“İri gözlü uşaq” - Vaqif
Əlixanov - Alexandro
Kamil Vəli NƏRİMANOĞLU
Türkoloq, ədəbiyyatşünas
Bu başlıq mənim deyil. Keçən əsrin
60-cı illərin sonu 70-ci illərin əvvəllərində
Səhhət Veysov adlı bir uşaq (təbii ki, indi
yaşlanıb) qeyri-adi şəkillər çəkirdi.
Və Hüsi Hacıyev küçəsində
rəsm salonunda bu vunderkind uşağın (möcuzə
cocuğun) rəsmləri sərgidə hər kəsin diqqətini
cəlb etmişdi.
Bu rəsmlərdən
bir az Salvador Dalinin, bir az Pikassonun, bir az da
Səttar Bəhlulzadənin qoxusu gəlsə də, bu
uşaq əsl rəssam idi. Balaca boyu, kiçik
əlləri, böyük ürəyi və iri gözləri
ilə. Vunderkindlərin taleyi çox zaman
uğursuz olur. Öz orbitindən
çıxan planet kimi o uşaqlar da öz ətrafından
ayrılmağa, yavaş-yavaş yalquzaqlaşmağa
başlayırlar. Bu cür tənhalıq çox az vaxtlarda uğurlu olur. Əksərən,
azmış, qopmuş göy cisimləri kimi yox olub getməyə
məhkum olurlar. Nə isə... Əgər
yaşayırsa, Allah səhhət, ömür və qut versin.
O zaman
çox məşhur olan, özəlliklə gənclərin
ümüd yeri, tapınağı olan “Qobustan” toplusunda
dostumuz Vaqif Əlixanovun “İri gözlü uşaq”
yazısı Səhhət Veysova həsr olunmuşdu. O
yazının ləzzəti hələ də
canımdadır. “Qobustan”da Anarın, Azər
Abdullanın, Tofiq Məhərrəmoğlunun və bəndeyi-həqirin
yazıları çap olunurdu. Bu
yazılanlar böyük dünyaya, xüsusən sənət
dünyasına çıxmaq, Sovet əxlaq prinsiplərini və
sosialist realizm kriterlərini yıxmaq, daha çox Moskva,
Peterburq metropolunu anlamaq, dissident (aykırı
düşüncə) axınını dərk etmək, mənimsəmək
üçün edilmiş ilk təcrübələr idi.
Vaqif
Əlixanov, Vidadi Paşayev (yayınlanınca atəşlə
qarşılanan “Özüm, gözüm, sözüm”
kitabının müəllifi, 25 yaşında Rəsul
Rzanın xahişi, Cəfər Cəfərovun - rəhmətliklərin,
tövsiyəsi ilə “Gənclik” nəşriyatının
baş redaktoru - Allah rəhmət eləsin), Vidadi Məmmədov
(az yaşasa da, yaşıdlarının sənət müəllimi
olan, Niyazi haqqına yazısı və iki hekayəsi bizim ədəbiyyatın
klassik örnəklərindən sayıla bilər), Natiq Səfərov
(qapısı dünya ədəbiyyatınına
açılan tərcümə məktəbinin təməlini
atan dostumuz), cəsarətli yazıları ilə Azərbaycan
jurnalistkasında və nəsrində məhrəm, isti və
insani jurnalistikanın ciddi örnəklərini yaradan Azər
Abdulla, bizim “kənd nəsrinin” Vasili Belovu, Şuşkini
sayıla biləcək Mövlud Süleymanlı, Türkiyədə
indi tərs köşə üslubu adlanan publisistikanın ən
ciddi fiquru Tofiq Məhərrəmoğlu, yeni şeirin
bayraqdarları Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Dilsuz
Mustafa, rəhmətlik Eldar Baxış, əsər qoyub getməsə
də, iz qoyub gedən filosof, ədəbiyyatçı,
dostumuz rəhmətlik Tanrıverdı - Tango, o zaman məşhur
“Süd” hekayəsinin yazarı Əli Həsənov, “Cəfəroğlunun
qayıtması” hekayəsinin yazarı Vaqif Nəsib və daha
kimlər, kimlər...
