Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçirildi

 

Mayın 20-si və 21-i Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçirilib.

 

Tədbir "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin "Mədəniyyət günləri" çərçivəsində baş tutub. İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılıb.Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edib. Proqrama uyğun olaraq, ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunub.

 

Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları qatılıblar. Bundan başqa, Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim ediblər.

 

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın səsləndirdiyi "Azərbaycan-Türkiyə" şeiri ilə başlanan tədbirin rəsmi açılış mərasimində Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak ediblər.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çiftçi iştirakçıları salamlayaraq, tədbir haqqında geniş məlumat verib.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu sərgi-konsertin Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da inkişafı istiqamətində atılmış önəmli bir addım olduğunu vurğulayıb. İslam Həmrəyliyi Oyunlarından söz açan səfir bu tədbirin həm də keçirilən oyunlara bir töhfə, dəstək olduğunu da qeyd edib.

 

Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev, başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, belə bir möhtəşəm layihənin həyata keçirilməsində əziyyəti olan hər kəsə təşəkkürünü bildirib və qeyd edib ki, Milli Turizm Təbliğat Bürosu olaraq hər zaman belə layihələrə dəstək verməyə hazırdılar.

 

Bu tədbir yalnız azərbaycanlılara yox, İslam Həmrəyliyi oyunları ilə əlaqədar Bakıda qonaq olan digər ölkələrin vətəndaşlarına da xitab edir.

 

Daha sonra qəzetimizə müsahibəsində İ.Çifçi bu cür tədbirlərin daha da geniş şəkil alacağını, müşavirlik olaraq, iki türk dövləti arasındakı mədəni əlaqlərin inkişafı üçün nə lazımdırsa, hər şeyin ediləcəyini deyib: "Sizin də bildiyiniz kimi, bu tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına mədəni dəstək üçün hazırlanıb. Bunun üçün də İslam ölkələrinin səfirliklərinə müraciət olundu. Bir çox ölkələr sadəcə, bir axşam konsert-sərgi keçirtdilər. Bizim səfirliyimiz isə daha böyük bir iş həyata keçirmək qərarına gəldi və biz tam iki gün üçün icazə aldıq. Buna görə də bizim Mədəniyyət Nazirliyimiz tədbirə bütün qurum və təşkilatları ilə qatıldı. İstanbul Böyükşəhər Bələdiyyəsi, Türk Dünyası Vəqfi çox ciddi işləri ilə öz dəstəklərini göstərdilər. Burada dünyanın ən məşhur ansambllarından biri Tarixi Mehtaran Ansamblı, Dövlət Operasının solistləri, pop musiqisinin ifaçıları səhnə alırlar. Eyni zamanda, biz türk sərgisi də açdıq. Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərdilər. Bundan başqa, tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənir. Həmçinin, tədbir keçirilən meydandakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olundu. İnsanların marağı çox gözəldir. Bu tədbir yalnız bakılılara, azərbaycanlılara yox, İslam Həmrəyliyi oyunları ilə əlaqədar Bakıda qonaq olan digər ölkələrin vətəndaşlarına da xitab edir. Mən ilk gəldiyim zamanlarda da demişdim ki, Türkiyə ilə Azərbaycan arasında çox dərin əlaqələrin olması lazımdır. Biz də bu əlaqələrin dərinləşməsi yolunda görülən işləri daha da sürətləndirmək qərarına gəldik. Bundan sonra da bu işlərimizə daha yüksək səviyyədə davam edəcəyik. Buraya dəvət etdiyimiz sənətçilər Azərbaycanda da sevilən, seçilən insanlardır. Onların burada da özlərinəməxsus fanat ordusu var. Niran Ünsal türk musiqisinin fərqli növlərini bir yerdə oxuyan bir sənətçidir. Burak Kut da pop musiqi janrında müəyyən səviyyəyə çatmış bir müğənnidir. Bu tədbir səfirlik olaraq, həyata keçirdiyimiz ciddi bir tədbir olduğundan adi konsert kimi deyil, ciddi sənətçilərin yer aldığı festival kimi keçirildi".

 

Azərbaycan heç zaman bizə yad olmayıb

 

