Polimatın biliyi və onun əməli nəticələri

 

SUALLARI PROFESSOR HAMLET İSAXANLI CAVABLANDIRIB

 

Bu müsahibə ilk dəfə ingiliscə dərc olunub (Knowledge of Polymath Walks, Talks, Makes Waves, Turns into Deeds. Interviewee: Professor Hamlet Isaxanli, Interviewer: Waqas Ahmed. Khazar Journal of Humanities and Social Sciences, Volume 20, Number 1, 2017, pp. 92-109) və hazırda nəşr prosesində olan “Polymathy” kitabında ondan geniş istifadə edilib.

 

Vaqas ( Waqas) Ahmedin suallarına professor Hamlet İsaxanlının cavablarını əks etdirən müsahibənin ana dilimizə tərcüməsini, tam həcmdə, oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

- Nə üçün dünya, o cümlədən, mədəniyyət belə Avromərkəzlidir, hərçənd ki, biz sanki “qloballaşmış” dünyada yaşayırıq?

 

- Hər Qloballaşma dövrü bir coğrafiyanı irəli çəkmiş, nəticədə dünyanın mühüm bir hissəsi həmin sivilizasiyanın və ya imperiyanın təsiri altına düşmüşdü: Makedoniyalı Aleksandrın yürüşləri və Hellenizasiya, Pax Romana, Atlantik okeanı ilə Çin arasında uzanan İslam dövrü, Avropa ilə Sakit okean arasında uzanan və böyük ticarət yollarını açıq və təhlükəsiz edən Pax Mongolica...Növbə Avropaya gəldi. Üç dinc inqilab - elmi, sənayeləşmə və informasiya inqilabları Qərbdə baş verdi.

 

Mətbəə üsulu ilə kitab çapı, savadlılığın artması və universitetləşmə Qərbi Avropanın insan qaynaqlarını gücləndirdi. Bu kiçik Avropanın böyük dünyanı kəşf etməsi və müstəmləkə dünyası yaratması dünyanı Avropa təsiri altına saldı. Sonra incəsənət və musiqinin çiçəklənməsi, texnoloji kəşflər (teleskop, mikroskop...), böyük elmi kəşflər Avropanın cazibəsini yüksək dərəcədə artırdı, müstəmləkə siyasəti isə mühüm təbii qaynaqları və dünya ticarətini ələ almaqla onun iqtisadi gücünü yüksəltdi. Sənayeləşmə nəticəsində dünyada Avropa dominantlığı zirvəyə çatdı, dünyanı bir çatı altında birləşdirmək ehtirası böyük savaşlara və böyük fəthlərə gətirib çıxardı. Müstəmləkəçiliyin dünyanı bürüməsi ispan, ingilis, fransız, portuqal kimi dillərin dünyaya yayılmasına, onların böyük dillərə çevrilməsinə səbəb oldu.

 

1492-də Kolumb yeni dünyanı - Amerikanı kəşf edəndə avropalılar yer kürəsinin təqribən 9 faizini tuturdular, 1900-1920-ci illərdə dünyanın böyük hissəsi (təqribən 80 faiz) irqin nəzarətində idi. Daha yer qalmamışdı, avropalı güclər öz aralarında savaşmalı oldular, bunun azı üç nəticəsi oldu: bir neçə onillik deqloballaşma, ABŞ-ın hegemonluğu ilə dünyanın kapitalist və sosialist adlı iki cəbhəyə ayrılması və dekoloniləşmənin, müstəmləkə sisteminin dağılmasının başlanması.

 

Cəmiyyətin kamilliyə, azadlığa doğru irəliləməsi fəlsəfələri (Kant və Hegel), Darvinin təkamül nəzəriyyəsi, Marksın tarixi materializm və siyasi iqtisad nəzəriyyələri, A. Comte`nin pozitivizmi və sair - bunlar hamısı Avromərkəzçiliyə ruh və qida verdi; üstəlik, tərəqqi və maarifçilik ideyaları müstəmləkəçiliyi, demək olar ki, qazandırırdı.

 

Dünyanı Avropanın gözü (və ya gözlüyü) ilə görməyə, Avropanın dəyərləri ilə qiymətləndirməyə başladılar - dünyanı fəth etmiş güclü Avropa başqa fikirdə olmayacaqdı ki! Digər xalqlar  normal” vəziyyətə gəlmək üçün Avropanı izləməli, onun keçdiyi yolu keçməli idi - onlara başqa seçim verilməmişdi. Dünya bunu əsasən qəbul etdi, ortada başqa cəzbedici model yoxdu, Avropasayağı təhsil də bu ideya üzərində quruldu və bu ideyanın bərkiməsinə xidmət etdi.

