Usta
boyaçımız: ən uca pillədə
Azər ABDULLA
İkimiz də “İrəvan
Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumu”nda-
mən aqronom, Nağdəlisə zootexnik bölməsində
oxumuşduq.
Mən texnikumu bitirəndə o yenicə daxil olmuşdu. Nağdəlinin
mehriban, isti münasibətilə müqayisədə mənim
onunla soyuq, biganə davranmağımın səbəbi bəlkə
yaşca ondan böyük olmağım, bəlkə
özümün də xəbərim olmadığı
içimdəki gizli təkəbbürümlə
bağlıydı. Bu, mənə indi də
aydın deyil. Biz bir də on-on iki ildən
sonra Bakıda “Yaşıl Teatr” adlanan ərazinin
yamyaşıl bağında görüşdük. Mən qalın meşəyə bənzər həmin
bağın ortasında “Kamaz” sürücüsü rusun evində,
daha doğrusu, darısqal daxmasında kirayəşin
qalırdım. Yay günlərinin birində
Nağdəlini həmin bağın talaya bənzər
günavar yerində etüdnikin arxasında dayanıb nəsə
çəkdiyini gördüm. Əzim Əzimzadə adına rəssamlıq məktəbində
oxuduğunu bildim.
O vaxtlar mən
respublikada səviyyəsinə, milli ruhuna görə
sayılıb-seçilən, sevilən mətbuat
orqanlarından biri olan “Qobustan” incəsənət dərgisində
çalışırdım. Dünyanın
ünlü rəssam, heykəltaraş, bəstəçi,
memar, artistlərini tanıyır, onların
yaradıcılığına müəyyən qədər
bələd idim. Bir çox izmlərdən
xəbərim vardı. Azərbaycanın
neçə-neçə tanınmış rəssamlarının
emalatxanasında dəfələrlə olmuş, onlar barəsində
yazaraq dərgimizdə çap elətdirmiş, televiziya
verilişləri hazırlamışdım. Bu səfər
də, bəlkə bunlara görə hələlik
fırçası əlində möhkəm oturmamış,
baxıb gördüyü ağacı, budağı,
yarpağı, otu, qayanı oxşatmağa çaba göstərən
gənc Nağdəliyə üstən aşağı baxaraq
“eh, dost, zamanın harasındasan... bu azmanların içində
nə edəcəksən...” düşündüm...
İyirmi
il də ötdü, Nağdəliylə
Bakı küçələrinin birində yenə də təsadüfən rastlaşdıq. Ayrılanda o:
-
Altmış illiyimlə bağlı fərdi sərgim olacaq. İstəsən,
gəlib baxarsan,- dedi. “Yəqin
barəsində yazmağım ürəyinnən keçir.
Səttar Bəhlulzadə, Çingiz Əziz, Rasim Babayev, Tələt
Şıxəliyev...dən sonra səndənmi yazmalıyam?..” ağlımdan keçdi. Sərginin
açılışında deyil, sərginin sonuncu
günü salona gəlib rəsmlərinə baxdım.
Sözün düzü, işləri məni o qədər də
açmadı, xala xətri qalmasın deyə təbrik edib
boğazdan yuxarı bir-iki xoş söz dedim. Ancaq
ondan ayrılanda mənə bağışladığı
boyayla çəkdiyi çılpaq qadın rəsmini
çox bəyəndim. Aşıb-daşan sevincimi ondan
gizlətməyə çalışdım...
Aradan nə qədər zaman axdı, xatırlamıram. Günlərin
bir günü Nağdəli zəng edib məni oğlunun
toyuna dəvət elədi. Halım nasaz
idi, “Yenə toy Bakıda olsaydı, özümü
toparlayıb gedərdim. Bu durumda Mərdəkana get... Gecə
də yorta-yorta ordan geri qayıt...” düşünür, xəstəliklə
bağlı bəhanəm olduğuna sevinirdim...
Ancaq aylar,
illər ötdükcə Nağdəliyə olan borcum ilbəil
ağırlaşıb çiyinlərimi aşağı
basırdı..”O vaxt toya getməyəcəyimi
heç olmasa öncədən xəbər də eləməmişdim...”`
Qəzetlərin birində onun rəsmlərindən ikisinin
fotosurətini (ağ-qara) çap etdirməklə, öz aləmimdə
onun borcundan nisbətən qurtuldum. Ancaq yenə də sakit ola bilmirdim. Elə bilirdim o vaxtlardan uzun, uzun
zaman keçib, aramızdakı yolları ot
basıb. Telefonunu itirmişdim. Rəssamlar
İttifaqından telefon nömrəsini öyrənərək
zəng eləyib birnəfəsə:
-
Qardaş bilirəm, məndən incimisən. O vaxt toyunuza gələ
bilmədim. Gəl görüşək, harda istəyirsən,
kefin istəyən bir qonaqlıq da verim...
