Zahid Xəlil poeziyası: obrazlı dilin zənginliyi
Bugünlərdə uşaq ədəbiyyatı
nominasiyasında "Qızıl kəlmə"
mükafatına layiq görülmüş Zahid Xəlilin 75
yaşı tamam olur.
50 illik yaradıcılıq yolunu izləyərkən
onun yaratdığı uşaq əsərlərinin
çoxçeşidli obrazlar sistemi ilə
qarşılaşırıq.
Azərbaycanın
milli uşaq poeziyasının inkişafında sadə ədəbi
dili yaşadan, uşaq dünyasını əsl sənətkar
kimi hiss edib, əsərləri ilə kiçik
oxucularının ürəyinə yol tapıb onların
sevimlisinə çevrilən, Azərbaycan uşaq ədəbiyyatının
təbliğatçısı kimi dərin hörmət
qazanan Zahid Xəlilin uşaq poeziyası dəyərli ədəbi-bədii
irs təşkil edir.
Zahid Xəlilin dildən istifadə
bacarığının və üslubi imkanlarının
genişliyini göstərən məziyyətlərdən
biri də şairin, söz oyununun siqlətli vasitələrdən
olan bədii ifadə vasitələrindən məharətlə
və yaradıcı şəkildə faydalanmasıdır.
Bədii üslubun fonetik səviyyədə
özünü təzahür etdirən alliterasiya
yanıltmac, assonans, təkrir və intonasiya və digər
ifadə vasitələri də Z.Xəlilin əsərlərini
forma cəhətdən gözəlləşdirən və zənginləşdirən
sənətkarlıq komponentləri sırasına daxildir. Adıçəkilən
bədii ifadə vasitələri əslində
uşağın səs və sözlə oyunudur. Uşaq isə hər cür oyunu həm həyatda
atılıb-düşməyi, qaçmağı, hərəkət
etməyi, həm də səs və sözlə
oynamağı sevir. M.Qorkinin belə bir fikrini həm də
tam həqiqət kimi qəbul etmək olar: "Uşaq əyləncə
tələb edir və onun bu tələbi bioloji cəhətdən
tam qanunidir. O, oynamaq istəyir.
O, hər şeylə oynayır və xarici aləmi hər
şeydən əvvəl və asanlıqla məhz oyun
prosesində oyun vasitəsilə dərk edir. O həm də
söz vasitəsilə, habelə sözün özü ilə
oynayır. Məhz bu söz ilə oynamaq əsasında
uşaq ana dilinin incəliklərini öyrənir. Onun musiqisini və filoloqların söylədikləri
kimi, dilin ruhunu mənimsəyir.
Folklor janrlarından biri olan yanıltmaclar Azərbaycan
uşaq poeziyası ilə qarşılıqlı əlaqədə
olmuşdur.
"Yanıltmaclar eyni səsin yaxın səslənən
sözlərin, söz birləşmələrinin fonetik
sırası, əvəzlənməsi prinsipi üzərində
qurulur. Əsərlər
yumoristik məzmuna malik olub uşaqların nitqinin, tələffüzünün
inkişafına kömək edir" . Yanıltmaclarda sözlərin ya əvvəlində,
ya da ortasında gələn eynicinsli səslər bir-birini izləyir.
Uşaq yanıltmac deyərkən
çalışır ki, səslərin yeri dəyişik
düşməsin, onların sırası pozulmasın. Çünki sıra pozulanda sözün ifadə
etdiyi mənası da dəyişir. Bu
cür diqqətcil olmaq uşağın diqqətinin
inkişafına təsir edir. Z.Xəlil "Səbirli ol, səbirli"
şeirində yanıltmacların oxumağın
qaydasını öyrədir. Yanıltmac oxuyarkən diqqətli
oxumağı, çaşmamaq üçün dəfələrlə
təkrar oxumağı, heç bir hərfi gözdən
qaçırmamağı, ən başlıcası isə səbirli
olmağı tövsiyə edir:
Bu hissədə
verilən
Şeiri
surətlə oxu,
Həm də diqqətlə oxu.
Çalış,
dilin çaşmasın,
Hərflərin
heç biri
Gözlərindən qaçmasın.
Əgər
görsən çaşmısan,
Səbirli ol, səbirli.
Yenidən
oxu şeiri...
Yanıltmacların onlara məxsus xüsusiyyətlərindən
biri də odur ki, səslərin ardıcıllığı
onda poetik ahəng yaradır. Yaratdığı iki
tipik nümunəyə nəzər salaq.
Dolaşalar
dalaşdı
Gəldi
neçə dolaşa,
Budaqlara doluşdu.
Ara yaman qarışdı.
Dalaşan
dolaşalar
Görün bir necə çaşdı.
Pırpızlanmış
tükləri
Bir-birinə dolaşdı.