Bu nəslin ilham qaynağı və təməl sənət
sığınacağı, birinci növbədə
yenilikçi Azərbaycan ədəbiyyatının yeni
şeiri və yeni nəsri idi.
Başda
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Ənvər Məmmədxanlı,
İlyas Əfəndiyev, Yusif və Vaqif Səmədoğlu
qardaşları, Əli Kərim, Sabir Əhmədli, İsa
Hüseynov, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə,
Maqsud və Rüstəm İbrahimbəyov qardaşları,
Xudu Məmmədov, Elçibəy, Firudin Şuşinski
olmaqla bu yazar özgür düşüncə pleyadası Azərbaycana
yeni bir hava gətirən istedadlı gənclər idi. Bu sıralama və adlar Sizə qəribə gələ
bilər. Əslində, bu adlar və şəxsiyyətləri
Azərbaycanın yeni ədəbi və ictimai fikrinin
üç axarında dəyərləndirmək olar. Mən fərqli sıralandırmaya da, adlara da
sayqılıyam. Birinci axın
“ağsaqqallar” - yeni fikrin əhəng daşları, ikinci
axın yeni şeirin, yeni nəsrin və yeni jurnalistikanın
təməlini atanlardır. Bu sırada
Abbas Abdullanın, İsa İsmayılzadənin, Ələkbər
Salahzadənin, Məmməd İsmayılın adını
unutmaq insafsızlıqdır. Üçüncü
axın yeni siyasətin və yeni düşüncənin
başını çəkənlər, yeni tənqid və
yeni arayış, axtarışların təmsilçiləri
idi. Yeni axının ortaya
çıxmasının sosial və siyasi səbəbi Stalin
buzlarının əriməsi və yeni dünya
havasının Azərbaycana gəlməsi idi. Bizim nəslin
bu axını - o zaman ən gənc,
indi artıq yaşlı nümayəndə, alim
yazıçı Kamal Abdulla, Niyazi Mehdi, tənqidçilər
Nadir Cabbarov, Vaqif Yusiflinin adlarını unutmağa
haqqımız yoxdur. Bəxtiyar Vahabzadənin
universitet dərsləri onun şeirləri və məqalələri
qədər qiymətli və əvəzedilməz idi. Və
hər nəslin çayxana məktəbi var. Azad fikrin
yuvası olan bu çayxanalardan çıxan elm, sənət
və fikir adamları yavaş-yavaş universitetlərdə, qəzetlərdə,
radio və televiziyalarda özünə yer aldıqca,
ictimai-siyasi fikir də dəyişir, ədəbi
arayışlar da yeni məcraya yönəlirdi. Yenilənmənin
bir adı Mirzə Cəlil məktəbi, başqa adı “Mənim
Füzulim” axını, digər bir axını da
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə. Rəsulzadə
indeksli və simvollu idi.
Mən bu girişi yazmaq məcburiyyətindəyəm. Əslində,
bu giriş ayrı bir kitabın mövzusudur. Çox zaman sonraki nəsillər insanları əsərlərinə
görə yox, maddiləşmiş fikirlərinə görə
dəyərləndirirlər. Çox az
yazıları çap olunan və ya çap olunmayan
insanların xidməti unudulur. Təəssüf
ki, bizdə bir sıra səbəblərdən bu ədəbi-ictimai
siyasi tarix doğru-dürüst yazılmamış və təhrif
edilmişdir. O dövrdə Rəsul Rzanın rəhbərlik
etdiyi Azərbaycan Sovet Ensiklopediyasının
yayınlandıqdan sonra toplanaraq yandırılmış
birinci cildi, yuxarıda bəhs etdiyimiz “Qobustan” dərgisi,
Əkrəm Əylislinin baş redaktorluğu ilə
yayımlanan “Azərbaycan” jurnalı, Yusif Səmədoğlunun
baş redaktoru olduğu “Ulduz” jurnalı, Məmməd
İsmayılın baş redaktoru olduğu “Gənclik”
jurnalı, Azərbaycan radiosunun “Bulaq” başda olmaqla
ayrı-ayrı verilişlərinin, bir sıra təqiblərə
baxmayaraq, yeni düşüncənin ortaya
çıxmasında rolu və önəmi danılmazdır.
