Mayıs günləri

 

Şirməmməd HÜSEYNOV

 

 

2018-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur.

 

Bu münasibətlə prezident İlham Əliyev böyük tarixi əhəmiyyətli sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.

 

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.

 

Bununla yanaşı, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi.1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi.

 

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.

 

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

 

Sərəncama əsasən, xalqımız və dövlətimiz üçün mühüm məna kəsb edən bu əlamətdar hadisə bütün respublika ərazisində təntənəli şəkildə qeyd ediləcək, cümhuriyyətin qurucuları dərin hüznlə yad olunacaqlar.

 

Bu münasibətlə professor Şirməmməd Hüseynovun redaksiyamıza təqdim etdiyi, cümhuriyyət dövrünü və onun qurucularının keçdiyi şərəfli mübarizə yolunu əks etdirən tarixi əhəmiyyətli yazıları oxucularımıza təqdim edirik.

 

“525”

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

Şirməmməd Hüseynov

 

Azərbaycan istiqlalının 13-cü il dönümünü təşkil edən bu mübarək gündə, biz mötad tradisyonumuzu bir az dəgişərək sadə 28 Mayısdan degil, ələlümum Mayıs günlərindən bəhs etmək istəriz.

 

Azərbaycan istiqlalı uğrunda davam edən şanlı mücadilənin Qafqasiyanın müştərək xilası ilə birlikdə davam etməsindəki zərurət artıq günün şüarını təşkil etmişdir. Bütün Qafqasiya xilas olmadıqca Qafqasiya Cümhuriyyətlərinin ayrı-ayrı xilas olacaqlarındakı əndişəyi, artıq hər kəs anlamaya başlamışdır. Bu anlayışın zehinlərdə əsaslı surətdə yerləşməsi milli mücadiləmizin müvəffəqiyyəti nöqteyi-nəzərindən pək mühümdür.

 

İştə bu əhəmiyyətin qiymətini ayrıca təqdir etdirmək üçün biz bugünki ənənəvi məqaləmizi 28 Mayısa degil, ələlümum Mayıs günlərinə təxsis ediyoruz!

 

Mayıs günləri - bunların sayı üçdür: 11, 26 və 28 Mayıs!

 

Mayıs münasibətilə nəşr etdigi Bəyannamələrindən birində Qafqasiya İstiqlal Komitəsi bu günlərdən bəhs edərkən şöylə bir tərif yapmışdı:

 

“11, 26 və 28 Mayıs - iştə yekdigərini təqib edən 3 gün ki, bircə Mayıs ayına, yalnız təbiətin degil, tarixin də həyatbəxş bir mövsümü hökmünü verməkdədir”.

 

Əvət, 1918 sənəsində 11 Mayısda Şimali Qafqasiya, 26 Mayısda Gürcüstan, 28 Mayısda da Azərbaycan ilə Ermənistan Cümhuriyyətləri istiqlallarını elan etmişlərdir.

 

Aşağı-yuxarı bir əsr sürən çar idarəsi, afaqi surətdə müxtəlif qövmlərlə məskun Qafqasiya üzərində, bu ənasirin birər milli vəhdət təşkilinə səbəb oldu. Tarixin mükəddər cərəyanı ilə Rusiya imperatorluğu çökü verincə Qafqasiya səhnəsində başlıca 4 millət zühur və birər müstəqil cümhuriyyət elanla, kəndi mövcudiyyətlərini cahana qarşı təsbit etdilər.

 

Çar idarəsi altında milli birliklərini və dövlət həyatı ilə yaşamaq əzmlərini bütün Qafqasiya millətləri, bu dəfə, qızıl çarizmin hər şeyi təzyiq edən məzalimi altında Qafqasiyanın su və hava qədər möhtac olduğu bir məfhumu - Qafqasiya birligi məfhumunu dərk etdilər.

