"Azərbaycan-Türkiyə mədəni
əlaqələrinin genişlənməsinə ehtiyac var"
Bakıda keçirilən Türkiyə mədəniyyət və turizm günlərində iştirak etmək üçün Azərbaycana gəlmiş türkiyəli sənətçi Burak Kutla elə tədbirdə görüşdük. Məşhur sənətçi ayaqüstü
bir neçə sualımızı cavablandırdı.
Müsahibəni oxuculara təqdim edirik.
- Burak bəy, daha öncə Azərbaycanda olmuşdunuz?
- Bəli, Azərbaycanda bir neçə dəfə olmuşam. Amma könül istər ki, daha da
tez-tez gələ bilim. Ən son "Avrasiya ulduzu"
adlı layihə üçün gəlmişdim.
O layihə Türk dövlətləri arasında
keçirilirdi. Mən də
münsiflər heyətində
idim. Həmin layihə çərçivəsində
proqramlara, canlı yayımlara qatılmışdım.
İndi gələndə
nə qədər darıxdığımı hiss etdim. Bakı sanki ildən-ilə
deyil, gündən-günə
gözəlləşir.
- Azərbaycan-Türkiyə
mədəni əlaqələrinin
hazırkı durumu haqda nə deyə
bilərsiniz?
- Azərbaycanla Türkiyənin
əlaqələri hər
zaman yaxşı olub. Bizə boşuna "bir
millət, iki dövlət" demirlər.
Biz hər zaman bütün məsələlərdə
bir-birinin yanında yer alan
dövlətlərik. Bu, təbii ki, təqdirəlayiq haldır.
Ancaq iki ölkə arasındakı mədəni
əlaqələrin daha
da sıxlaşdırılmasının
lazım olduğunu düşünürəm. Türkiyədə azərbaycanlı sənətçilər var. Həmçinin,
azərbaycanlı bəstəkarların
mahnıları da orada türk müğənniləri tərəfindən
ifa olunur. Onlar haqqında az-çox məlumata sahibəm.
Ancaq hansısa türkiyəli sənətçi gəlib
burada albom çıxarırmı, o haqda
məlumatım yoxdur.
Ondan başqa, ümumiyyətlə,
Azərbaycanın xarici
ölkə estradasına
qatılan, orada albomlar çıxaran, proyektlər həyata keçirən çox sənətçiləri olduğunu
da bilirəm. Fikrimcə, əlaqələr daha da genişlənməlidir.
Çünki çox ortaq
nöqtələrimiz var.
- Azərbaycan musiqisi haqqında məlumatınız varmı?
- Təəssüf ki, gərgin iş rejimimə görə çox yaxından izləyə bilmirəm. Əslində, Azərbaycan musiqisi
həddindən artıq
əhatəlidir. Onun həm
xalq musiqisi var, həm estradası,
həm muğamı.
Çox
yaxından izləyə
bilmədiyim üçün
bu haqda məlumatım da azdır. Təəssüf edirəm.
- Çox müğənnilər var
ki, qalmaqalla, şəxsi həyatı ilə gündəmdə qalmağa çalışır.
Sizi isə həmişə sənətinizlə,
mahnılarınızla, həyata
keçirdiyiniz layihələrlə
görmüşük. Bu illər ərzində yalnız sənətinizlə
gündəmdə qalmağı
necə bacarırsınız?
- Mən Konservatoriya
məzunuyum. Eyni zamanda, opera sənətçisiyəm.
Mən o
mədəniyyətdən gəlirəm.
Təhsilimin, sənətimin ağırlığı,
ciddiyyəti məndən
bunu tələb edir. Qalmaqaldan, lazımsız dedi-qodudan
həmişə qaçmışam.
1990-cı illərin əvvəllərində mənə
qarşı çox təzyiqlər olundu.
Hər yerdə yazdılar, haqqımda danışdılar,
tənqid etdilər.
Hamı üstümə gəlirdi.
Jurnalistlərin, ətrafın təzyiqləri
həddindən artıq
idi. Hətta vəziyyət o hala
gəlib çatmışdı
ki, evdən çölə çıxmaq
istəmirdim, çıxa
bilmirdim. O hadisələr
məndə çox böyük sıxıntılar
yaratdı. Hər kəsdən uzaqlaşdım,
öz içimə qapandım. Elə ondan sonra da həmişə içimə qapanıb yaşadım. Bir işim
yoxdursa, klipim, hansısa film, serial, yeni mahnı yoxdursa, disk çıxarmamışamsa, adi
dedi-qodu ilə, ucuz qalmaqallarla, hansısa sevgi macərası ilə gündəmdə qalmaq istəmədim. Çünki belə şan-şöhrət
məni xoşbəxt
edə bilməz.
Ona görə də həmişə bacardığım
qədər özümü
qorumuşam. Sonradan ailə
qurdum. İndi də altı
yaşında bir qızım var. Həyatım
elə mən özüm istədiyim kimi oldu. Rəhmətlik aktyor Kamal Sunal mənə bir nəsihət vermişdi, demişdi ki, bu şou-biznes
elə bir yerdir ki, səni
bütöv ət parçası kimi alar, qiyməyə çevirər və bişirər. Bunun üçün
mütləq ehtiyatlı
olmalı və özünü qorumağı
bacarmalısan. Sonradan onun
bu sözlərində
nə qədər böyük həqiqət
olduğunu təkrar-təkrar
görürdüm.