Azərbaycanın düşüncə tarixini
bu şəxsiyyətlərsiz və bu axınlarsız təsəvvür
etmək mümkün deyil. Əlbəttə,
bizim unutduğumuz və ya bilmədiyimiz isimləri, dərnəkləri
də diqqətə almaq gərəkdir.
O zamanlar
Azərbaycanda dissident fikrin daşıyıcısı olan
insanların, yaşamağa, yaratmağa ehtiyacı olan şəxsiyyətlərin
üstündən sakitcə keçmək tarixə
sayqısızlıqdır. Burada mən universitetdən
tanıdığım tarixçi Lətif Əsgərovun,
Ədhəm Şahmalıyevin, Əli Fəhminin, riyaziyyatçı
Səfər İbrahimovun, Şirməmməd Hüseynovun,
Yazıçılar İttifaqında tərcüməçi
İsaq İbrahimovun... adlarını çəkməməyi
haqsızlıq bilirəm. Xudu müəllim
diqiq elmlərdə, kristalloqrafiya sahəsində nə qədər
böyük alim olsa da, düşüncə tariximizdə də
bir o qədər böyük simvoldur. Və
ya Elçibəy dissident düşüncənin, milli hərəkatın
və müstəqil dövlət həyatının ən
önəmli adı kimi ayrıca bir araşdırma
mövzusudur. Bununla bərabər onun ədəbi-fəlsəfi
düşüncələri də, yazıları da siyasi
düşüncələri qədər önəmlidir və
yeni düşüncənin memarlarından biri olaraq başqa
bir önəm daşımaqdadır.
Ədəbiyyatda, elmdə, ictimai siyasi düşüncədə,
yeniləşmədə Ziya Bünyadovun, Süleyman
Əliyarovun, Mahmud İsmayılovun, Şövkət
Tağıyevanın ayrı bir yeri olduğunu göstərməmək
olmaz. Mən bu sıraya adları bilinən və ya bilinməyən
dissidentləri yazmağın və dəyərləndirməyin
tərəfdarıyam.
Xalq ədəbiyyatına, xalq fikrinə, əcdad ruhuna,
Türklük və İslam fəlsəfəsinə, yeni
dünya düşüncəsinə, milli düşüncəyə,
demokratik düşüncə tərzinə yol açan
insanların əməyinə, əsərlərini, fəaliyyətlərini
dəyərləndirmədən bu tarixi gərəyincə
öyrənmək olmaz.
Bu “kiçik” girişdən sonra mən yenidən dostum
Vaqif Əlixanovun şəxsiyyətinə,
yaradıcılıq yoluna və ruhuna, Azərbaycanın
düşüncə tarixindəki roluna dönmək istəyirəm. Biz Vaqif müəllimlə
Azərbaycan radiosunda tanış
olmuşuq. O zamanlar onun da yazdığı “Bulaq” verilişləri,
televiziyada “Politra” proqramının aparıcısı və
müəllifi kimi uzaqdan tanıyır və hörmət
edirdim. Tanışdıqdan sonra 40-45 illik həyat yolunda onun nə
qədər istedadlı, orijinal və bütöv insan
olduğunun şahidi oldum...
60-cı illərin sonu, 70-ci illərin əvvəli rejim
havası ilə yeni dünya havasının kəsişdiyi,
üz-üzə gəldiyi qarşılaşma, qurtuluşun
yavaş-yavaş yalnız Azərbaycana deyil, sovet
imperiyasındakı xalqlara gəlməyə
başladığı illər idi. Hər dəyişmə,
dönüşmə özü ilə sevinclə, coşquyla
bərabər, sıxıntı, ağrı da gətirirdi.
Yeni dünyaya hamilə olan köhnə
dünyanın bu ağrı-acılarını yaşamaq
bizim nəslin də qisməti olmuşdu.
