Atamla söhbət

 

ATAM BƏHLUL İBRAHİMOVUN 80 YAŞINA

 

Hərdən mənə elə gəlir ki... Mənə rahatlıq verməyən suallar birmi, ikimi? Heç kimin isidə bilmədiyi içimə qısılıb hərdən lap elə uşaq kimi ağlamaq istəyirəm.

 

Təzədən uşaq olmaq istəyi közərən ocaq kimi tənhalığı özünə yuva seçmiş ürəyimə damcı boyda bir işıq salır. Artıq əlçatmayan bir uzaqlığa boylanıb atalı günlərimi haraylayıram. Naməlum bir məchulluqdan əks sədası qayıdan səssizlik  sanki üzümə qorxu silləsi çəkir. Gözlərim özünə hədəf seçmiş o uzaq yolun sonuna tələsdirir məni. Bir saçıma sığal çəkməyəcək o soyuq əllərin istisi yandırır içimi. Haçansa üzümə gülməyəcək o gözlərin həsrətindəyəm...

 

Dünya işığına son dəfə təşnə ilə baxıb o gözlərin həmişəlik yumulduğu gecə... Dünyanın çəkə bilmədiyi yük qədər ağırdır o gecəni xatırlamaq mənim üçün. Hələ lap uşaqlıqdan arzusu ilə yekələndiyim xoşbəxt tələbə həyatının acılı-şirinli ilk günlərini bəxtəvərcəsinə yaşayırdım ki... Xoşbəxt həyatım üçün çox şeyləri dəyişmək gücündə olduğu bir zamanda dünyasını dəyişdi atam.  "Oğullarım, əgər bir gün həyat mənim haqqımda ölüm fərmanını versə, çalışaram ki, onu da sizdən gizlin saxlayım" vədinə xilaf çıxmadan...

 

Tələm-tələsik oturduğum yol maşını Bakıdan kəndimizə sarı sürət götürəndə hava yavaş-yavaş qaralmağa başlayırdı. Bir az ilıq, bir az da mülayim yaz havası adamın ovqatını xoş etsə , içimdə bir fırtına baş qaldırırdı. Bərabər mənimlə maşına əyləşən üç gənc isə deyib-gülməyində, özlərini gedəcəkləri toyda hiss edib şənlənməkdə  davam edirdilər. Damağındakı siqaretin tüstüsünü ətrafa yayan sürücü isə köhnə maqnitafonu qurdalaya-qurdalaya xalq mahnılarımıza meydan verirdi. O, birdən kefsiz oturduğumu görüb "sənə olub, narahatçılığın var?", - deyə soruşanda ayıldım. On il bir sinifdə oxuduğum, şəhərdə tələbə həyatını birgə yaşadığım dostumun bir neçə saat əvvəl mənə dediyi sözlər isə hələ qulağımdan getmirdi: "Elə bir şey olmayıb, kişi bir balaca naxoşlayıb, gedib baş çəksən yaxşıdır".

 

Kəndimizə yaxınlaşanda artıq gecə düşmüşdü. Çox da böyük olmayan kəndimizin bir-birinə yaxın evlərinin arasından gözüm uzaqdan işığı görünən eyvanımızı tapdı. Eyvanda kimsənin gözə dəymədiyini görəndə bir az rahatlandım. "Şükür,  salamatlıqdır", - deyə  özümə təskinlik verdim. Həyətimizə dönən maşının işığı mağarı nişan alanda isə... Qarşıma çıxan doğmalarımı görür, eşidirdim. Həmişə yatdığı otağın pəncərəsindən atamın yerini  boş görəndə kəndimizin o başındakı yüksəklikdə yerləşən qəbristanlığa doğru qaçmağa başladım...

 

Səhərisi kənd camaatı ilə birlikdə atamın hələ torpağı soyumayan məzarının başına yığışmışdıq. Sanki atamla sonuncu dəfə söhbət edirdim. Aramızdakı məsafə çox yaxın olsa da, bir-birimizdən çox-çox uzaqlarda idik... Torpağına üz qoyub göz yaşımı içimə axıtmaqdan başqa əlimdən bir şey gəlmirdi. ürəyimdə boy verən misralar atamla mənim ilk son olmayan  söhbətim oldu...

 

Oyan, ay ata!

 

Ürək səksəkədə, yol üstəyəm mən,

Kimsə yox dərdimə həyan, ay ata!

Dörd çiyin üstündə hara gedirsən?

Getmə, yol gəlirəm, dayan, ay ata!

 

Zalım fələk başa vaxtsız dən salır,

Bu pay ömrü niyə vaxtsız borc alır.

Getdin, evimizdə yerin boş qalır,

Dözmür həsrətinə bu can, ay ata!

 

Çəkib qarış boyda sinəmə dağı,

tez əzizlədin qara torpağı?

Həsrət görüşünə gəlmişəm axı,

Hay ver harayıma, oyan, ay ata!

 

Sarvan İBRAHİMOV

525-ci qəzet.-2017.-18 may.-S.8.