Şeirdə
D-l-S, ikinci şeirdə isə D-Ş samit səsləri həm
yanıltmacın əsas məqsədinə və qayəsinə
uşaqda düzgün tələffüz üçün diqqətli
olmağa, sözləri asta-asta, başa düşə-düşə
ifadə etməyə xidmət edir:
Bozbaşı
Boş
boşqaba
Boşaltdılar.
Qazanı
Bir tərəfə
Boş atdılar.
Buradakı bozbaş, boş boşqab, boşalt,
boşaltdılar sözləri yanıltmacın deyilişini
çətinləşdirir z, b və ş samitləri
şeirə xüsusi bir gözəllik gətirir.
Ümumiyyətlə, Z.Xəlil
yaradıcılığında yanıltmaclar öz
orijinallığı ilə seçilir. "Kündə",
"Ley və Yel", "Cücə və cücü",
"Buğa və bağa", "Çəpiş",
"At kürü və kərə" dediyimizə əyani
sübutdur.
Cücü baxdı cücəyə.
Cücə qovdu cücünü.
Qaçdı
cücü,
Qovdu
cücə
Cü-cü-cü.
Buradalı ç samiti ü və ə saitlərini
yanıltmacın uğurlu alınmasına kömək edir.
"Çalış-çaşma" və
"Çətin sözlər" dəftərindən
silsiləsi yanıltmaclar və alliterasiyalı şeirlər
toplusudur. Z.Xəlilin
qələmə aldığı bir sıra
şeir-yanıltmac nümunələri də vardır ki,
orada folklorun şirin ruhu duyulur:
Qazanı
Qaza
Asdılar.
Qazana
Bir qaz
Basdılar.
Qazın
Qılçı
Qırıqdı.
Qazanın
Qulpu
Sarıqdı.
Sırf folklora köklənərək
yaradılmış bu yanıltmacda axıcılıq, rəvanlıq,
musiqililik bu poeziya nümunəsini bənzərsiz edir.
Buradakı səs ahəngdarlığı
uşağın sevincinə səbəb olur. Uşaq şeiri tez-tez və
sevinc ruhu ilə oxumağa çalışır:
Süleymanın
Sarı kəhəri var idi.
Sarı kəhərin
Sarı yəhəri var idi.
Süleymanın
Sarı kəhəri
Satıldı.
Sarı yəhər
Samanlığa atıldı.
Həddən artıq məzəli və maraqlı səslənən
bu alleterasiya nümunəsində bu səs oyunu sadəcə
olaraq səslərin təkrarı rolunu ifadə etmir, əslində
o, intonasiyanın qurulmasına, ritm və ahəngin rəvanlığına,
musiqiliyin artmasına səbəb olur.
"Kürü
və kürə", "Şallaq və şıllaq",
"Buğa və bağa", "Kündə" və s.
kimi şeirlərində isə ü və ə, a və
ı, u və a, u və ə saitlərinin məharətlə
dəyişdirilməsi sözlərin leksik məna cəhətdən
belə fərqlənməsinə gətirib
çıxarır:
Nehrəyə
qatıq töküb
Bir xeyli
çalxadılar,
İçindən kərə çıxdı.
Uzunburun
balığın
Qarnını yardım o gün.
İçindən kürü çıxdı.
lll
O
dağda bir buğa var,
Bu dağda bir bağa var.
Buğa
görmür bağanı,
Bağa görmür buğanı.
"Buğa
və bağa" şeirində isə b və g samitlərinin
fasiləsiz təkrarı u saitinin a ilə
əvəzlənməsi poetik ahəng yaradaraq uşaqların
şifahi nitqinin cilalanmasına, ifadə etdiyi sözlərin
düzgün tələffüzünə xidmət edir:
Çəpişdən
qaçdı çəpiş,
Çəpəri aşdı çəpiş.
Burada isə "ç" və "ş" samitlərinin
qarşılıqlı tələffüzü şeiri oxuyarkən
kiçik oxucunu hərflərin düzgün oxunması
üçün sözlərə diqqətli
yanaşmalarını tələb edir. Z.Xəlilin
yaratdığı və alliterasiyadan geniş istifadə
etdiyi yanıltmac nümunələrindən birinə diqqət
edək:
Qu
gölündə
Qurbağalar
Quruldayır.
Qular
deyir:
"Qur-qur"
ağalar
Quruldayır.
Burada "Qurdan" düzələn sözlər və
onlardan yerli-yerində istifadə uğurlu bir alliterasiya
nümunəsinin yaranmasına səbəb olmuşdur. Burada eyni
kökdən düzələn qur-qur qurbağa, quruldamaq kimi təqlidi
söz, təqlidi isim və təqlidi felin bir mətndə
işlənməsi alliterasiya üçün dilin
özündə obyektiv şəkildə geniş
imkanlarınn mövcud olduğunu nümayiş etdirir.