Uzaq
dağ kəndindən əsgərliyə, oradan da paytaxta gələn
və radioda öncə texniki işə, sonra isə
yaradıcı işə başlayan bu ucaboylu, ala
gözlü, yaraşıqlı oğlanın gəncliyindən,
kişi gözəlliyindən, boy-buxunundan
və öyrənmə ehtirasından başqa heç nəyi
yox idi. Doğrusu, uca dağ bölgəsi Qonaqkənd
başqa bir dostumuzu - o ucalıqlardan dünyanı bir başqa
şəkildə fəthə gəlmiş şair dostumuz rəhmətlik
Tahir Aslanı xatırlatdı. Yox, Tahir
Vaqifin sortundan deyildi. Fərasətdən
yoğrulmuş Tahir yaxşı bildiyi ruscası ilə, rusca
yazmağa başladığı şeirləri ilə yeni
dünyanın qapılarını başqa bir açarla
açmış, cavan yaşlarından, Vidadi dostumuz
demişkən, dünyanı bir dəfə yaşayıb
yenidən yaşamaq təcrübəsi qazana bilmişdi.
Moskvanın Tahirin əlində aciz qaldığı
dönəmlərdə Vaqif evsiz-eşiksiz, kirayədə, dəmir
çarpayıda-raskladuşkada gənclik dövrünü
yaşayırdı. Bəzən ağır işdən sonra elə radioda, iş otağında stulları
baş-başa qoyub yatırdı. Amma onun
dünyası böyüdükcə bu məişət
sıxıntıları kiçilir, yox olub gedirdi.
Başının altına yastıq yerinə qoyduğu
kitablar, Şıx çimərliyinin səhər erkən sərinliyi,
orda top dalınca qaça-qaça Pele ilə, Eysebio ilə,
Maradona ilə, bizim Ələkbər Məmmədovla,
Banişevski ilə eyni meridianda yaşaması onu Şumer
dünyasına, qədim Misir piramidalarına, Hind, Yapon
dünyasının əsrarına aparıb
çıxarırdı. Memar Tango ilə, Korbuzye ilə,
rejissor Kurasava ilə, rus-tatar mənşəli Tarkovski ilə,
Folknerle, Fellini ilə, Antonioni ilə, Markeslə, Salvador Dali
ilə, Van Qoqla... tanışlıq ona elə bir qanad
vermişdi ki, o artıq sərhəd, hüdud tanımayan bir
sənət dünyasının vətəndaşı
olmağın möcüzəsini yaşayırdı. O illərin
gəncliyinin fikir dünyası İçərişəhərlə,
Qobustanla simvollaşmışdı.
Bir dəfə “Bulağ”ın növbəti verilişini
yazmaq üçün atalar sözlərinin klassik bilicisi və
toplayıcısı 50 yaşlı Əbülqasım
Hüzeynzadənin İçərişəhərdəki
evinə getmişdik. Bir-birinə sıxılmış evlərin,
dar küçələrin arasında bir meydançaya
çıxdıq. Sonra bu qədim insan məskənində
bu qala-şəhər içində bir parça səma ilə
qarışmış, bir parça nağıl ilə birləşmiş
evlərin, küçələrin içində 15-20
kvadratmetr kosmik səmaya - talaya çıxdıq. İçərişəhərin bağrında
gizləyib saxladığı bu səma-məkan Vaqifi
ovsunlamışdı. Bu meydança, bəlkə
də, İçərişəhərin ovcunun içi idi, bəlkə
də ürəyinin başı idi.
Vaqif bir
anlıq dayandı və öz-özünə
pıçıldadı: “Kaş Antonioni bu qəribə
talanı görəydi. Filmlərdən birində
İtaliyanın heç kəsin görmədiyi eşq
möcüzəsini İçərişəhərə
köçürərdi”.
