbul olmurdu.
Bu gün isə kimin
bloqu varsa bloqger, kimin saytı varsa xəbər hazırlayır,
özünü jurnalist
hesab edir. Ona görə də bu sahədə problemlər həddindən
artıq çoxdur.
Jurnalistika sahəsində kütləvilik
artdıqca istər televiziya, istər radio, istərsə də digər sahələrdə
böyük problemlər
olacaq.
- İnternet
TV-lərin sayı gündən-günə artır. Onların fəaliyyəti necə
tənzimləməlidir?
- İnternetdə, kabel
şəbəkəsində, efirdə, mobil versiyada yayımlanmasından
asılı olmayaraq, televiziyaların hamısı
eyni fəaliyyət sahəsidir. Bütün dünya internet TV-lərin fəaliyyətinin
tənzimlənməsi yolu
axtarılır. Fikrimizcə, bu fəaliyyət sahəsi tənzimlənməlidir.
Çünki bu adi yox, cəmiyyətin inkişafına təsir göstərə bilən
və rolu olan fəaliyyət sahədir. Bu fəaliyyət növü
ya ictimai qaydada, ya da
dövlət tərəfindən
tənzimlənməlidir.
İnternet televiziyaları internet üzərindən
yayımlandığı üçün
də onların fəaliyyətinin tənzimlənməsi
lazımdır. Ən azından bu
tənzimlənmə ölkə
daxilində qeydiyyatdan
keçən kanallara
şamil edilməlidir.
Söhbət youtube və
ya digər ölkələrdən yayımlanan
kanalların tənzimlənməsindən
getmir. Azərbaycanda qeydiyyatdan keçən
internet televiziyalarınım fəaliyyəti tənzimlənməlidir.
525-ci qəzet.-2017.-18 may.-S.5.