- Jurnalistlərlə
əlaqələriniz necədir?
- İşini peşəkar
görən hər bir sənət sahibinə sevgim və hörmətim sonsuzdur, jurnalistlər də həmçinin. Mən onlara
hansısa mövzu verməyəndən sonra onlar da, əlbəttə,
mənimlə hörmətlə
davranacaqlar. Ümumiyyətlə,
hər kəslə aram yaxşıdır.
Sənət dünyasında
da yer alan hər kəslə ən azından "salam-sağol"
səviyyəsində əlaqələrimi
qoruyuram. Demək olar ki, heç kimsə ilə qalmaqalım, mübahisəm olmayıb.
Bu cür münasibətin
də ən doğrusu olduğunu düşünürəm.
- Türkiyə
Mədəniyyət günlərinə
qatılmağınız necə
oldu?
- Azərbaycana gəlməyi
hər zaman çox istəyirəm. Ona görə də heç bir dəvət məni düşündürmür, tərəddüdə
salmır. Əksinə, belə dəvətlər
olanda sevinirəm.
Bugünkü konsertim İstanbul
Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı
ilə baş tutur. Onlara öz təşəkkürümü
bildirirəm ki, məni seçib dəvət ediblər.
Mən onlara da dedim
ki, çox böyük məmnuniyyətlə
iştirak edərəm.
Çünki internet vasitəsilə də olsa, buranın
insanlarıyla əlaqələrim
var. Burada çox sevildiyimi də bilirəm. Hətta təyyarədə gələndə
bir azərbaycanlı xanım dedi ki, mənim otağımda sizin şəkilləriniz asılıb.
Bir sənətçi
üçün bu cür sevgidən gözəl dəyər ola bilməz.
Mən görürəm ki, onlar məni ürəklərinin içinə
alıblar. Elə mənim
də ürəyim hər zaman onlarla birgədir. Mən bar-klub konsertləri vermədiyim üçün
ancaq bu cür xalq konsertlərinə
qatıla bilirəm.
Fikrim var ki, yaxın
gələcəkdə sizin
Opera Teatrınızda böyük
bir konsert proqramı ilə çıxış edim.
Elə sizin vasitənizlə də təşkilatçılarınıza
eşitdirmək istərəm.
Onların da köməyi,
dəstəyi ilə gözəl bir layihə həyata keçirə bilərik.
- Gələcək
repertuarınıza Azərbaycan
mahnıları əlavə
etmək kimi bir fikriniz varmı?
- Əlbəttə, ola bilər. Hətta çox istəyərəm.
Bayaq da dediyim kimi,
bu məsələdə
məlumatım çox
azdır. Yenə də
elə sizin qəzetinin köməyi ilə bəstəkarlarınıza
səslənirəm ki,
əgər belə bir mahnıları, musiqiləri olarsa, internet vasitəsilə mənimlə
əlaqə saxlayıb
göndərə bilərlər.
Mən də sevə-sevə oxuyaram.
- Bu "Mədəniyyət
günləri" həm
də İslam Həmrəyliyi Oyunlarına
dəstək üçün
keçirilir. İdmanla aranız
necədir?
- İdman mənim
həmişə təxirə
saldığım bir
məşğuliyyətimdir. Əslində, hər bir insan
idmanla məşğul
olmalıdır. Səhnədə olan sənətçi isə formada görünməyə məcburdur
hətta. Mən də
həyatımın bir
çox mərhələlərində
idmanla məşğul
olmuşam. Amma ciddi
şəkildə məşğul
olmağı təəssüf
ki, həmişə təxirə salıram.
Bu məsələdə səhlənkar olduğumu
boynuma alıram.
Həmişə başlayacağıma söz versəm də, yenə də nələrəsə
başım qarışır
və unuduram.
- Bəs idmanı izləyirsinizmi?
- Əsasən futbolu
izləyirəm. “Fənərbaxça”nın azarkeşiyəm.
Milli komandamızın oyunlarını
qaçırmamağa çalışıram.
İslam
Həmrəyliyi Oyunlarını
da izləyirəm.
Azərbaycan və Türkiyə
çox gözəl yarışırlar və
medal sayına görə
ilk iki yerləri bölüşdürürlər. Bu, əlbəttə qürurvericidir. Azərbaycanın və Türkiyənin birinci olması şərt deyil, şərt birincinin bizdən biri olmasıdır. Yenə
də idmançılarımıza
uğurlar arzu edirəm!
- Azərbaycanlı
pərəstişkarlarınıza bir sözünüz varmı?
- Onların məni sevdiyi qədər mənim də onları sevdiyimi bilmələrini istəyirəm.
Onlarla görüşmək hər
zaman xoşdur. Bundan sonra da görəcəyim
işlərlə onların
sevgisinə layiq olacağıma söz verirəm.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-23 may.-S.5.