 

Bu sətirləri yazarkən qarşımızda Qafqasiya İstiqlal Komitəsi tərəfindən nəşr olunan “Bülleten”in 13-cü nömrəsi duruyor. Bu nüsxə Qafqasiya Konfederasyonu fikrinin tənvirinə təxsis edilmiş məxsusi bir nüsxədir. Burada dərc olunmuş materiallar hər dürlü təfsir və mütaliədən ari olaraq, bir taqım vəqayı zikr ilə vəsiqələr, rəsmi və nim rəsmi bəyanat ilə yazılardan ibarətdir. Tərtib etibarı ilə milli qisimlərə ayrılmış bulunan “Bülleten”in Azərbaycan qismi Milli Azərbaycan Mərkəzinin bir qərarnaməsi ilə başlıyor. Azərbaycandakı üsyan hərəkatının təhlilinə təxsis olunan bu rezalyusyon, mövzuu bəhis hadisələrə ümumi Qafqasiya miqyasında bir məna verərək, əz cümlə diyor ki:

 

“... Azərbaycan istiqlalından bəhs edərkən Müstəqil Qafqasiya Konfederasyonu ilə birlikdə bəhs etməlidir, çünki Azərbaycanın xilası ancaq bütün Qafqasiyanın xilasilə birlikdə mümkündür!”

 

Azərbaycan qismində dərc olunmuş digər bütün materiallar dəxi eyni fikri daha sərih və vazeh bir surətdə, müxtəlif şəkillərdə ifadə etməkdədir.

 

Gürcüstan qismindəki materiallar da eyni mahiyyətdədir. Gürcü sosial-demokrat firqəsinin gizli konqresində qəbul olunmuş rezalyusyondan iqtibasla dərc olunmuş parçada xaricdə çalışan firqə müəssisələrinə müstəqbəl Qafqasiya Konfederasyonunun konstitusyon projesini tənzim etmək təklifinə aid qisim dərc edilmişdir. Eyni zamanda, gürcü sosial-demokrat firqəsi əcnəbi məmləkətlər bürosu nəşri-əfkarı “Mücadilə sədası” qəzetəsinin bu rezalyusyonundan bəhs məqaləsinin aşağıdakı sətirləri nəql edilmişdir. Bu sətirlərdə deniliyor ki:

 

“.... Qafqasiya Konfederasyonu artıq firqənin rəsmi bayrağını təşkil ediyor. Bu bayrağa hizmət etmək, onun altında mücadilə edərək məqsədə doğru yürümək firqənin ən şanlı vəzifəsidir!..

 

Şimali Qafqas qismi də bi fikri təyid ediyor. Qafqasiya Konfederasyonu fikrinin ötədən bəri dağlılar tərəfindən tərvic olunan bir qayə olduğu təsbit edildikdən sonra “dörd tərəfdən mühat bulunduğumuz şərait qafqasiyalıların müttəhid olaraq hərəkət etmələrini bizə ciddiyyətlə hökm etməkdədir” diyor!

 

Qafqasiya təşkilatları naminə nəzəri olaraq təyid olunan bu fikrin Qafqasiyada mücadilə halında bulunan xalq tərəfindən felən nümayiş etdirməkdə olduğunu nəşriyyatımızı təqib edənlər bilirlər. Sovet hökumətinin Qafqasiyada vahid bir cəbhə qarşısında qaldığı, başda Eliyava olaraq keçənlərdə bolşevik mətbuatı ilə komunist komisarların kəndi bəyanatlarına binaən nəşr edilmişdi.

 

Həddi-zatında coğrafi bir vəhdət təşkil edən Qafqasiyanın eyni zamanda, iqtisadi bir vəhdət arzu etdigini də nəzərə alırsaq, Qafqasiya millətlərinin siyasi bir ittihad haqqındakı bu əzmlərinin nə böyük bir qiymətə haiz olduğu anlaşılır.

 

Qafqasiyadakı milli hərəkatlar haqqında mənfi rəy bəsləyən bədbinlər, əksərən buradakı milliyyət fərqlərinə işarət edərək, bunların bir vəhdət təşkil edəmiyəcəklərini və bu üzdən də, ayrı-ayrı qalacaqlarından, müxtəlif qafqasiyalı Cümhuriyyətlərin payidar olamıyacaqları kibi mənfi nəticələrə gəlirlər.

 

Siyasi vəhdətin və ya ittihadın təmini üçün milli vəhdət və ya irqi qərabətin  əhəmiyyəti aşkardır. Fəqət cahan tarixi bizə milliyyətcə fərqli olan cəmiyyətlərin də siyasi bir vəhdət və müştərək bir dövlət təsis etdiklərini göstərməkdədir. İştə İsveçrə!