Əstəğfurullah,
nə incimək! Nə qonaqlıq! Haçan istiyirsən
görüşək...
Bir gün sonra “Azərbaycan” nəşriyyatında
qucaqlaşıb görüşdük. Saç-saqqalı
ağarmış, ağır yerişli nurlu bir qocaydı.
Bir suyu Toğrul Nərimanbəyovu
xatırladırdı. Həmin gün nəşriyyatın
bufetində çay içərkən qəzetçilərin,
jurnalistlərin, oradan “Elmlər Akademiyası” metrosunacan ayaqla
gedərkən yanımızdan ötən tələbələrin,
müxtəlif insanlarıın ona maraqla baxdıqları
gözümdən yayınmadı. Ayrılanda:
-
Yetmiş illiyimlə bağlı Rəssamlar İttifaqında
yubiley sərgim olacaq... Gəl gör, qardaşın nələr
eliyib...- dedi. Səhərisi gün sözləşdiyimiz kimi
elektron poçtuma yağlı boyayla çəkdiyi on beş əsərinin fotoüzünü
göndərdi. Aşıq Ələsgərin, Şeyx
Şamilin portreti, avtoportret, Tut ağaçı, Quş
yuvası, Balıqçılar, Narlar, Natürmort,
Bayquşlar, Heyratı, Geçə vaxtı dəniz,
Qızılgüllər, Dan yeri, Məhəmməd Füzuli,
İlk İslam həmrəyliyi əsərləri...
Tablolardakı sarı, narıncı, yaşıl,
qırmızı, mavi, qara boyaların işığı
neçə qatımdan keçərək içimi, ruhumu
nurlandırdı. Gözləmədiyim işıq seli
varlığımı çulğadı. “Son on ildəmi
bu səviyyəyə çatıb... Olmaya
qabaqlar mən onun rəsmlərini görüb duya bilməmişəm.”
Əşrəf Muradov, Kamal Əhmədov, Çingiz
Əzizov, Tələt Şıxəliyev, Toğrul Nərimanbəyov,
Rasim Babayev, Səttar Bəhlulzadənin əsərləri çay kimi xəyalımdan
axıb getdi. Bu çay, ucu-bucağı
görünməyən azman sənət nəhrindən
ayrılmış Abşeron rəssamlıq qoluydu.
Bunlardan qabaq mənbəyə, yəni zaman axarının əksinə
doğru irəlilədikcə Van Qoq, Qogen, Klod Mone, Eduard Mane,
Pissarro, Sissley, Bazil- dən olan impressionist qoluydu, bir az da öncəki Təbriz Miniatür Məktəbiydi.
Bu suların, bəzən həzin, bəzən
səsli-küylü axıb gələn al-əlvan
boyaların hamısı demiyəsən, Nağdəlinin
içindən, ruhundan axıb keçibmiş. Tablolarındakı istiliksə boyalara
qarışmış qaynar qanıyla bağlıymış.
Rentgen, UZİ, tomoqrafi sənət analizindən
keçirilsə, Nağdəli Xəlilin əsərlərində
təbii ki, adları çəkilən ünlü rəssamların
əsərlərindəki “hüceyrələrdən,
hormonlardan” tapmaq olar. Məsələn, işıq dolu,
könül oxşayan mavisi Soltan Məhəmmədin, Əli
Mirəkin mavi boyasıyla can bir qəlbdə olduğu
aydınca sezilir. Ancaq bu oxşarlıq yüzlərlə
çiçəkdən çəkilən şirəylə,
suyun qarışığından alınmış balın bənzəyişi
qədərdi. Bal hansı gülə-çiçəyə
oxşayır, təbii ki heç birinə.
Tanıdığım istər Azərbaycan, istər
Avropa, istərsə də dünya rəssamlarından olsun,
heç birində Nağdəlinin tablolarındakı qədər
boyanın bol-bol, səxavətlə işlədildiyini
görməmişəm.