Mənə deyil, özü-özünə söylədiyi
bu tək cümlə Vaqifin xəyallarındakı
dünyanın arayışı-axtarışı idi. Atalar sözündə, uzaq
dağ kəndində bu gün də yaşayan qopuzun səsi
ilə Fellininin “Bəyaz gəmisi” filmi, Dalinin dəli
dünyası ilə Səməndər Rzayevin, Məhluqə
xanımın hardansa uzaqlardan, tarixdən gələn səsini
bir ürəkdə yaşamaq-yaşatmaq ehtirasının yeni
dünya arayışının bir parçası olduğunu
mən Əylislinin “Tənhaların nağılı”nda da,
Eldar Baxışın, Akif Səmədin misralarında da, Səttar
Bəhlulzadənin fırçasından qopmuş fəryadında
da, Paracanovanın Surama qalasında axtarıb
tapmadığı möcüzə dünyasında da
görmüşəm. O zaman nəsillərin davası indilərin
siyasi qalmaqalından daha kəskin idi. İndi bu yaşlı
vaxtımda anlayıram ki, Vaqif də, Əkrəm, Əli Kərim,
Anar, Yusif, Mövlud, Natiq, Vidadi kimi hüdudlar, divarlar
arasında aydınlığı, gerçəkliyi,
barmaqlıqlar arxasında xəyalların genişliyini
görmək istəyən, rənglərin, səslərin
möcuzəsini arayan dərviş xislətli
yaradıcılar olmuşlar. Hər şey dərvişin
ürəyində başlayırmış... Vaqifin Mədəniyyət
Nazirliyində məsul vəzifəyə daşınması həm xoş bir
təsadüf idi, həm də zərurət. O zamanlar Vidadi
Paşayevin “Gənclik” nəşriyyatının baş
redaktoru olması, Ramiz Rövşənin kinostudiyada
daşıdığı məsul vəzifəsi, Sabir Rüstəmxanlının
“Yazıçı” nəşriyyatındakı baş
redaktorluğu yeni nəslin ilk vəzifə qisməti idi. Rəsmiyyətin, rejim sərtliyinin içində
boğulan mülayim hava, qışın bitməkdə
olduğunun, yazın gəldiyinin işartıları idi.
Sonra Vaqif evləndi. Bizim tələbəmiz,
bacımız Şəfəq xanımla evlilik dünyanın
xoşbəxt izdivaclarından biri oldu. Alexandronun
- Vaqif Əlixanovun ziyalı ailəsinin dörd qız
uşağı daha dörd ziyalı ailəsi demək idi.
İçərişəhərli Şəfəq
xanım Vaqif bəyin İçərişəhərdə
qaldığı illərdə axtardığı və nəhayət,
tapdığı qisməti imiş.
Sonra nə oldu? Sonra çox şey oldu. Çox şey dəyişdi. Olan
oldu, olmayan da olmadı.
İndi bu sözləri yazanda anlayıram ki, dünya mütləq sərhəddinin qovuşacağında deyil, bir-birinin içində yaşayan təzadların, xoşbəxtliklərin və bədbəxtliklərin, adiliyin və möcuzənin, xəyalın və gerçəkliyin zəruri bir vəhdətidir. İlahi qüdrət nə buyurmuşsa, o da olur və ya olmur. Hər nəslin öz taleyinin ardınca getdiyi bu ömür bir fürsət, gözəl dünyada Vaqif Əlixanovun doğulması, yaşaması, var olması da bir xoşbəxtlikdir.
Bu yaxınlarda öz qız balası ilə bir televiziya proqramında Vaqif Əlixanovun uca boyunu, ala gözlərini görəndə, doğma səsini eşidəndə dəhşətli dərəcədə sevindim. Onu görə yox ki, dostumu gördüm. Ona görə də yox ki, qürbətdə yaşayan həsrətli idim. Yox. Mən Vaqifin simasında yaşadığım yetim keçmişi, burulğan içindəki gəncliyimi, heç vaxt geri dönməyən dostlarımı gördüm.
Xatirələr və düşüncələr geri dönüşü olmayan insanların, olayların, duyğuların yuxusudur. Bir ömür yaşadıq, bir yuxu gördük. Gedəcəyimiz əbədiyyətdə görəcəyimiz elə bu gördüyümüz yuxu imiş.
lll
Nə deyim... Böyük oğlumun kirvəsi, qədim dostum Vaqif haqqında bir kitablıq sözüm var. Bu söz yalnız Alexandro - Vaqif Əlixanov haqqında deyil, indi artıq sıraları bir xeyli azalmış, seyrəlmiş nəslimiz haqqındadır. Allah qalanları qorusun... Allah Vaqif bəyi və ailəsini hifz eləsin. Amin.
525-ci qəzet 2017.- 20 may.- S.17;24.