 

İsveçrə Konfederasyonunu başlıca 3 millət təşkil edər: fransız, italyan və alman. Böylə ikən bu kiçik məmləkət cahan hərbi kibi müdhiş sarsıntıda kəndi şirazəsini heç də sarsıtmadı. Saydığımız 3 millətə mənsub və İsveçrəyə qonşu olaraq böyük Avropa dövlətlərinin cahan hərbində yekdigərinə düşmən olduqlarına rəğmən kiçik İsveçrə kəndi bitərəfligini mühafizəyə müvəffəq oldu. Bu müvəffəqiyyəti ona təmin edən qüvvət nə idi?

 

Siyasi və həyati mənfəətlərin ortaqlığı, bu ortaq mənfəətlərin müdafiəsi uğrundakı bərabər mücadilə və bərabər olaraq yaşaması tarixi müqəddərat iştə o qüvvət ki, bütün İsveçrə millətlərində kəndi hürriyyətlərini müştərəkən müdafiə ruh və iradəsini doğurmuşdur!

 

Qafqasiyadakı milli və qövmi ənasirin aralarındakı fərqlərə rəğmən yaşadıqları tarixi müqəddəratdakı eynilik o dərəcədədir ki, onlarda müştərək siyasi bir iradə doğmasını mücib oluyor.

 

Sovet rejiminin çəkilməz məzalimi altında bütün qafqasiyalılarda hürr və müstəqil bir həyat ilə məsud olmaq üçün sarsılmaz bir iradə vücud buluyor. Kəndilərində siyasi istək əzm birligi doğuyor. Qeyb olmuş hürriyyətlərinin iadəsi üçün vuruşarkən onlar bu cidalın əlbirligi ilə faydalı olacağına qanedirlər!

 

Coğrafi və iqtisadi birliklə bərabər, konfederasyon fikrinin gələcək müvəffəqiyyətini təmin edən 3-cü amil dəxi təkəvvün ediyor - siyasi hədəflər birləşiyor!

 

Tarixi vaqiələrin cərəyanı əqəbində, təbii olaraq gələn şüurdur ki, bir fikir-qüvvət (idefors) olaraq, ictimai hərəkətlərin nihayi zəfərini təmin edər.

 

Qafqasiya Cümhuriyyətləri tarixlərilə müvazi bir tarixə malik olan müstəqil Qafqasiya Konfederasyonu fikrinin şu andakı qüvvəti əsl orasındadır ki, on sənədən bəri qızıl rus istilasına qarşı Qafqasiya millətləri tərəfindən yürüdülən mücadilə qafqasiyalı zişüur ünsürlərin sabit bir fikri (idefiks) halına gəliyor. Bu qəziyyə sadə nəzəri-mahiyyətdə olan vəsiqələrlə degil, məzlum vətənin dağları ilə ovalarında tökülən al qanlarla dəxi felən isbat olunmaqdadır.

 

İştə istiqlal mücadiləmizin bu şanlı il dönümündə, buradan, bu vətəndən uzaq mühacirətdən oraya, o həpimizin hürriyyəti üçün qanlara qəltan cananımız diyara candan gələn atəşin salamlarımızı göndərirkən, hər dürlü məzlumluqlara qatlanan yılmaz mücahidlərimizə tutduqları doğru yolda sarsılmadan ilərləmək üçün kəndilərinə müvəffəqiyyət təmənni edəriz!

 

Əvət, vətəndaşlar, 28 Mayısı yaşatırkən, biz ələlümum Mayıs günlərini yaşatmış olduğumuzu unutmayalım; biləlim ki, “sadə təbiətin degil, tarixin də həyatbəxş bir mövsümü olan Mayıs” bizim üçün bir güldür.

 

Yaşasın 28 Mayıs, yaşasın Mayıs günləri!

 

M.Ə.Rəsulzadə

15.V.1931

“Odlu-Yurd”, 28 Mayıs 1931, ¹ 3(28)

 

Mötad - vərdiş, adət edilmiş

Afaqi - üfüqi

Tənvir - işıqlandırma, işıqçı

Təxsis - həsr etmə

Şirazə - nizam, intizam

Təkəvvün - təşəkkül etmə, mövcud olma

Əqəb - arxa, geri

Zişüur - düşüncəli, şüurlu

 

Azərbaycan Parlamentosu

 

(1918 - 7 Birinci kanun (dekabr) 1930)

 

Azərbaycanın 1918-1920 istiqlal və demokratik cümhuriyyət illərini və bu illərə təqəddüm edən dövrləri tədqiq edəcək olan istiqbalın münəvvər və alim nəsli, 7 Birinci kanun və onun tarixi əhəmiyyəti üzərində çox duracaqdır. 12 il bundan əvvəl, 1918 sənəsi 7 dekabrda müstəqil Azərbaycan dövlətinin, hakimiyyəti-milliyəyi təmsil edən və ən yüksək məqamı olan Milli Azərbaycan Parlamentosu açılmışdır. Bu parlamentonun Azərbaycanın siyasi tarixində pək böyük rolu olmuşdur.

