Qanadlarını yanına salma!

 

Məryəm ƏLİZADƏ

Sənətşünaslıq doktoru, professor

 

“Elçinin haqqı var desin ki, ədəbi tənqidi belə yazarlar. Amma demir.

 

Elçinin haqqı var desin ki,  nəsri belə yazarlar. Amma demir.

 

Elçinin haqqı var desin ki,  səhnə əsərini belə canlandırarlar. Amma demir.

 

Fərq etməz. Özü deməsə də, bunları müəllifin ölkədə və dünyada qazandığı uğurlar deyir”.

 

Bu fikirləri Almaniyada yaşayıb-yaradan azərbaycanlı yazıçı Qərib Mehdi dəqiq söyləyib. Elçinin özü təvazökarlıq eləyib belə şeyləri dilinə gətirməsə də, əvəzində xalqı deyir ki, Elçin Azərbaycan xalqının yazıçısıdır, özü də Dərbənddən Zəncana qədər geniş bir ərazidə məskunlaşmış böyük bir xalqın sevimli yazıçısıdır. Çünki xalq sadəliyi, yaşantıların həqiqiliyini, təhkiyənin axıcılığını, personajların bir-birilə, dünya ilə isti, diri münasibətinin təsvirini sevir, sevir ki, ona xoş, pozitiv duyğular, ovqatlar bağışlasınlar, onu doğruluğun, ədalətin, xeyirxahlığın, kişiliyin, ləyaqətin və yaxşı adamların hələ də tükənmədiyinə inandırsınlar... Elçin həmişə xalqın istədiyini, arzuladığını yazmağı, yazdığını əla yazmağı, xalqın şah damarını tutub yazmağı bacarıb.

 

Elə buna görə də Elçin Azərbaycan ədəbiyyatının, milli ədəbi-bədii düşüncənin, müasir Azərbaycan teatr qavrayışının fenomenidir.

 

Bir anlamda fenomen hadisənin, təzahürün duyğusal müşahidəsidir. Başqa bir anlamda isə fenomen artıq hamıya bəlli, məlum bir hadisəni, təzahürü nişan verir. Hərçənd ki, bu hadisə, bu təzahür müəyyən antropoloji, sosial-psixoloji, fəlsəfi-kulturoloji bilgi sistemlərinə uyğun fiksə edilsə də, onun dərki çətindir. Tutalım, alovun xassələri... onlar uşaqdan qocaya qədər hər kəsə bəllidir: çünki elm alovla bağlı hər növ bilgini ortalığa açıb-töküb. Bununla belə, alov yenə insan qavrayışı üçün bir fenomen olaraq qalır. Alov hər dəfə bir cür görünür, bir cür yanır, hər dəfə yeni olur və insanı hər dəfə öz sehrilə ovsunlayır.

 

Elçin öz yaradıcılığında hər dəfə yeni bir ədəbi missiyada, yeni bir ədəbi formatda gündəmə gəlir. O, əgər dünən hər hansı bir pyesi bir düşünər jesti, bir filosof zövqü, bir dramaturq fantaziyası ilə sona yetirib nöqtələyibsə, bu gün qəfildən dönüb uşaqlaşır, uşaqlaşıb sadəliyin, səmimiliyin son həddinə çatır və balaca cocuqlar üçün bir nağıl yazır, ertəsi gün isə sanki əllərinə döyüş əlbəsələrini geyinib gözlənilmədən iri bir məqalə ilə əsl debatçı əzmində ədəbi diskussiyaya qatılır, birisi günə isə daha hansısa bir ədəbi ideyanı nəsrdə reallaşdırmağı planlaşdırır. Lakin bütün hallarda Elçin öz duyğular və düşüncələr dünyası ilə oxucusunu və seyrçisini əfsunlayıb onun qəlbini ələ ala bilir.

 

“Elçin və fenomen” mövzusunun koordinatlarında mülahizələrimi davam etdirərək söyləyim ki, dahi alman filosofu Edmund Qüsserl fenomenə tamam fərqli bir yöndən yanaşır. Onun fəlsəfi paradiqmasında fenomen təkcə nəsnələrin keyfiyyətinin müşahidəsi kimi qiymətləndirilmir, həm də hadisənin məzmun birgəliyi kimi dəyərləndirilir.