Şair bəzən
saitlər vasitəsilə şeirin bir bəndin daxilində
obrazlılıq yaradaraq şeirin poetikliyini daha da
artırmağa nail olur:
İndi
neçə min işıq
Suya qızıl səpələr.
Köynəyini
dəyişər
Göy köynəkli ləpələr.
Bu bənddə
e,ə,i,ö saitlərinin assonansı
"k və g" nın alliterasiyası çox uğurlu
alınmışdır.
Z.Xəlilin yaradıcılığında həm eyni
saitlərin, həm də eynicinsli saitlərin harmonik
düzülüşündən yaranan ahəngdarlıq,
musiqli ton balaca oxucunu heyrətə salır. Şair hər bir fonetik
vahidi poetik təfəkkürünün süzgəcindən
keçirir:
Günəş
kəndə
Gün ələdi.
Nənəm kündə kündələdi.
Sənətkarın
omonimlərdən istifadə edərək "Çəkil", "Almaz",
"At", "Aşır", "Tutu"
yanıltmaclarında eyni sözlərin müxtəlif mənalarda
istifadə olunaraq ahəngdarlığının şeirə
gətirdiyi qəribə gözəllik balaca oxucuları onun
cazibəsindən ayrılmağa qoymur:
On iki
yaşlı Tutu,
Çıxıb çırpırdı tutu.
Bir
quş isə uzaqdan
Hey
oxuyurdu: Tu-tu.
"Bəzən
sənətkarlar şeirdə şüurlu surətdə
söz sırasını dəyişməklə xüsusi bir
ahəngdarlığa nail olurlar.
Ədəbiyyatşünaslıqda mübtəda və xəbərin
yer dəyişməsi, yəni xəbərin əvvəldə,
mübtədanın isə sonda gəlməsi inversiya
adlanır". Poeziyada çox işlənən bədii ifadə vasitələrindən
biri olan inversiyadan da Z.Xəlil həm şeirin qafiyə
sistemində, həm də musiqililik, ritm və ahəngdarlıq
ekspressiv temp yaratmaq üçün istifadə edir:
Su
arxının döşüylə
Qaçdı körpə qırqovul.
Balaca bir
təpəni
Asdı körpə qırqovul.
və
ya
Biz bu
mehriban qızla
Söhbət etdik doyunca.
Şəhərlərə,
kəndlərə
Baxdıq yollar boyunca.
Mənası şişirtmək, böyütmək olan
müasir ədəbiyyatımızda da çox geniş şəkildə
istifadə olunan mübaliğəyə Z.Xəlilin
yaradıcılığında da rast gəlinir. Başqa sənətkarlar
kimi, Z.Xəlil də şişirtmə vasitəsilə öz
qəhrəmanlarının hiss və həyəcanlarını
daha qabarıq verməyə, bədii təsvirin təsir
gücünü artırmağa nail olmuşdur:
Kişi
qeyrətini yığ qollarına,
Ana ismətini saxla dərində.
Əgər
od istəsən oğullarına
Tapşır
od gətirsin kipriklərində.
Bədii
estetik kamillik baxımından nadir inci hesab olunan
"Qış" şeirində də sənətkar
mübaliğənin gözəl nümunələrini
yaratmışdır:
Səmanın
köynəyini
Parçalayıb keçir qış.
Qar
yağır, yaman yağır,
Göydən yerə köçür qış.
Məlumdur ki, mübaliğənin təbiətində əşya
və hadisəni bədii yönümdə ifadə mənasında
ifrat böyütmə və şişirtmə və ya əksinə,
ifrat kiçiltmə vardır. Ancaq etiraf etmək
lazımdır ki, uşaqlar üçün mübaliğə
yaratmaq daha məsuliyyətlidir. Çünki bu zaman
uşaqların fəhmi, dərk etmə imkanları,
onların fantaziyaya daha çox meyli təbiətləri,
hüdudsuz və romantik ətəkləri və s. nəzərə
alınmalıdır. Kiçiklər ancaq
onların zövq və təsəvvür dünyasına
uyğun mübaliğələri qəbul edirlər.
Şişirtmə -
Dağ başında duman qalxar
Tüstülənər neçə ocaq
Bir az da belə oxusan
Dünya yanıb kül olacaq.
Və ya
Hələ Muğana, Milə
Nə qədər qar düşübdür
Deyirsən, bu düzlərə
Ağ buludlar düşübdür.
(Ardı var)
Şöhrət
MƏMMƏDOVA
ADPU-nun Ədəbiyyat
və onun tədrisi metodikası kafedrasının dosenti
525-ci qəzet 2017.- 23 may .- S.6.