 

Təşrih, icra və kontrol qüvvətlərini kəndisində toplaması və məmləkətin, əqəliyyətlər dəxi daxil olmaq üzrə, bütün siyasi cərəyanlarını təmsil etməsi etibarı ilə, rəisi-cümhursuz idarə olunan Azərbaycana bu parlamento “Tipik Məclis Cümhuriyyəti” şəklini vermişdi.

 

Şərqdə, İslam aləmində və Türk dünyasında ilk cümhuriyyət olan Azərbaycan, “Məclis Cümhuriyyəti” olması etibarilə orjinal bir şəkli idarə təşkil etməkdə idi.

 

Azərbaycan parlamentosu pək ağır bir şərait və gərgin bir vəziyyət içərisində təşəkkül etmişdi. Mondros mütarikəsi mövcibincə Azərbaycanda bulunan Türkiyə qüvai-imdadiyyəsi Qafqasiyayı ingilislərə təslim edərək çəkilməkdə idi. İstiladan, ümumi qətliamdan daha 2 buçuk ay əvvəl qurtarmış olan Azərbaycan üzərində ingilis və rus təyyarələri uçuşuyor, “Azərbaycanın ana vətən Rusiyaya ilhaqını təbşir” edən bəyənnamələr atıyordu.

 

Bakı limanına yaxınlaşan vapurlar

 

peydərpey rus, ingilis və erməni qüvvətləri çıxarıyordu.

 

Əskəri qüvvəti kafi qədər mövcud olmayan Azərbaycan Cümhuriyyəti başdan-başa matəmə bürünmüşdü.

 

İştə böylə bir zamanda 6 ay əvvəl Gəncədə, irtica qüvvətlərinin təzyiqi ilə Türkiyə qüvai-imdadiyyəsinin təklifi üzərinə bütün səlahiyyətini Fətəli Xanın təşkil etdigi 2-ci Azərbaycan hökumətinə tərklə tətili-fəaliyyət etmiş olan Azərbaycan Milli Şurası yenidən iş başına gələrək 7 Birinci kanunda (dekabrda) Milli parlamento halında təşəkkül ediyor və Milli istiqlal və Milli hakimiyyəti müdafiə və mühafizə kibi ağır, çətin, tarixi vəzifələr dəröhdə ediyordu.

 

Gərək Azərbaycanın milli varlığını, istiqlal və hakimiyyət haqqını beynəlmiləl sahədə tanıtmaq, gərəksə daxildə bir dövlət təşkilatı vücuda gətirərək inqilab, hərb və anarşi zamanlarında xələldar olmuş asayiş və əmniyyəti təmin etmək, iqtisadi, ictimai və mədəni inkişaf işlərini yoluna qoymaq, ən mühümü, yoxdan bir ordu, zabitə və ədliyyə qüvvətləri yaratmaq sahəsində pək böyük müvəffəqiyyətlər əldə edən bu parlamento, bu şəklini alıncaya qədər keçirmiş olduğu mərhələlər və daxili təşkilatı etibarı ilə şayani-diqqət bir müəssisə idi.

 

Azərbaycan parlamentosu, yuxarıda qeyd edildigi vəchlə 28 Mayıs 1918 sənəsində Azərbaycanın istiqlal və Cümhuriyyətini elan edən Milli Azərbaycan Şurasından təşəkkül etmişdir. Milli Azərbaycan Şurası istiqlal və Cümhuriyyət elanından sonra, bolşevik-daşnaq istilası altında bulunan Şərqi Azərbaycan və Bakını xilas etmək məqsədilə Türkiyədən yardım dəvət edən və bu xüsusda Osmanlı imperatorluğu ilə ilk beynəlmiləl müahidəsini əqd etmiş olan ilk Azərbaycan hökumətini vücuda gətirmişdi. Mavərayi-Qafqasiya millətlərinin, Qafqasiyayı rəsmən Rusiyadan ayrı elan edən müştərək məclisləri “Seym”də elani-istiqlaldan 2 gün əvvəlinə qədər, Azərbaycan fraksiyonunu təşkil edən Milli Şura, “Seym”dən daha əvvəl, Rusiya çarlığının süqutu üzərinə ümumi Rusiya Məclisi-Müəssisanına, qadın və ərkəklərin iştirakı ilə, sinif və silk fərqi gözləmədən ümumi, müstəqim, müsavi və gizli demokratik prinsiplər üzərinə intixab olunmuş əzalardan ibarət idi.