 

Digər tərəfdən, məgər “Qloballaşma” (16-cı əsrdən başlayaraq) əsasən elə Avropalaşma demək deyilmi?! Amerikalaşma da Avropalaşmanın birbaşa davamıdır. Çağdaş dünya ən çox Avropadan təsirlənib.Avropa təhsili və elmi düşüncəsi dünyanın çox hissəsində dərin kök atıb və qeyri-qərb mədəniyyətlərini tərəfsiz, obyektiv araşdırmaq istəyəndə belə Avromərkəzçi dəyər və ölçülərdən istifadə olunur. Avromərkəzçilik içimizdə oturub, biz çox vaxt bunun fərqində deyilik.

 

Edward Saidin haqlı (mənfi çalarlı) “Orientalism”i ilə yanaşı, bir çox avropalı (və amerikalı) tədqiqatçıların Şərqin dərindən öyrənilməsi və tanıdılması uğrunda fədakar əməyini qeyd etməmək haqsızlıq olardı. Ümumiyyətlə, Avromərkəzçiliyə ciddi etiraz 20-ci əsrdə, əsasən də onun ikinci yarısında baş verdi. Yaradıcı Çin və İslam sivilizasiyalarının tarixinə maraq artdı, onların elmi, mədəni, iqtisadi uğurları vurğulandı. Qeyri-qərbin indiki güclənməsi yeni iqtisadi, siyasi və mədəni mərkəzlərin yaranmasına, tarixə və bu günə diqqəti artırır (Çin və ümumiyyətlə Asiya güclənir, təəssüf ki, Səhraaltı Afrika haqqında bunu demək olmur). Avromərkəzçilik təhsili öz təsiri altına aldı, amma savadlanmaq və Avromərkəzçiliyə qarşı durmaq imkanı da verdi. Lakin indi Avrocentrizmin çox zəiflədiyini demək də sadəlövhlük olardı.

 

- Nə üçün biz Qərb ölkəsi olmayan yerdə belə, Qərb klassiklərini yerli ədəbiyyatdan qat-qat daha çox alqışlamaq hissinə qapılmışıq?

 

- Avromərkəzçiliyin kökündə nə dayanmışsa, çağdaş ədəbiyyatın Avropamərkəzçiliyi də müəyyən dərəcədə ora dayanır. Suala sualla cavab vermək mümkündür. Çağdaş həyat tərzi niyə qeyri-qərbdə də Avropasayağıdır?

 

Ədəbiyyatda Avropamərkəzçiliyi tək ideologiya və müstəmləkəçiliklə izah etmək birtərəfli və yanlış olardı. Baxın, Qərbdən kənarda Yunan (və Roma) klassik ədəbiyyatını kim oxuyur? Olsa-olsa Homeri oxuyurlar, onu da az-az adamlar. Amma farsdilli mühitdə Firdovsi, Xəyyam, Nizami, Sədi, Mevlanə Cəlaləddin Rumi, Hafiz, Cami və ya Türkdilli mühitdə Füzuli, Ə. Nəvai (və yuxarıda adları çəkilən farsdilində yazanlar da - bu və ya digər dərəcədə) bu gün də oxunur. Onların hamısını uyğun ölkələrdə ən azı məktəbdə öyrənirlər. Yəni, bu xalqlar öz klassiklərinə biganə deyillər. Xəyyam və C. Ruminin indi Qərbdə də çox oxucuları var. Digər tərəfdən, fikir verin, adlarını çəkdiklərim hamısı şairlərdir, divan ədəbiyyatının nəhəngləridir. Nəsr və dram isə yeni dövrdə Qərbdə inkişaf etdi (qədim yunan dramını bura qatmıram).

 