 

Fikrin daha aydın və sadə izahı baxımından Azərbaycanın görkəmli ədəbiyyatşünas-alimi Nizami Cəfərovun 2005-ci ildə Elçinin “Seçilmiş əsərləri”nin nəşri münasibətilə yazdığı məqalənin preambulası olduqca konkret  görünür. Hətta N.Cəfərov kimi qüdrətli bir alim etiraf edir ki, Elçin “yaradıcılığını ona layiq bir səviyyədə təhlil edib dəyərləndirmək, qaldırdığı ictimai-ideoloji problemlərin “coğrafiya”sını tələb olunan şəkildə əhatə eləmək, bədii idrakının özünəməxsus texnologiyalarını, ritmini, intonasiyasını az-çox elmi interpritasiyanın predmetinə çevirmək o qədər də asan deyil”. Mən də bu fikri dəstəkləyirəm, amma yeri gəlmişkən, onu da deyim ki,  bununla yanaşı, N.Cəfərov o andaca öz nəzəri bilgilərinin müstəvisində dəqiq analitik bəyanatla çıxış edir: “Elçinin hər bir əsəri - hekayədən romana, publisistik məqalədən monoqrafiyaya qədər - məhdudlaşmayan, onunla tükənməyən bütöv (intəhasız!) bir yaradıcılıq metafizikasının təzahürüdür. O, bu və ya digər əsərinin müəllifi olmaqdan daha çox həmin əsərlərdə zühur edən tarixi ədəbi istedadın (və ya missiyanın!) müəllifidir”.  Bax, budur fenomen... okean və damla... Bir damla okeanın bütün xassələrinin təcəssüm modelidir. Bir qar dənəciyi kainat suyunun şəklidir. Gerçəklikdə su adi sudur, qar dənəciyini isə qavrayış möcüzə bilir. Hərçənd ki, qar dənəciyi də elə həmin su damlasıdır ki var...

 

Sənətkarın özü və təcrübəsi bəlli bir zaman nöqtəsinə çatanda artıq mədəniyyətin tədqiqat predmeti kimi formalaşmış təkzibedilməz faktına çevrilir: bu faktda bir damcı suda olduğu kimi milli mədəniyyətin bütün atributları, tanış cizgiləri öz əksini tapır. Elçin yaradıcılığı isə bir tablodur və bu tablodan ən müxtəlif masştablarda, ən müxtəlif rəng çalarlarında Azərbaycanın özü, azərbaycanlıların özləri və mədəniyyətləri görünür.

 

Elçin də məhz öz ədəbi-bədii yaradıcılığının məzmun birgəliyi baxımından fenomendir. Odur ki, Elçin-yazıçını Elçin ədəbiyyatşünasdan, Elçin-ədəbiyyatşünası Elçin-dramaturqdan ayırmağı, onların yerini müxtəlif fəaliyyət sahələrinə görə müəyyənləşdirməyi heç də düzgün saymıram. Çünki onsuz bu yoxdur, bunsuz da - o. Bir də... Elçin nə yazırsa yazsın, fərqi yoxdur ki, bu hekayə ya  povest olsun, roman ya dram olsun, publisistik oçerk ya da ki, tənqidi məqalə, yaxud ədəbi xülasə olsun, o, həmişə hər yazısında müasirini tanımağa çalışır, onu anlamağa, dərk etməyə, müasirinin  yaşantılarında, portretində dövrü, zamanı təcəssüm etdirməyə çalışır. Elçin çalışır ki, müasirinin köməyilə öz içinin dərinliklərinə yol tapsın, öz dünya modelini qursun, insan batininin qaranlıqlarını işıqlandırsın. Çünki o da Sinoplu Diogen kimi gündüzün günorta çağı əlində məşəl tutub insanı axtarır.

 

Elçinin dramaturgiyası Elçin dünyası içində özəl bir dünyadır, hətta haradasa ada təəssüratı yaradan bir dünyadır. Elə bir ada ki, o ada elə bil gəmi kimi Elçinin proza okeanında sərbəstcəsinə üzüb arzuladığı sahilə yan ala bilir, istədiyinə istədiyi kimi və o andaca reaksiya verə bilir... Belə ki, bu ada lirik-psixoloji yaşantıların, poetik düşüncələrin, sonsuzluğa söylənilmiş monoloqların səhnəsi də ola bilir, homerik gülüşlərin, satirik öcəşmələrin, sarkastik şəbədələrin meydanı da... Bu ada absurdun beşiyinə dönüb dəlixananı da xatırlada bilir, adi bir ailənin məişət dramı oynanılan mənzilini də... Başqa sözlə, Elçinin dramaturgiya adası intensiv metamorfozlar, yəni dəyişmələr, çevrilmələr dünyasıdır və burada hər bir insan özünü kənardan görüb tanımaq imkanına malikdir. Çünki Elçin yad planetlilərdən yazanda da, əslində, elə bizdən yazır, bizim həyatımızdan,  bizim ağrılarımızdan, dərdlərimizdən, məişətimizin, düşüncəmizin problemlərindən, qavrayışımızın streotiplərindən yazır, bəzən də bizi hətta inanılmaz, qeyri-adi dramatik situasiyalara salıb yazır...