 

21 yaşını ikmal etmiş olan, qadın-erkək, əmələ-patron, köylü-mülkədar, əsnaf, sərbəst məslək ərbabı, münəvvər vətəndaşların bir dərəcəli intixab üsulu ilə intixab etmiş olduqları bu məclis məmləkətin bütün cərəyanlarını təmsil etmədə idi. Bu cərəyanlar parlamentoda, sağ və sol olmaq üzrə 3 cinaha ayrılmaqda idi. Əksəriyyəti-qahirəyi təşkil edən mərkəz milliyyətçi, radikal demokrat, sağ: mühafizəkarlar; sol: sosialistlərdən mürəkkəbdi.

 

Başda milliyyətçi-türkçü, azərbaycançı-istiqlalçı, demokratik və layiq cümhuriyyətçi, radikal “Müsavat” firqəsi olmaq üzrə məmləkətin bütün xalq kütləsi və münəvvər qüvvətləri mərkəzə daxil bulunuyordu. Başında “İttihadi-İslam” firqəsi olan mühafizəkarlar din müməssilləri ilə feodal və aristokrati-bəqiyyəsini təmsil ediyordu.

 

Sosialistlər: sosial-demokrat “menşevik”, müstəqil sosialistlər və ixtilalçı sosialistlər olmaq üzrə 3 qrup təşkil etməkdə idilər.

 

Məmləkətin sənaye ərbabı, tüccar qismi və sərbəst məslək ərbabı münəvvərlərdən firqəsiz qalanlar - bitərəf fraksiyon adı ilə mərkəzə daxil bulunuyorlardı. Fətəli Xan iştə bu bitərəflər qrupunu təmsil edər və daima “Müsavat” fraksionu ilə bərabər gedərdi.

 

Fəqət xalq intixabatda Azərbaycan fikrini, Azərbaycan bayrağını, istiqlal, Cümhuriyyət və demokrasi şüarlarını, ruslardan maəda, Azərbaycandakı sağın və solun müxalifətlərinə qarşı ilk dəfə olaraq çıxarmış və elan etmiş olan “Müsavat” firqəsinə rəyini vermiş, bu sayədə idi ki istiqlal, Cümhuriyyət və demokrasi prinsipləri müzəffər olmuşlardı.

 

7 dekabr 1918-də Milli Şura parlamentoya çevrildigi zaman bu müəssisəyə məmləkətdə azlıq təşkil edən millətlərdən dəxi müməssil dəvət olunmuşdu. Böyləliklə, Azərbaycan parlamentosunda türklərdən başqa, erməni, yəhudi, gürcü, rus, lehistanlı və alman kolonistlərinin dəxi müməssilləri iştirak etməkdə idilər. Bu millətlərdən saylarına görə, erməni və ruslardan bir kaç, digərlərindən isə birər müməssil iştirak ediyordu. 1918 sənəsinin 7 dekabrından 1920 sənəsi 27 aprelinə, yəni qızıl rus imperialistlərinin istilasına qədər davam edən, Azərbaycana beynəlmiləl təsdiqə nail olmuş bir istiqlal verən, rus, erməni və ingilis qüvvətlərinin yenidən məmləkətdən çıxmalarını təmin edən, çox məhdud olan vəsaiti ilə milli bir ordu yaradan, məktəblər və darülfünunlar açan, dəmir yol v.s. sənaye inşaatına girişən, sənaye və ticarəti yoluna qoyan, təmin etməgə müvəffəq olduğu daxili əmniyyət, asayiş və hürriyyətlə mədəni dünyanın və nəhayət, Cəmiyyəti-Əqvamın təqdirlərini qazanan Azərbaycan parlamentosu, Yaxın, Orta və Uzaq Şərqin bir güzərgahı olan Qafqasiyada, Türk və İslam dünyasında, Demokrasi, Cümhuriyyət və Parlamentarizmin zəfər və müvəffəqiyyətini elan etmiş olmaq etibarı ilə pək böyük tarixi və bəşəri bir rol oynamış oldu.