Yazılana görə, Mark Şaqal Parisdəki Qarne opera
binasının tavanında çəkdiyi işə 200 kq
boya işlədib. Rəqəm çox böyük
görünür. Ancaq bu boyanın 220 kv.metrə sərf
olunduğu aşkarlananda, hər kv.metrə bir kiloqramdan da az boya işlədildiyi bəlli olur. Bir kərə
93x73 ölçüdə olan, təkcə oxuyan deyil (yüzlərlə
quş civiltisi-cükkültüsü gələn), həm də
rəqs edən-oynayan boyaların
qarışığından yaratdığı “Quş
yuvası” tablosunu göstərərək Nağdəlidən
- Deyə bilərsənmi, burda
təxminən nə qədər boya işlənib? - soruşdum.
- Ən azı iki kilo, iki yarım
gedib... - dedi. - Bilirsən, Natəvanın portretini işliyəndə
azından on kərə qaşıyıb tökmüşəm,
yenidən işləmişəm. Gop olmasın, o portretə bəlkə
də 4-5 kilo boya gedib...
Söhbət təkcə
boyanın qızırqanmadan səxavətlə bol-bol işlədilməsindən
üst-üstə, lay-lay qalın yaxılar çəkilməsindən
getmir. Söhbət həcminə,
formasına, rənginə görə bir-birinə bənzəməyən
minlər, bəlkə on minlərlə yaxını (mazoku)
cilovlayıb bir kökə, bir hala, bir ovqata, bir ahəngə
gətirmək bacarığından, səriştəsindən
gedir. London Simfonik Orkestrinin dünyaca məşhur dirijoru Valeri Gergiyev, yaxud, ondan geri
qalmayan maestro Niyazimiz gah qol, əl, barmaq, çiyin, gah
baş, dodaq, göz-qaşının və sehirli
çubuğunun bəzən incə, bəzənsə sərt
hərəkətiylə tərkibində onlarla müxtəlif
musiqi aləti ifaçısı olan (simli, nəfəsli, zərb)
azman orkestri bir axara, uyarlığa, harmoniyə gətirib
onlarla müxtəlif səsi-avazı birləşdirib-qovuşduraraq
bir səsə çevirdiyi kimi... yaxud, Arazın qan-qan deyən
iti axar yerindəki yüyrək suların, yaxud Niaqara
şırnağının quma, çınqıla, daşa,
qayaya, kötüyə, havaya, küləyə toxunmaqdan -
sürtünməkdən yaranan yüzlərlə incə,
qalın səslərin birləşərək kilometrlərlə aralıda bir səs,
bir avaz, bir gurultu kimi eşidilməsinə bənzəyir
Nağdəli Xəlilin dostcasına, sevgiylə bir-biriylə
qucaqlaşan - qaynayıb qovuşaraq oxuyan, həm də
işıq saçan cilvəli boyaları. Rəssamlıq sənətini
anlamayan desinlər mənə, ancaq mən duyub
düşündüyümü çəkinmədən
söyləməsəm, dinc ola bilmərəm.
Boyaçılıq sənətində
(boyaqçılıq demirəm) elədiyi manevrlərə,
virtuoz səriştəyə, hipnoz və sehrə, ali gözəlliyə görə Nağdəli
Xəlil impressionistləri adlayaraq dünya rəssamlığında
yeni rekord əldə edib. Həmkar dostları təsadüfən
ona Azərbaycanın Rembrantdı demir.
Nağdəlinin
“Narlar”ına baxanda ötən yüzilin
70-ci illəri yadıma düşdü. “Qobustan” incəsənət
dərgisində saatlar, günlərlə sənət barəsində
elədiyimiz söhbətlər, dartışmalar... Bir dəfə kinodan, kino sənətinin başqa sənətləri
üstələdiyindən qızğın söhbət
gedirdi. Mən “görəsən, kinoda elə
inkişaf, irəliləyiş olacaqmı, yazda, yaxud yayda
qarlı qış mənzərəsini kadrlarda görən
tamaşaçının canından ani də olsa
üşütmə-titrətmə keçsin. Yaxud,
kadrda çiçəyə bürünmüş ərik
ağacını, çəmənliyə səpələnmiş
bənövşəni görəndə onun ətrini-qoxusunu
da duysun...” Son vaxtlar eşitdiyimə görə kinoda artıq bu xəyal
gerçəkləşib. Mən Nağdəlinin
narlarından danışırdım axı. Narla
bağlı bir neçə tablosu var. Desəm onun bir
tablosundakı nara baxanda ağzım qəfil sulandı,
inanarsızmı?.. Rəssamın
boyasının sehrindən danışmaq istəyirdim, ancaq
onun sehrini aça bilmədim. Bir onu deyə
bilərəm, Nağdəli Azərbaycan boyaçı rəssamları
arasında seçilən, öz üslubunu tapmış bənzərsiz
sənətçidir. O,
boyaçı rəssamlığımızın hələlik
ən uca- son həddidir.