Qərbin məhsulu kimi ortaya çıxan bu “yeni ədəbiyyat” daha oxunaqlı oldu, şeir bir qədər geri çəkildi, nəsrə və teatra maraq artdı (Şərqdə bu iş 19-cu əsrdə yavaş-yavaş başlandı). 17-ci əsrin əvvəllərində yazılmış Don Quixote (M. De Servantes) və Shakespearenin dramları dünya ədəbiyyatının şah əsərlərinə çevrildilər. 18-ci əsrdə J.J. Rousseau öz ideyaları ilə zərif qəlblərlə yanaşı, dünyanı dəyişmək istəyən ehtiraslı qəlblərə hakim oldu.19-cu əsr Qərbin nəhəng yazıçıları oxucuları öz tərəfinə çəkdilər: Victor Hugo, Balzac, C. Dickens, Mark Twain, L. Tolstoy, F. Dostoyevski,..., həmçinin klassik macəra və klassik uşaq ədəbiyyatı. Sonuncu iki janr bir-birinə çox yaxındır, hələ 18-ci əsrdə yazılmış Robinson Crusoe (D.Defoe) və Gulliver`s Travels (J. Swift) ümumiyyətlə dünya ədəbiyyatı inciləri sırasına daxil oldular. 19-cu əsrdə isə təkcə ingiliscəyə baxsaq, R.L. Stevenson, L. Carroll, J.R. Kipling, M.Twain, J.F. Cooper kimi müəlliflər uşaq ədəbiyyatının bütün dövrlərdə parlayacaq nümunələrini yaratdılar. Goethenin Faustu Dünya ədəbiyyatında bənzəri az olan dərin fəlsəfi əsər oldu (müqayisə etmək istəyəndə Şumer-Akkad Gilgames dastanı yada düşür). Beləliklə, Avropa klassikləri, Avropamərkəzçiliyin təkanı ilə olsa da, yeni fikir və ifadə tərzi ilə də Şərqə “haqqı olaraq” daxil oldular.

 

Mədəniyyətin ənənə üzərində dayanması fikri Avromərkəzçiliyə alternativ yaratmaq imkanı verir. Dərin və zəngin ənənə varsa, o, qloballaşma, mədəni imperializm və Avromərkəzçilik təzyiqləri qarşısında davam gətirə bilir. Üstəlik, mühafizəkarlıqla deyil, gözəl sintez nəticəsində milli və bəşəri olanı qovuşdurmaq, ənənəyə yenidən və yaradıcı nəzər salmaq mümkün olur. Azərbaycanlılar Azərbaycan və Şərq musiqisinin melodizmini saxlamaqla onu Avropa polifonizmi ilə sintez etdilər, milli çalarlı simfonik musiqi, opera və balet sənətini inkişaf etdirib, bu işin pioneri olan Ü. Hacıbəylini, muğamı, milli poeziyanı sevməkdə davam edirlər.

 

Yerli ədəbiyyatın inkişafı və təbliği üçün nə etmək lazımdır? Milli ədəbiyyatın daxili potensial enerjisi güclüdür, ideoloji təsirlərdən tam azad olmasa da, o, böyük və işlək muxtariyyətə malikdir, onun bar verməsinə, məhsuldar olmasına çalışmaq lazımdır. Qədim ədəbiyyatın böyük hissəsi çağdaş zamana şifahi ədəbiyyat, folklor şəklində gəlib. Ənənə üzərində qurulan folklorun öyrənilməsi və medialaşması (film, televiziya) Avromərkəzçi baxışa layiqli cavab verə bilir.

 

Milli ədəbiyyatların sərhədləri aşması, geniş oxucu kütləsinə qovuşması tərcümədən keçir. “World Literature Today” kimi nüfuzlu jurnal yerli ədəbiyyatların tərcüməsi və nəşri işinə və bu mənada çağdaş dünya ədəbiyyatının inkişafına böyük töhfə verir. Hər böyük dildə bu cür jurnallar olsa yaxşıdır (nisbətən kiçik dillərdə belə jurnallar var, onlar dünya ədəbiyyatının seçilmiş nümunələrini tərcümə edib oxuculara çatdırırlar). Compatarive Literature (iki və ya bir neçə ədəbiyyatın müqayisə ilə öyrənilməsi) kimi çalışmalar da yerli və böyük (dil və oxucu mənada) ədəbiyyatlar arasında körpü salır. Yerli ədəbiyyatların tərcüməsi, öyrənilməsi və yayılması işində antologiyalar və dərsliklər də rol oynayırlar. Adətən dərslik və antologiyalar bir seçim işidir, cüzi azlıq böyük çoxluq içində seçim edir, qərar verir. Alternativ dərsliklərə, konfranslara, antologiyalara, jurnallara çox ehtiyac var. Yerli ədəbiyyatları və tərcümələri dəstəkləyən mükafatlar sisteminin inkişafı da işə kömək edir. Ədəbiyyatın film və internet yolu ilə mənimsənilməsi də unudulmamalıdır.

 

Dünya ədəbiyyatını, o cümlədən Avropa ədəbiyyatını bilmək öz ədəbiyyatımızı yaxşı başa düşüb qiymətləndirmək və inkişaf etdirmək üçün həyati vacib məsələdir.

 

525-ci qəzet  2017.- 20 may.- S.19.