 

Ona görə Elçin dramaturgiyasını öyrənmək, tədqiq eləmək xüsusi maraq doğurur. Bu marağı şərtləndirən birinci səbəb dramatik vəziyyətlərin orijinallığı, onların fantastika ilə gerçəklik sərhədində yerləşməsi və haradasa qeyri-adi səciyyə daşımasıdır. İkinci bir səbəb də ondan ibarətdir ki, Elçin dramaturgiyasından Azərbaycan teatrının son 25-30 il ərzində yaşadığı tarixin mənzərəsi açılır... Üçüncü səbəb budur ki, Elçinin pyeslərində güclü tənqidi ruh var. Komediya,  gülüş həmişə tənqiddir, nəinsə təftişidir, sınağa çəkilməsidir, yoxlanılmasıdır, inkarıdır və eyni zamanda, bu, nə qədər qəribə səslənsə belə, ümidin təsdiqidir. Çox zaman deyirlər ki, həyatda ən axırıncı ümid ölür. Məncə bu deyimdə bir balaca boşluq var: ümid heç vədə ölmür. İnsanlığın bütün ümidləri yaşayır və ta sonuncu insan yer üzündən yox olana qədər yaşayacaq... Çünki hər bir insanın ümidi təkcə onun özünə yox, bütün insanlığa məxsusdur. İnsanlar bir qayda olaraq, oxşar ümidlərlə, oxşar arzularla yaşayırlar... və Allahın hüzurunda da əksərən oxşar niyyətlərlə, oxşar sözlərlə, oxşar dualarla dayanırlar... Bu mənada, ümid insan deməkdir, insan - ümid... Hətta belə bir fikri də dilə gətirmək olar ki, ümid sözdür, enerjidir, antimateriyadır və hər cür yaşam fövqündədir, zaman xaricindədir. Elçinin də əsərlərinin  sonunda mütləq şəkildə bütün hadisələrin fövqündə qərarlaşmış bir ümid işığı yanır.

 

Yeri gəlmişkən onu da qeyd edək ki, Elçin dramaturgiyası milli dramaturgiyamızda indiyə kimi rast gəlmədiyimiz yeni mövzuları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsilə fərqlənən yeni insan tiplərini, obrazlarını yaratdı. Bu pyeslərdə dramaturqun “mövcudluq effekti”nin parlaqlığı, maraqlı dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, çağdaş dövrə xas davranış tipi və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla bir-birinə hörülüb. Şrtixləri, intonasiyaları, süjet detallarını mükəmməl şəkildə seçən dramaturq  gah məişət motivlərilə xəyali romantik çırpıntıların bir-birinə bağlandığı komediyalar yazır, gah da mənəviyyatını, ruhunu qoruma instinktini itirən insan obrazlarını yaradır.

 

Elçin dramaturgiyasına marağı çəkən dördüncü məqam görkəmli teatrşünas-alim A.Talıbzadənin birbaşa Elçin nəsrinə, müəllifin yazı üslubuna, yazı manerasına şamil etdiyi məqamdır:   “Elçin də öz nəsrində elə bil ki Abşeronun qum teatrını yaradıb: onun prozasının plastikası o qədərdir ki... o qədərdir burada işıq-kölgə effekti ki, ovqatlar, personajlar, siluetlər, görüntülər həməncə anbaan dəyişir, ilğımlaşır, birindən digərinə transformasiya olunur”. Müşahidənin özü və onun sözlə ifadəsi dəqiqdir. Amma mən buraya bir mühüm cəhəti də əlavə etmək istərdim. Elçinin dramaturgiyası da işıq və kölgənin bir-birilə əvəzləndiyi sərhəddə təzahür eləyir. Onun, demək olar ki, əksər pyesləri yuxu ilə, xəyal ilə, fantaziya ilə gündəlik məişət təkrarlarının sintezində, qarışığında əmələ gəlir. Bu əsərlərin fakturasında hər iki dünya - təsəvvürlə reallıq yanaşıdırlar və onların arasına nazik bir tül pərdə atılıb. Birindən digərinə keçid cəmi bircə anın məsələsidir. Heç də təsadüfi deyil ki, Elçin pyeslərində personajlar tez-tez xəyalların oyunu ilə gerçəkliyi səhv salırlar, gerçəklikdən ayrılıb ya ilğımlarla yaşayırlar, ya da gerçəkliyin özünü ilğımlaşdırırlar. Hətta onların yaşadıqları məkanın özü belə haradasa yırğalanan, dayanıqsız qumları xatırladır. Əgər personajlar bu qumların üstündə aşırı ləngisələr, o andaca qum dənizində yoxa çıxarlar. Mən bunu Elçin dramaturgiyasının çox özəl, nadir xüsusiyyəti kimi dəyərləndirirəm.