Rəssamların yaradıcılığında
avtoportret janrı xüsusi yer tutur. Məzmun, ideya
baxımından yadımdan çıxmayan işlərindən
biri, deyərdim birincisi, sənətçinin ayaqüstə
molbert qarşısında dayanaraq çəkdiyi avtoportretidi.
Haqqında danışmaq istədiyim avtoportretin
maraqlı kompozisi, məzmun və ideya baxımından özəl
xüsusiyyəti var. Yanılmıramsa, bu tabloda
boyaçılıq, məsafə-perspektiv, kompozisi məsələsi
arxa plana keçib. İdeya, məzmunsa
ön plana-diqqət mərkəzinə çəkilib.
Tamaşaçı molbertin arxa tərəfini
gördüyündən, rəssamın nə çəkdiyini biləmmir.
Ancaq istər rəssamın, istərsə onun
arxasında əlində çıraq dayanmış
qadının diqqəti tabloya tuşlanıb. Ərinin
son dərəcə ciddi və mənalı bir iş
gördüyünə inanaraq nəsə bir möcüzə
baş verəcəyini gözləyir. Tabloda qadının ərinə,
onun böyük sənətinə sədaqəti, təmənnasız
sevgisi duyulur.
Əslində ərinin özünə, onun
arzu-istəyinə, ideyasına, böyük sənətinə
işıq saçan çıraqla birgə həm də
qadının özüdür. Bu kompozisi bir anın
içində mənə ərini və onun sənətini
sevənlərdən Amedeo Modilyani ilə rəssamın gənc
sevgilisi Janna Ebüterin, Mircavadla onun həyat yoldaşı
Lyubov Mircavadova, ləyaqətli şair Əhməd Cavadla
Şükriyyə xanımı, ingilis şairi Robert
Börnislə onun xanımını, bir də İlham və
Fərizəni xatırlatdı. Tabloda rəssamın nə
çəkdiyini görə bilmədiyimiz əsər
yanılmıramsa, elə tablonun qarşısında
dayanmış Nağdəli və onun ömür yoluna gecələr
Ay, gündüzlər
Günəştəkin işıq salan həyat
yoldaşıdır.
Evlərinə zəng edib Nağdəlini soruşanda -
Namaz qılır, deyərəm sizə zəng edər. - söylədilər.
Bir azdan telefonda Nağdəlinin səsini
eşidirəm. Kefini xəbər alanda:
-Yaxşıyam,
bir az ayaqlarım korluq verir. Ona
görə namazımı stuldaca, oturmuş vəziyyətdə
qılıram...- deyir.
-
Yaradıcılıq nə yerdədi?
-
Qardaş, əlli ildi fırça əlimdən düşməyib.
Yenicə rəssamlığın nə
olduğunu dərk eliyirəm. İndi də boya - rəng tapammıram.
Od qiymətinədi... Qalmışam belə, boş-bekar...
P.S. AĞRI. Tiflis Rəssamlıq
Akademiyasının ikinci kursunda oxuyarkən gürcü müəllim
yaxınlaşaraq əlini xeyirxahlıqla tələbəsi
Nağdəli Xəlilin çiyninə qoyaraq “Oğlan, sən
çox böyük boyaçı rəssam olacaqsan. Bunu sənə
Quram (Apollon oğlu Quram Hita - A.A.) deyir”. Adamı ağrıdan budur
ki, az qala yarım əsr öncə
gürcü rəssamının uzaqgörənliklə gənc
Nağdəlidə duyduğunu, artıq yetmişinə
çatmış, “YENİ ERA” Dünya Rəssamlıq
Akademiyasının üzvü olub, Azərbaycan incəsənətinə
nadir incilər vermiş öz sənətçimizi
özümüz hələ də görüb gərəyincə
dəyərini vermirik. Yüz il sonra
duyulacaq, xoş sorağı xalqına qürur doğuracaq rəssamın
bircə əsərinin dəyəri kaş bu gün
özünə qismət olaydı.
525-ci qəzet.-2017.-20
may.-S.16.