 

İstiladan sonra təəssüs etmiş olan rejim, istila və kommunist diktatorluğu, kəndisinə təqəddüm edən və sırf yerli, Azərbaycanın kəndi qüvvət, əzm və iradəsilə vücuda gətirilmiş olan parlamentarizm dövrünün qiymət və əhəmiyyətini xalq nəzərində bir qat daha yüksəlmiş oldu.

 

Milliyyətin, hakimiyyəti-milliyənin, istiqlal və cümhuriyyətin düşməni olan istila qüvvəti tətbiqinə girişdigi kommunizm, təsis etdigi diktatorluq və rusluğa mənsub olması etibarilə Azərbaycanda kəndisindən əvvəlki rejimin tam ziddində bir şərait yaratdı.

 

 

Millətin bayrağı endirildi. Məmləkətin yeganə baş müəssisəsi olan parlamento qapadıldı. Azərbaycanın siyasi, əskəri, iqtisadi və milli-mədəni müəssisə və səlahiyyətləri ləğv olunaraq hər şey Moskvadan idarə edilməgə başlandı. Məmləkətdə milliyyətçilik, demokratizm, cümhuriyyətçilik şiddətlə təqib olunmağa başladı.

 

Hürriyyət bütün mənasilə qaldırıldı. Azərbaycanın milli varlığı, milli vəhdəti, milli və harsi xüsusiyyət və müqəddəsatı amansızcasına imha edilməgə başlandı. Bu qüvvət yalnız demokrasi, cümhuriyyət, parlamentarizm və milliyyət düşməni degil, eyni zamanda Azərbaycandan Rusiyadan ayrılmağın intiqamını alan qaba bir rus qüvvətindən idarət olduğunu dəxi isbat etməkdə gecikmədi.

 

Bu vəhşət və barbarlıq içərisində bulunanların, bilxassə bu vəhşətə köks gərən minlərlə qəhrəman gəncligin nəzərində Azərbaycanın istiqlal dövrü, onun parlamentarizmi nə kibi parlaq halələr içində yüksəlmiş olacağını təsəvvür etmək degildir.

 

Bu rejim, Azərbaycanın bütün siyasi cərəyan və firqələrini yaklaşmağa, əl-ələ verib müştərək, birləşdirici qayə uğrunda bərabər çalışmaq üçün birləşib vahid cəbhə yaratmağa sövq etmiş oldu.

 

Azərbaycan parlamentosu, Azərbaycanın Məclisi-Müəssisanını çağırmaq üçün hazırlıqla məşğuldu. Məclisi-Müəssisan Azərbaycanın şəkli-idarəsinə qəti şəkil verəcək idi. Və şübhə yoxdur ki, Azərbaycan parlamentosunun 2 sənəyə yaxın bir fəaliyyəti, onun gördügü çox böyük və tarixi işlər və demokrasi naminə müvəffəqiyyətli təcrübələri Məclisi-Müəssisanın qəti qərar ittixazında mühüm rol oynayacaqdı.

 

Azərbaycan milliyyətçi və demokratik qüvvətlərinə, yaşadığımız tarixi zamanda düşən vəzifə, sovet istila və tətbiqatının kəndisinə ifrat bir əksüləməl vücuda gətirməsinə imkan verməmək üçün, daha sıxı birləşmək, Azərbaycan parlamentosunun açmış olduğu altun demokrasi dövrünün yüksək xatirəsi ilə, demokrasinin düşmənlərinə qarşı köks gərmək istiqlal və cümhuriyyətin istirdadına və əhyasına doğru şərəflə irəliləməkdən ibarətdir.

 

Mirzə Bala

 

“Odlu-Yurd”, dekabr 1930, ¹ 23(II)

 

Təqəddüm - ötmə, irəlidə olma

Təşrih - müfəssəl şərh etmə

Peydərpey - dalbadal, bir-birinin ardınca

Əqd - bağlama

Qahirə - üstün, qalib

Baqi - qalan, qalıq

Bəqiyyə - yerdə qalan

 

(Ardı var)

 

525-ci qəzet.-2017.-20 may.-S.20.