"Türkiyə Mədəniyyət günləri"ndə konsert proqramı ilə çıxış edən məşhur türk müğənnisi Niran Ünsal Bakıya ilk gəlişinin yaddaşına çox gözəl xatirələrlə yazıldığını deyib: "Bakıya ilk gəlişimdir. Buraya gəldikdən sonra daha öncə gəlməməyimə çox təssüfləndim. Vətənimdəymiş kimi hiss edirəm özümü. Bildiyiniz kimi, qarşıdan Ramazan ayı gəlir. Bunun üçün həm xaricdə, həm də Türkiyənin özündə ard-arda konsert proqramları planlanıb. Azərbaycan da o ölkələrdən biri idi. Türkiyə Mədəniyyət günləri üçün buraya gəldik. Azərbaycan heç zaman bizə yad olmayıb. Mən Azərbaycanı da Türkiyə kimi görürəm və sevirəm. Həm mədəniyyətimiz, həm inancımız, həm mənəviyyatımız, həm adət-ənənələrimiz bir-birinə çox oxşayır. Bu da iki millət arasında doğmalıqdan xəbər verir. İnsanların sevgisi də çox gözəldir. Gecə saatına, soyuq havaya baxmayaraq, burada izdiham var. Bu da Azərbaycan xalqının, Bakı sakinlərinin musiqiyə, incəsənətə, Türkiyəyə olan bağlılığının göstəricisidir. Türkiyədən və Azərbaycandan bu konserti təşkil edərək bizi görüşdürən çox önəmli şəxslər var. Başda İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət şöbəsinin rəhbəri Abdülrəhman Şən olmaqla, əziyyəti olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm".

 

Məhşur türk pop musiqiçisi Burak Kut hər zaman Azərbaycana gəlmək üçün can atdığını deyib: "Daha öncə bir neçə dəfə Azərbaycanda oldum. Budəfəki təklifi də tərəddüdsüz qəbul etdim. Gərgin iş rejimimə görə, Azərbaycan musiqisinə vaxt ayırmağa imkanım çox olmasa da, bizim burada çox sevildiyimizi, izləndiyimizi bilirəm. Elə sizin vasitənizlə bizim də Azərbaycan xalqını çox sevdiyimizi söyləmək istəyirəm. Hər zaman ürəyimiz sizlərlədir".

 

“Biz hər il Türkiyədə repertuarımıza Azərbaycan operalarından nümunələr daxil edirik”

 

Türkiyənin Dövlət Operasının sənətçisi Serkan Kocadere Azərbaycanla bağlı xatirələrini bölüşüb: "Mən ilk dəfə Bakıya 2009-cu ildə "Koroğlu" operasını səhnələşdirdiyimiz zaman gəlmişdim. Bakını həmişə çox sevmişəm. Bu gün bir az gəzmək fürsətimiz oldu. Şəhər çox dəyişib, gözəlləşib, müasirləşib. İnsan bir daha gəlmək üçün can atır. Teatrda sevdiyimiz dostlarımız var, onlarla da görüşmək imkanı qazandıq. Biz hər il Türkiyədə repertuarımıza Azərbaycan operalarından birini də olsa, daxil edirik. Keçən illərdə "Arşın mal alan", "Məşədi İbad", "Leyli və Məcnun" operalarını səhnələşdirdik. Bu il isə "Sevil" operasını hazırlayırıq. Ümid edirəm ki, yenə də layiqli bir iş ortaya qoyacağıq".

 

Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer tamaşaçıların sevgisindən, marağından məmnun qaldığını qeyd edib: "Mən də 2009-cu ildə eyni layihə çərçivəsində Bakıya səfər etmişdim. Xarakterik olaraq, azərbaycanlılar bizim üçün çox özəl və dəyərlidirlər. Azərbaycan dili əsl türk dilidir. Mən bu dilə həmişə heyrətlə yanaşmışam. İnsanların marağı, sevgisi çox gözəldir. Bizim və Mehtaran Ansamblının çıxışı zamanı şiddətli yağış yağmasına, göy gurultusuna baxmayaraq, bir nəfər belə olsun konserti tərk etmədi, əllərində Türkiyənin və Azərbaycanın bayraqları mahnılarımızı bizimlə birgə söylədilər. Bu, çox qürurverici bir hissdir".

 

“Bu konsertin ən gözəl tərəfi Qədim Bakı dediyimiz İçərişəhərdə, qala divarlarının arasında keçirilməsidir”

 

Mehtaran Ansamblının üzvü Süleyman Şahintürk də sevinc hisslərini bölüşüb: "Bakıya dördüncü gəlişimizdir. Axırıncı dəfə altı ay öncə Heydər Əliyev sarayında konsert vermişdik. İndi isə keçirilən festival çərçivəsində konsertlər veririk. Bu konsertin ən gözəl tərəfi Qədim Bakı dediyimiz İçərişəhərdə, qala divarlarının arasında keçirilməsidir. Sənətimizə görə, dünyanın hər yerini gəzdik. Dünyada yeganə şəhər Bakıdır ki, burada yolu itirməyiniz mümkün deyil. Çünki bütün küçələr dənizə paraleldir. Hava şəraitinin çətinliyinə baxmayaraq, kimsə konserti tərk etmədi. İlk dəfə 15 il öncə gəlmişdik. Bakı bu illər ərzində inanılmaz dərəcədə dəyişib və müasirləşib. Ən gözəli isə qədimiliyin, ənənəviliyin bu müasirliyin içində itməməsidir. Tarixi binalarınızı daha çox sevirik".

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2017.-23 may.-S.4.