 

Elçin dramaturgiyasına tədqiqatçı marağını cəlb edən beşinci səbəb isə onun pyeslərinin səhnə üçün hədsiz dərəcədə effektli olmasıdır, canlı xalq dilində yazılmasıdır, dramatik vəziyyətlərin dinamikliyi və mütəhərrikliyidir. Bu dinamikanı, mütəhərrikliyi təmin edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi absurd formatıdır. Azərbaycan ədəbiyyatşünaslığının ən parlaq simalarından biri Yaşar Qarayev heç də əbəs yazmırdı ki, “Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji streotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq, ədəbi, estetik münasibət ifadə edir”.  Xaosun obrazı - hər növ fantaziya üçün, fantaziya əlvanlığı üçün, təxəyyülü oyatmaq üçün olduqca təsirli bir qıcıqdır. Xaosu hərə bir cür görüb  təsəvvür edir və  modelləşdirir.

 

Lakin Xaos həm də o şeydir ki, içində dünyaya yer verir, dünyanı öz sahmansızlığından doğurub sahmana gətirir. Elçinin pyesləri də sanki xaosun parametrlərsiz məkanında strukturlaşır. Ona görə rejissorlar belə bir məkanda özlərini tam azad,  sərbəst hiss eləyirlər, öz improvizə etmək qabiliyyətlərini heç nə ilə məhdudlaşdırmırlar. Aktyorlar barəsində də bunları demək mümkündür. Onların Elçin pyeslərində aldığı rollar birmənalı şəkildə aktyor improvizəsini şərtləndirir. Çünki Elçin aktyora obrazı yox, obrazın kodunu, şifrəsini təqdim edir. Aktyor məhz bu koda, bu şifrələrə əsasən obrazın səhnə həyatını, onun daxilini və plastik rəsmini, bir sözlə, bütövlüyünü yaratmalıdır. Ona görə də hər bir aktyor Elçin dramaturgiyasında oynadığı rolu öz improvizəsinin gücünə söykənərək yaradır. Bu da ondan irəli gəlir ki, Elçinin pyeslərində statik, daşlaşmış, dəyişməz heç nə yoxdur. Elçinin dramaturji mətnləri improvizələrə, yozumlara, innovasiyalara, müxtəlif modulyasiyalara açıq ədəbi mətnlərdir.

 

... Elçin sonra nə yazacaq, necə yazacaq, hansı üslubda, hansı janrda, hansı növdə yazacaq, bunu söyləmək müşkül məsələdir. Bir məqam aydındır ki, Elçin kimi istedadlı, intellektual, dərin filoloji, tarixi və kulturoloji bilgiyə, yüksək mədəniyyətə, bədii zövqə, daxili dəmir intizama malik bir şəxsiyyət hələ uzun illər Azərbaycan oxucusunu (tamaşaçısını) təəccübləndirməyə, heyrətləndirməyə qadirdir...

 

Elçin, dahi sufi şairi Yunus İmrənin sözü olmasın, “uzun... incə... bir yoldadır”. Bu yolun əvvəli məlum, sonu bilinməz... Bu yol insanın kamillik yoludur: sonsuza qədər uzanıb gedər... Nə yaxşı ki, bu yolu gedə-gedə Elçin Azərbaycan ədəbiyyatının da, Azərbaycan teatrının da yükünü öz çiyinlərində daşıyır... O, bu yolda bir anda olsun dayanmır, fasilə vermir, daima təkmilləşir və öz yazısını, dəst-xəttini,  dünyasını və öz teatrını təkmilləşdirir...

 

Həmişə Elçinin pyeslərinin tamaşalarından xeyirə, işıqlı insanlar arasındakı münasibətlərin qələbəsinə inam arzusu ilə ayrılırıq və bu humanist missiya Elçinin əsərlərini son dərəcə dəqiq xarakterizə edir.

 

Elçin daim və hər yanda hər an Azərbaycan ədəbiyyatını, Azərbaycan teatrını cazibəli, SEHRLİ BİR MÖCÜZƏ kimi şöhrətləndirməkdədir.

 

Bu gün Elçin öz yaradıcılığının zirvəsində qərarlaşsa da, əminəm ki, bu, hələ son deyil, çünki bir zirvədən mütləq başqa zirvələr də görünür. Buradaca mən görkəmli rus tənqidçisi Lev Anninskinin Elçin haqqında yazdığı sözləri bir daha xatırlatmaq istəyirəm: QANADLARINI YANINA SALMA!

 

525-ci qəzet.-2017.-20 may.-S.10-11.